20 Sentyabr 2024 07:15
1136
SİYASƏT
A- A+
Azərbaycanı bütövləşdirən zəfər

Azərbaycanı bütövləşdirən zəfər


Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir il ötür. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən və cəmi 23 saat çəkən bu hərbi əməliyyatla Azərbaycan ərazilərində 200 il idi davam edən erməni separatçılığına birdəfəlik son qoyuldu. Qəhrəman ordumuzun möhtəşəm zəfəri ilə yekunlaşan bu əməliyyatla bütün torpaqlarımız üzərində dövlətimizin suverenliyi təmin edildi, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq kimi sərsəm ideya həmişəlik tarixin zibilliyinə atıldı. Bununla da  möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik tariximizin növbəti şərəfli səhifəsi yazıldı. 

Əslində, antiterror tədbirlərinə Vətən müharibəsində qazandığımız tarixi Zəfərin məntiqi davamı kimi də yanaşa bilərik. Dövlətimizin, xalqımızın qürur mənbəyinə çevrilən 44 günlük Vətən müharibəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımız azad edildi, sözdən və sülhdən anlamayan düşmən döyüş meydanında ordumuz tərəfindən layiqli şəkildə cəzalandırıldı.


Azərbaycanın yaratdığı nümunə, yaxud Zəfər çələngli Lider 


 Xalqımız bu müharibədə yumruq kimi bir oldu. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu müharibə xalqımızın əyilməz ruhunu göstərdi. 44 gün ərzində dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi. 

Bu Zəfər Ulu Öndər Heydər Əliyev yolunun, Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasətinin təntənəsinə çevrildi. Bir daha bu tarixi gerçəklik öz təsdiqini tapdı ki, xalqımız Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənməklə, öz taleyini məhz cənab İlham Əliyevə etibar etməklə  böyük müdriklik və uzaqgörənlik nümayiş etdirib. Eyni zamanda Vətən müharibəsindəki tarixi Zəfər onu göstərdi ki, Prezident İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının həyata keçirilməsini,  dövlətçiliyimizin güclənməsini, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasını təmin edib. Nəticə etibarilə bu amillər torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanın uğurla yerinə yetirilməsinə xidmət etdi.

Vətən müharibəsində yalnız torpaqlarımızı azad etmədik, həm də bütün şəhidlərimizin, Ermənistanın hərbi cinayətlərinin, törətdiyi  soyqırımlarının qurbanı olan bütün vətəndaşlarımızın qisasını aldıq, onların qanını yerdə qoymadıq. Tək müasir deyil, son bir neçə əsrlik tariximizin ən böyük hadisəsi olan bu zəfərlə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ziddiyyətli beynəlxalq münasibətlər şəraitində dövlətin təkbaşına və güc yolu ilə öz hüquqlarını təmin etməyinin nümunəsini yaratdı.

Vətən müharibəsində Azərbaycan yalnız Ermənistanı məğlub etmədi. Biz bu savaşda düşmənin arxasında dayanan güclərə, siyasi mərkəzlərə, erməni təəssübkeşlərinə, ümumilikdə götürdükdə dünya erməniliyinə qalib gəldik. Torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasının da səbəbkarı məhz dünya erməniliyinin ünvanlarına çevrilmiş Qərb siyasi mərkəzləri idi. Hansı ki, onların məqsədi Qarabağda ikinci erməni dövlətinin yaradılması və ya onun zamanla Ermənistana ilhaq edilməsi idi. Bu baxımdan biz həm də erməni təəssübkeşi olan siyasi mərkəzlərə qalib gəldik, onların saxta iddialarını, ATƏT-in Minsk qrupunu tarixin zibilliyinə göndərdik. Cənab İlham Əliyev dünya erməniliyinə qalib gəlməklə göstərdi ki, heç bir qüvvə Azərbaycanı öz yolundan döndərə bilməz.


