26 Yanvar 2025 09:00
924
Mədəniyyət
A- A+
Bir aktyor vardı...

Bir aktyor vardı...


Onlar 13 nəfər idilər. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakültəsinin 13 məzunu. Azərbaycanın görkəmli teatr, kino rejissoru, aktyor-pedaqoq Adil İsgəndərovun kursunu bitirən kimi onların hamısını təyinatla Lənkərana teatr açmağa, daha dəqiq desək, bu cənub şəhərində vaxtilə fəaliyyət göstərmiş Dövlət Dram Teatrının işini bərpa etməyə göndərmişdilər.

İki-üç ildən sonra Lənkərana teatr açmağa gələnlərin əksəriyyəti əyalət şəhərinin çətinliklərinə dözməyərək paytaxt Bakıya qayıtdı. Onlardan cəmi 3 nəfər - sədaqətli ömür-gün yoldaşları olan respublikanın Xalq artisti Böyükxanım Əliyeva ilə Əməkdar artist, "Tərəqqi" medallı Təvəkkül Əliyev və bir də uzun müddət bu sənət ocağına rəhbərlik edən Əməkdar artist Elşad Zeynalov həmişəlik öz talelərini Lənkəranla bağladılar. Onlar istər həyat yollarında, istərsə də sənətdə əldə etdikləri nailiyyətləri məhz Lənkəranda qazandılar. Buradaca ailə qurub, ev-eşik və ad-san sahibi oldular. Elşad Zeynalov 2006-cı il yanvarın 5-də 55 yaşında haqq dünyasına qovuşdu. Ondan 11 il sonra, 2017-ci ilin 23 yanvarında isə Təvəkkül Əliyev də bu dünyanı tərk edərək əbədiyyətə qovuşdu...

Təvəkkülü Lənkəranda hamı tanıyır və sevirdi. O da qarşılıqlı olaraq bu diyara qəlbən bağlanmış, özünə çoxlu dost qazanmışdı. Söhbət düşəndə bəzən zarafatyana Talış dağlarını göstərib: "Odur ey, oralıyam - Barzavuluyam", - deyərdi. 

Onu teatrda aktyor kimi işə başladığı dövrdən tanıyırdım. İndiki kimi yadımdadır. 1973-cü il dekabrın 6-da yenicə fəaliyyətə başlayan Lənkəran Dövlət Dram Teatrının tamaşa zalına iynə atsaydın yerə düşməzdi. Tamaşaçılar kəndli-şəhərli hamı teatrın ilk tamaşasına baxmağa gəlmişdi. Onların arasında Bakıdan dəvət olunan tanınmış sənətçilər, ziyalılar, şair və yazıçılar, o cümlədən "Yaxşı adam" əsərinin müəllifi Mirzə İbrahimovla onun ailə üzvləri də vardı. Gənc aktyor Təvəkkül Əliyev teatrın pərdəsini açaraq titrək addımlarla səhnənin qarşısına çıxdı və özünəməxsus gur səslə Lənkəran Dövlət Dram Teatrının fəaliyyətə başlaması münasibətilə tamaşaçıları təbrik etdi. Daha sonra sürəkli alqışlar altında tamaşa başlandı. Həmin gün gənc aktyorların hamısı rollarının öhdəsindən layiqincə gələ bildilər. Təvəkkül Əliyev isə Azər rolunun ifası ilə teatra parlaq fərdi xüsusiyyətlərə malik olan qeyri-adi bir aktyorun gəldiyini nümayiş etdirdi. İllər ötdükcə aktyor xaraktercə bir-birindən fərqli rollarda çıxış etdi, tamaşaçılarını gah güldürdü, gah düşündürdü, gah da göz yaşları axıtmağa sövq etdi. Tamaşadan-tamaşaya özü də inkişaf etdi, püxtələşdi, müdrikləşdi. 


