26 Iyun 2022 02:25
644
SİYASƏT
A- A+

Azərbaycan Ordusu: dünəndən bu günə...

 

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsindən sonra milli hökumətin qarşısında duran əsas vəzifələrdən biri ordunun formalaşdırılması idi. Bu olmadan Cümhuriyyətin müstəqilliyinin qorunması və bolşevik-daşnak hərbi təhdidlərindən müdafiəsi mümkün deyildi. Azərbaycanın istiqlaliyyətinin elan olunduğu tarixi şərait, yerləşdiyi bölgədə cərəyan edən proseslər xalqın  müstəqilliyinə real dayaq ola biləcək ordunun formalaşdırılmasını tələb edirdi.

Ordu quruculuğunun özünəməxsus cəhətləri var və ona riayət edilmədiyi təqdirdə ciddi çətinliklər yarana bilər. Hər bir ölkədə bu prosesin özünəxas xüsusiyyətləri var. Azərbaycan Ordusunun qısa müddət ərzində formalaşdırılmasının əsas səbəblərindən biri də bu idi ki, prosesə rəhbərlik edən şəxslər ümumi nəzəri bilikləri və zəngin təcrübələri ilə ordu quruculuğunun Azərbaycan şəraitindən irəli gələn xüsusiyyətlərini çox incəliklə və üzvi şəkildə birləşdirə bilmişdilər.

Milli hökumətin 26 iyun 1918-ci il tarixli fərmanı ilə Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də Hərbi Nazirlik təsis edildi. Yeni şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması Hərbi Nazirliyin üzərinə düşürdü. Bu struktur hökumətin qarşısında dayanan tarixi vəzifələrin həllində çox mühüm rol oynadığından ona rəhbərliyi ilk vaxtlar Nazirlər Şurasının Sədri Fətəli xan Xoyski öz üzərinə götürmüşdü. Artilleriya generalı Səməd bəy Mehmandarov nazir müavini təyin edilmiş və qurumun formalaşdırılması ona tapşırılmışdı.

1918-ci ilin sonu, 1919-cu ilin əvvəllərində nazirliyin strukturunda dəyişiklik edildi ki, bu da ordunun formalaşması prosesinə müsbət təsir göstərdi. Nazirlər Şurasının 25 dekabr 1918-ci il tarixli qərarı ilə general Səməd bəy Mehmandarov hərbi nazir təyin edildi. Hökumətin 29 dekabr 1918-ci il tarixli qərarı ilə isə general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olundu. Bunlar Milli Ordunun formalaşması istiqamətində hökumətin qəbul etdiyi dəyərli qərarlar idi. Çünki hər iki şəxsiyyətin təcrübəsi və peşəkarlığı orduda quruculuğun səmərəli xarakter almasına zəmin yaratdı. Onların öncüllüyü ilə ölkədə yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik, milli zəminə söykənən ordu bölmələrinin təşkili prosesinə qədəm qoyuldu.

Lakin bu istiqamətdə çətinliklər də mövcud idi. İlk növbədə müasir hərb sənətinin incəliklərini mükəmməl bilən kadrlar çatışmırdı. Ömrü az, tarixi xidmətləri onillərə bərabər, Şərqin ilk demokratik respublikasını quran cəfakeşlər bu işin də öhdəsindən şərəflə gəldilər.

O dövrdə həm ölkə parlamenti, həm də Nazirlər Şurası bu istiqamətdə öhdələrinə düşən vəzifələrə böyük məsuliyyətlə yanaşırdılar. Milli parlamentin mövcudluğu dövründə hərbi quruculuğun müxtəlif sahələri ilə bağlı 9 qanun layihəsi nəzərdən keçirilmiş, müvafiq qərarlar qəbul edilmişdi. Qərarların hər biri dövlətin müdafiə gücünün artırılması üçün həm cari, həm də perspektiv əhəmiyyətə malik idi. Bu qərarlar icraedici orqanların ordu quruculuğu ilə bağlı fəaliyyətinin istiqamətləndirilməsi üçün hüquqi baza idi. Ordunun təchizatının yaxşılaşdırılması və ölkənin müdafiəsinin daha da gücləndirilməsi üçün daxili potensial səfərbərliyə alınmaqla yanaşı, həm də fəal xarici siyasət yeridilirdi. Həm müttəfiqlər, nüfuzlu dünya dövlətləri, həm də yaxın qonşularla diplomatik əlaqələrin qurulmasına cəhd göstərilirdi.

Hərbi Nazirliyin bərpa edilməsindən sonra diqqət pərakəndə vəziyyətdə olan hissələri möhkəmləndirmək və onları vahid rəhbərlik altına gətirmək üçün mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə yönəldildi. Hərbi təchizat da vacib məsələ idi. 1918-ci il noyabrın 27-dən dekabrın 3-dək ordu rəhbərliyi Gəncə və Ağdam ətrafında yerləşən hərbi hissələrə səfər etdi və oradakı vəziyyətlə yerindəcə tanış oldu. Hərbi hissə və bölmə komandirlərinin qarşısında belə bir vəzifə qoyulmuşdu: Müstəqil Azərbaycan Ordusunda xidmətə başlayan hər kəs və hamı dərhal Azərbaycan Respublikasına sədaqət andı içməlidir!

Bütövlükdə AXC ordusunun təşkili hərb tariximizdə və Azərbaycan xalqının tarixində əhəmiyyətli bir hadisə idi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ordunun yaradılması prioritet vəzifələrdən biri idi. Təəssüf ki, ilk dövrdə bu məsələdə kobud səhvlər buraxıldı. Azərbaycanın vahid komandanlığa əsaslanan nizami ordusunu Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra qurdu. Müasir Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev həm də torpaqlarımızı qətiyyətlə müdafiə edə biləcək ordu formalaşdırdı. Atəşkəsə qədər ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar Heydər Əliyevin nə qədər böyük strateq və təcrübəli dövlət xadimi olduğunu göstərdi.

Atəşkəsdən sonra qısa müddət ərzində ordunun mükəmməl idarəetmə strukturları formalaşdırıldı, milli hərbi kadrların hazırlanmasının sistemi quruldu, milli dəyərlər ordu quruculuğunun başlıca xüsusiyyətinə çevrildi və nəticədə döyüşkən bir ordu meydana gətirildi.

Dünyanın son təcrübəsini mənimsəyən yeni bir ordunun yaradılması Heydər Əliyevin başlatdığı, İlham Əliyevin davam etdirdiyi uğurlu ordu quruculuğu siyasətinin möhtəşəm nəticəsidir. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir. Bu müharibədə Azərbaycan Ordusu torpaqlarımızı sürətlə işğaldan azad etdi. Doğma torpaqlarımızda yenidən üçrəngli, ay-ulduzlu şanlı bayrağımız dalğalandırıldı. Bu zəfəri bizə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və ordumuzun şücaəti qazandırdı...

 

Ülkər XASPOLADOVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video