04 Oktyabr 2022 01:00
656
İQTİSADİYYAT
A- A+

Bolqarıstan-Yunanıstan İnterkonnektoru Şərqi Avropa üçün də önəm daşıyır

 

Prezident İlham Əliyev: "Əlimizdən gələni edirik ki, tərəfdaşlarımızı təbii qazla təmin edək"

 

Ölkəmiz uzun müddətdir beynəlxalq bazarda, ilk növbədə isə Avropada etibarlı neft təchizatçısı kimi tanınır. Son illər Azərbaycan artıq həm də  qaz təchizatçısı kimi  rəğbət qazanıb. Nəhəng  ixrac infrastrukturu, Avropanın enerji xəritəsini dəyişən "Cənub qaz dəhlizi"nin təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır  və biz bununla haqlı olaraq qürur  duyuruq.
Bu gün ölkəmizdən Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya mavi yanacaq idxal edir. Gürcüstana qaz Cənubi Qafqaz  Boru Kəməri ilə çatdırılır. Türkiyə Azərbaycan qazını Bakı-Tbilisi-Ərzurum kəməri və TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) alır. Avropaya isə ölkəmizdən qaz nəqli 2020-ci il dekabrın 31-də "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) işə düşməsi ilə başlayıb. Yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır. Bir neçə gün əvvəl Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) istifadəyə verilməsi bunun aydın təzahürüdür.
Prezident İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində IGB-nin açılışında iştirak etməsi bu hadisənin önəminə bir daha diqqət çəkir.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun ümumi uzunluğu 182 kilometrdir. Bu kəmər Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan "ICGB AD" investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın "IGI Poseidon" şirkətinin səhmdarları ilə birlikdə gerçəkləşdirilir  və  onların hər biri 50 faiz  iştirak paya malikdir.
İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın həyata keçirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib.
IGB Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan  təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə həmin göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın mavi yanacağa tələbatının 25-30 faizini ödəyəcək.
İnterkonnektorun açılış mərasimindəki çıxışında dövlətimizin başçısı Azərbaycan qazının ixracı və onun potensialı məsələrinə toxunaraq demişdir: "Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır. Artıq söylədiyim kimi, bu ilin iyul ayında biz xanım Prezident Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox əhatəli sənəddir, ona əsasən, 2027-ci ilə qədər biz təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırırıq və bunu etməyə tam potensialımız var. Biz TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla artıq məsləhətləşmələrə başlamışıq. Çünki bu olmadan əlavə təchizatı təmin etmək çətin olacaq".
Əlavə təchizat isə zərurətə çevrilir. Hazırda  bir sıra ölkələr qaza olan yüksək tələbat və  enerji böhranı şəraitində yeni imkanlar axtarışındadır. İnterkonnektorun açılışının əvvəlki günü geniş tərkibdə görüş başa çatandan sonra Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin  mətbuata bəyanatında  dedikləri  də bunu təsdiqləyir: "Həmin interkonnektor - bu strateji layihə həm bizim ölkə, həm də Şərqi Avropa üçün çox mühüm layihədir. Bu interkonnektor bizə, ilk dəfə olaraq, Azərbaycandan təbii qaz almağa imkan verəcək. Bu, təbii ki, Avropanın enerji xəritəsini dəyişdirəcək.  Bu, elə bir infrastruktur layihəsidir ki, biz təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcəyik. Həmin bu layihə vasitəsilə biz strateji tərəfdaşlığımızı bir daha təsdiq edirik".
Bolqarıstan Prezidenti daha bir vacib məsələni də diqqətə çatdırıb: "Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya bizə müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər. Bu ilin yayında - iyul ayında cənab Əliyev və xanım Fon der Lyayen sənəd imzalayıblar. Həmin sənədə əsasən, yeni yanaşma tətbiq edilməlidir. Bunun sayəsində biz illərlə gözləmək əvəzinə, - bilirsiniz ki, burada mövcud infrastrukturu genişləndirmək üçün böyük sərmayə lazımdır, - həmin bu 4 ölkədə olan infrastruktur vasitəsilə Azərbaycan qazını dərhal digər ölkələrə göndərə bilərik. Beləliklə də qaz daha tez və etibarlı şəkildə Mərkəzi, Qərbi və Cənubi Avropaya çatdırıla bilər".
Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu gün "Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi yalnız "Şahdəniz" olsa da, yaxın gələcəkdə ona digər yataqların  da qoşulacağı  gözlənilir. Ölkəmiz həmçinin  müasir  və çoxşaxəli qaz nəqliyyatı infrastrukturuna malikdir.  Bu da  bir sıra ölkələri mavi yanacaqla təmin etməyə imkan verir. Qısa müddət ərzində bu sahədə qazanılmış təcrübə və əldə edilmiş uğurlar sabahın daha  böyük işləri üçün də möhkəm zəmindir. Prezidentimiz bütün bunları nəzərə alaraq demişdir: "Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək".

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video