Onu Lənkəranda saxlayan tamaşaçı məhəbbəti idi


Təvəkkül məsuliyyətli aktyor idi. Rolunun üzərində az qala əsirdi. O, istənilən obrazı sadəcə səhnədə ifa etməklə işini bitmiş hesab etmirdi. Hələ məşq prosesində rolun məxsus olduğu tarixi şəraiti, mühiti, mənsubiyyətini öyrənib mənimsəyərdi. 

Söhbət düşəndə deyirdi ki, məni Lənkəranda saxlayan tamaşaçı məhəbbəti və qayğısı olub: "Bəzən Böyükxanımla (aktyorun ömür-gün yoldaşı, Azərbaycanın Xalq artisti Böyükxanım Əliyeva - A.B) bir neçə günlüyə Bakıya getmişik, amma Lənkəran üçün, tələbkar tamaşaçılarımız üçün darıxdığımızdan müddətdən əvvəl geri qayıtmışıq. Qürur hissi keçirirəm ki, məhz Lənkəran teatrının səhnəsində öz sözünü demiş, püxtələşmiş aktyor səviyyəsinə ucala bilmişəm. İndinin özündə belə yolda, küçədə tamaşaçılarla qarşılaşarkən onlar bizə oynadığımız rolların adları ilə müraciət edirlər. Belə tamaşaçını necə sevməyəsən? Belə şəhəri, belə teatrı necə tərk edəsən?"

Doğrudan da, o, ömrünün sonuna kimi əhdinə sadiq qaldı, Lənkəranı tərk edib heç bir yerə getmədi. Teatrın səhnəsində isə 100-dən artıq rolda çıxış etdi. Onları sadalamaqla qurtaran deyil: Aydın (C.Cabbarlı "Aydın"), İldırım Bəyazid (H.Cavid "Topal Teymur"), Anton Antonovıç (N.Qoqol "Müfəttiş"), Aleksey (Bs.Vişnevski "Nikbin faciə"), Ezop (Fiqereydo "Ezop"), Nəcəf bəy (Ə.Haqverdiyev "Dağılan tifaq"), Şeyx Nəsrullah (C.Məmmədquluzadə "Ölülər"), Əmir Teymur (T.Zülfüqarov "Kəklikli qəfəs"), Azər (M.İbrahimov "Yaxşı adam"), Zaur (Anar "Təhminə və Zaur"), Mahmud (Elçin "Mahmud və Məryəm"), Polya Luici ("Dəmir sinif", A.Nikolai)...

Əlbəttə ki, bu obrazların hər biri ayrılıqda bir tədqiqat materialı səviyyəsindədir və biz onların hamısının təhlilini vermək fikrindən uzağıq. Amma bununla belə aktyorun yaratdığı bir neçə rol üzərində dayanmağı məqsədəuyğun hesab edirik.


Qismətinə baş qəhrəman obrazını yaratmaq düşmüşdü


Xalq şairi Nəbi Xəzrinin "Sən yanmasan" əsərinin tamaşasında T.Əliyevin ifa etdiyi Eldar obrazı barədə Lənkəranın yaşlı tamaşaçıları bu gün də xoş xatirələrlə söz açırlar. O, obrazın daxili aləmini özünəməxsus cizgilərlə açaraq, təkcə müsbət xarakterini deyil, eyni zamanda həm də mənfi xüsusiyyətlərini göstərməyi bacarırdı. Aktyor Eldarın simasında daxilən çürük, buqələmun kimi rəngdən-rəngə girən tiplərin ümumiləşdirilmiş obrazını yaratmışdı.

