25 Noyabr 2022 02:55
688
CƏMİYYƏT
A- A+

Bir gün yenə Sınıqkilsədə görüşdük

 

Belə bir deyim var: müharibədə bir nəfərin ölümü faciə, min nəfərin ölümü isə statistikadır. Birinci Qarabağ müharibəsində də bir milyondan çox insanın taleyini məcburi köçkün adı birləşdirmiş, ümumiləşdirmişdi. Yurdundan didərgin düşən bu insanlar qarşılaşdıqları maddi-mənəvi çətinlikləri, məhrumiyyətləri, yaşamağa məcbur olduqları çadır, vaqon, yataqxana evləri ilə bir-birlərinə çox bənzəyirdilər. Amma həm də o insanların hər birinin yazmaqla bitməyəcək acı taleyi, çətin yaşam sınağı, şəxsi faciəsi də var idi. Hərəsi məcburi köçkünlük yükünü bir cür çiynində daşımışdı: yaşlılar, gənclər, uşaqlar bir, ata-analar isə tamam başqa cür...

 

Kəlbəcəri qəlblərində qoruyub saxladılar

 

Düz 30 il əvvəl, qüssəli bir yaz günündə, baxdıqca göz işləyən, ucu-bucağı bilinməyən qədim və nəhəng Kəlbəcər yurdu sakinləri üçün yoxa çıxmışdı, qeybə çəkilmişdi. O faciənin şahidləri sonradan danışırdılar ki, sonuncu dəfə Kəlbəcəri dağlarının bəyaz saçını yola-yola Tərtərçaya qoşularaq hönkür-hönkür ağlayan görmüşdülər. Elə həmin gün kəlbəcərlilər Azərbaycanın dörd bir yanına pərən-pərən düşmüşdülər. Heç şübhəsiz, bütün var-dövlətlərini qoyaraq Kəlbəcər kimi zəngin bir diyardan uzaq düşmək onlar üçün maddi sıxıntılar burulğanına düşmək demək idi və elə belə də olmuşdu. Bir andaca sözün əsl mənasında quru yurdda qalan bu insanlar daldanacaqları bir dam, yatmağa yer, geyinməyə paltar, ayaqqabı tapmamışdılar. Saatlarla yardım növbələrində dayanmağa məhkum olmuşdular...
Məcburi köçkünlük ata-anaları da başqa cür sınağa çəkmişdi. Bəli, onlar həm də "ay ata, ay ana, mənə çörək verin..." deyə acından gözyaşı tökən körpələrinin istəyini qarşılaya bilməmək sınağı ilə üz-üzə qalmışdılar. Belə çarəsiz anlarda ümidlə ona baxan körpəsinin gözlərindən yayınaraq, gözyaşlarını ürəyinə axıdan o qədər ata-analar var idi ki... 
Bir də yurd, el-oba həsrəti var idi. Bu da ürəkağrıdan gerçəklikdir ki, onlar bu həsrətlərini ən çox ellilərinin yas mərasimlərində ovutmağa çalışırdılar. Qonşular, qohumlar bir-birləri ilə görüşür, taleyin onları saldığı bu məhrumiyyətlərə, əzablara birlikdə ağı deyib gözyaşı tökürdülər... 
Amma bu insanlar heç zaman Kəlbəcərə dönəcəkləri ümidlərindən də vaz keçmirdilər. Ona qovuşacaqları günə qədər Kəlbəcəri qəlblərində əvvəlkitək əzəmətli diyar kimi qoruyub saxlamışdılar, nə şirin ləhcələrindən, nə də adət-ənənələrindən vaz keçmişdilər. Bəlkə də elə bu ümid, etdikləri dualar idi onları yenidən Kəlbəcərə qovuşduran… 
Və budur, artıq Kəlbəcərin işğaldan azad edilməsinin 2 illik qürurunu yaşayırıq, o yurdların ziyarətinə gedirik.