Antiterror tədbirlərinə gedən yol


2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat Azərbaycanın 44 günlük müharibədəki qələbəsinin, Ermənistanın isə məğlubiyyətinin siyasi-hüquqi təsdiqi oldu. Bu bəyanatla Ermənistan həm də üzərinə bir sıra öhdəliklər götürdü və onlardan biri də erməni silahlı qüvvələrinin Qarabağ ərazisindən tamamilə çıxarılması idi. Bu öhdəlik bəyanatın 4-cü bəndində öz əksini tapıb.

Üçtərəfli Bəyanat imzalandığı dövrdə Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Amma Ermənistan bəyanatın 4-cü bəndini kobud şəkildə pozdu və ordusunun qalıqlarını Qarabağdan çıxarmaqdan imtina etdi. Müharibədən ötən 3 il ərzində onlar Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı davamlı şəkildə terror həmlələri həyata keçirir, əraziləri minalayır, yeni hərbi obyektlər yaradır, mühəndis qurğuları inşa edirdilər. Bütün bunların yolverilməz olması barədə Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmayan separatçıların Ermənistandan Qarabağa silah-sursat daşıdıqarı da məlum idi. Aşkarlanmış minaların 2021-ci ildə Ermənistanda istehsal olunması Qarabağdakı separatçıların silah-sursatla təchiz edilmələrini təsdiqləyirdi.  

Bütün bunların qarşısını almaq üçün Azərbaycan dövləti dəfələrlə xəbərdarlıq etdi. Eyni zamanda təmkinli davranış nümayiş etdirən rəsmi Bakı Qarabağda Azərbaycan dövlətinin konstitusion quruluşunun bərqərar edilməsi, birgəyaşayışın təmin olunması, o cümlədən separatçılığa son qoyulması üçün bütün siyasi-diplomatik imkanları işə saldı. Bir sözlə, rəsmi Bakı azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin həyata keçirilməsi, bu məsələlərin danışıqlar yolu ilə ölkə Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində  həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi.  

Lakin Ermənistan və Qarabağdakı separatçılar hər vəchlə Azərbaycanın bütün təşəbbüs və təkliflərinə qarşı çıxdılar. Azərbaycanın humanist çağırışlarının əvəzinə Ermənistan Qarabağdakı silahlı qüvvələrini gücləndirməklə, Qarabağdakı ermənilərdən alət kimi yararlanmaqla, bütövlükdə sülh prosesini sabotaj etməklə məşğul oldu.  

Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə 2023-cü il aprelin 23-də  Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" nəzarət-buraxılış məntəqəsinin yaradılması, əslində, Qarabağdakı separatçılar üçün xəbərdarlıq idi. Qeyd edək ki, Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması Prezident İlham Əliyevin Azərbaycanın milli maraqları uğrunda həyata keçirdiyi qətiyyətli və uzaqgörən siyasətinin mühüm təcəssümü idi. Bu, yalnız müasir müstəqillik dövrümüzün deyil, son bir neçə əsrlik dövlətçilik tariximizin böyük hadisəsi oldu. Çünki bununla Orta əsrlər xanlıqlar dövründən bu yana ilk dəfə olaraq bütün sərhədlərimiz üzərində tam nəzarət hüququ təmin olundu. Bu tarixi uğur bir daha göstərdi ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraq və mənafelərinin qorunması və təmin edilməsi istiqamətində dəqiq, uzaqgörən və müdrik strateji siyasi kurs müəyyən edib. 

Laçında nəzarət-buraxılış məntəqəsinin yaradılması Ermənistan və separatçılar üçün  xəbərdarlıq olmaqla yanaşı, onu göstərirdi ki, bütün sərhədləri boyu milli suverenliyini tam təmin edən Azərbaycan öz ərazisindəki "boz zona"nın da mövcudluğu ilə barışmayacaq, Qarabağdakı erməni separatçılığına mütləq son qoyacaq.  2023-cü ilin may ayında Prezident İlham Əliyev Laçından separatçılara bir daha xəbərdarlıq edərək dedi: "Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə "parlament" buraxılmalıdır, özünü "prezident" adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər", "deputatlar" və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər". 

