29 Sentyabr 2022 11:13
477
Elm və texnika
A- A+

BDU-da akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr edilmiş beynəlxalq konfransın açılış mərasimi keçirilir  

 

Bakı Dövlət Universitetində (BDU) akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr edilmiş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfransın açılışı olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, akademik Rəfiqə Əliyeva ölkəmizdə kimya elminin inkişafına böyük töhfələr verib. Eyni zamanda, Azərbaycan kimya elmini dünyada şöhrətləndirib. Rəfiqə xanımın dünyanın nüfuzlu elmi jurnallarında dərc olunmuş məqalələri, fundamental monoqrafiyaları, uzun illərin gərgin zəhmətinin bəhrəsi kimi aldığı mühüm elmi nəticələr kimya elmi sahəsində ölkəmizin adının dünyada tanıdılmasında müstəsna rol oynayıb. Rəfiqə Əliyeva, eyni zamanda, onu tanıyanların yaddaşına vətənpərvər ziyalı, ölkənin ictimai həyatında fəal iştirak edən, cəsarətli mövqeyi, xeyirxahlıq missiyası ilə seçilən parlaq bir şəxsiyyət kimi həkk olunub: “Akademik Rəfiqə xanım Əliyeva ziyalılığı, kübarlığı, müdrikliyi, xalqına və Vətəninə bağlılığı, dövlətinə sədaqəti ilə onu tanıyanların hər biri üçün bir insanlıq nümunəsidir”.

Rektor qeyd edib ki, akademik Rəfiqə Əliyeva uzun illər ölkəmizdə kimya sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb, onun rəhbərliyi ilə 2 doktorluq və 20 namizədlik dissertasiyası müdafiə edilib. O, 2 monoqrafiya, 33 dərslik və dərs vəsaitinin, 20 patentin və 520-dən çox məqalənin müəllifidir. Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş 2 cildlik “Analitik kimyanın əsasları” və “Analitik kimyadan məsələ və suallar” kitabları məhz akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə Azərbaycan dilinə tərcümə edilib. Akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasında müxtəlif illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrlə elmi-texniki təsərrüfat müqaviləli işlər yerinə yetirilib. Təsərrüfat müqavilələrinin nəticələrinə əsasən, ətraf mühitin çirklənməsi qiymətləndirilib, zərərli və ağır metalların qatılaşdırılaraq ayrılmasının yeni, ucuz və iqtisadi cəhətdən əlverişli metodikaları işlənilib-hazırlanıb.

Akademik Rəfiqə Əliyevanın səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Alim 2000-ci ildə “Əməkdar elm xadimi” adına layiq görülüb, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. Eyni zamanda, görkəmli alim akademik “Yusif Məmmədəliyev adına” mükafata layiq görülüb. 2003-2004-cü tədris ilində akademik Rəfiqə Əliyeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunub, 2005-ci ildə BDU-nun təsis etdiyi “İlin alimi” fəxri adına layiq görülüb. Alimin müəllifi olduğu “Ekologiya” və “Ümumi ekologiya” adlı dərs vəsaitləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) təsis etdiyi “Həsən Əliyev adına” mükafata layiq görülüb. Akademik Rəfiqə Əliyeva yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı kimi hər zaman insanlara yaxşılıq edib. Xeyirxah, nəcib əməllərin sahibi olub. Əsl Azərbaycan qadınına məxsus olan bu xarakterik xüsusiyyətlər onu gəncliyindən ömrünün sonuna kimi müşayiət edib. Bütün bu keyfiyyətlər ilk növbədə Rəfiqə xanımın mənsub olduğu ailədən, soy-kökdən irəli gəlir. 2017-ci ildə ömrünün 84-cü zirvəsində həyatla vidalaşan Rəfiqə Əliyevanın 90 illik yubileyini görkəmli alimin özünün iştirakı olmadan qeyd etsək də, əminik ki, bu günlər Rəfiqə xanımın ruhu şaddır. Çünki onun da ürəyində daşıdığı ən böyük nisgil artıq sevincə çevrilib.

Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız 44 günlük Vətən müharibəsindəki parlaq Zəfərimizlə azadlığına qovuşub, ölkəmizin ərazi bütövlüyü təmin olunub. İndi cənnət Qarabağımızda müqayisəyəgəlməz sürətlə quruculuq işləri aparılır. Akademik Rəfiqə Əliyevanın əziz və unudulmaz xatirəsi öz taleyini bağladığı və inkişafına böyük töhfələr verdiyi Bakı Dövlət Universitetində həmişə hörmətlə və ehtiramla yad edilir. 90 illik yubileyi ərəfəsində görkəmli alim, akademik Rəfiqə xanım Əliyevanı bir daha hörmət və ehtiramla yad edirik. Əminik ki, görkəmli alimin elmi məktəbi onun davamçıları tərəfindən daha da inkişaf etdiriləcək.

Konfransın açılış mərasimində türk dünyasının fəxri, dünyaşöhrətli alim, Nobel mükafatçısı Əziz Səncərin təbrik məktubu oxunulub.

Qeyd edək ki, konfransın təşkilində əsas məqsəd müasir kimyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, əldə edilmiş ən mühüm nəticələri müzakirə etmək, yeni prioritet istiqamətləri müəyyənləşdirmək, bu sahədə elmi nailiyyət və təcrübələri paylaşmaq, habelə, əldə edilən nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını tapmaq və gənclərin elmə olan marağını artırmaqdır.

Türkiyə, Pakistan, Almaniya, Ukrayna, Böyük Britaniya, Belçika, Portuqaliya, Litva, Çin, Hindistan, Vyetnam, Polşa, Özbəkistan, Rusiya, Qazaxıstan, Gürcüstan kimi xarici ölkələrdən, ölkəmizin bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçirilən konfransda analitik kimya, ekoloji kimya və ətraf mühitin mühafizəsi, kimyanın tədrisi metodikası, perspektivli materialların sintezi, fiziki kimya və qeyri-üzvi materialşünaslıq kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Konfransda müxtəlif ölkələrdən olan dəvətli məruzəçilərin bu sahənin problemləri və alınmış ən son nəticələr üzrə məruzələri dinləniləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video