 

Alxaslı obası

 

Neçə vaxt idi ki, Vahid Bağırov həyəcanla böyük qardaşı 78 yaşlı Nüsrətlə birgə yola düşəcəkləri Kəlbəcər səfərinə hazırlaşırdı. İndi onları onilliklərin arzusunu yerinə yetirmələrindən cəmi bir neçə gün ayırırdı. İki qardaş illərin ayrılığından sonra nəhayət ki, Kəlbəcərə, Sınıqkilsə kəndinə (indi Hacıkənd) gedəcək, vəfat etmiş ataları Yunisin, qardaşları Fərruxla Qənaətin yurdlarına baş çəkəcək, doğma ocaqlarında Tanrıya şükranlıq qurbanı kəsəcəkdilər. Gör neçə vaxt keçmişdi, onlar vaxtilə 39, 50 yaşlarında tərk etdikləri Kəlbəcərə indi alınlarında qırışlar, saçları çallaşmış ağsaqqallar kimi qayıdırdılar. 
Qardaşların doğulub boya-başa çatdıqları Sınıqkilsə Kəlbəcərin ən axarlı-baxarlı qədim kəndlərindəndir. Dağların yamacında bina olunmuş, yaşıl meşələri, gur çayları, büllur bulaqları, şaqraq şəlalələri, güllü yaylaqları ilə göz oxşayan bu kənddə Alxaslı obası yaşayırdı. Vaxtilə bu ərazidə xeyli alban məbədi (vənglər) olduğu üçün kəndi Sınıqkilsə adlandırıblar. 
Alxaslılar zəhmətkeş, qoçaq olmaları, qonaqpərvərlikləri, eləcə də baməzəlikləri ilə tanınırdılar. Onların özlərinə məxsus ləhcə ilə etdikləri məzəli zarafatları bütün rayonda dillər əzbərinə çevrilərdi. O da var ki, Kəlbəcərin dəniz səviyyəsindən 2 min metrə qədər yüksəkdə yerləşən Sınıqkilsə kəndinin sərt təbiətini ram edərək orada şad-xürrəm həyat sürmək də hər kəsin hünəri deyildi və bunu məhz Alxaslı obası bacarırdı. Kənd sakinləri heyvandarlıqla, əkin-biçinlə məşğul olur, yazda yaylaqları Qoç daşa köçərək üç ayı orada keçirər, payızda binəyə düşərək qış mənsilini tutar, qar yağıb çayları buz tutan şaxtalı fəsildə də kənddə yaşamlarını sürdürərdilər. Bu kəndin kişiləri də, qadınları da hər zaman at belində, köç üstündə idi. Qadınların əl qabiliyyətlərinə də  söz ola bilməzdi. Dadından doymaq olmayan qatlamanı, kömbəni, quzu buğlamasını, qırxbuğum kətəsini bişirdikləri məharətli əlləri ilə al-əlvan xalı-xalçaları elə toxuyardılar ki, elə bilərdin Kəlbəcərin gül-çiçəkli çəmənləri köçüb ilmələrdən boylanır. 
Şamanlar kimi təbiətə çox bağlı idi bu kəndin sakinləri. Saatı Günəşlə bəlləyər, dərdlərinə şəfalı otlarla dəva qılardılar. İslam dininə mənsub olsalar da, təbiətə bağlı əski inanclarını da itirməmişdilər. Dillərində "Tanqrı"ya (Tenqri), "od"a, "isti zindan"a and içilən çox ifadələri qoruyub saxlamışdılar. Bəzən ay tutulması müşahidə olunanda uşaqların mis qablara taxta ilə döyərək cingiltili metal səsi çıxarmaları kimi qədim və maraqlı ayinlərin də icrasını keçirərdilər. Eləcə də bu kənddə təbiət bayramı Xıdır Nəbi, Novruz, onun çərşənbələri qədim ənənələrlə, bəlkə də Azərbaycanın digər bölgəsində heç bir vaxt rastlanmayacaq təntənədə qeyd olunardı. Bir sözlə, bu yurdda yaradılışın dörd ünsürü - od, su, torpaq və hava, ümumilikdə təbiət müqəddəs sayılardı. Elə buna görə idi ki, yeni doğulan körpələrə də əksərən təbiətlə səsləşən adlar qoyulardı. 
Sınıqkilsə ucqar dağ kəndi olsa da, çağdaş həyatla da ayaqlaşmağı bacarırdı. Bütün evlərdə elektrik işığı yanır, radio, televiziya işləyirdi. Mindən çox sakini olan kəndin 11 illik məktəbi, bağçası, kitabxanası, mədəniyyət evi, klubu, tibb məntəqəsi, dükanı, çörək sexi, ferması var idi. Hər il neçə-neçə sınıqkilsəli gənc elm arxasınca respublikamızın ali təhsil müəssisələrinə yollanar və qəbul olunurdular. 
Kəlbəcərli olasan, sazdan-sözdən uzaq olasan!? Sınıqkilsədən də Nüsrət, Nəcəf, Çərkəz, Bimar Əli, Eldar İsayev və digər onlarca şəxs şeirləri ilə qəlblərdə taxt qurublar. Əziz Əsədov isə bu kəndin tanınmış aşıqlarındandır… 