Yazıçı Məmmədhüseyn Əliyevin "Ana fəryadı" tamaşası da Lənkəran teatrının tarixində xüsusi yer tutur. İkinci dünya müharibəsinin xalqımızın həyatından izsiz ötüşmədiyini və minlərlə ailəyə bədbəxtlik gətirdiyini əks etdirən bu səhnə əsərində "qara kağızı" gəlmiş İlyasın (rolda Təvəkkül Əliyev) on beş ildən sonra doğma yurda qəfil qayıdışı onun doğmalarının həyat tərzini tamam alt-üst edir. Belə ki, İlyasın arvadı onun anası Bəyimin təhriki ilə artıq xalası oğluna ərə gedib. Mövcud vəziyyətdən hamı çaş-baş qalıb. Bütün ailə İlyasın yanında özünü günahkar saydığından onun gözündən qaçır. Belə məqamda İlyas üzünü görmədiyi doğma qızı Mirvari ilə söhbətləşib dərdləşir. Daha sonra İlyas tənhalığa qapılır, fonoqramma ilə səhnədən onun daxili monoloqu ucalır. Beləcə aktyor, sözün həqiqi mənasında, bu monoloqu yaşantılarla ifa edir. Onun sifətindəki cizgilər qəhrəmanının müharibədə necə böyük əzab-əziyyətlərdən keçdiyini, göz yaşları isə İlyasın acı taleyi üçün daxilən necə yandığını göstərir. Bu obrazı ilə T.Əliyev özünü həm də səhnənin mahir ifaçısı kimi sübuta yetirir.

Aktyor məhz belə müsbət keyfiyyətləri ilə C.Cabbarlının "Aydın" tamaşasında böyük arzularla yaşayan, lakin əli heç bir yerə çatmayan Aydını, H.Cavidin "Topal Teymur"unda başı eyş-işrətə qarışmış, xalqın vəziyyəti ilə maraqlanmayan hökmdar Yıldırım Bəyazidi, Anarın "Şəhərin yay günləri"ndə hər şeyi pulla həll etməyə çalışan Ağarəfini, S.Vurğunun "Fərhad və Şirin" dramında öz sevgisi uğrunda Xosrovla baş-başa gələn, bunun üçün hətta dağları parçalayan Fərhadı və onlarla müxtəlif xarakterli obrazları yaratmaqla tamaşaçıların rəğbətini qazanmışdı. 

Təvəkkülün son ifası isə Əli Vəlioğlunun "Əsrlərin harayı" tamaşasında Midiya hökmdarı Astiaq obrazı oldu. Aktyor qanı-canı bahasına bu obrazı yaratmışdı. İstedadının bütün coşğunluğu ilə Astiaqın ziddiyyətlərlə dolu həyatını açıb göstərməyi bacarmışdı. Ölümündən cəmi üç gün əvvəl də bu obrazda səhnəyə çıxmışdı. 

Yanvarın 23-də bir daha 43 ildən bəri canından da çox sevdiyi səhnəyə qayıdışı oldu. Amma budəfəki - sonuncu tamaşanın müəllifi də, ifaçısı da özü idi. Yenə də qədirbilən dostları, pərəstişkarları Təvəkkülün yanında idilər, onu alqışlayırdılar. Amma bu alqışlar göz yaşlarına qarışmışdı. Tamaşaçılar sevimli aktyorlarını son mənzilə yola salırdılar...

Təvəkkül Əliyev Əməkdar artist fəxri adına layiq görülmüşdü, "Tərəqqi" medalı ilə təltif olunmuşdu. Xalq artisti adını almasa da, xalqın artisti idi. O, bu adı qazanmışdı və buna mənəvi haqqı da var idi. Bu barədə söz düşəndə deyirdi: "Postsovet dövrünün bəzi naqis xüsusiyyətləri öz diktəsini etməkdədir. O vaxt belə bir qayda vardı: ərlə arvad, yaxud da ata ilə uşaqları bir idarədə, bir müəssisədə işləyə bilməzdilər. "Qohumbazlıq" deyilən bir məfhum yaranmışdı. Bizim işimiz də buna oxşayır. Söz düşəndə deyirlər ki, Böyükxanımla siz ər-arvadsınız, ikinizə də eyni bərabərlikdə yerimək olmaz. Əslində, belə şeylər gərək yaradıcı insanlara şamil edilməsin. Mənimlə Böyükxanımın bir-birindən fərqli dəst-xətimiz var. Amma bunun fərqinə varmırlar. Belə çıxır ki, Böyükxanım xalq artisti olduğundan bu şərəfə mən layiq görülə bilmərəm. Əslində, bunun mənim üçün elə bir əhəmiyyəti də yoxdur. Əməkdar artist olsam da, Xalq artisti səviyyəsində çalışıram". 


