28 Dekabr 2016 11:12
874
SİYASƏT
A- A+

Azərbaycan Ombudsman təsisatının yaranmasının 15 illiyi ilə əlaqədar Bakıda konfrans keçirilib

Dekabrın 28-də Bakıda Azərbaycan Ombudsman təsisatının yaranmasının 15 illiyi ilə əlaqədar “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bir sıra ölkələrin ombudsmanları, dini icmaların rəhbərləri və başqaları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Konfransda çıxış edən ombudsman Elmira Süleymanova 15 il ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlərdən danışıb. O, Azərbaycan ombudsmanının fəaliyyəti dövründə bu sahədə əldə olunmuş müsbət təcrübələr, həyata keçirilən maarifləndirmə tədbirləri, dövlət orqanları və vətəndaş cəmiyyəti institutları arasında yaradılmış səmərəli əməkdaşlıq barədə məlumat verib. Müvəkkil ölkədə aparılan hüquqi islahatlar, həyata keçirilən strategiyalar və dövlət proqramları barədə danışıb, bütün bunların insan hüquqlarının təmin olunmasına böyük imkanlar açdığını söyləyib. Ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”, eyni zamanda, 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının mühüm müddəaları da iştirakçıların diqqətinə çatdırılıb. E.Süleymanova BMT tərəfindən 2015-ci ilin sentyabr ayında qəbul edilmiş və özündə 17 məqsədi birləşdirən 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri haqqında da söhbət açıb.

Baş nazirin müavini Əli Həsənov konfransda çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev ölkəmizdə multikulturalizm mühitinin qorunmasına xüsusi diqqət yetirib. Bu məsələ daim dövlətimizin nəzarətindədir. Azərbaycanda milli və dini azlıqlarla bağlı aparılan dövlət siyasəti hər zaman müvafiq beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə başqa dövlətlər üçün də nümunə göstərilir. Azərbaycan modelinin dünya modellərindən fərqi ondan ibarətdir ki, multikulturalizm ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələrinin gündəlik həyat tərzinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan modeli bütün dünyaya yayılıb.

Əli Həsənov qeyd edib ki, Ombudsman təsisatının yaradılması ilə Azərbaycan bütün dünyaya insan hüquqlarına nə qədər böyük əhəmiyyət verdiyini göstərdi. Ombudsman Azərbaycanda insan hüquqlarının qorunması sahəsində xeyli işlər görüb, ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edib.

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü barədə danışan Baş nazirin müavini qeyd edib ki, bu təcavüz torpaqlarımızın işğalı ilə yanaşı, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Bu gün isə qaçqın və məcburi köçkünlərin sayı 1 milyon 200 mindən çoxdur. Onların hüquqları kobud şəkildə pozulub və 25 ildən artıqdır ki, bərpa olunmur. Son hesablamalara görə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizə 600 milyard dollardan çox ziyan dəyib. BMT və digər beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı qərar və qətnamələr qəbul edib, lakin bu günə qədər bu münaqişə həllini tapmayıb. Azərbaycan həmişə beynəlxalq təşkilatların qərarlarına hörmətlə yanaşıb, ancaq bizə qarşı ayrı-seçkilik mövcuddur. Bu dərəcədə ədalətsizlik, qeyri-bərabər yanaşma olmaz. Bunun sonu olacaq, dünya bu ədalətsizliyə dözməyəcək.

Ölkəmizin regionun lider dövlətinə çevrildiyini deyən Baş nazirin müavini bildirib ki, Ermənistan yürütdüyü işğalçılıq siyasəti nəticəsində bütün layihələrdən kənarda qalıb. Əgər Azərbaycan torpaqlarını işğal etməsəydi, Ermənistan da bu layihələrdən bəhrələnərdi. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla uduzur. Azərbaycan istədiyi vaxt torpaqlarını işğaldan azad edə bilər. Aprel döyüşlərində bir daha sübut olundu ki, Azərbaycan Ordusu istənilən an öz torpaqlarını düşmən tapdağından xilas edə bilər.

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bildirib ki, son 15 ildə Azərbaycan insan hüquqları sahəsində mühüm uğurlar qazanıb. Azərbaycanda insan hüquqlarının təmini ilə bağlı inkişaf göz önündədir. Ölkədə müxtəlif dini konfessiyalar və milli azlıqlar bərabərhüquqlu vətəndaşlar kimi yaşayırlar.

Rusiya ombudsmanı vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi-siyasi sahədə də ciddi nailiyyətlər əldə edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi demokratik islahatların ayrılmaz tərkib hissəsi olan insan hüquq və azadlıqlarının təmini və səmərəli şəkildə müdafiəsi istiqamətində ombudsman Elmira Süleymanovanın xidmətlərindən danışıb.

Ölkəmizdə mövcud olan multikultural mühitdən bəhs edən Hicran Hüseynova deyib ki, dünyada artan qlobal qeyri-sabitlik fonunda Azərbaycanda müxtəlif dinlərin və millətlərin birgə yaşaması əsasında qurulmuş multikulturalizm və tolerantlıq hər kəs üçün örnəkdir. Azərbaycan multikulturalizm ideyasını gələcəkdə bəşəriyyətin inkişafı üçün yeganə yol hesab edir. Ümummilli lider Heydər Əliyevin tarixi dəyərlərimizi rəhbər tutaraq əsasını qoyduğu müasir Azərbaycan bu gün beynəlxalq aləmdə özünəməxsus, mütərəqqi model kimi qəbul olunur. Hazırda Prezident İlham Əliyev bu modelin daha da güclənməsinə, dinlərarası qarşılıqlı etimadın möhkəmləndirilməsinə, müxtəlif mədəniyyətlər arasında mübadilə imkanlarının genişləndirilməsinə xüsusi diqqət ayırır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən illər ərzində Azərbaycan ombudsmanının çox səmərəli fəaliyyət göstərdiyini söyləyib. Nazir Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin fəaliyyətinin həm ölkə daxilində, həm də dünyada yüksək qiymətləndirildiyini, onun beynəlxalq aləmdə böyük nüfuz qazandığını deyib.