 

Kəndimizi qarış-qarış gəzdim

 

Sınıqkilsəyə ziyarətlərindən danışan Vahid kişi deyir ki, Kəlbəcərə böyük əhvali-ruhiyyə ilə yola düşüblər, amma Murov tərəfdən ilk kənd olan Yanşaqda gördükləri və yolboyu digər kəndlərdə də eynisinə rast gəldikləri dağıntılar onları sarsıdıb: 
- Kəlbəcəri viranə qoyublar, meşələrimizi qırıblar, bulaqlarımızı qurudublar. Sınıqkilsənin ərazisini qarış-qarış gəzdim, amma kəndimizin əvvəlki axar-baxarından heç bir nişanə qalmamışdı, kənd tamam kimsəsiz idi. Öz əllərimizlə, min-bir arzularla qurub-tikdiyimiz evlərimiz, əkib-becərdiyimiz bağ-bağçalarımız viran qalmışdı. 
Çox mənzərəli idi kəndimiz. Geniş yaylaqları, gur axan çayları, qalın meşələri göz oxşayırdı. Təkcə onu deyim ki, arasında mineral suları və hərəsinin də öz adı olan yüzdən çox bulağımız var idi. Heyvandarlıqla, tütünçülüklə, əkin-biçinlə, bağ-bağça ilə məşğul olur, çox yaxşı dolanırdıq. Dəyərli adət-ənənələrimiz var idi. Kənd camaatı olaraq xeyir-şərimizi elə yola verirdik ki, heç ev yiyəsinin xəbəri olmurdu... 
Amma 1993-cü ilin aprelindən sonra Sınıqkilsədəki firavan həyatımıza son qoyuldu, hərəmiz bir yana pərən-pərən düşdük... Həmin vaxt qadınları, qocaları, uşaqları yük maşınları ilə yola salmışdıq, amma özümüz, kəndin kişiləri heç yana getməmişdik. Düşünürdük ki, ermənilər Kəlbəcəri işğal edə bilməz. Amma ağlımıza gəlməyən başımıza gəldi. Artıq yalın əllə kənddə qalmağın heç bir mənası olmayacağını görüb, məcburən isti od-ocağımızı qoyub çöllərə düşdük... Əmim 73 yaşlı Kazım Məmmədov erməniyə əsir düşmüşdü, köçkünlüyümüzün elə ilk aylarında anam Bağdagülü itirmişdim, qaynım Mürşüd Məmmədov şəhid olmuşdu. Elə bil faciə faciə üstündən gəlirdi. Bir tərəfdən də maddi problemlərlə üzləşmişdik. Üç övladım məktəbə gedirdi, ikisi körpə idi. O vaxt ümumilikdə ölkədə vəziyyət çox çətin idi, çörək də qəhətə çəkilmişdi...   
...Daha həyatımızın bütün qaranlıq səhifələri bağlanıb. İndən belə dövlətimizin gücü ilə şəhərlərimiz, kəndlərimiz bərpa olunacaq, gedib yenidən orada yaşayacağıq, yeni evlər tikəcəyik, o evlərdə yeni həyata başlayacağıq... 

