17 May 2022 17:54
634
İQTİSADİYYAT
A- A+

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilib

Mayın 17-də Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, forumda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Aİ-Azərbaycan əlaqələrindən danışıb, ölkəmizin əlverişli biznes və investisiya mühitindən məmnunluğunu ifadə edib. Bildirilib ki, tərəflər arasında ticarət genişlənir, 2021-ci ildə ticarət dövriyyəsi 15 milyard dollardan çox olub. Yeni layihələrin icrasının tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyini qeyd edən səfir Peter Mixalko Azərbaycanın əlverişli coğrafi mövqeyinin, nəqliyyat-tranzit potensialının Aİ şirkətlərini cəlb etdiyini və onların ölkəmizdə fəaliyyətdə, eləcə də işğaldan azad olunmuş ərazilərimizin bərpası və quruculuq işlərində iştirakda maraqlı olduqlarını bildirib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdırıb, tərəflər arasında münasibətlərin artan dinamikasında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin əhəmiyyətini qeyd edib. Aİ-nin Azərbaycanın ən böyük investisiya tərəfdaşı olduğunu diqqətə çatdıran nazir indiyədək Avropa İttifaqı ölkələrindən Azərbaycan iqtisadiyyatına 20 milyard avrodan çox sərmayə yatırıldığını, Aİ-nin ölkəmizə Tvinninq və digər mexanizmlərlə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulanıb ki, 6-cı nəşr “Aİ biznes mühiti hesabatı-2021”də qarşılıqlı əməkdaşlığın genişlənməsinin, Azərbaycan-Aİ işgüzar əlaqələrinin inkişaf etdirilməsinə böyük marağın göstəricilərindəndir.

İqtisadiyyat naziri biznes forumda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələr verdiyini vurğulayıb, son illər ölkəmizin fiskal gəlirlərinin, vergiödəyicilərinin sayının, məşğulluğun, ticarət dövriyyəsinin artmasını, sahibkarlığın inkişafını qeyd edib, iqtisadi inkişafın davamlılığının dəstəklənməsini təmin etmək məqsədilə Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərini diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmizdə iqtisadiyyatın “yaşıl” və davamlı inkişafına, innovativ sahibkarlığın, rəqəmsallaşmanın genişləndirilməsinə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Tədbirdə, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan infrastruktur və tikinti layihələri barədə məlumat verilib, yeni reallıqların investisiya qoyuluşu üçün böyük imkanlar yaratdığı vurğulanaraq, Aİ-yə üzv olan ölkələr bu layihələrdə fəal iştiraka dəvət edilib. Bildirilib ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları işğaldan azad edilmiş ərazilərimizin ölkə iqtisadiyyatına reinteqrasiyasını daha da sürətləndirəcək.

Vurğulanıb ki, sahibkarlıq ölkə iqtisadiyyatı üçün xüsusilə əhəmiyyətlidir, özəl bölmənin inkişafı üçün geniş dövlət dəstəyi mexanizmləri tətbiq edilir. Bütün bunların nəticəsi olaraq, 2026-cı ilədək Azərbaycanda KOB-ların ÜDM-də payı 60 faizə, məşğulluqda 70 faizə və qeyri-neft ixracında 40 faizə çatdırılması qarşıya hədəf kimi qoyulub.

Tədbirdə “Aİ biznes mühiti hesabatı-2021”in təqdimatı keçirilib. Hesabata əsasən, ölkəmizdə təmsil olunan Aİ ölkələri şirkətlərinin 80 faizi iqtisadi fəaliyyət üçün Azərbaycanı seçmək, 53 faizi isə ölkəmizdə biznes fəaliyyətlərini genişləndirmək niyyətini bildiriblər. Aİ ölkələri şirkətlərinin 54 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmaqda maraqlıdırlar, 14 faizi isə artıq investisiya layihələrində iştirak edirlər.

Biznes forumda hesabat barədə ekspertlərin rəyləri dinlənilib, işgüzar əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbir öz işini panel müzakirələrlə davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video