Onlardan 26-sı son 14 ildə inşa edilib
Azərbaycanın başdan-başa nur selinə qərq olması - ölkədə güclü elektrik enerjisi sisteminin fəaliyyət göstərməsi dövlətin vətəndaşların rifahına qayğısının parlaq nümunələrindəndir. Dövlət neftdən əldə edilən gəlirləri zəruri infrastruktur layihələrinə, o cümlədən yeni elektrik stansiyalarının inşasına yönəldərək enerji təchizatının davamlılığına nail olub. Bu siyasət ölkənin paytaxtı, iri şəhərləri ilə yanaşı, ən ucqar kəndlərini də çıraqban etməkdən əlavə, həm də xaricə elektrik enerjisi ixracına imkan verib. Halbuki yaxın keçmişdə Azərbaycan elektrik enerjisi idxalçısı idi. Vəziyyətin bu cür davamı isə iqtisadi inkişafı ləngidə bilərdi. Odur ki, regionların sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramlarında ən vacib məsələlər sırasında elektrik enerjisi ilə davamlı təchizatı təmin edən layihələrə də önəm verildi.
Keçən əsrin 90-cı illərinin əvvəllərində kənd sakinlərinin iri şəhərlərə, xüsusilə Bakıya axışıb gəlməsinin səbəblərindən biri “işıqsızlıq” idi. Elə paytaxtın özündə də işıqların tez-tez sönməsi nadir hadisə deyildi.
Bu gün isə Azərbaycan müstəqil elektrik enerjisi sisteminə malikdir. Bu da təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətinin bəhrəsidir. Belə ki, ümummilli liderin Azərbaycana rəhbərliyinin hər iki dövründə iri elektrik stansiyalarının tikilməsi və minlərlə kilometr elektrik xətlərinin istifadəyə verilməsi indi bu sahədə mövcud olan mükəmməl infrastrukturun möhkəm bünövrəsini yaratmışdır.
Prezident İlham Əliyevin bu sahənin inkişafına yönəltdiyi xüsusi diqqət sayəsində energetika sistemi yüksək sürətlə inkişaf edib. Həyata keçirilən ardıcıl tədbirlər sayəsində energetikanın maddi-texniki bazası güclənib, bir sıra yeni modul tipli elektrik stansiyaları istifadəyə verilib. Bütün bunlar enerji müstəqilliyini möhkəmləndirib, ölkə əhalisinin və iqtisadiyyatının tələbatını ödəməklə yanaşı, elektrik enerjisinin ixrac potensialını yaradıb.
Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu barədə demişdir: “Bizim proqramımızın birinci mərhələsi daha çox infrastruktur layihələri ilə bağlı idi. Bu da təbii idi. Çünki biz 2004-cü ildə enerji təhlükəsizliyimizi tam təmin edə bilməmişdik. O vaxt bizim əsas neft kəmərimiz Bakı-Tbilisi-Ceyhan inşa edilirdi. O vaxt biz xaricdən elektrik enerjisi və qaz alırdıq. Bu asılılıq, əlbəttə, imkan vermirdi ki, biz istədiyimiz dərəcədə inkişaf edək. Yəni bizim inkişafımızı ləngidən xarici amillər idi. Biz xaricdən istədiyimiz qədər enerji, qaz ala biləcəyik, yoxsa yox və hansı qiymətə alacağıq?! Ona görə birinci hədəf enerji müstəqilliyimizi təmin etmək idi. Biz buna qısa müddət ərzində nail olduq. 2004-cü ildən bu günə qədər ölkəmizdə 26 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavatdır. İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, bu gün necə yaşaya bilərdik, necə inkişaf edə bilərdik?!”
Son 13-14 il ərzində yaradılmış elektrik gücünün təxminən bütün əvvəlki illərdə yaradılmış gücə bərabər olması görülən işlərin miqyasını göstərən aydın misaldır. Bu gün ölkədə 35 elektrik stansiyası varsa, onların 26-sı dövlət proqramlarının icrası nəticəsində tikilib.
2006-cı ildə Astarada yeni elektrik stansiyası işə salındı. Sonrakı illərin, demək olar ki, hər biri enerji tariximizə yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə düşdü. Belə ki, Şəkidə, Xaçmazda, Naxçıvanda, Bakıda, Səngəçalda və digər yerlərdə bir-birinin ardınca yeni elektrik stansiyaları enerji verməyə başladı.
Bunlardan biri - Sumqayıt ES 2009-cu ilin sonundan fəaliyyət göstərir. Onun ümumi gücü 525 meqavatdır. Bu stansiya Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Eləcə də enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsində böyük əhəmiyyətə malikdir. Bu stansiya dispetçer qrafikinə uyğun olaraq işləyir.
