18 Sentyabr 2022 01:11
1539
SİYASƏT
A- A+

Azərbaycan qitələri, ölkələri birləşdirir 

 

Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə İlham Əliyevin qlobalmiqyaslı layihələri təqdir edildi

 

Əlverişli coğrafi mövqeyindən yararlanaraq mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi qəbul edilir.  İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə  etibarlı təminat verir.
Əlbəttə ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır və bu layihələr siyasi vəziyyətə təsir edir, sabitliyə töhfə verir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan bu imkanından istifadə etməklə qitələri və ölkələri birləşdirir. Ölkəmizin ərazisindən keçən "Şərq-Qərb", "Şimal-Cənub" və "Cənub-Qərb" beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik haba çevrilməsi üçün real imkanlar yaradır. 
Azərbaycanın  Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə yönəlmiş irimiqyaslı infrastruktur layihələri, ən yeni texnoloji standartlar səviyyəsində Gəmiqayırma Zavodunun istifadəyə verilməsi, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və 2018-ci ildə Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi son illər Azərbaycanda bu istiqamətdə məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz nümunələridir. 
Azərbaycan Prezidentinin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə "Dəmir İpək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya və Avropa dəmir yollarının inteqrasiyasına öz töhfəsini verməkdədir.

 

Azərbaycan regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib

 

Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verərək dedi ki, ölkəmiz "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.
Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.
Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.
İlham Əliyev diqqətə çatdırdı ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.
2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli də regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Bu dəhlizin açılması 10 noyabr üçtərəfli Bəyanatında da öz əksini tapıb. Azərbaycan dəhlizin açılması üçün avtomobil və dəmir yolu layihələrinin icrasını, demək olar ki, yekunlaşdırmaq üzrədir. Lakin Ermənistan bu məsələdə də üzərinə düşən öhdəlikdən boyun qaçırmaqla yenə də öz məkrli oyunlarını oynamaqda davam edir. İlham Əliyev  qətiyyətlə vurğulayıb ki, Ermənistan istəsə də, istəməsə də bu dəhliz açılacaq. İlk növbədə isə tərəflər arasında sülh sazişi imzalanmalıdır. Əgər saziş imzalanarsa, dəhlizin təhlükəsizliyinin təminatı da reallaşa bilər. 

 

Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür

 

Sammitdə çıxışı zamanı İlham Əliyev həm də son günlər Ermənistanın dövlət sərhədində törətdiyi təxribatlardan söz açıb. Azərbaycan Prezidenti bildirib ki, düşmənin istənilən təxribatının qarşısı qətiyyətlə alınır və alınacaq. 
Qalib komandan bir daha bəyan edib ki, bu cür təxribatların baş verməməsi, hər iki tərəfdən itkilərin olmaması üçün barış müqaviləsinin imzalanması vacibdir. Bunun üçün isə Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. Tərəflər ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıdır. Azərbaycan hər zaman buna hazır olduğunu bəyan edib. Ermənistan isə təxribatları ilə sazişin imzalanmasını əngəlləməyə çalışır. Elə sentyabrın 12-13-də baş verən təxribat da bunun bariz təcəssümüdür.  
Prezident sammit iştirakçılarının diqqətinə bir daha çatdırıb ki, sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətsə də, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb. Dövlət başçısı Ermənistanın bu təxribatını iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbə adlandıraraq bəyan edib ki, buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Əlavə edək ki, bu məsələ həmin gün Səmərqənddə İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə də geniş müzakirə mövzusu oldu. 
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsinin hər kəsi çox narahat etdiyini söyləyən Vladimir Putin dedi ki, əlaqələndirilmiş səylər sayəsində hər halda eskalasiyanı dayandırmaq mümkün olub, lakin vəziyyət gərgin olaraq qalır.
İlham Əliyev vurğuladı ki, döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Artıq atəşkəs rejiminə riayət olunur: "Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub. İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir. Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq". 
Prezident bir daha vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli sənədlərə sadiqdir və ölkəmiz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcək.

 

Azərbaycanla regional əməkdaşlığın inkişaf etdirilməsi xüsusi maraq doğurur

 

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
İlham Əliyev Səmərqənddə keçirilən sammitdə Azərbaycana dost və qardaş, strateji tərəfdaş olan Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edirdi. Bu dəvət Azərbaycan-Özbəkistan münasibətlərinin dərin məzmununu, hər iki dövlətin prezidentləri arasındakı dostluq münasibətlərini ifadə etməklə yanaşı, İlham Əliyevin qlobal və regional nüfuzunun əyani təzahürüdür. Elə sammitdəki çıxışından sonra Prezident İlham Əliyevə təşəkkür edən Şavkat Mirziyoyev qeyd edib ki, ilk növbədə nəqliyyat-kommunikasiya və iqtisadi-ticari sahələrdə Azərbaycan ilə regional əməkdaşlığın inkişaf etdirilməsi onlar üçün xüsusi maraq doğurur. 
Bütün bunlar onu deməyə əsas verir ki, İlham Əliyevin qlobalmiqyaslı təşəbbüsləri, qlobal layihələri Azərbaycanın dost və strateji tərəfdaş ölkələri ilə münasibətlərinə əsaslı töhfələr verir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video