25 Iyun 2022 02:54
594
SİYASƏT
A- A+

Azərbaycan-Türkiyə qardaşlığı bəşəri sərvət olan "Yaşıl Vətən"in keşiyində!!!

 

Prezident İlham Əliyev: "...Mən dəfələrlə demişəm ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Mən hər zaman deyirdim ki, ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Mən tam əminəm ki, Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir. Əziz Qardaşımla imzaladığım Şuşa Bəyannaməsi bunun zirvəsidir. Yəni bizim əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı. Ona görə bu yanğınlardan xəbər tutan kimi biz dərhal hərəkətə keçdik, heyətlər göndərdik, maşınlar göndərdik. Hörmətli Cümhurbaşkanı ilə bir neçə dəfə telefonla danışdım və qısa zaman içərisində biz həm əlavə heyət, həm də maşınlar göndərdik. Bizim cəmi bir amfibiya təyyarəmiz var, təəssüf ki, o da təmirdə idi. Təlimat verdim ki, təmir çox sürətlə yekunlaşsın ki, biz onu göndərə bilək. Təmir plan üzrə hələ iki ay davam etməli idi. Amma biz onu bir həftəyə saz vəziyyətə gətirdik və oraya göndərdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar."

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus "BE-200ÇS" amfibiya tipli təyyarənin 10 nəfərlik heyətlə Türkiyənin Muğla bölgəsində tüğyan edən meşə yanğınlarının söndürülməsinə qatılmaq üçün yenidən qardaş yardımına yetişməsi qardaş ölkə ictimaiyyəti tərəfindən böyük hərarətlə qarşılanıb. Artıq Azərbaycanın "BE-200ÇS" amfibiya təyyarəsi yenidən mavi səmaları yara-yara böyük əzmlə "Yaşıl Vətən"in keşiyinə qalxıb.

Haqqında bəhs etdiyimiz, hər zaman insan qayğısına və vətəndaş diqqətinə ehtiyacı olan "Yaşıl Vətən" qardaş Türkiyənin coğrafiyasına xüsusi əzəmət gətirdiyi kimi, bərəkət və gözəllik rəmzidir. Əhalinin bu nadir təbiəti sevməsinin əsas səbəbi isə Vətənə bağlılıqdır. Təbiəti sevmək, ona bağlı olmaq və qorumaq türk xalqlarının çox qədimlərdən genetik xüsusiyyətinə çevrilən vərdişdir. Təəssüf ki, son illər bütün dünyada olduğu kimi, Türkiyədə də meşə yanğınlarına tez-tez rast gəlinir və bu, təbiətə, iqtisadiyyata, insanların rahatlığına böyük zərbə vurur.

 

Türkiyədə meşə yanğınlarının statistikası

 

“Anadolu” Agentliyinin məlumatına görə, Türkiyədə 1937-ci ildən 2020-ci ilədək ümumilikdə 114 min 941 meşə yanğını təsbit edilib. Bu sayın 26 min 311-i 2011-2020-ci illərin payına düşür. Ölkədə orta hesabla hər ilə 2 min 631 meşə yanğını baş verir.

Bundan başqa, 2016-cı ildə 9 min 156, 2017-ci ildə 11 min 993, 2018-ci ildə 5 min 644 və 2019-cu ildə isə 11 min 332 hektar meşəlik ərazi yanıb.

Ölkədə baş verən meşə yanğınlarının mütləq əksəriyyəti insan faktoru ilə əlaqələndirilir. Bura səhlənkarlıq, məsuliyyətsizlik və qəsd amilləri daxildir. Bu amillərin hər hansı birindən asılı olmasına baxmayaraq, meşə yanğınlarının baş verməsi təəssüfləndirici və ürəkdağlayandır. Qəsd məsələsinə gəldikdə isə, bu hal beynəlxalq səviyyəli cinayətdir. Çünki "Yaşıl Vətən"in əsasını təşkil edən meşələr yalnız yerləşdiyi ölkənin deyil, ümumdünya sərvətidir. Planetimizin "ağ ciyərləri" sayılan meşələri qorumaq ümumi işdir. Bəli, Azərbaycan-Türkiyə qardaşlığı böyük əzmlə bəşəri sərvət olan "Yaşıl Vətən"in keşiyindədir. Bu birlik və həmrəylik yalnız iki qardaş ölkənin maraqları deyil, bütün dünya üçün faydalıdır.

Cari il iyunun 21-də Marmaris bölgəsində təsbit edilən meşə yanğınını törətməkdə şübhəli bilinən şəxsin saxlanılması, cinayətkarın törətdiyi əməli etiraf etməsi, bundan başqa, hadisə yerində iki benzin bidonunun tapılması kimi faktlar deməyə əsas verir ki, qardaş Türkiyə üz-üzə qaldığı düşmənləri ilə mübarizədə qanun pozan heç kəsə və heç nəyə güzəşt etməməkdə tam haqlıdır.

