24 Yanvar 2023 15:15
525
Mədəniyyət
A- A+

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda sərgi təşkil edib  

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən İstanbulda Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə “Yıldız sarayı foto kolleksiyasında XIX əsr Türk dünyasının mədəni irsi” adlı sərgi təşkil olunub.

Fonddan AZƏRTAC-a bildirilib ki, sərgidə Osmanlı Sultanı II Əbdülhəmid dönəmində çəkilən və Türk dünyasının mədəni irsini ehtiva edən Yıldız kolleksiyasından 75 fotoşəkil nümayiş edilib. Yıldız kolleksiyası dünyanın ən zəngin foto arxivlərindən biridir və ümumilikdə 918 albomdan, 36 min 585 fotoşəkildən ibarətdir.

Səmərqənddən Ədirnəyədək uzanan coğrafiyalardakı çoxəsrlik memarlıq nümunələrini əks etdirən fotoşəkillərin arasında, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş Səmərqənd, Buxara, Hokand, Xivəyə aid maddi-mədəni abidələr, Bakıdakı Şirvanşahlar Sarayı, Anadoluda inşa olunmuş ilk məscid Qars Əbu Mənuçöhr Camisi, Türküstanın Xoca Əhməd Yasəvi türbəsi, İstanbul, Konya, Aşqabad və digər şəhərlərə məxsus abidələr yer alır.

Tədbirin rəsmi hissəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanladığı məktub oxunub. Məktubda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının mədəni-mənəvi dəyərlərinin qorunması, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində geniş miqyaslı fəaliyyəti yüksək qiymətləndirilib. Sərginin türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyi vurğulanıb.

Sərgidə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva son bir əsr ərzində Türkiyənin təqdirəlayiq inkişaf yolu qət etməsindən, həyatın bütün sahələrində sürətlə irəliləməsindən söz açıb. Günay Əfəndiyeva bildirib ki, qazandığı çoxsaylı nailiyyətlər, meydana gəlmiş çətinliklər, maneələr qarşısında daima nümayiş etdirdiyi dik duruş Türkiyənin beynəlxalq aləmdə nüfuzlu və qüdrətli bir ölkə kimi tanınmasına səbəb olmuşdur. Fondun prezidenti Türkiyənin suveren Türk dövlətləri ilə mövcud qardaşlıq münasibətlərə toxunaraq, ölkənin Türk dünyasında da böyük rəğbət sahibi olmasına diqqəti çəkib: “Türkiyənin uğurları müstəqil Türk dövlətlərindən tutmuş, tarixən müxtəlif səbəblərdən Türk coğrafiyasından ayrı düşmüş ən kiçik, azsaylı türk xalqlarını da sevindirir, qürurlandırır və birlik, həmrəylik içərisində parlaq gələcəyə ruhlandırır”.

Günay Əfəndiyeva sərginin əhəmiyyətini vurğulayaraq qeyd edib: “Bu foto kolleksiya mədəniyyətin və incəsənətin xilasedici gücünə bütün qəlbi ilə inanan, bu il vəfatının 105-ci ilində yad edilən Sultan II Əbdülhəmidin incə ruhunun nişanəsidir. 623 illik görkəmli Osmanlı səltənətinin çağdaş dövrdə sürətlə yüksələn Türkiyə Cümhuriyyəti ilə qovuşmasıdır. Yeni bir yüzilliyə qədəm qoyarkən keçmişin xeyir-duasının alınmasıdır. Bu foto kolleksiya Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv və müşahidəçi ölkələrinin əsrarəngiz şəhərlərinə zərif bir baxışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstanın ta qədimi dövrlərdən inkişaf etmiş şəhərsalma mədəniyyətinin bariz sübutu, nəcib göstəricisidir. Türk dünyasına məxsus memarlıq nümunələrinin fərqli xüsusiyyətlərinin kəşf olunması və eyni zamanda mədəni irsin yaşadılmasıdır”.

Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz tədbirdə çıxış edərək, yarandığı gündən etibarən Fondun prioritet istiqamətləri üzrə mühüm layihələr həyata keçirdiyini bildirib. Nazir müavini fotoqrafiya sənətinin Sultan II. Əbdülhəmidin hakimiyyəti dönəmində qızıl dövrünü yaşadığına diqqəti çəkərək, qeyd edib: “Yıldız Sarayı dünyanın müxtəlif ölkələrinin mədəni irsini əks etdirən böyük bir foto kolleksiyaya malikdir. Biz də Mədəniyyət və Turizm nazirliyi olaraq, bu arxivin təbliği və tədqiqi yönündə aparılan işləri dəstəkləyirik”. Özgül Özkan Yavuz türk dövlətlərinin ortaq mədəni irsi haqqında məlumatlılığın son dərəcə vacib olduğunu nəzərə çatdırıraraq, vurğulayıb: “Türk xalqlarının mədəniyyətini və incəsənətini sərgiləyən tədbirlərinin təşkilini yüksək qiymətləndiririk”.

Sərginin açılışında çıxış edən Milli Saraylar Başqanlığının sədr müavini Adnan Qayhan bildirib ki, Yıldız foto kolleksiyası qədim Osmanlı İmperiyası və dünya haqqında bilgi mənbəyi olmaqla yanaşı, həm də Türk xalqları üçün dəyərli bir xəzinə və bəşəriyyətə məxsus mədəni irsdir. Adnan Qayhan, sərginin Türk İslam sivilizasiyasının, əsrlər boyu yaşadılmış ortaq tarix, dil, din, mədəni dəyərlər və adət-ənənələrin daha ətraflı öyrənilməsində önəmli rolunu vurğulayıb.

Tədbirdə, həmçinin Türkiyə Prezidentinin baş müşaviri Fecir Alptekin, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman, TÜRKSOY-un Baş Katibinin müavini Bilal Çakıcı, Türkiyənin Memar Sinan Universitetinin rektoru Handan İnci Elçi, Qazaxıstanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Yerkebulan Sapiyev, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, Qırğızıstanın İstanbul Konsulu Lira Sıdıkova, Özbəkistanın Milli İrs Agentliyinin rəhbəri Bahodır Abdıkərimov və onun başçılığı altındakı nümayəndə heyəti, Macar Mədəniyyət Mərkəzinin direktoru Gabor Fodor, diasporanın, ictimaiyyətin və medianın təmsilçiləri iştirak ediblər.

Qonaqlara Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan “Osmanlı arxivlərində türk mədəni irsi” kitabı təqdim edilib

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video