Səhər yenicə açılsa da, paytaxtın Dənizkənarı parkı insan seli ilə dolub-daşırdı. Hamı şəhərin hər tərəfindən eyni ünvana - Qələbənin 5 illiyinə həsr olunacaq paradın keçiriləcəyi məkana doğru axışırdı.
Gözlərdə sevgi, qəlblərdə qürur, üzlərdə sözlə ifadəsi belə çətin olan bir sevinc, qürur vardı. Hamı bir-birini təbrik edirdi. Körpə uşağın əlində yellənən kiçik bayraq da, ömrünün müdriklik çağını yaşayan bir ağsaqqalın gözlərindəki parıltı da eyni hissi - Zəfərin fəxarətini əks etdirirdi.
Bizə qürur yaşadan, sinələrini orden və medallar bəzəyən qazilərimiz, müharibə iştirakçıları izdihamın içində daha əzəmətli görünürdülər. Cəsur baxışlı, dik duruşlu qəhrəmanlarımıza insanlar hörmətlə yol verir, salamlayır, ehtiramla əllərini sıxıb xatirə şəkilləri çəkdirmək üçün növbəyə dururdular. Bu yalnız minnətdarlıq hissinin yox, həm də sarsılmaz birliyin nümayişi idi.
Bu arada bizə qələbə sevinci yaşadan XTQ-nin sabiq döyüşçüsü, ehtiyatda olan gizir Rahil Xəlilovla söhbət edirik. Rahilin döyüş yolu Kəlbəcərdən başlayıb. O, Cəbrayılın, Xocavəndin, Hadrutun, Füzulinin, Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 4-də Şuşa istiqamətində aparılan əməliyyatlarda yaralanan Rahil deyir ki, qələbə paradında qalib ordunun əsgəri kimi iştirak etmək həyatında fəxr etdiyi hadisələrdəndir: "Torpaqlarımızın azadlığı uğrunda canını verən şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Bizi qələbəyə aparan Müzəffər Ali Baş Komandana dərin minnətdarlığımı bildirirəm. Bu qələbə bütün xalqın qələbəsidir. Döyüşdə bizə ruh verən, qələbəyə aparan xalqımızın birliyi idi. Bu gün də həmin birliyi görürəm və böyük fərəh hissi ilə "Yaşa, Azərbaycan!" deyirəm".
Digər həmsöhbətimiz isə XTQ-nin sabiq döyüşçüsü Toğrul Novruzludur. Toğrul Kəlbəcər, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən ağır döyüşlərin iştirakçısı olub. Bildirir ki, Xocavənddən Şuşaya doğru irəliləyən əməliyyatlarda yaralanıb və qələbə xəbərini hospitalda alıb: "O xəbəri eşitmək, o sevinci yaşamaq sözlə ifadə ediləsi hiss deyil. Bugünkü izdiham mənə birlikdə döyüş yolu keçdiyim dostlarımı, qanlı döyüş səhnələrini, ən çətin anlardakı birliyi və həmrəyliyimizi xatırladır".
Toğrul deyir ki, bu gün parad meydanına toplaşan insanların alqışı, veteranlara göstərilən diqqət ona ikinci bir qələbə sevinci yaşadır: "Biz bu xalqın məhəbbəti ilə yenidən güclənirik. Bizi qələbəyə aparan da bu sevgi idi. Fəxr edirəm ki, torpaqlarımızın azad olunması uğrunda döyüşən oğullardan biri də mən olmuşam. Bu gün xalqımızın sevincini, həmrəyliyini görəndə o günlərin bütün ağrısı unudulur".
Baş gizir Amil Həmidov 1996-cı ildə Azərbaycan Ordusunda xidmətə başlayıb. Müharibə zamanı Talış kəndi, Suqovuşan, Füzuli, Xocavənd və Hadrut istiqamətlərində gedən döyüşlərdə tank komandiri kimi iştirak edib. O, həmin günləri xatırlayarkən böyük fərəh hissi keçirdiyini deyir: "Döyüşçü üçün bu dünyada qələbə hissinin sevinci qədər qürurlu bir duyğu yoxdur. Bu dəqiqə də o anları sanki yenidən yaşayıram. Fəxr edirəm ki, 30 illik işğala son qoyan Azərbaycan Ordusunun sırasında döyüşmüşəm. Fəxr edirəm ki, torpaqlarımızı işğaldan azad edənlərdən biri mən olmuşam. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrlərini icra edən bir döyüşçü olduğum üçün qürur duyuram. Bu gün Zəfər paradında iştirak etmək isə mənim üçün ən böyük mükafatdır".
