15 Yanvar 2023 02:19
1204
İDMAN
A- A+

Azərbaycanda idmanın kütləviliyi təmin edilib

 

Prezident İlham Əliyev bəyan etdi ki, ölkəmiz Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindədir

 

Azərbaycanda idmanın inkişafı naminə həyata keçirilən tədbirlər dövlətin bu sahəyə xüsusi diqqət və qayğısının təzahürüdür. Ölkəmizdə idman siyasəti uğurla aparılır. Bu sahə bir çox cəhətdən xüsusi əhəmiyyət kəsb edir. 
Əvvəla, idman yeni sağlam nəslin yetişdirilməsində müstəsna rol oynayır. Eyni zamanda idman gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması işində böyük əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, hazırda idmançılarımız dünyanın ən mötəbər turnirlərində uğurla çıxış edərək ölkəmizin adını uca tuturlar. Atletlərimiz müxtəlif yarışlarda idmanın olimpiya və qeyri-olimpiya növləri üzrə ölkəmizi şərəflə təmsil edir və Azərbaycanın idman şöhrətini artırırlar.
Milli Olimpiya Komitəsi (MOK) fəaliyyətini həmişə olduğu kimi, indi də uğurla davam etdirir, ölkə idmanının inkişafı naminə yeni-yeni addımlar atır. 
Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən bununla bağlı deyib ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı durmadan artır: "İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da, böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir... Sevindirici hal ondan ibarətdir ki, bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Eyni zamanda biz Bakı şəhərində ən mötəbər idman yarışlarını qəbul etmişik və yeni yarışları qəbul edəcəyik. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik".
Ötən  il Azərbaycan idman tarixinə daha bir möhtəşəm qələbə yazıldı. Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən  V İslam Həmrəyliyi Oyunlarını 99 medalla bitirib və 56 ölkə arasında 4-cü yeri tutub. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü bürüncdür. Azərbaycan yığması medallarını 19 növdə - güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvando (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.
Prezidentin söylədiyi kimi, qalib ölkənin idmançıları qəhrəman kimi mübarizə aparıb bayrağımızı ən yüksək kürsülərdə dalğalandırdılar. Döyüş meydanlarında əldə edilmiş qələbə idman yarışlarında da özünü əks etdirdi. Azərbaycan idmançıları İslamiadadan Vətənə zəfərlə qayıtdılar: "Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq, əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir". 
Bu gün işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş abadlıq-quruculuq işləri gedir. Azad edilmiş ərazilərdə müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması da əsas diqqət mərkəzindədir. Heç şübhə yoxdur ki, tezliklə yeni olimpiya idman komplekslərinin, digər idman müəssisələrinin inşa ediləcəyi əsas məkanlardan biri də işğaldan azad edilən ərazilərimiz olacaq.
Avarçəkmədən tutmuş güləşə, şahmatdan başlamış müxtəlif digər intellektual və komanda oyunlarına qədər, eləcə də bir çox digər idman növündə Azərbaycanı layiqincə təmsil edəcək yeni idmançılar nəsli işğaldan azad olunmuş ərazilərimizdə də yetişəcək. Çox təqdirəlayiq haldır ki, artıq işğaldan azad olunan torpaqlar beynəlxalq idman yarışlarının mərkəzinə çevrilib. Məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, tarixi zəfərdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlanılıb və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. 
Şübhə yoxdur ki, ölkəmizdə idman gələcəkdə daha da inkişaf edəcək və idmançılarımız Azərbaycana yeni-yeni uğurlar qazandıracaq. Çünki dövlət başçısı İlham Əliyevin ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi də tanıtdırıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi uğurlarımızı artırmaqdadır.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video