Yeni enerji obyektləri sırasında Şirvan şəhərində inşa edilmiş və 2013-cü ildə istifadəyə veilmiş “Cənub” Elektrik Stansiyasının da özünəməxsus yeri var. Stansiyanın ümumi gücü 780 meqavatdır. Dörd qaz turbini, iki buxar turbini, dörd qazan-utilizator, altı generator və digər avadanlıqlarla işləyən nəhəng bir enerji obyektidir. Əsas avadanlıqlar dünyanın 70-ə yaxın aparıcı şirkətlərində istehsal olunub. Bununla yanaşı, bir çox zəruri avadanlıqlar ilk dəfə olaraq ölkəmizin zavodlarında hazırlanıb. Bir yenilik də ondan ibarətdir ki, obyektdə istehsal edilən elektrik enerjisini şəbəkəyə ötürmək məqsədilə Azərbaycanda 330 və 220 kilovoltluq tam qapalı yarımstansiyalar quraşdırılıb, müvafiq gərginlikdə kabel xətləri çəkilib.
Stansiyanın iqtisadi səmərəsi də yüksəkdir. Layihələndirilərkən stansiyanın faydalı iş əmsalının 52 faiz, bir kilovat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı 237 qram nəzərdə tutulub. Obyektin istismara verilməsi ilə ildə milyonlarla kubmetr qaza qənaət edilir. Mütəxəssislərin hesablamalarına görə, təbii qazın qənaəti hesabına stansiya təqribən 4-5 ilə öz dəyərini ödəməlidir.
“Arpaçay-1” və “Arpaçay-2” su elektrik stansiyaları isə Naxçıvan Muxtar Respublikasının həyatında mühüm rol oynayır. Hər iki stansiyanın açılışı 2014-cü ildə olub.
Qeyd edək ki, Prezident İlham Əliyev son illərdə Azərbaycanda istifadəyə verilmiş elektrik stansiyalarının əksəriyyətinin, o cümlədən “Arpaçay-1” və “Arpaçay-2”nin də açılışında iştirak edib.
Gücü 20,5 meqavat olan “Arpaçay-1” suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. Suqəbuledici saniyədə 37 kubmetr su buraxmaq gücünə malikdir.
Tuneldən suyu turbinlərə ötürmək üçün yüksək təzyiqli boru xətti çəkilib, havaboşaldıcı inşa edilib. Burada su tutumu 150 milyon kubmetr olan anbar da var. Anbardan götürülən su ilə minlərlə hektar əkin sahəsi suvarılır.
“Arpaçay-1” çərçivəsində mükəmməl infrastruktur qurulub. Stansiya binasında müasir iş otaqları və idarəetmə mərkəzi yaradılıb. Burada stansiyanı idarəetmə və nəzarət-mühafizə sistemləri quraşdırılıb. Bu da stansiyanın iş rejimini daimi nəzarətdə saxlamağa imkan verir. Stansiya binasında 8 meqavat gücündə iki, 4,5 meqavat gücündə bir turbin inşa edilib. Bu energetika qurğusunda bütün emal prosesi avtomatlaşdırılıb. Elektrik enerjisini şəbəkəyə ötürmək üçün ərazidə transformator yarımstansiyası tikilib, elektrik xətləri çəkilib.
“Arpaçay-2” 1,4 meqavat gücündə olan stansiyadır. Anbarının ümumi su tutumu 3 milyon kubmetrdir. Əsasən paylayıcı funksiyanı yerinə yetirən stansiyada görülən işlər əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına və daha geniş ərazidə əkin sahələrinin suvarılmasına əlverişli imkan yaradıb.
“İsmayıllı-2” Su-Elektrik Stansiyası keçən ilin yadigarlarındandır. Prezident İlham Əliyev bu stansiyanın da açılışında iştirak edib.
Obyektin ümumi layihə gücü 1,6 meqavatdır. Əsas komponentləri suqəbuledici, hər birinin uzunluğu 2115 metr, diametri 800 millimetr olan üç boru, stansiyanın binası, nəzarət, mühafizə, idarəetmə və uçot sistemləri, ümumi layihə gücü 1,6 meqavat olan üç hidroturbin və üç hidrogenerator, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətlərindən ibarətdir.
Artıq bir neçə ildir fəaliyyət göstərən “İsmayıllı-1”dən çıxan təmizlənmiş su “İsmayıllı-2”yə daxil olur. Beləliklə, İsmayıllı Su-Elektrik Stansiyası ümumi gücü 3,2 meqavat olan su-elektrik stansiyaları silsiləsini təşkil edir. Rayonun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su-elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir.
Regionlarda bu cür enerji mənbələrinin yaradılması Prezident İlham Əliyevin qarşıya qoyduğu “Elə etməliyik ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun” məqsədinin gerçəkləşdiyini təsdiqləyir. Başqa sözlə, görülən genişmiqyaslı işlər Azərbaycanın bütün bölgələrində elektrik enerjisi ilə təchizatı yaxşılaşdırıb. Kifayət qədər generasiya gücləri yaradılıb.
Flora SADIQLI,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”