Lakin ermənilər bundan nəticə çıxarmaq, 44 günlük müharibədəki məğlubiyyətlərindən dərs götürmək əvəzinə həm şərti sərhəddə, həm də Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə təxribatçı fəaliyyətlərini davam etdirdilər. Həmin günlərdə Qarabağdakı ermənilərin Azərbaycan tərəfindən guya blokadaya alınması ilə bağlı Ermənistanın riyakarcasına məzlumluq obrazına girməsi, Fransanın yardım canfəşanlığı da ölkəmizə qarşı təxribatın tərkib hissəsi idi.  Bununla onlar hər vəchlə sülh danışıqlarını sabotaj edir, kommunikasiyaların açılmasını əngəlləməyə, regionun problemlərinin həlli və inkişafı ilə bağlı bütün səyləri heçə endirməyə çalışırdılar. Hətta separatçılar elə arxayınlaşmışdılar ki, müstəqillik iddialarından dəm vurur, özlərinin oyuncaq "prezident"lərini seçir, qondarma "parlament"ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. 

Bütün bunların fonunda Qarabağdakı separatçılar tərəfindən Azərbaycan Ordusunun mövqelərinin sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərinin aparılması, eləcə də səngər və sığınacaqların sayının artırılması, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə qarşı radio-elektron müdaxilə halları gərginliyi daha da artırmış, antiterror tədbirlərinin aparılmasını labüd etmişdi.

Artıq 2023-cü ilin sentyabrında vəziyyət daha dramatik hal almışdı. Sentyabrın 2-də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ iqtisadi rayonunda qondarma "prezident seçkiləri"nin keçirilməsi, Ermənistanın baş naziri Nikol Paşinyanın üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə bu təxribatçı əməli dəstəkləməsi, qondarma və separatçı rejimə təbrik göndərməsi göstərirdi ki, Ermənistan məsələlərin danışıqlar və sülh yolu ilə həllindən uzaqdır. 2023-cü ilin sentyabrında Qarabağdakı  erməni sakinlərə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni anda istifadə etməklə Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobilləri ilə qida məhsullarının göndərilməsi Azərbaycanın gərginliyin azaldılması ilə bağlı niyyətinin göstəricisi olsa da, ermənilər bundan nəticə çıxarmadılar, Azərbaycanın sülh təşəbbüslərinə, bölgədə birgəyaşayışın, sülh və sabitliyin, qanunun aliliyinin bərqərar olmasına yönəlmiş siyasətinə rəğmən pozucu fəaliyyətlərini davam etdirdilər. 


"Dəmir yumruğ"un növbəti zərbəsi


2023-cü ilin 19 sentyabr tarixində baş verənlər isə Azərbaycanın səbr kasasını daşdıran hadisələr oldu. Həmin gün erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldular. Bundan başqa həmin gün erməni separatçılarının törətdiyi növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması nəticəsində isə iki hərbi qulluqçumuz yaralandı. 

Bütün bunlar  göstərdi ki, ermənilər "dəmir yumruq" üçün darıxıblar və onlarla güc dili ilə danışmaqdan başqa yol yoxdur. Beləliklə,  10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, ermənilər tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan ordusunun birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, separatçıların cəzalandırılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Qarabağda Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa olunması məqsədilə ordumuzun bölmələri tərəfindən lokal xarakterli antiterror tədbirlərinin keçirilməsinə qərar verildi.