 

Dumanlı dağların qızı

 

O, anadan olduğu gün Sınıqkilsənin dağlarını göz gözü görməyən duman, çən-çiskin bürümüşdü. Buna görə də atası Duman adı vermişdi ona. Bu dağlar diyarında böyüyən Duman Məmmədova da bütün Kəlbəcər qızları kimi qoçaqlığı ilə seçilirdi, biş-düşdə, xalça toxumaqda bənzərinə rast gəlinməzdi. 
Amma düz bir qərinə o da Kəlbəcərə, onun dumanlı dağlarına həsrət qaldı, doğulub boya-başa çatdığı kəndini bir daha görə bilmədi, o diyarlar üçün çox gözyaşları tökdü. Elə azadlığından sonra Kəlbəcərə gedəndə də yolboyu qəhər Dumanı boğmuşdu. Çaykəndin körpüsünə, Sınıqkilsəyə burulan yola çatanda isə gözlərindən istəmsizcə axan qaynar yaşlar yanağı boyu süzülərək əllərinin üstünü yandırmışdı:  
- Kəndimizin girəcəyində bir anlıq düşündüm ki, bizi kimsə qarşılayacaq, amma bizi şəhidlərimizin fotoları qarşıladı. Gözlərində sevinclə kədər bir-birinə qarışan qəhrəman şəhidlərimiz sanki bizə deyirdilər ki, "xoş gəlmisiniz vətənə!" Kəndə sarı irəlilədikcə, dağıdılmış, uçurulmuş evlərimizi gördükcə, təsvirəgəlməz əzab hissi keçirirdim. Bu illər ərzində ən çox arzuladığım atamgilin evini görmək idi. Həmişə deyirdim ki, kaş bircə dəfə uşaqlığımın, gəncliyimin keçdiyi ata evimə gedəm, onun həyətində gəzəm. Çünki ata-analı, qardaş-bacılı qayğısız günlərimi o evdə yaşamışdım və mənə həmişə elə gəlirdi ki, ora getsəm, yenə də həmin günlərə qayıdacam. Amma indi orada heç kim yox idi, qapımıza çıxıb mənə hay verən nə ata-anam var idi, nə də bacı-qardaşlarım... Bacılarım Maralı, Buludu harayladım. 
Kor peşman, ağlaya-ağlaya öz evimizə tərəf yollandım. Həyat yoldaşım Məhyəddinlə birgə əziyyətlə tikdiyimiz evin də daşı daş üstündə qalmamışdı. Mən heç o evdə gözüdolusu yaşamamışdım, uşaqlarımı boya-başa çatdırmamışdım, nə qapıma gəlin gətirmişdim, nə toy etmişdim... İndi isə darmadağın olmuş bu evin içində elə mənim də başıma dünya qaralmışdı... 
Amma dünya malına heyfsilənəcək deyilik, əsas torpaqdır, o da şükür ki, özümüzə qaytarıldı. Bu xoşbəxtliyi bizə yaşadan Prezidentimizə, igid oğullarımıza Allah cansağlığı versin, şəhidlərimizin ruhu şad olsun. 

 

Bir anlıq elə bildim ki, kənd yerindədir 

 

Sübh tezdən, göy otların üstündə şeh muncuq-muncuq sıralananda Əjdər Bağırov qardaşı Fəzaillə özünü yetirmişdi Sınıqkilsəyə. Hələ Qaramalıq yoxuşunun başına çatanda, Sınıqkilsədən qayıdan kəndçiləri Ramiz müəllim, onun həyat yoldaşı Flora, bacısı Almazla qarşılaşanda isə elə bilmişdi ki, əvvəlkitək bütün kənd yerindədir: 
- Biz sevinclə görüşdük, bir-birimizə gözaydınlığı verdik. O anda mənə elə gəldi ki, hər kəs kənddədir. Kəndimizin torpağına ilk ayaq basanda qəribə hisslər bürüdü məni, sevinclə kədər bir-birinə qarışmışdı. Sevincdən qışqırmaq, kədərdən hönkür-hönkür ağlamaq istəyirdim. Babamgilin, əmimgilin həyətlərini, öz həyətimizi gəzdim. Bacım Bəstigilin o taydakı qapısına baxdım. Elə oradan Bəstiyə zəng vurdum ki, "ay bacı, gəlmişəm kəndimizə, evinizin qarşısından səni haylayıram, niyə səsimə hay vermirsən!?" Telefonun bir ucunda o, digər ucunda mən ağladım... 
Şükür Allaha ki, Kəlbəcərimizə qayıtdıq, doğma yurdumuzun suyundan içdik, havası ilə nəfəs aldıq. Amma bu günləri görməyə ömrü yetməyən əzizlərimizin nisgili ürəyimizdə daş kimi asılıb qalıb... 

