18 Yanvar 2022 00:22
681
İQTİSADİYYAT

Azərbaycan-Ukrayna əməkdaşlığı iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir

 

Koronavirus pandemiyası hələ davam etsə də, dünyada iqtisadi proseslər dayanmır və ölkələr bir-biri ilə əməkdaşlıq əlaqələrini getdikcə genişləndirirlər. Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlığındakı canlanma, iki ölkə arasında ticarət dövriyyəsinin artması buna aydın misaldır.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bu il yanvarın 14-də Ukraynaya işgüzar səfəri zamanı keçirilən görüşlərdə və digər tədbirlərdə də həmin məsələlər diqqət mərkəzində olmuşdur. Dövlətimizin başçısı və Ukrayna Prezidenti Volodimir Zelenski Birgə Bəyannamə imzalamışlar. Səfər çərçivəsində imzalanan digər sənədlər də hər iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrini əhatə edir. Bunlar “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” saziş, “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında”,  “Aqrar sahədə əməkdaşlıq haqqında”, “Energetika sahəsində əməkdaşlıq haqqında”, “Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” anlaşma memorandumlarıdır.

Prezident İlham Əliyev və Prezident Volodimir Zelenski sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatla çıxış etmişlər. Dövlətimizin başçısı öz bəyanatında demişdir: “Biz təmaslarımızı möhkəmləndiririk və müzakirələr əsnasında iki ölkə arasındakı gələcək inkişaf perspektivlərini həm müzakirə edirik, həm də ki, vacib qərarlar qəbul edirik. O cümlədən bu gün keçirdiyimiz çox geniş fikir mübadiləsi nəticəsində əminəm ki, yaxın gələcəkdə biz yeni, gözəl hadisələrin şahidi olacağıq... Müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır”.

Ukrayna Prezidenti Volodimiz Zelenski bəyanatında Azərbaycanın dövlət başçısının bu səfərinin böyük rəmzi xarakter daşıdığını, xüsusi olduğunu qeyd etmişdir. Çünki səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ərəfəsində baş tutmuşdur. Qeyd edək ki, Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin 30 illiyi bu il fevralın 6-da tamam olacaq.

Ukraynanın dövlət başçısı demişdir: “7 il ərzində ilk dəfə olaraq bütün ikitərəfli ticarətimizin dövriyyəsi təxminən artıq 1 milyard dollara çatıb. Bu, bizim qarşımızda daha mühüm məqsədlər qoymağa imkan yaradır. 2024-cü ilə qədər bizim ticarət dövriyyəmizin bundan sonra da artırılması ilə bağlı dəqiq planlarımız var. Biz həmçinin bir sıra birgə genişmiqyaslı layihələr əsasında sərmayələrin qoyulması, Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik. Mən infrastruktur layihələrini nəzərdə tuturam. Ukrayna şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə iştirak edə bilərlər... Təbii ki, Azərbaycan şirkətləri də Ukraynada fəaliyyət göstərirlər”.

Məlumdur ki, SOCAR-ın - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynada yanacaqdoldurma stansiyalarından ibarət geniş şəbəkəsi fəaliyyət göstərir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika sektorunda yeni planlar da var. Belə ki, SOCAR orada fəaliyyətini daha da genişləndirmək istəyir. Ukrayna tərəfi də bunu dəstəkləyir. Çünki neft və neft məhsullarının ixracı və emalında yeni addımların atılması iki ölkə arasında əməkdaşlığı daha da möhkəmləndirəcək.

Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi 20 faizdən çox artıb. Sözügedən səfər çərçivəsində imzalanan sənədlər və  müzakirə olunan məsələlər eyni zamanda idxal-ixracın artmasına xidmət edəcək. Bir sözlə, imzalanan 6 sənəd müxtəlif sahələri əhatə etsə də, ümumilikdə, Azərbaycan-Ukrayna dostluq və əməkdaşlığının dərinləşməsinə təkan verəcək. Prezident İlham Əliyev bu barədə demişdir: “Hesab edirəm ki, ərzaq təhlükəsizliyi ilə bağlı bu gün əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin. Eyni zamanda birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün bu gün zəmin yaradılmışdır. Bu, bir yenilikdir, bizim əlaqələrimizdə bu sahə ilə bağlı hesab edirəm ki, atılan ən mühüm addımlardan biridir. Bütün başqa sahələrdə də biz əməkdaşlığa açığıq”.

Səfər çərçivəsində keçirilən tədbirlərdə həm Azərbaycan-Ukrayna hökumətlərarası birgə iqtisadi komissiyasının, həm də aidiyyəti qurumların rəhbərlərinə konkret fəaliyyət proqramının işlənməsi ilə bağlı müvafiq güzəştlər verilib. Bu ilin birinci yarısında sözügedən komissiyanın növbəti iclasının keçirilməsi haqqında razılıq əldə olunub. Azərbaycan Prezidenti bəyanatında onu da bildirib ki, birgə komissiyanın Bakıda keçiriləcək növbəti iclasında artıq konkret qərarların verilməsinin də şahidi olacağıq.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video