26 Yanvar 2023 00:49
919
Mədəniyyət
A- A+

Beynəlxalq festivallar, möhtəşəm sərgilər və yubileylər ili

 

Ötən il ölkəmizin ictimai-mədəni həyatında həm də beynəlxalq festivallar, möhtəşəm sərgilər və yubileylər ili kimi yadda qalıb. Ən başlıcası, "Türk dünyasının mədəniyyət paytaxtı" missiyasını yerinə yetirəcək Şuşa şəhərinin 270 illik yubileyi ölkəmizdə və xaricdə qədirbilənliklə qeyd olundu. 28 ildən artıq erməni əsarətində olan qədim Şuşa azadlığına qovuşduqdan sonra ötən il ikinci dəfə ənənəvi "Xarıbülbül" festivalına evsahibliyi etdi. Ondan çox ölkədən musiqiçi və folklor kollektivləri Şuşanın Cıdır düzündə rəngarəng konsert proqramları nümayiş etdirdilər. Üzeyir bəy Hacıbəylinin adını daşıyan, ötən il 14-cü dəfə keçirilən Beynəlxalq Musiqi Festivalının bir sıra konsertləri dahi bəstəkarın yurdunda keçirildi.
Şuşa 270 illik yubileyi çərçivəsində həm də Vaqif Poeziya Günlərinə evsahibliyi etdi. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə kitab sərgisi nümayiş olundu, 44 günlük Vətən müharibəsinə, Qarabağa, onun tacı hesab edilən Şuşaya həsr edilən nəşrlərin təqdimatı keçirildi. Eyni zamanda "Şuşa - 270" xatirə nişanı təsis edildi.
Görkəmli şair Xurşidbanu Natəvanın 190 illiyi münasibəti ilə Mədəniyyət Nazirliyi və Şuşa Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycanın söz-sənət irsində özünəməxsus yeri olmuş "Məclisi-üns" ədəbi məclisi bərpa edildi. Bu münasibətlə Şuşada gerçəkləşən tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın şairləri ud və qaboyun müşayiəti ilə şeirlər söylədilər.
Ötən il dövlət başçısının müvafiq sərəncamları ilə musiqi mədəniyyətimizin inkişafına mühüm töhfələr vermiş bəstəkarlar - Fikrət Əmirov və Rauf Hacıyevin 100, ustad tarzən, Xalq artisti Əhməd Bakıxanovun 130 illik yubileyləri böyük təntənə ilə qeyd olundu. Rəngarəngliyinə görə yola saldığımız ili "Fikrət Əmirov ili" də adlandırmaq olar. Dünyaşöhrətli bəstəkarın yubiley tədbirləri UNESCO və TÜRKSOY kimi beynəlxalq təşkilatlarda, digər beynəlxalq qurumlarda, bir sıra xarici ölkələrdə qeyd olundu. UNESCO-nun təşkilatçılığı ilə Parisdə və təşkilatın mənzil-qərargahında F.Əmirovun yubileyinə həsr edilmiş təntənəli musiqi axşamı könülləri oxşadı. Bir sıra xarici ölkələrdə konsert və tamaşalar gerçəkləşdi. Bu sırada Nyu Yorkdakı "Karnege Hall"da keçirilən "Dostluq körpüləri" adlı konsert xüsusilə əlamətdar oldu. Konsert F.Əmirov yaradıcılığının uzaq Amerikada böyük təntənəsi idi. Ötən il "Türk dünyasını mədəniyyət paytaxtı" olan Bursada da dahi bəstəkarın yubiley konserti rəğbətlə qarşılandı. 
Dövlət başçısının sərəncamları ilə görkəmli şair və xeyriyyəçi Xurşidbanu Natəvanın 190, maarif və mədəniyyət xadimi Ömər Faiq Nemanzadənin 150, şair-dramaturq Hüseyn Cavidin 140, istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyləri böyük təntənə ilə keçirildi.
Hüseyn Cavidin yubileyi ilə əlaqədar Vaşinqtonda ədibin barelyefinin açılışı oldu. Barelyef şəhərdəki ABŞ-Azərbaycan Ticarət Palatasının inzibati binasının fasadına vurulub.
İstiqlal şairi, pedaqoq və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyi də təntənə ilə qeyd olundu. Yubiley tədbirləri şairin şeirlərində böyük sevgi ilə vəsf etdiyi Türkiyədə, Özbəkistanda da şövqlə keçirildi. 
Dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 210, milli mətbuatımızın əsasını qoyan Həsənbəy Zərdabinin 180, böyük maarifçi və realist şair Mirzə Ələkbər Sabirin 160, yazıçı və dövlət xadimi Yusif Vəzir Çəmənzəminlinin 135, böyük müğənni Bülbülün 125, maestro Niyazinin 110, Aşıq Şakirin 110, Xalq rəssamı, respublika Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 95 illiyi və bir sıra digər mədəniyyət, elm və ədəbiyyat xadimlərinin yubileyləri qeyd olunmuşdur. 
Ötən il həmçinin görkəmli bəstəkar, mədəniyyət xadimi Rauf Hacıyevin 100 illiyi ilə əlamətdar olmuşdur. Hər iki yubiley münasibəti ilə "Fikrət Əmirov-100" və "Rauf Hacıyev-100" musiqi festivalları reallaşdı, Bakıda və Gəncədə konsert və tamaşa nümayişləri oldu. Bunlarla yanaşı, ötən il görkəmli xanəndə Sara Qədimovanın 100, ustad kamança ifaçısı Habil Əliyevi 95, bəstəkar Emin Sabitoğlunun 85, dünyaşöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin 80 illik yubileyləri müxtəlif tədbirlərlə unudulmaz olmuşdur. Musiqi inkişafına töhfələr verən sənətkarlardan maestro, Xalq artisti Rauf Adıgözəlovun 85, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin 75 illik yubileyləri keçirildi, xalq artistləri - bəstəkar Eldar Mansurov və müğənni Sərxan Sərxanın 70, bəstəkar Sərdar Fərəcovun 65, xanəndə Mələkxanım Əyyubovanın 60 illiyi qeyd olundu.
Xatırladaq ki, ötən il dövlət başçısının sərəncamları ilə həm də Azərbaycan mədəniyyətində, elmində özünəməxsus yeri olan İrəvan Dövlət Teatrının və İrəvan Müəllimlər Seminariyasının 140 illiyi böyük təntənə və qədirbilənliklə qeyd olunmuşdur.     

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video