 

Uşaqlığımı yalçın qayalara əmanət edib gəlmişdim 

 

Kəlbəcərin qışını, bayırda çovğunun sovuraraq qəzəblə ordan-ora qovduğu, pəncərələrdə sehirli və ecazkar mənzərələr cızan qar dənəciklərini izləməyi çox sevirdi Təhminə Bağırova... 
2022-ci ilin yanvarı idi. Lopa-lopa qar yağırdı və o, yenə də gözləri yol çəkə-çəkə pəncərədən qar dənəciklərinin rəqsini izləyirdi. Telefonuna gələn qəfil mesajın səsinə diksinmiş, "Kəlbəcərə getmək istəyirsənsə, hazırlaş..." sözlərini oxuyanda isə əvvəlcə yuxu sanmışdı. Aman Tanrım, yuxuları, xəyalları çin olmuşdu... Doğulub-böyüdüyü, uşaqlığını yalçın qayalara əmanət edib gəldiyi  yurdunu görə biləcəkdi, ona elə gəlirdi ki, uşaqlığına geri dönür, itirdiyi kim varsa, ata, ana, əmi, dayı, bir sözlə, doğmalarını  orada tapacaq: 
- Bu qarlı qışda Murov dağının yolları ilə Kəlbəcərə getməyin heç də asan olmadığını bilsəm də, yazı gözləməyə səbrim çatmadı. İki gün sonra bacımın oğlu, qızı ilə yola düşdük. Murovda əvvəlki gün kəskin qar yağmışdı, yol təmizlənsə də, maşın çətinliklə irəliləyirdi. Ömər aşırımından Kəlbəcər dağları güzgü kimi aydın görsənirdi. Əslində, bu aşırımın əvvəlki adı da elə "güzgü" olmuşdu. Bir neçə saat çətin və təhlükəli hava şəraitində yol getdik. Tərtərçayın üstündən kəndimizə gedən körpünü keçəndən sonra məni qəhər boğdu, nəfəsimi tutub diqqətimi elə toplamışdım ki, hər ağacı, qayanı, cığırı qucaqlamaq, bağrıma basmaq istəyirdim... Yol meşəliklə kəndimizə doğru qalxırdı, dağlar, çaylar, yamaclar bir-birini əvəz edirdi və mən öz-özümə sual edirdim ki, bu cənnətdən uzaqda biz illərlə necə yaşaya bilmişik!?
Kəndimizə üz tutdum. 30 illik bir ayrılığın vüsalı idi bu, qovuşurdum özümüzlə, uşaqlığımla, başlamamış bitən  gəncliyimlə... Yaşmı durar gözdə, duyğularmı susar o an!?  Qışqırmaq istədim səsimin yetdiyi qədər, çağırmaq istədim doğmalarımı, bunu duyardılar, əminəm, duydular da... İçimdən qışqırdım, hayladım, səs də verdilər... Dağılmış evlərin xarabalığı, qarlı cığırların izləri dilə gəldi, "salam" dedi... "Ah, evimizin qabağındakı dikili Göydaşım, bir sən qalmısan o boyda cah-cəlaldan, bir sən sədaqətli çıxdın, sən olaydım keşkə", - deyib sarıldım uşaqlıq sirdaşıma, Göydaşıma. Dərindən ciyərlərimə çəkdim ata yurdumun saf havasını. Günəş də elə gözəl parlayırdı ki, o da xeyir-dua verirdi, qal deyirdi mənə...
Qayıdacağıq, quracağıq, yenidən şad edəcəyik nigaran ruhlarımızı. 