Sentyabrın 19-da başlayan antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə çəkdi. Elə əməliyyatın ilk dəqiqələrindən gedişat Azərbaycan Ordusunun ən yüksək və modern döyüş imkanlarına malik olduğunu göstərdi. Cəmi bir neçə saat ərzində düşmənin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri sıradan çıxarıldı. Hər günü bir şanlı tarix olan 44 günlük Vətən müharibəsində olduğu kimi ildırımsürətli antiterror tədbirlərində də ordumuz yenidən möhtəşəm zəfər tarixi yazdı.

Antiterror tədbirləri ordumuzun şəxsi heyətinin, əsgər və zabitlərimizin hərbi peşəkarlığının və vətənpərvərliyinin növbəti təsdiqi oldu. Vətən müharibəsində olduğu kimi, bu dəfə də düşmən əlverişli və üstün mövqelərdə idi. Dağlıq ərazi separatçılar üçün təbii istehkam rolunu oynayırdı. Amma nə gücləndirilmiş müdafiə qurğuları, nə coğrafi relyef ordumuzun qarşısını kəsə bildi və bir sutkadan da az davam edən əməliyyatda düşmən darmadağın edildi. Əməliyyat zamanı düşmənin min nəfərdən çox canlı qüvvəsi, yüzlərlə hərbi texnikası məhv edildi və bir o qədər də qənimət götürüldü. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də günorta lokal xarakterli antiterror tədbirləri dayandırıldı və separatçılar ağ bayraq qaldırdılar. 

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində keçirilən paradda çıxışında bu barədə bildirib: "Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik".

Antiterror tədbirlərinin unikallığı həm də ondadır ki, bir nəfər də olsun mülki şəxsə və obyektə ziyan dəymədi. Baxmayaraq ki, ermənilər məqsədli şəkildə öz mövqelərini və hərbi texnikalarını yaşayış evlərinə, mülki infrastrukturlara yaxın ərazilərdə yerləşdirmişdilər. Ona görə antiterror tədbirləri hərb tarixində nadir əməliyyatlardan hesab olunur. 

44 günlük savaşı zəfərlə başa vuran Azərbaycan qalib ölkə kimi bir çox təsir mexanizminə sahib olsa da, hər zaman sülh və humanizm prinsiplərindən çıxış etdi. Lakin xəstə təfəkkürdən uzaqlaşa bilməyən ermənilər bunu anlaya bilmədilər. Beləliklə, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xəbərdarlıqlarından nəticə çıxarmayan düşmən "dəmir yumruğ"un zərbəsini yenidən aldı. Cəmi 23 saat ərzində başda Fransa olmaqla dünya erməniliyi Azərbaycanın qarşısında diz çökdürüldü, Qarabağda qeyri-qanuni xunta rejimi ləğv olundu, Azərbaycan dövləti özünün suverenliyini tam təmin etdi. Düşmənin bir zamanlar qurduğu "Artsax" adlı qondarma dövlətçilik oyunları və müstəqillik xəyalları iflasa uğradıldı. Prezident İlham Əliyev bir daha sübut etdi ki, heç bir qüvvə Azərbaycanın milli maraqlarının qarşısını ala bilməz.


Mehriban xanım Əliyevanın təşəbbüsləri cəmiyyətimiz tərəfindən alqışlarla qarşılanır


Antiterror tədbirlərində Azərbaycan hərbçiləri Vətən müharibəsində olduğu kimi, vətənpərvərliyin və Vətəni sevməyin nümunələrini yaratdılar. 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərindəki çıxışı zamanı Prezident İlham Əliyev bu barədə deyib: "Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir".

Bu əməliyyat zamanı 200-dən çox hərbçimiz şəhidlik məqamına yüksəldi, 500-dən artıq hərbçimiz yaralandı. Bu gün doğma Qarabağ bizim üçün həm də ona görə müqəddəsdir ki, o torpaqlara qəhrəman şəhidlərimizin qanı hopub.