Həmsöhbətimiz Sənan Məmmədov isə bildirir ki, 2002-ci ildə döyüş maşını komandiri kimi hərbi xidmətdə olub və ilk döyüş yoluna Murovdağ silsiləsində başlayıb. Daha sonra Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Sənan sentyabrın 27-də Suqovuşan istiqamətində aparılan ağır döyüş əməliyyatlarında yaralanıb. Qazimiz həmin günləri belə xatırlayır: "Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə komandiri olduğum döyüş maşını vuruldu. Ağır yaralanaraq hospitala düşdüm. Müharibənin gedişi haqqında məlumatları bizə hospitalda həkimlər çatdırırdı. Hər alınan torpaq, hər azad edilən kənd bizim yaramıza məlhəm olurdu. Prezidentimizin çıxışlarını dinləyirdik, ordumuza inanırdıq. Bilirdik ki, döyüşlərdən zəfərlə çıxıb işğal altındakı torpaqlarımızı azad edəcəyik".
Paradı seyr etməyə gələnlərdən biri də qazi Süleyman Məmmədovdur. Vətən müharibəsinə qədər 13 il hərbi xidmətdə olub. İkinci Qarabağ savaşında Kəlbəcər, Füzuli, Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edib, oktyabrın 27-də ağır döyüşlərdə yaralanıb. II qrup müddətsiz əlildir.
Süleyman keçirdiyi hisslərini belə ifadə etdi: "Dövlətimlə, millətimlə qürur duyuram. Bu parad ordumuzun gücünün, xalqımızın birliyinin ən böyük nümayişidir. Bu gün burada olmaq mənim üçün həm fəxarətdir, həm də şəhidlərimizin ruhuna ehtiram borcumdur". Qazi əlavə edir ki, paradda gördüyü izdiham, insanların alqış sədaları və uşaqların əlində dalğalanan bayraqlar hər bir veterana qələbənin sevincini bir daha yaşadır. "Bu birlik, bu sevgi ordumuzu daha da gücləndirir", - deyə o vurğulayır.
Həmsöhbətmiz Elnur Abdullayev Goranboyun Quşçular kəndindəndir. Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Daşaltı və Suqovuşan uğrunda gedən döyüşlərin iştirakçısı olub. Elnur deyir ki, səfərbərliklə döyüşə yollananlardan biridir. İlk dəfə sentyabrın 27-də Füzuli uğrunda döyüşə atılıb, Zəngilandan Qubadlıya keçən zaman yaralanıb: "İlk növbədə torpaq uğrunda canını qurban verən şəhidlərimizi bu gün minnətdarlıqla anırıq. Artıq rahat nəfəs ala bilərik, çünki torpaqlarımız azaddır. Birinci Qarabağ savaşında və Xocalıda şəhid olanların qanı yerdə qalmadı. Allah Ali Baş Komandanımızın canını sağ etsin ki, öz qüdrəti ilə dünyada seçilən belə möhtəşəm ordu yaratdı. Bu gün Qarabağ cənnətə dönür. Bu bizə qürur verir. Fəxr edirəm ki, qalib ordunun əsgərlərindən biri də mənəm".
Ehtiyatda olan baş leytenant Abbas Musayev isə bildirir ki, 44 günlük Zəfər müharibəsi başlayanda ehtiyatda olan zabit kimi orduya çağırılıb. Özüyeriyən artilleriya qurğusunun komandiri olub. Döyüşə sentyabrın 27-də Suqovuşan istiqamətində başlayan komandir qələbə xəbərini Xocavənddə aldığını deyir: "Qələbə xəbərini də Xocavənddə eşitdik. Bu xəbərin sevincini və qürurunu sözlə ifadə etməkdə indi də acizəm. Bu gün də həmin sevinci yaşayıram". O əlavə edir: "Komandiri olduğum bölmə 7 şəhid verdi. Onları bu gün böyük ehtiramla anıram, xatirələrini yad edirəm". Abbas deyir ki, bu gün bu meydanda gördüyü birlik, keçmiş döyüşçülərə olan münasibət, uşaqdan böyüyə hər kəsin sevinc və fərəh hissi müharibədə keçirdiyi bütün ağrıları, acıları unutdurur".
