04 Dekabr 2021 01:16
779
DÜNYA
A- A+

BMT-dən həyəcan təbili

 

Son 75 il ərzində dünyanın ən ağır humanitar böhranı yaranıb

 

Son 50 il ərzində dünyada miqrantların sayı təxminən 200 milyon nəfər artıb. 

1970-ci ildə bu rəqəm 84 milyon idisə, hazırda 281 milyon nəfərdir. Bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT)  hesabatında məlumat verilir.

Sənəddə bildirilir ki, təbii fəlakətlər, münaqişələr və zorakılıq nəticəsində ölkələr daxilində miqrasiya kəskin şəkildə artıb. Bununla yanaşı, COVID-19 pandemiyası fonunda tətbiq olunan səyahət məhdudiyyətləri səbəbindən qlobal miqrasiya azalıb.

 

Bəşəriyyət tarixində görünməyən paradoks

 

Beynəlxalq Miqrasiya Təşkilatı ( BMqT) 1951-ci ildə Belçikanın paytaxtı Brüsseldə İkinci Dünya müharibəsindən sonra Avropada miqrant axınlarını tənzimləmək üçün yaradılıb. Hazırda təşkilat beynəlxalq miqrasiya qanunvericiliyinin inkişafı, diskussiyaların təşkili, miqrasiya siyasəti və miqrantların hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələrin hazırlanması ilə məşğuldur.

174 dövlət təşkilatın üzvüdür, daha yeddi ölkənin müşahidəçi statusu var.

BMqT-nin baş direktoru Antonio Vitorino yaranmış vəziyyəti “bəşəriyyət tarixində görünməyən paradoks” adlandırıb. Təşkilatın rəhbərinin dediyinə görə, COVID-19 pandemiyası səbəbindən milyardlarla insanın faktiki olaraq qapalı yaşamasına baxmayaraq, on milyonlarla insan öz ölkələrinin sərhədlərində yaşayış yerini dəyişiblər.

BMqT-nin məlumatına görə, pandemiya ili ərzində bütün dünyada aviasiya sərnişinlərinin sayı 60 faiz azalıb. Belə ki, 2019-cu ildə uçuşlardan 4,5 milyard nəfər istifadə etmişdisə, 2020-ci ildə bu rəqəm 1,8 milyard olub. Daxili yerdəyişmələrin həcmi 2019-cu ildə qeydə alınmış 31,5 milyondan 40,5 milyona qədər artıb. Bununla yanaşı, beynəlxalq miqrantların sayı pandemiyasız dövrlə müqayisədə 2 milyon aşağı düşüb.

 

Pandemiya dəhşətli aclığa səbəb ola bilər

 

BMT-nin Ümumdünya Ərzaq Proqramında (WFP) qeyd edilir ki, koronavirus pandemiyası dəhşətli aclığa səbəb ola bilər. Təşkilatın rəhbəri Devid Bizli 2021-ci ildə dünyanın 75 il ərzində ən ağır humanitar böhrana məruz qalacağını proqnozlaşdırır. Onun dediyinə görə, pandemiya səbəbindən yaranacaq aclığın qarşısını almaq üçün 6,8 milyard dollar lazımdır.

2021-ci ilin noyabrında BMT milyarderlərə dünyada aclığa qarşı mübarizə planı təklif edib və bu planı 6,6 milyard dollar məbləğində qiymətləndirib.

 

BMT milyarderlərdən yardım istəyir

 

BMT-nin aclığa qarşı mübarizə üzrə planına əsasən, 6,6 milyard dollar məbləğində ianələr dünyanın 43 ölkəsində 42 milyon insanı xilas edə bilər.

WFP tərəfindən hazırlanmış plan “Milyarderlərə birdəfəlik müraciət” adlandırılıb. Qeyd edilir ki, 2022-ci ildə 42 milyon insanı aclıqdan xilas etmək üçün 6,6 milyard dollar ayırmaq lazımdır. Bu məbləğdən 3,5 milyard dollar qida məhsulları və onların çatdırılmasına planlaşdırılır. BMT-də hesab edirlər ki, daha 2 milyard dollar ehtiyacı olanlar üçün pul və ərzaq çeklərinə xərclənəcək, bu da “yerli iqtisadiyyatı dəstəkləməyə” kömək edəcək. 700 milyon dollar 43 ölkədə qida və pul çeklərinin paylanması üzrə “effektiv və təsiredici proqramlar” hazırlamaq üçün ayrılacaq. Daha  400 milyon dolları isə WTF proqramı çərçivəsində bütün əməliyyatların yerinə yetirilməsinə, o cümlədən təchizat xətlərinin və aviasiya marşrutlarının koordinasiyasına, daşıma müqavilələrinə, həmçinin “qlobal monitorinq və bütün dünyada aclığın təhlili”nə görə məsuliyyət daşıyacaq şəxslər alacaq.

BMT dünyada aclıqla bağlı vəziyyətin koronavirus pandemiyasının daha da ağırlaşdırdığını bildirir. Təşkilatın məlumatına görə, 2020-ci ildə Yer əhalisinin 9,9 faizi aclıqdan əziyyət çəkirdi. Bu da bir il əvvəl olduğundan 118 milyon nəfər çoxdur. BMT hesab edir ki, hazırda Efiopiyada humanitar fəlakət  baş verir və orada 1 milyon insanın qida, su, mənzil və tibbi yardıma ehtiyacı var, ən azı 400 min nəfər isə aclıqdan əziyyət çəkir.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video