28 Sentyabr 2022 01:10
568
SİYASƏT
A- A+

"Böyük Ermənistan", yoxsa böyük uydurma

 

İki il əvvəl erməni faşizmi darmadağın edilib məğlub olsa da, təbliğat maşınları yenə də planetin hər yerində səngimək bilmədən döyüşür. Ən maraqlısı da odur ki, hamını inandırmağa çalışırlar. Xəzərlə Qara dəniz arasında  "böyük Ermənistan" adlı bir dövlət olub. Özü də hər bir hayın boynuna qoyulub ki, dünyanı dərdinə haraylasın. 
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi yaylığının ucu ilə gözünün qorasını sıxır. Erməni diasporu da hamını kövrəldib ağlatmaq üçün kitablar yazır, filmlər çəkir, mahnılar bəstələyir. Elə "gözəl" ağlayır, elə ürəkdən ağı deyir ki, dünya yüz ildir ona həvəslə züy tutur. 
Elə bu yaxınlarda az qalmışdı ki, Paşinyan sülh müqaviləsini imzalasın, amma Birləşmiş Ştatların baş xəfiyyəsi iki daşın arasında Ermənistana gəlib onun qulağına nə pıçıldadısa,  gecə ilə Azərbaycan sərhədlərində təxribat törədildi, ərazilərimizi minaladılar, əsgərlərimizi qətlə yetirdilər, sonra anqırıb dünyaya küy də saldılar ki, ay dadi-bidad, qoymayın bizi yenə qırdılar! Bunun ardınca ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvanda peyda oldu və dünya ermənilərinin təsiri altında Bakıya barmaq silkələyib sülh müqaviləsini imzalamaq istəyən Paşinyana "cız" deyib silah vəd etdi. Belə qənaət yaranır ki, ABŞ-ın erməni diasporu ilə Nensi Ermənistana nəyin lazım olduğunu bütün ermənilərdən daha yaxşı bilirlər. Yönlərini sülhə yox, savaşa tuturlar. Hamımıza bəlli olan odur ki, erməni ideoloqları "böyük Ermənistan" yaratmaq üçün əsrlərdir qan-tər tökürlər. Amma bu nə sirdirsə, "böyük Ermənistan" uğrunda ermənilər can qoyduqca onların sayı Ermənistanda artmaq əvəzinə azalır. Çünki bu, mümkün olmayan bir uydurmadır. 
Vikipediyada ermənilərin məzəli statistikası ilə tanış oluruq. Hər şey erməni radiosunun uydurduğu lətifə qədər yumoristikdir. 1600-cü ildə ermənilərin sayı öz vətənlərində 5 milyondan artıq idi, xaricdə isə cəmi yarım milyon erməni yaşayırdı. 5 milyon erməni harada, hansı ərazilərdə  yaşayıbsa,  get başını sındır görüm tapırsan, ya yox. Mənbə yazır ki, XIX əsrin sonuna  kimi ermənilərin sayı cüzi dəyişərək 5,2 milyona çatıb. Amma öz "vətən"lərində onların sayı azalaraq 3,7 milyona düşüb,  xaricdə yaşayanların sayı isə artaraq  1,5 milyona çatıb. Maraqlıdır ki, ermənilər "böyük Ermənistan" adlandırdıqları ərazilərə yox,  başqa xarici dövlətlərə köç edirlər. Deməli, "böyük Ermənistan" ideyasının ermənilərə zərrə qədər dəxli yox imiş. XIX əsrin sonundakı reallıqlar belədir. XX əsrdə erməni təbliğatı "böyük Ermənistan" uğrunda müqəddəs savaşa qalxır, erməni quldur dəstələri Azərbaycan kəndlərini yandırıb viran qoyurlar. Ermənilərin Qafqaz sevdasına inansaq, onlar dəli bir eşqlə buralara can atırlar. Onların sayı bu ərazilərdə mütləq surətlə artmalıdır. Çünki dünyanın hər yerindən ermənilər bura üz tuturlar. 