 

Kəndimizin girəcəyində əyilib torpağı öpdüm

 

1993-cü ilin aprelində Sınıqkilsəni ən son tərk edənlərdən biri də Zəminə Quliyeva idi. Hər kəs kəndi tərk etsə də, o, Sınıqkilsədən ayrılmaq istəmirdi, atası Ələs, anası İfratla bərabər, ümidlə bütün bu qaçaqaça son qoyulacağını gözləyirdi. Amma gələn xəbərlər heç ürəkaçan deyildi, Kəlbəcərin uzaq kəndlərindən Sınıqkilsəyə gələnlər deyirdilər ki, erməni hər yeri tutub, siz də qaçın, canınızı qurtarın: 
- Məcbur olub piyada kəndi tərk etməli olduq. Yolboyu piyada gedən başıaçıq, ayaqyalın qocaların, qadınların, körpə uşaqların ah-nalələri ərşə dirənmişdi. Bİr az gedəndən sonra bizə dedilər ki, ordumuza kömək gəlir, qayıdın kəndə, biz də yenidən Sınıqkilsəyə qayıtdıq. O gecə mal-qoyunun mələşməsi, itlərin ulaşması, quşların, vəhşi heyvanların tükürpədici səsi kənddə elə bir vahimə yaratmışdı ki, adam dəhşətə gəlirdi. Səhər tezdən gördük ki, kəndə daha gələn-gedən yoxdur, yenidən biz də yola düşdük. Saatlarla ac-susuz, piyada yol qət edib, minbir zillətlə, hər an erməniyə əsir düşmək qorxusu ilə qar-boranda Murovu birtəhər aşa bildik. Amma zülmümüz bununla bitmədi, məcburi köçkünlüyün əzabını çəkdik. 
Bu illərdə övladlarımızın xoşbəxt böyüməsi, toylarını görmək, nəvə-nəticə sahibi olmaq kimi arzularımızı, Sınıqkilsəyə dönəcəyimiz günün arzusunu ürəyimizdə qoşa böyütdük. Şükür, dualarımız qəbul oldu. 32 yaşımda tərk etdiyim Sınıqkilsəyə həyat yoldaşım Fazillə, bacım Yeganə ilə 2021-ci ilin sentyabrında döndüm. Kəndimizin girəcəyində əyilib torpağı öpdüm ki, şükür, gəlib öz yurduma qovuşdum. Atamın məhləsinə baş çəkdim, uçub-dağılmış evimizi gördüm. Bu evdə on uşaq doğulub boya-başa çatmışdı, bu evdə səkkiz bacı-qardaşıma toy çalınmışdı... Xoşbəxt yaşamımıza məcburi köçkünlük son qoydu. Ata-anam, bir bacım, qardaşım Kəlbəcər arzusu ilə rəhmətə getdilər. Amma bilirəm ki, indi onların da ruhu şaddır. İnşallah, qayıdıb bu yurdlarda yenidən ocağımızı çatacağıq. 

 

Bütün xatirələrim Sınıqkilsə ilə bağlıdır 

 

Sınıqkilsənin ağır seyidlərindən olan Seyid Fətinin qızıdır 65 yaşlı Yaqut Hacıyeva... Uşaqlığı, gəncliyi, ailə qurduğu illərin bütün xatirələri Sınıqkilsə  ilə bağlıdır. Məcburi köçkün düşən zaman o da evini, mal-mülkünü, bir sözlə, bütün həyatını elə ordaca qoyub gəlməyə məcbur qalmışdı: 
- Həyatımızın ən çətin dövrlərini yaşayırdıq. 1994-cü ilin yanvarında qardaşım Ağanın oğlu mayor Mürşüd Məmmədovun Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olması isə dərdimizin üzərinə dərd gətirdi, dilimizdən ağı düşmədi. Doğma torpağımızdan, ata-anamın məzarından ayrı qalıb həsrət çəkdik.
Şükür ki, 30 illik ayrılıqdan sonra bütün bu ağrı-acılara son qoyuldu. Mən də öz övladlarımla birlikdə illər sonra öz kəndimizə qayıtdım. Doğma ocağımızı, ata-anamın məzarını ziyarət etdim. 
Köçkünlük illərində beş qardaşımdan dördü dünyasını dəyişib, gedib onların da evlərini ziyarət etdim. Allah düşmənə lənət etsin, o evlərin, həyətlərin əvvəlki halından əsər-əlamət qalmayıb...  

