28 Yanvar 2023 12:12
465
Səfərlər
A- A+

Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə görüşü olub YENİLƏNİB

 

Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçıları görüşdə çıxış etdilər.

 

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

- Hörmətli cənab Prezident, hörmətli qonaqlar, bir daha sizi səmimiyyətlə salamlayıram.

Səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Misir-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm addım olacaqdır. Biz indicə təkbətək görüşümüzdə bir çox məsələləri müzakirə etdik. Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı bizim fikir ayrılığımız yoxdur. Bir çox sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Əminəm, əldə olunmuş razılaşmaları biz səfərdən sonra icra edəcəyik.

Dünən Azərbaycan iş adamları ilə cənab Prezidentin görüşü olmuşdur. Məndə olan məlumata görə, görüşün çox gözəl nəticələri olmuşdur. Əlbəttə ki, biznes dairələrinin birgə fəaliyyəti bizim əlaqələrimizi daha da gücləndirəcək. Biz gələcək əməkdaşlıq sahələrini də müəyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmayə qoyuluşu, həm ticarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaq.

Əlbəttə ki, siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən yayınmadı. Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik.

Əminəm ki, Prezident cənab Sisinin Azərbaycana səfəri ölkələrimizin gələcək uğurla inkişafına çox böyük töhfə verəcəkdir. Bir daha xoş gəlmisiniz.

x x x

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi dedi:

-Möhtərəm cənab Prezident, ilk növbədə, səmimi qəbula və qonaqpərvərliyə görə, dünəndən gördüyüm bu qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirmək və eyni zamanda, dünən Azərbaycan səfirliyinə baş vermiş hücumla əlaqədar başsağlığımı çatdırmaq istəyirəm.

Cənab Prezident, görüşümüz zamanı bütün sahələrdə özünü büruzə verən qarşılıqlı anlayış, istər siyasi, istər iqtisadi, istər digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində hər iki tərəfin siyasi iradəsinin mövcudluğu bu əlaqələrin tez bir zamanda daha da gücləndiriləcəyinə məndə əminlik yaradır. Eyni zamanda, Azərbaycan xalqının Ümummilli Lideri, Misir xalqının yaxın dostu mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə də təbriklərimizi Sizə çatdırmağı şərəf bilirəm.

Əlbəttə, ötən il keçirilmiş Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyanın iclasında da gözəl nəticələr əldə olunmuşdur. Amma hesab edirəm ki, bu səfərdən də sonra qarşılıqlı anlayış şəraitində ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafı qarşılıqlı istəklər və mövcud olan siyasi iradəyə əsaslanaraq daha da dərinləşəcək.

Eyni zamanda, cənab Prezident, Sizinlə razılaşdıq ki, istər Azərbaycan investorları, istərsə də misirli investorlar üçün ölkələrimizdə asanlaşdırıcı tədbirlər görülsün və onlara kömək göstərilsin. Əsasən də əczaçılıq sahəsində müştərək müəssisələrin və müştərək investisiyaların yaradılması da bizim aramızda əldə olunan razılaşmadır. Siz qeyd etdiyiniz kimi, Azərbaycanın ehtiyac duyduğu bütün dərman preparatlarının siyahısı hazırlanıb bizə təqdim olunandan sonra biz də bu istiqamətdə öz işlərimizi görəcəyik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video