Amma nə baş verir? Vikipediyada göstərilir ki, 1922-ci ildə planetimizdə ermənilərin sayı az qala 2 milyon azalaraq 5 milyondan 3 milyona düşür. Tutaq ki, Türkiyədə ermənilər bir milyon itiriblər, bəs o birisi milyon hara buxarlandı? 1912-ci ildə Ermənistanda 3,5 milyon (!?), 1922-ci ildə isə 1,5 milyon erməni yaşayıb. Əgər siz "böyük Ermənistan" yaradırsınızsa, niyə sayınız Qafqazda belə sürətlə azalır? Əslində, "böyük Ermənistan" ideyasının ermənilərə heç bir dəxli yoxdur və bu, Qərbin maraqlarına xidmət edən cılız ideyadır. Ermənistan dövləti qurulur, miatsum elan edilir, bütün dünyadan erməniləri dartıb Qafqaza gətirirlər. Hətta onların rahatlığı üçün Ermənistanı azərbaycanlılardan da təmizləyirlər. Düşünəcəksiniz ki, dünyada nə qədər erməni varsa, artıq hamısı Ermənistandadır.  Amma statistika onu göstərir ki, 1959-cu ildə 4,3 milyon erməninin yalnız 1,9 milyonu Ermənistanda kök salıb. Budur, "böyük Ermənistan" yaradanların ilk "uğurlu"  statistik rəqəmləri: həmin il erməni diasporunun sayı artaraq 2,5 milyonu aşır. 1989-cu ildə ermənilərin ümumi sayı 7 milyonu keçir. Deyəcəksiniz ki, "böyük Ermənistan" eşqi ilə yeri-göyü eşən ermənilərin sayı yəqin ki, öz respublikalarında heç olmasa 6 milyonu keçər. Amma statistika bunun əksini göstərir. Həmin il Ermənistanda cəmi 3,3, xaricdə isə 3,7 milyon erməni yaşayıb. Yəni ermənilər nə qədər cidd-cəhdlə tarixi "vətən"lərinə can atsalar da, sayları Ermənistanda yox, xaricdə artır. Məsələn, artıq 2005-ci ildə Ermənistanda 3,2 milyon, Rusiyada 2,2 milyon, ABŞ-da 1,4 milyon, Fransada 500 min erməni yaşayıb. Amma ermənilər nə Ermənistana, nə də ki, işğal edilmiş ərazilərə köçürlər. 30 illik müharibə onların  sayını Qafqazda daha çox artırmalı idi. Heç olmazsa, işğal etdikləri ərazilərdə bir neçə şəhər, 40-50 qəsəbə və kənd sala bilərdilər. "Böyük Ermənistan" üçün özlərini fəda edən, döyüşən zavallı millətin sayı həm Ermənistanda, həm də bütün Qafqazda  ildırım sürəti ilə arta bilərdi. Amma 2018-ci ildə artıq dünyada  ermənilərin sayı 10,78 milyon nəfərə çatsa da, Ermənistanda əhalinin sayı sürətlə azalır. Rəsmi statistikada göstərilir ki,  11 milyona yaxın erməninin bu gün Ermənistanda cəmi 3,1  milyonu yaşayır. Lakin müxtəlif mənbələrdə bu ölkədə ermənilərin sayının qat-qat az olduğu bildirilir. Ermənistanda 1-1,2 milyon ətrafında adamın yaşaması ehtimal edilir. Bu barədə ermənilərin özləri dəfələrlə yazıblar. Onların dediklərinə istinad etsək, belə çıxacaq ki, 11 milyona yaxın erməninin bir milyondan bir az artığı Ermənistanda, 10 milyona yaxını isə xaricdə yaşayır. Görəsən, hansı səbəbdən 10 milyonluq erməni diasporu hayların harayına səs verib ana "vətən"ə qayıtmaqdan imtina etdilər? Bu da erməni xalqının "böyük Ermənistan" yaratmaq uğrunda 30 illik müharibəsinin son nəticəsidir. 