Ürəyində bir arzusu vardı: Kral Liri oynamaq


Teatrda hazırlanan tamaşaların əksəriyyətində baş qəhrəmanı oynamaq Təvəkkülün qismətinə düşmüşdü. Ürəyində bir arzusu da var idi: Kral Liri oynamaq. Amma ömür ona bu arzusunu gerçəkləşdirməyə imkan vermədi. 

Son illər o, həm də kino aktyoru kimi tanınmışdı. Bir sıra bədii filmlərdə, teleseriallarda maraqlı rollarda çəkilmişdi. Ümumilikdə isə Təvəkkül 15 filmdə müxtəlif səpkili rolları ifa edib. Onun kinoda axırıncı işi "Əli və Nino" filmində olub. Burada aktyor məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin obrazını yaradıb. Daha bir neçə filmə də dəvət almışdı...

Qeyd edək ki, Təvəkkül Əliyev özünü həm də rejissorluq sahəsində sınayıb. Əsasən də uşaqlar üçün tamaşalar hazırlayardı. İş prosesində onun necə tələbkar sənətçi olmasının şahidi idik. "Mən hər şeydən əvvəl aktyoram, həm də peşəkar aktyoram. Amma ara-sıra teatrda tamaşa hazırlamaq isə mənim təcrübəmdən irəli gələn bir işdir. Rejissor vəzifəsinin məsuliyyəti böyükdür və mən belə bir yükün altına girməyə cürət etmərəm. Ötən onilliklər ərzində çoxlu rejissorla işləmişəm, hərəsinin dəst-xətindən müəyyən qədər bəhrələnmişəm", - deyirdi. 

T.Əliyev həmçinin gənc aktyorların hamisi idi. Biliyini, təcrübəsini heç kimdən əsirgəmirdi. Onun gözünün qabağında onlarla aktyorun püxtələşməsinə, sənətin sirlərini əxz etməsinə uşaq kimi sevinərdi.

Ömrünün müdrik çağında da məhsuldar fəaliyyətini davam etdirən Təvəkkül Əliyev sübut etmək istəyirdi ki, hələ ürəyində kifayət qədər deyilməmiş sözü vardır. 65 illik ömrünün 43 ilini səhnə sənətinə həsr edən Təvəkkül Əliyev həm də gözəl ailə başçısı, sədaqətli ömür-gün yoldaşı, mehriban ata və baba idi. O, nəvələrini özünün ən böyük var-dövləti hesab edirdi.

Heyif ki, ölüm onu aramızdan tez apardı. Lənkəran tamaşaçısı düz səkkiz ildir ki, onsuz qalıb. Teatr özü də onun məsləhətlərinə, göstərişlərinə möhtacdır. Amma əziz xatirəsi unudulmur və illər, qərinələr keçsə belə, yenə unudulmayacaq. Təvəkkül Əliyev bir-birindən gözəl, rəngarəng səhnə obrazları, kinofilmlərdəki rolları ilə əbədi yaşayacaq.


Ağaddin BABAYEV, 

Lənkəran

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək

20:01
18 Fevral

Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub  

19:52
18 Fevral

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub  

19:29
18 Fevral

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb  

19:27
18 Fevral

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB

19:26
18 Fevral

ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

19:25
18 Fevral

Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib

19:23
18 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

19:20
18 Fevral

Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

19:17
18 Fevral

AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib  

19:16
18 Fevral

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib  

19:12
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB

18:50
18 Fevral

Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək

18:49
18 Fevral

Natalya Koçanova: Belarusla Azərbaycanın əlaqələri illərin sınağından çıxmış qarşılıqlı münasibətlərə əsaslanır  

18:48
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr komissiyalarının toplantısı keçirilir

18:47
18 Fevral

Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanışlıq YENİLƏNİB

18:45
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB 2

18:44
18 Fevral

Gürcüstan və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib  

18:43
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!