11 Avqust 2022 00:44
451
İDMAN
A- A+

Bakıda "sauna", Budapeştdə "soyuq duş"

 

"Qarabağ" Çempionlar Liqası təsnifat mərhələsində pley-offa yüksəldi

 

Ağdamın "Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının təsnifat mərhələsindəki uğurlu çıxışı hər kəsin ürəyini dağa döndərdi. Komandamız 3-cü təsnifatda Macarıstanın "Ferentsvaroş" klubunu mübarizədən kənarlaşdıraraq pley-offa yüksəldi.
Bir həftə öncə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda üçüncü təsnifat mərhələsinin ilk qarşılaşmasında  Macarıstan çempionu ilə 1:1 hesablı heç-heçəyə razılaşan "Qarabağ" cavab oyununda 20 mindən çox tamaşaçının arenada izlədiyi matçda 3:1 hesabı ilə qalib gəldi. 
"Qarabağ"ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Veşoviç, Bədavi Hüseynov, Marko Yankoviç, Bəhlul Mustafazadə, Kadi Borges, Abdullah Zubir, Toral Bayramov, Ramil Şeydayev və İbrahima Vaci yer almışdılar.
"Ferentsvaroş"un heyətində isə meydana Deneş Dibus, Tokmak Nquyen, Anderson Esiti, Adnan Kovaçeviç, Kristofer Zakariasen, Eldar Çiviç, Adama Traore, Endre Botka, Rasmus Telander, Frank Boli və Aissa Ləyduni çıxmışdılar.
Qeyd edək ki, ilk qarşılaşmadan sonra rəqibin oyununu daha yaxşı təhlil etmiş "Qarabağ" cavab görüşündə macarların mərkəz müdafiəçilərinin ləngliyindən məharətlə yararlana bildi. Matçın ilk dəqiqələrindən əsasən Vaciyə və Şeydayevə uzaq məsafədən meydançanın dərinliyindən ötürülən toplar meydan sahiblərinin müdafiəçilərini çaş-baş salmışdı və onlar toparlanmaqda çətinlik çəkirdilər. 
İspaniyalı baş hakim Karlos del Serro Qrandenin idarə etdiyi qarşılaşmada hesab artıq yeddinci dəqiqədə açıldı. "Qarabağ"ın heyətində Kadi Borgesin dəqiq ötürməsindən sonra Abdullah Zubir rəqib qapısının yaxın küncünə sərrast zərbə endirdi. Bundan əvvəl isə oyuna çox fəal başlayan və meydançanın hər bir zonasında güclü pressinq tətbiq edən ağdamlılar iki real qol imkanını boşa verdilər.
Hesab açıldıqdan sonra komandamız təzyiqi azaltdı. Meydanda bərabər mübarizə gedirdi.  Hər iki komandanın qol vurmaq üçün şansları oldu, lakin qapıçıların nümayiş etdirdiyi ustalıq, bəzi hallarda isə hücumçuların qeyri-dəqiq zərbələri hesabın dəyişməsinə imkan vermədi. Matçın birinci hissəsi 1:0 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatdı. 
İkinci  hissənin əvvəlində hücuma atılan macarlar cəmi 10 dəqiqədən sonra əks-həmlədə tutuldular və qapılarında ikinci qolu gördülər. Kadinin ötürməsindən sonra Vaci rəqibin qapısından ikinci topu keçirdi. Bu qol "Ferentsvaroş"u  və onun çoxsaylı  azarkeşlərini şok vəziyyətinə saldı. Bundan sonrakı 20 dəqiqə qarşılıqlı hücumlarla yadda qaldı. Rəqibin qapısına növbəti qolu görüşün 78-ci dəqiqəsində Ramil Şeydayevin ötürməsindən sonra dubl edən Vaci vurdu - 0:3. Artıq bu, tanınmış rusiyalı baş məşqçi Stanislav Çerçesovun və Macarıstan çempionunun fiaskosu idi. Bu, Bakıdakı görüşdən sonra "Oyun zamanı havanın temperaturu 30 dərəcədən yuxarı idi. Yüksək rütubəti də nəzərə alsaq, özümüzü saunada hiss edirdik" - deyən Çerçesov və onun komandası üçün "saunadan" sonra "soyuq duş" idi... Oyundan əvvəl əminliklə qələbə qazanacaqlarını söyləyən "Ferentsvaroş" rəhbərliyi və oyunçuları indi heç olmasa bir qol vurub darmadağından yaxa qurtarmağı düşünürdülər və onlar buna müyəssər oldular - 86-cı dəqiqədə Adama Traore hesab arasındakı fərqi azalda bildi...
Qeyd edək ki, Kadinin və Almeydanın qayıtması "Qarabağ"ın uğurunda böyük rol oynadı. Borges bu dəfə cinahda deyil, mərkəzdə yer almışdı və bunun sayəsində  "Qarabağ" ın hücumları daha  kreativ və təhlükəli idi. Ibrahima Vaci isə ən yaxşı oyunlarından birini keçirdi və iki vacib qola imza atdı. Ramil Şeydayev, Qara Qarayev, Bəhlul Mustafazadə və digər futbolçularımızın da əzmkarlığı və qələbədə payları qeyd olunmalıdır. Qapıçımız  Şahruddin Məhəmmədəliyev də inamlı və etibarlı çıxışı ilə yadda qaldı.
Beləliklə, üçüncü təsnifat mərhələsinin ilk qarşılaşmasında Bakıda Macarıstanın çempionu ilə 1:1 hesablı heç-heçə edən ünlü mütəxəssis Qurban Qurbanovun yetirmələri Budapeştdə rəqibinə qalib gəldi və iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəldi. Bununla da "Qarabağ" növbəti zirvə yolunda möhtəşəm uğura imza atdı.