Əbülfəs Qarayev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi istiqamətində müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlərin həyata keçirildiyini, bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurulduğunu, proqramın icrası ilə bağlı vəziyyətinin öyrənilməsi məqsədilə respublikamızın bütün bölgələrində ictimai dinləmələrin keçirildiyini, hər il 18 iyun - İnsan Hüquqları Günü ərəfəsində həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı ilə “İnsan hüquqları aylığı”nın təşkil olunduğunu qeyd edib.

Tədbirdə Azərbaycan və Rusiya Ombudsman təsisatları arasında ikitərəfli əməkdaşlıq sazişi imzalanıb. Sənədi Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova və Rusiyanın ombudsmanı Tatyana Moskalkova imzalayıblar.

Fasilədən sonra işini davam etdirən konfransda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edərək deyib ki, Azərbaycanda multikulturalizm bir həyat tərzidir. Multikulturalizm xalqımızın həyat tərzidir, eyni zamanda, dövlət siyasətidir. Azərbaycanda müxtəlif mədəniyyətlərin, konfessiyaların, etnik qrupların nümayəndələrinin sülh şəraitində yaşaması ölkəmizdə çox maraqlı cəmiyyət tipi yaradıb. Həm Konstitusiyamızda, həm də ayı-ayrı qanunlarda multikulturalizm təsbit olunub. Konstitusiyamızda qeyd edilib ki, dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları bərabər hüquqlara malikdir. Yəni, multikulturalizm Azərbaycanda əsrlər boyu təşəkkül tapmış bir fenomendir. Multikulturalizmin Azərbaycan modeli dünya üçün örnəkdir. Avropada və digər qitələrdə islamofobiya, ksenofobiya və insan əleyhinə yönəlmiş digər amillər var. Belə çıxır ki, o ölkələrdə hələ də özünü digər dinlərdən, millətlərdən üstün tutan qruplar var. Lakin Azərbaycanda vəziyyət tamam başqadır. Multikulturalizm Azərbaycanın milli sərvətidir və biz bununla fəxr etməliyik.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein çıxış edərək Azərbaycanda mövcud olan tolerant mühitdən danışıb. O, ölkəmizdə müsəlmanların, xristianların, yəhudilərin, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində birgə yaşadıqlarını bildirib. Ümummilli lider Heydər Əliyevin “Çoxmillətlilik bizim zənginliyimizdir” sözlərini xatırladan A.İşein Azərbaycanda İslamla yanaşı, xristianlığın və yəhudiliyin də dərin köklərinin olduğunu söyləyib, ölkəmizdə hər kəsin müxtəlif dini bayramları sərbəst şəkildə qeyd etdiyini vurğulayıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev çıxış edərək deyib ki, multikulturalizm və insan hüquqları deyərkən biz bir tərəfdən fərqli, digər tərəfdən yaxın olan anlayışlara toxunuruq. Birgəyaşayış deyəndə xarici mədəniyyət sistemi, ictimai-siyasi ideologiya, qloballaşan dünyada milliliyi qoruyan bir cəmiyyət modeli başa düşülür. Multikulturalizm cəmiyyətdə, ümumiyyətlə, zorakılığa dözümsüzlüyü təmin edən bir ideologiyadır.

Konstitusiya Məhkəməsinin hakimi çıxışında Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən islahatlar barədə də danışıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, ümumiyyətlə sosial müdafiə və sosial təminat sistemi insan hüquqlarının müdafiəsi sahəsində fundamental sistemlərdən biridir. Azərbaycan Respublikasının Konstitusiyasında hər kəs üçün sosial təminat hüquqları və ölkənin digər qanunvericilik aktlarında da həmin hüquqlarla bağlı bütün təminatlar əksini tapıb. Bu da ölkədə həyata keçirilən sosial siyasətin prioritetliyindən irəli gəlir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə güclü və ciddi iqtisadi islahatların düşünülmüş sosial siyasətlə tamamlandığını, aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığını bəyan edib. Bu sosial siyasət əhalinin etibarlı sosial müdafiəsinə, xüsusilə aztəminatlı ailələrin, sosial cəhətdən həssas qrupların həyat keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar yaradıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov deyib ki, Ombudsman təsisatının yaradılması insan hüquq və azadlıqlarının müdafiəsi baxımından mühüm bir addımdır. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi və Ombudsman Aparatı sıx əməkdaşlıq edirlər.

Bildirilib ki, multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırılıb. Bunun bariz nümunəsi kimi onu qeyd etmək olar ki, Azərbaycanda etnik, dini və irqi zəmində heç bir qarşıdurma yoxdur. Bu siyasətin əsasını ümummilli lider Heydər Əliyev qoyub və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Ölkəmizdə multikultural təhlükəsizlik yüksək səviyyədə təmin olunur.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis deyib ki, təmsil etdiyi qurum ölkəmizdə qaçqın və məcburi köçkün problemlərinin həllinə kömək üçün müxtəlif layihələr həyata keçirib. O, Azərbaycan ombudsmanının insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətinin çox önəmli olduğunu vurğulayıb.

Furio de Angelis bildirib ki, Azərbaycan hökuməti ölkədəki bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bununla yanaşı, Azərbaycan hökumətinin digər ölkələrə də humanitar dəstək sahəsində həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video