 

Atamın ruhu məni Sınıqkilsədəki evimizdə gözləyirdi 

 

"Ötən illər ərzində Kəlbəcəri, Sınıqkilsəni nə qədər xatırlamağa çalışsam da, yadıma düşmürdü. Qəribədir  ki, kəndimizə gedib öz qapımıza ayaq basanda elə bil evimizlə bağlı bütün xatirələrim də qayıdıb gəldi. Hər daşında atam Qənaətin, anam Gözəlin alın təri olan evimiz, oynadığım yerlər, çəpərimiz, bostanımız, alma bağımız - hamısı yadıma düşdü".
5 yaşında Sınıqkilsəni tərk etmişdi Xəyyam Bağırov... Və indi özünün övladları həmin yaşda olanda qayıtmışdı doğma ocağına. Xəyyam deyir ki, onu bu yurda ən çox bir istək də çəkib gətirmişdi: 
- Həmişə mənə elə gəlirdi ki, atam Qənaət dünyasını dəyişməyib, Kəlbəcərə gedib, yoxluğu buna görədir. Düzdür, insan gerçəyi bilir, amma həm də İlahinin möcüzəsinə inanmaqdan heç zaman vaz keçmir. Mən də inanırdım ki, bir gün kəndimizə gedəndə atamla görüşəcəm. Bəlkə də elə mən indi sadəcə divarları qalmış evimizi, viranəyə çevrilmiş bağ-bostanımızı atamın orada olan ruhu ilə bərabər dolaşmışdım... Kim bilir!?

 

İndi  səbirsizliklə qayıdıb orada həmişəlik yaşayacağım günü gözləyirəm 

 

Mehrac Bağırov isə Sınıqkilsəni heç xatırlamırdı. Kəndi tərk edəndə cəmi 3 yaşı vardı. O, Kəlbəcərə də, kəndlərinə də sadəcə böyüklərin danışdığı, təsvir etdiyi qədər bələd idi: 
- Heç zaman kəndimizi olduğu kimi təsəvvürümə gətirə bimirdim. Allahın qismətidir ki, kəndimiz azad oldu və ata yurdumu öz gözümlə gedib görə bildim. Atam telefonda yolu, izi bələd verdi, düz gedib doğulduğum evə çıxdım. Vəhşi ermənilər Kəlbəcəri tərk edənə qədər bizim evdə qalmış, axırda yandırıb çıxmışdılar. Mən ilyarım doğma yurdumda sürücü kimi işlədim və demək olar ki, Kəlbəcərin hər yerini gəzdim. Həqiqətən, hər zaman böyüklərimdən eşitdiyim kimi, Kəlbəcər füsunkar yerdir. İndi  səbirsizliklə qayıdıb orada həmişəlik yaşayacağım günü gözləyirəm. 

 

Hər birinin öz acılı-şirinli həyat hekayəsi var

 

Bu, vaxtilə Sınıqkilsədən didərgin düşən bir nəslin, şəcərənin bəzi nümayəndələrinin həyatlarının üç dövrə bölünmüş anlarının təəssüratları idi. Onlar 30 ilin o üzündəki sevinclərini, məcburi köçkünlük illərinin ağrı-acılarını, bir də zəfərdən sonra Qarabağa, Şərqi Zəngəzura dönmələrinin təsvirəgəlməz qürurunu bölüşdülər. 
Və Azərbaycanda hamısı ümumilikdə keçmiş məcburi köçkün adlandırılan, amma hər birinin də öz acılı-şirinli həyat hekayəsi olan belə şəcərələr, nəsillər minlərlədir...

Qaçqın sözün tarixlərdən pozaram,
Məzarımı öz əlimlə qazaram.
Başdaşıma vətən sözün yazaram,
Əgər ölsəm doğulduğum yerdə mən...

Yasəmən QƏNAƏTQIZI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video