Böyük qürur hissi ilə qeyd etməliyəm ki, Silahlı Qüvvələrimizin sıralarında xidmət edən naxçıvanlılar da Vətən müharibəsində olduğu kimi antiterror əməliyyatları zamanı qəhrəmancasına döyüşdülər, həlak oldular, yaralandılar. Vətən müharibəsində 3 mindən artıq şəhidimiz, eləcə də onlarla Naxçıvandan olan şəhidlərimiz kimi bu diyardan olan 10 hərbçimiz Qarabağda milli suverenliyimizin təmin edilməsi uğrunda gedən antiterror  döyüşlərində şəhidlik zirvəsinə ucaldı. Müstəqil, suveren Azərbaycanımızın hər yerində olduğu kimi bu gün ulu diyarımız olan Naxçıvanda da şəhidlərimizin hər birinin xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirilir, onların ailələri, qazilərimiz hərtərəfli qayğı ilə əhatə olunur, xüsusi diqqət mərkəzində saxlanılır. Bu sırada Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər, fondun prezidenti,  ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri nəinki seçilir, həssas insanlar, bütün Naxçıvan sakinləri və bütöv cəmiyyətimiz tərəfindən həmişə böyük rəğbət və alqışlarla qarşılanır. 

Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondunun nümayəndələri Vətən müharibəsindən sonra hər bir şəhid ailəsinin  üzvləri, o cümlədən yaralanmış hərbçilərimizlə görüşlər keçiriblər. Heydər Əliyev Fondunun xətti ilə 100-ə yaxın Vətən müharibəsi qazisinin müxtəlif ölkələrdə yüksək səviyyədə müalicəsi təmin olunub. Bütün bunlar Heydər Əliyev Fondunun timsalında dövlətimizin şəhid ailələrinə, veteranlara olan qayğısını göstərir.

Heydər Əliyev Fondunun prezidenti, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Vətən müharibəsində olduğu kimi, antiterror tədbirlərində də yaralanmış qəhrəman əsgər və zabitlərimizin müalicəsini dərhal nəzarətinə götürdü, şəhid ailələrinin yanında oldu. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın ölkəmizin Birinci vitse-prezidenti kimi ötən 7 ildən artıq fəaliyyət dövrünün reallıqları Prezident İlham Əliyevin ona özü qədər əminliyinin təsdiqi olmaqla yanaşı, sosial-humanitar sahədə, kadr siyasətində də nə qədər müdrik olduğunu  sübut edib.  Çünki Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın missiyası Prezident İlham Əliyevin həyata keçirdiyi dövlətçilik kursunun prinsip və şərtlərinə uyğun olaraq respublikamızın inkişafına, beynəlxalq əlaqələrinin genişlənməsinə və xüsusilə sosial məsələlərə yönəlib. Eyni zamanda antiterror tədbirlərindən sonra Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevlə birlikdə Qarabağa səfərlər etməsi, erməni separatçılarının iki əsr əsarətdə saxladıqları yurd yerlərimizlə yaxından tanış olması onun vətənpərvərliyinin əsl təcəssümü oldu. 

Bunlarla yanaşı, Mehriban xanım Əliyeva bütün yüksək tribunalardan istifadə edərək dövlətimizin haqq işini, milli suverenliyimizin bərpa olunmasını dünyaya bəyan edir. Məsələn, İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının "Fələstin üçün tək ürək" toplantısının iştirakçılarına Mehriban xanım Əliyevanın müraciətində deyilir: "Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzü nəticəsində ərazilərimiz işğal olunmuş, bir milyona yaxın soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüş, 300-dən artıq şəhər və kəndimiz darmadağın edilmiş, dini və mədəni irsimiz dağıdılmışdır. Vaxtilə işğal edilmiş torpaqlarımızda 67 məsciddən 65-i yerlə yeksan edilmişdir.

Təəssüflə qeyd etmək istərdim ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarını özü işğaldan azad etdi və bu ilin sentyabr ayında antiterror əməliyyatı ilə Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğuna və separatizmə son qoyaraq suverenliyini tam bərpa etdi. Bütün torpaqlarımız üzərində milli suverenliyimiz təmin olundu".

