15 Iyun 2022 12:24
1028
Məktublar
A- A+

“Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına  


Hörmətli konfrans iştirakçıları!

Sizi – “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayır, konfransın işinə uğurlar arzulayıram.

Bir il əvvəl – 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.

Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun – Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi də vardır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir.

Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir.

Qars müqaviləsindən 100 il sonra imzalanmış Şuşa Bəyannaməsi ortaq tariximizə əsaslanmaqla yanaşı, müasir reallıqları əks etdirir, eləcə də Azərbaycan ilə Türkiyə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

Qürurverici haldır ki, Azərbaycan və Türkiyə dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir. Bizi birləşdirən bir çox amil vardır: tarix, mədəniyyət, etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar və xalqlarımızın qardaşlığı. Bütün bunlar bizim sarsılmaz birliyimizi təmin edir. Bu gün Azərbaycan və Türkiyə ortaq siyasi iradə və birgə fəaliyyətlə gələcək hədəflərə çatmaq əzmində olan nadir müttəfiqlik nümunəsidirlər.

Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, iki ölkə arasındakı möhkəm həmrəylik Türk dünyasında əlaqələrin inkişafı baxımından da önəmlidir. Bu, yeni dünya nizamının yarandığı şəraitdə türk dövlətlərinin dövrün çağırışlarına cavab verməklə milli-strateji hədəflərə çatması üçün zəmin və fürsət yaradır, türkdilli ölkələrin qarşısında yeni perspektivlər açır.

Əminəm ki, xalqlarımızın sarsılmaz etimadını qazanmış Yeni Azərbaycan Partiyasının və Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda müttəfiqliyimizin daha da gücləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılacaq, faydalı təkliflər irəli sürüləcəkdir. Həmçinin ümidvaram ki, konfrans Türk dünyasında həmrəyliyin, dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi işinə də öz layiqli töhfəsini verəcəkdir.

Sizi bir daha ürəkdən salamlayır və fəaliyyətinizdə uğurlar arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video