Xatırladaq ki, Azərbaycan futbolu tarixində ikinci dəfə komandamız Çempionlar Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Eyni zamanda  "Qarabağ" "Ferentsvaroş" üzərində qələbə sayəsində UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.
Matçdan öncə "Ferentsvaroş"un cavab oyunlarında xüsusilə təhlükəli olduğunu əvvəlki görüşlərin statistikası da göstərirdi. Lakin "Qarabağ" əzmkar və ağıllı oyunu ilə rəqibin bütün planlarını və gözləntilərini alt-üst etməklə layiqli qələbə qazandı.
Matcın statistikasına nəzər salsaq görərik ki, ağdamlılar həm qapı istiqamtində (12-yə qarşı 11), həm də qapı çərçivəsinə (8-ə qarşı 5) daha çox zərbə endirib. Kadinin qayıtmasını "Qarabağ"ın uğurunda əsas element saymaq olar. O, iki vacib qola imza atıb. Qapıçımız  Şahruddin Məhəmmədəliyev də inamlı və etibarlı çıxış etdi.
"Futbolçularımı təbrik edirəm. Komandamız bu gün qalib gəlmək istəyirdi. Çox əziyyət çəkdilər. Asan qələbə olmadı. Hesab tam əksinə də ola bilərdi. Çox yaxşı komandaya qarşı oynadıq. Onların da qol imkanları oldu. Rəqibə uğurlar arzulayıram". Bunu Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib. O bildirib ki, UEFA Avropa Liqasının qrupunu təmin etdiyimiz üçün rahatlaşmaq olmaz. Həmişə belə qələbələr olmur. Çünki klubların səviyyələri fərqlidir. Əlimizdəki şansdan maksimum yararlanmağa çalışmalıyıq.
Q.Qurbanov rəqib komandanın baş məşqçisi Stanislav Çerçesov barədə də xoş sözlər deyib: "Ona böyük hörmətim var. Çox bacarıqlı mütəxəssisdir. Onun futbolçu və məşqçi karyerası məndən daha üstündür. Ona taktiki planda qalib gəldiyimi deyə bilmərəm. S.Çerçesov çox yaxşı komanda formalaşdırıb. Bu gün futbolçularım hamısı qələbəyə layiq idilər. Çünki qələbəni çox istəyirdilər. Kadi Borges isə bu gün çox yaxşı oyun göstərdi və mübarizə apardı".
Öz növbəsində Stanislav Çerçesov "Qarabağ"a komanda şəklində uduzduqlarını etiraf edib: "Əslində, oyuna pis başladıq, pis də qurtardıq. Fikrimizcə, biz udmalı idik. Amma praktikada bunu bacarmadıq. Biz komanda şəklində uduzduq. Xüsusilə çox top itkilərinə yol verdiyimiz üçün məğlub olduq".
Rusiyalı mütəxəssisin dediyinə görə, özündən razı olmaq pis xüsusiyyət deyil: "Hətta deyərdim ki, belə oyunlar üçün yaxşıdır. Baş məşqçiyəm, bütün məsuliyyət mənə aiddir. Daha sonra sakit başla səhvləri harada buraxdığımızı analiz edəcəyik". Baş məşqçi "Qarabağ"ın çox güclü komanda olduğunu vurğulayıb: "Hücumda əla oynadılar. Məğlubiyyəti daha çox bununla əlaqələndirərdim. Rəqib qələbəyə layiq idi. Biz də yaxşı komandayıq. Sadəcə, alınmadı... Hamınız bizi sorğu-sual edirsiniz. Bu, sizin işinizdir. Bizim işimiz isə səhvlərdən nəticə çıxarmaqdır".
İndi "Qarabağ"  Çempionlar Liqasının qrup mərhələsində yer almaq üçün Çexiya çempionu "Viktoriya"(Plzen) komandası qismində son maneəni dəf etməlidir. İlk gorüş avqustun 17-də saat 20:45-də Bakıda, cavab qarşılaşması isə avqustun 23-də saat 23:00-da Plzendə start götürəcək.
Böyük zəfərlə Bakıya dönən "Qarabağ"ın qarşılanma mərasimində baş məşqçi Qurban Qurbanov bildirib ki, komanda Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə oyunlara böyük ümidlərlə hazırlaşacaq: "Bilirik ki, bu rəqibi də üstələsək, Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyik. Daha yaxşı, daha istəkli olmalı və daha da səhvsiz oynamağa çalışmalıyıq. Rəqibi tam təhlil edəndən sonra daha ətraflı fikir bildirmək olar. Hər halda bu komanda Çempionlar Liqasının pley-offuna elə-belə gəlməyib. Ümumiyyətlə, Çexiya futbolçuları çox intizamlıdırlar. Çox yaxşı müdafiə xətləri olur, standart vəziyyətlərdə xeyli təhlükəli olurlar. Tam təhlil etdikdən sonra rəqibə qarşı yaxşı oyun qurmaq və uğurlu nəticə əldə etmək üçün ən yaxşısını ortaya qoyacağımıza inanıram".
Qurban Qurbanov ilk görüşü Bakıda keçirmələrini komandası üçün üstünlük hesab edir. Baş məşqçi inanır ki, komandamızın ilk oyununda üstünlük "Qarabağ"da olacaq. 
Biz də inanırıq, azarkeşlər də...
Uğurlar, "Qarabağ"! 

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video