24 Iyun 2022 23:55
574
İQTİSADİYYAT
A- A+

Azərbaycan Qarabağın bərpası prosesində Qara Dəniz Ticarət və İnkişaf Bankının yaxından iştirakını zəruri hesab edir  

 

İyunun 24-də Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə “Dəyişən dünyada Azərbaycanın şaxələndirilmiş və innovativ iqtisadiyyatının dəstəklənməsində QDTİB-in rolu” mövzusunda biznes forum keçirilib. Biznes forum Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Direktorlar Şurasının Bakıda keçirilən növbəti – 24-cü illik toplantısı çərçivəsində baş tutub. Tədbirdə rəsmi şəxslərlə yanaşı, elm, maliyyə və biznes ictimaiyyətinin nümayəndələri iştirak edib.

AZƏRTAC xəbər verir ki, QDTİB-in Azərbaycan üzrə rəhbəri, Bankın Rəhbərlər Şurasının hazırkı sədri, maliyyə naziri Samir Şərifov ölkəmizin bankla olan münasibətlərinə böyük önəm verdiyini, QDTİB fəaliyyətə başlayandan bu günədək Azərbaycanda özəl sektora 510 milyon avro məbləğində kreditin ayırdığını, bankın yerli maliyyə bazarlarının inkişafında da iştirak etdiyini bildirib. Nazir qeyd edib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankının əsas fəaliyyət istiqaməti məhz ticarətin və özəl sektorun inkişafına kredit və zəmanət dəstəyinin göstərilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, ona yönəlmiş biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara maliyyə-kredit dəstəyinin artırılması, eləcə də vergi sahəsində güzəştlərin verilməsi istiqamətində məqsədyönlü islahatlar həyata keçirilir: “Bu baxımdan Azərbaycan Hökuməti Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə və genişləndirilməsinə böyük əhəmiyyət verir. Bank yerli maliyyə bazarlarının inkişafında da iştirak edir. 2019-cu ilin avqustun 1-də Bakı Fond Birjasında QDTİB-nin korporativ istiqrazları üzrə hərrac keçirilib və cəlb edilmiş vəsaitin özəl sektorun maliyyələşdirilməsi üçün istifadəsi nəzərdə tutulub. Bununla da QDTİB Azərbaycanda milli valyuta ilə istiqraz yerləşdirən ilk beynəlxalq maliyyə qurumu olub”.

Nazir işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması prosesində QDTİB-i yerli və xarici sahibkarların biznes layihələrinə kredit dəstəyi göstərməyə dəvət edib.

“İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması prosesində beynəlxalq maliyyə təşkilatlarının, o cümlədən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) yaxından iştirakını zəruri hesab edirik. Bankın kapital-resurs ehtiyatlarının digər beynəlxalq maliyyə qurumları ilə müqayisədə nisbətən aşağı olmasını, habelə daha çox özəl sektorun maliyyələşdirilməsi sahəsində ixtisaslaşmasını nəzərə alaraq QDTİB-i Qarabağda və Şərqi Zəngəzurda bir sıra fəaliyyətlərlə məşğul olacaq yerli və xarici sahibkarların biznes layihələrinə kredit dəstəyi göstərməyə dəvət edirik. İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin yaradılması, bu imkanlardan səmərəli istifadə təkcə Azərbaycana yox, bütün region ölkələrinə böyük fayda gətirəcək, regional inkişafa ciddi təkan verəcək”, - deyə S.Şərifov diqqətə çatdırıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığa böyük əhəmiyyət verildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, QDTİB Azərbaycan iqtisadiyyatının özəl sektorunda fəal iştirak edən beynəlxalq maliyyə institutlarındandır və ölkəmizdə bir sıra layihələri maliyyələşdirib. Elnur Əliyev ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, Azərbaycandakı siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndirildiyini vurğulayıb, bankla bir sıra sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Nazir müavini deyib ki, bu ilin yanvar-may aylarında Azərbaycanda ümumi daxili məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artıb. Ölkəmiz ötən il nəzərəçarpacaq nailiyyətlər əldə edib və bu tendensiya bu il də davam edir.

QDTİB-in prezidenti Dmitri Pankin ölkəmizdə aparılan iqtisadi islahatların ölkənin makroiqtisadi sabitlik və dinamik inkişafına təkan verdiyini və bunun bank ilə Azərbaycan arasında mövcud əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını qeyd edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, KOB-ların innovativ inkişafının dəstəklənməsi strateji fəaliyyət gündəliyimizin əsas elementlərindən biridir. Mikro, kiçik və orta sahibkarlıq müasir iqtisadiyyatların əsas sütunu və hərəkətverici qüvvəsi hesab olunur və bu baxımdan, KOB-ların fəaliyyətinin şaxələndirilməsi və innovasiya səviyyəsi bütövlükdə ölkənin inkişaf səviyyəsinin göstəricisidir. Biznesin innovativ transformasiyası və şaxələndirilməsi adekvat səviyyədə maliyyələşdirmə tələb edir və ənənəvi maliyyə sistemi mövcud problemlərin aradan qaldırılmasında çətinliklərlə üzləşir. Bu baxımdan, davamlı maliyyə resurslarının təmin edilməsi üçün gələcəkdə alternativ maliyyə mənbələri, o cümlədən “Fintech” texnologiyası mühüm əhəmiyyət kəsb edəcək. Hazırda Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 99,6 faizini KOB subyektləri təşkil edir.

KOBİA sədri deyib: “Biz hazırda KOB-ların maliyyə resurslarına çıxışını artıracaq KOB İnkişaf Fondunun yaradılması prosesindəyik. Fondun əsas özəlliyi onun qrantlar və texniki yardımlar təklif etmək imkanı ilə bağlıdır. Həmçinin investisiya üçün minimum layihə dəyəri tələbləri bazarda mövcud göstəricilərdən daha aşağı olacaq. KOB İnkişafı Fondunun təşkilati forması Açıq Səhmdar Cəmiyyəti olacaq ki, bu da öz növbəsində dövlət vəsaitləri ilə yanaşı, yerli və xarici investorların, eləcə də özəl sektorun vəsaitlərini cəlb etmək imkanı yaradacaq. Dövlət-özəl sektor tərəfdaşlığı və klasterləşmə milli iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun proseslərə cəlb edilməsi, eyni zamanda, yeni çağırışlar fonunda resursların səfərbər edilməsi baxımından əlverişli modellərdir”.

Biznes forumda təşkil olunan panel müzakirələrdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, “Azərbaycan İnvestisiya Şirkəti”nin icraçı direktorunun müavini Murad Abdullayev, QDTİB-in vitse-prezidenti Hasan Damirhan və digərləri ölkəmizin əlverişli biznes və investisiya mühiti, KOB-ların inkişafı və onlara dövlət tərəfindən göstərilən dəstək tədbirləri, qeyri-neft sektoruna investisiyaların yatırılması imkanları, özəl biznesin maliyyəyə çıxış imkanlarının artırılması, QDTİB ilə əməkdaşlığın genişləndirilməsi barədə məlumat veriblər.

Tədbir çərçivəsində QDTİB ilə “Rabitəbank” ASC və “Turanbank” ASC arasında kredit müqavilələri imzalanıb. Müqavilələrə əsasən, QDTİB Azərbaycanda kiçik və orta biznesin inkişafına dəstək məqsədilə “Rabitəbank”a 10 milyon ABŞ dolları, “Turanbank”a isə 5 milyon ABŞ dolları məbləğində kredit ayıracaq.

Biznes forum ikitərəfli görüşlərlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video