 

Türkiyədə meşə yanğınlarına qarşı tədbirlər

 

Qədim dəyərlərə və böyük dövlətçilik təcrübəsinə malik olan Türkiyənin ən böyük üstünlüklərindən biri də budur ki, təhlükələrin proqnozlaşdırılması və qabaqlayıcı tədbirlərin görülməsi mühüm ənənə kimi milli sərvətə çevrilib. 2021-ci ildə baş verən geniş-miqyaslı meşə yanğınları Türkiyə dövlətinin qarşılaşdığı ən ağır təbii fəlakətlər arasında sıralanmaqdadır. Hökumət qlobal istiləşmə ilə birbaşa bağlı olan bu prosesi nəzarətdə saxlamaq, növbəti yanğınların qarşısını almaq üçün tədbirlərə başladı. Bunun nəticəsidir ki, ötən aylarda yanğınsöndürmə işləri üçün təyyarə və vertolyotlar daxil olmaqla aviasiya vasitələri və digər texnika ilə arsenal sürətlə genişləndirildi. Marmarisdə baş verən meşə yanğınlarının qısa müddətdə nəzarətə götürülməsinin, alovların tüğyan halına keçməməsinin əsas səbəbi budur ki, 41 aviasiya vasitəsi dərhal yanğınlara qarşı mübarizəyə cəlb edildi. Beləliklə, Türkiyədə meşə yanğınlarına qarşı mübarizə yolları bunlardır:

- riskləri azaltmaq üçün əhali arasında davamlı maarifləndirmə;

- yanmış ərazilərin sürətli bərpası;

- qanunla tənzimlənən cəzalar və s.

Bu yerdə mühüm bir statistik göstəricini təqdim etməyə ehtiyac var. 2019-cu ilin göstəricilərinə görə, Türkiyədə ümumilikdə 22 milyon 621 min 935 hektar meşə sahəsi mövcuddur. Bu sahə Türkiyənin torpaq ərazisinin təxminən üçdəbirini təşkil edir. 2003-2019-cu illərdə ölkə ərazisinin 5 milyon 300 min hektarında meşəsalma işləri görülüb və ümumilikdə 4 milyard 300 milyon ting əkilib. Cümhuriyyətin quruluşunun yüzüncü ildönümünə, 2023-cü ilə qədər bu sayın 7 milyarda çatdırılması hədəflənir.

Məlum olduğu kimi, Azərbaycan 2021-ci ilin yayında qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsində fəal iştirak etmişdi. Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilmişdi. FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin rəhbər işçilərindən ibarət heyət qardaş ölkədə yanğınsöndürmə briqadalarımızla birlikdə çalışmışdı. Azərbaycan yanğınsöndürənləri öz Vətənlərinə, öz evlərinə hansı qayğı ilə yanaşırlarsa, eyni məhəbbətlə də Türkiyə meşələrinin xilası naminə böyük cəsarət göstərmişdilər.

Prezident İlham Əliyevin dediyi kimi, "Onlara (yanğınsöndürənlərə) hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar". Bəli, Azərbaycan yanğınsöndürənlərinin ümumi işi, fərdi şücaətləri, yanan evlərdən xilas edilən türk bayrağı, yerli əhali ilə davranış, hər bir ağacın xilası naminə göstərilən qəhrəmanlıq və s. kimi nadir və həssas hərəkətlərin hamısı Türkiyənin qəlbində canlı həyat hekayəsinə çevrildi.

"Yaşıl Vətən"i alovlardan qoruyan igidlərimizin fədakarlığı qardaşlıq tariximizə yeni bir səhifəni qızıl hərflərlə yazdı. Tərəddüdsüz ifadə edə bilərik ki, mövsümi meşə yanğınları 2022-ci ildə Türkiyədə böyük təlatüm yaratmadı. Çünki hər kəs əmin idi ki, gərək olarsa Azərbaycan yenidən qardaş yardımına gələcək.

Nəzərə almaq lazımdır ki, ötən il Türkiyədə meşə yanğınlarının tüğyan etdiyi dövrdə Azərbaycan da meşə yanğınları riski ilə üz-üzə idi. Bütün bunlara baxmayaraq, Azərbaycan ən təcrübəli yanğınsöndürənlərini, ağır texnika və arsenaldakı yeganə "BE-200ÇS" amfibiya təyyarəsini tərəddüdsüz Türkiyəyə göndərdi.

…Cari il iyunun 23-də Azərbaycanın "BE-200ÇS" amfibiya təyyarəsinin yenidən Türkiyə səmalarında görünməsi qardaş ölkədə böyük hərarətlə qarşılandı. Ölkənin aparıcı telekanalları bu barədə xüsusi reportajlar yaymağa başladılar. Kadrlarda "BE-200ÇS" təyyarəsinin enişini, eləcə də Azərbaycan yanğınsöndürənlərinin ötən il Türkiyədəki meşə yanğınlarının söndürülməsində göstərdikləri şücaəti əks etdirən kadrlar nümayiş olunmağa başladı.

"Azərbaycan Prezident Əliyevin təlimatı ilə yenə qardaş yardımına gəldi!" sərlövhəsi ilə təqdim olunan xəbərlərdə məlumat verildi ki, "BE-200ÇS" amfibiya tipli təyyarə suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton sugötürmə qabiliyyətinə malikdir. Türkiyə əhalisinə görə, Azərbaycandan gələn "BE-200ÇS" amfibiya tipli təyyarə prosesə cəlb olunan aviasiya vasitələri arasında ən güclüsüdür. Çünki bu təyyarə məhz Azərbaycandan gəlib!

İyunun 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FHN-in amfibiya təyyarəsinin heyət üzvləri ilə görüşüb, səmimi sözlərlə təşəkkürünü bildirib.

Əminik və qəlbimizdə sönməz inam var ki, Türkiyə bundan sonra heç zaman 2021-ci ildə tüğyan edən meşə yanğınları kimi ağır təbii fəlakətlərlə üz-üzə qalmayacaq. Ötən il Azərbaycanın göstərdiyi yardım başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyənin bütün təbəqələri tərəfindən böyük rəğbətlə qarşılandı və əbədi qardaşlığımızın sarsılmaz yolunda yeni bir sönməz çıraq alovlandırdı. Qardaşlığımız və dostluğumuz əbədi olsun, ey şanlı Azərbaycan və Türkiyə!!!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video