16 May 2022 17:40
453
PARLAMENT
A- A+

Balaim Kesebayeva: Azərbaycan və Qazaxıstan xalqları ortaq dəyərlərə malikdir

Mayın 16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin sədri Sahibə Qafarova xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən, ortaq mədəni və mənəvi dəyərlərdən danışıb. Bildirilib ki, tarixən mövcud olan qardaşlıq əlaqələrimiz ölkələrimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib və bu il diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyi qeyd olunacaq.

Qazaxıstan Respublikasına rəsmi səfərindən və orada keçirdiyi görüşlərdən danışan Milli Məclisin sədri aparılan danışıqların qanunverici orqanlarımız arasında münasibətlərin dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırıb. O, parlamentlərin ölkələrimiz arasında münasibətlərdə körpü rolunu oynadığını qeyd edərək, bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Sahibə Qafarova parlamentlərimizin TÜRKPA və digər beynəlxalq təşkilatlarla yanaşı, İƏT Parlament Assambleyası çərçivəsində də uğurla əməkdaşlıq etdiyini deyib. İƏT PA-nın Pakistanda keçirilmiş İkinci Ümumi Konfransında müzakirə edilmiş məsələlərin əhəmiyyətindən danışan Milli Məclisin sədri qurumun sabah Bakıda keçiriləcək Üçüncü Ümumi Konfransında da mühüm məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən S.Qafarova bildirib ki, Azərbaycan bu Zəfər sayəsində 30 ilə yaxın Ermənistan işğalı altında olan ərazilərini, həmçinin ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərini azad edib. İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfər zamanı bu gözəl şəhərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Qazaxıstan Respublikası Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva Azərbaycanda ilk dəfə olduğunu və bu səfərdən məmnunluq duyduğunu qeyd edib.

Azərbaycana dəvətə görə təşəkkür edən Qazaxıstan Parlamenti Məclisinin sədr müavini xalqlarımızın ortaq dəyərlərə malik olduğunu, müstəqillik illərində münasibətlərin böyük inkişaf yolu keçdiyini deyib. Qeyd olunub ki, parlamentlər arasında əlaqələrin inkişafı münasibətlərimizin daha da dərinləşməsi baxımından əhəmiyyətlidir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video