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu  Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin bizə əmanəti olan övladlarına da xüsusi diqqətlə yanaşır, onların hər zaman qayğı ilə əhatə olunmasına çalışır. Naxçıvanda ev-ev bütün şəhid ailələrinin, qazilərimizin qapısını döyən, onlara xanım Mehriban Əliyevanın, dövlətimizin xüsusi dəstəyini göstərən Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun qayğısını, diqqətini bu diyarın sakinləri heç vaxt yaddan çıxarmayacaqlar. Fond təkcə Naxçıvanda deyil, bütün ölkəmizdə şəhid və qazi ailələrinə birdəfəlik müavinətdən tutmuş məişət şəraitinin yaxşılaşdırılmasına qədər, müalicə xərclərinin ödənilməsindən tutmuş təhsil haqqının, istehlak kreditinin ödənilməsinədək humanist fəaliyyət göstərir. Heydər Əliyev Fondunun ənənəvi bayram şənlikləri də bu kateqoriyadan olan ailələri, uşaqları sevindirmək məqsədilə təşkil edilir. Son olaraq ötən ay Heydər Əliyev Fondunun təşkilatçılığı və "Dəniz Mall"un dəstəyi ilə keçirilən tədbirlərin də məqsədi məhz şəhid övladlarını sevindirmək olmuşdur.

***

Hər bir dövlətin və xalqın tarixində həlledici sayılan hadisələr baş verib. 1991-ci ildə müstəqilliyimizin bərpası, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizi və müstəqilliyimizi xilas etməsi, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi də Azərbaycan xalqının tarixinin möhtəşəm hadisələridir. Ötən ilin sentyabrında keçirilən antiterror tədbirlərinin nəticəsində tariximizin möhtəşəm hadisələrinin sırasına biri də əlavə olundu. 

Qarabağda separatizmə son qoyulması və milli suverenliyimizin təmin edilməsi olduqca əlamətdar dövrə təsadüf etdi. Belə ki, həmin vaxt respublikamızda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı tədbirlər keçirilir, qarşıdan isə Prezident İlham Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyə başlamasının 20-ci ildönümü gəlirdi. Bu mənada Qarabağda milli suverenliyimizin tam bərpa edilməsi həm Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan ümummilli ehtiramın ən böyük nümunəsinə çevrildi, həm də Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin 20 illik uğur hesabatının növbəti şərəfli səhifəsi yazıldı.


Bəxtiyar ƏSGƏROV, 

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

02:43
09 Oktyabr

Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında

02:42
09 Oktyabr

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

02:42
09 Oktyabr

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

02:41
09 Oktyabr

Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

02:41
09 Oktyabr

Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

02:40
09 Oktyabr

Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

02:40
09 Oktyabr

"Azərişıq" ASC-nin nümayəndələri Tovuzda sahibkarlarla görüş keçiriblər

02:39
09 Oktyabr

Azercell abunəçilərinin nəzərinə 

02:38
09 Oktyabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan beton məhlulunun satın alınması məqsədilə müsabiqə elan edir

02:38
09 Oktyabr

Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir

23:58
08 Oktyabr

Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər

23:52
08 Oktyabr

Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib

23:50
08 Oktyabr

Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər  

23:41
08 Oktyabr

Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik 

22:57
08 Oktyabr

Norveç terror təhlükəsi səviyyəsini artırıb

22:53
08 Oktyabr

Prezident İlham Əliyev Moskvada “Rossiya 1” televiziya kanalına müsahibə verib

22:47
08 Oktyabr

BMT Efiopiyanın Amhara bölgəsində humanitar əməliyyatları dayandıra bilər

22:31
08 Oktyabr

Rusiyalı idmançı Barselonada həlak olub

22:16
08 Oktyabr

Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil

21:57
08 Oktyabr

İtaliya jurnalı COP29-un əhəmiyyətindən yazıb

21:38
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!