Müharibə veteranı, ehtiyatda olan zabit Vüqar Əhmədovla söhbətimizi davam etdiririk. Cəbrayıl şəhərində doğulan Vüqar 14 yaşında rayonlarının işğal gününü xatırlayır. Deyir ki, torpaqlarımızı itirsək də, ümidimizi itirmədik. 2003-2005-ci illərdə Azərbaycan Ordusunda zabit kimi xidmətə başlayan baş leytenant Vüqar Əhmədov döyüşə Füzuli istiqamətindən başlayıb: "Cəbrayıl və Qubadlı uğrunda gedən əməliyyatlarda iştirak etdim. İdarə olunan raket kompleksində taqım komandiri idim. 44 günlük müharibə ərzində komandiri olduğum heyət ilə birlikdə düşmənə ağır zərbələr vurduq. Ermənilərin 30 ildə qurduğu, hətta ağır artilleriya ilə dağıdılması mümkünsüz hesab edilən istehkamlarını dəqiq atışlarla məhv etdik, piyada dəstələrinin keçidini təmin etdik".
Son döyüşlərinin Qubadlı rayonunun Ermənistanla sərhəddə yerləşən mövqelərdə olduğunu, qələbə xəbərini alanda Gorus istiqamətində irəlilədiklərini deyən zabit arzusunu da dilə gətirməyi unutmur: "Arzum budur ki, dövlətimiz həmişə qüdrətli olsun, hərbi gücümüz elə artsın ki, heç bir dövlət Azərbaycana qarşı müharibə etmək barədə düşünməsin".
Ramin Əmrahov bizimlə söhbətdə əslən Borçalı mahalından olsa da, Azərbaycan vətəndaşı olduğunu bildirdi. Oktyabrın 10-da müharibəyə çağırılıb. İlk döyüşə Ağdərə rayonunun Suqovuşan istiqamətində girib. Ramin deyir ki, oktyabrın 18-dən sonra onu top komandiri vəzifəsinə təyin ediblər: "Müharibənin sonuna qədər döyüş əməliyyatlarının iştirakçısı olaraq düşmənə sarsıdıcı zərbələr endirdik. Çox qürurluyam. Bu, həm də xalqımızın birliyinin qələbəsidir. Onun qazanılmasında payı olan bütün əsgər və zabitlərə, qələbənin təminatçısı olan Ali Baş Komandana və arxa cəbhədə ordumuza dəstək verən xalqımıza minnətdaram. Bugünkü birliyimiz xalqımızın böyüklüyünü və lazım olan anda həmrəyliyini nümayiş etdirir. Belə bir xalqın oğlu, belə bir ordunun əsgəri olmaq mənim üçün böyük qürurdur".
Həmsöhbətlərimizdən biri də əslən Cəbrayıldan olan keçmiş döyüşçü Fəxrəddin Əhmədovdur. Onun gözlərinin, baxışlarının da güldüyünü, bütün vücudu ilə fərəhləndiyini hiss etdik. Fəxrəddin 3 il Birinci Qarabağ müharibəsində döyüşdüyünü dedi: "Təəssüf ki, ilk Qarabağ müharibəsində düşmənə məğlub olduq. Amma torpaqlarımızın azad olunacağına inamımızı heç vaxt itirmədik. Bir əsgər kimi hər gün döyüşə atılacağım günü gözləyirdim". Fəxrəddin 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda könüllü olaraq əsgər paltarını geyib döyüşə yollanıb: "Yarımçıq qalan işin tamamlanmasında mənim də payım oldu. Mənim ən böyük mükafatım azad Qarabağ, cənnətə dönən Cəbrayıl oldu".
Elşən QƏNİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"