Reallıq ondan ibarətdir ki, Ermənistan adında respublika elən edilsə də, nə belə bir dövlət mövcuddur, nə də "böyük Ermənistan" ideyası real təsir gücünə malikdir. Əgər belə bir ideya mövcud olsaydı, ermənilər Ermənistana qaçardılar, amma hamı Ermənistandan qaçır. Bu məkrli ideyaya bir milyonluq  zavallı erməni xalqı qulluq etməyə məcbur edilir.
Gəlin, erməni mənbələrinə də müraciət edək. Hamının yaxşı tanıdığı və düzgün yanaşmaları ilə böyük rəğbət qazanan Qafqaz tarixinin və Yaxın Şərqin  məşhur tədqiqatçısı tarixçi Filip Ekozyants deyir ki, ümumiyyətlə, ermənilərin bir xalq kimi formalaşması XVI-XVII əsrlərdən başlayır. Belə çıxır ki, 1600-cü ildə planetimizdə ünvanı və yeri bilinməyən dövlətin ərazisində 5 milyon erməninin yaşaması ermənilərin yox, erməni diasporunun uydurmasıdır. 
Ortaya baməzə bir sual çıxır ki, ayə, yiyəniz ölsün,  bəs siz nəyə və hansı faktlara güvənib "zırpı Ermənistan"la bağlı tarix uydurursunuz? Gözünə döndüyüm Filip izah edir ki, ermənilər "böyük Ermənistan" ideyasının müəllifi yox, sadəcə daşıyıcılarıdır. Yəni bunu onlara xaricdə sırıyıblar. XVI əsrdən başlayaraq Avropada Rusiyadakı kimi başqa ölkələrdə yaşayan millətlərin tarixi yenidən yazılmağa başlayır. Və beləliklə, bir sıra xalqların, o cümlədən ermənilərin tarixi yalnız Avropa alimləri tərəfindən elə qələmə alınır ki, onlar asılı vəziyyətə salınsınlar. "Qədim erməni mətnlərinin hamısı bir qayda olaraq XVIII əsrin ikinci yarısından sonrakı dövrə aiddir və onların hamısı yunan, latın və digər yazılı mənbələrdən təhriflə tərcümə edilən mətnlərdir. Ona görə də ermənilərin iki dəniz arasında nəhəng dövlətə və qədim tarixə  sahib olmasını təsdiq edən sanballı mənbələrin sayı yox dərəcəsindədir. Ermənilər ən qədim dövlətin, mədəniyyətin, tarixin sahibidirlərmi? Onlar birinci xristianlardırmı? Ekozyants bildirir ki, bu, qətiyyən belə deyil. Birincisi, ermənilər qədim dövlət deyillər, onların 1500 illik tarixi açıqlayan faktları çox zəifdır,  onların nə vaxt və kim tərəfindən yaradılmasını təyin etmək mümkün deyil. Ermənilərin özlərini ilk xristian elan etmələri də gülüncdür. Hər şeyin birincisinin ermənilərə məxsus olması ilə öyünmək, özünü bütün xalqlardan yüksəkdə tutmaq ən azından savadsızlıqdır.
Filip Ekozyants belə hesab edir ki, əsl genosid erməni xalqının real dünyadan qoparılıb bu gün virtual aləmə atılmasıdır: "Bizi inandıra bildilər ki, bizə ən yaxın qonşu xalqların bizimlə  heç bir ortaq nöqtələri yoxdur. Bizi inandırdılar ki, erməni xalqının son 400 ili əhatə edən məlum tarixi - yəni bütün osmanlı dövründə biz nəhəng imperiyanın xoşbəxt insanları yox, hüquqsuz qulları olmuşuq. Mən əminəm ki, biz erməni qardaşlarımızla birlikdə həqiqəti araşdıra və bizi kimlərin aldatdığını üzə çıxara biləcəyik". 

Bahadur İMANQULİYEV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video