23 Iyun 2022 01:19
1381
SİYASƏT
A- A+

Azərbaycan nümunəsi

 

Ölkəmizdəki dövlət-din münasibətləri özünün unikallığı ilə dünyada örnəkdir

 

Dünyəvi dövlətin ərazisində yaşayan müasir və demokratik cəmiyyətlərdə birgə yaşayış modelinin qurulması əsas şərtlərdən biridir. Qloballaşan, dini ədavətin, dinlərarası münaqişələrin və ya hər hansı müxtəlif din daşıyıcıları arasında qeyri-normal münasibətlərin hökm sürdüyü dünyada yalnız uğurlu və düşünülmüş siyasət sayəsində humanist cəmiyyət formalaşdırmaq mümkündür. Azərbaycan uzun illərdir bu siyahıda dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, hər bir şəxsin bərabər hüquqlu, dinc şəkildə və birgə yaşadığı məkan olaraq ön sıralarda yer almağı bacarır. Azərbaycan öz tolerantlığı, dini plüralizmi, islam həmrəyliyini yüksək səviyyədə qoruması hesabına mənfi tendensiyalardan, məzhəb qarşıdurmalarından çox-çox uzaqdır.

Təbii ki, belə bir sağlam mühitin mövcud olmasında, formalaşmasında dövlətin, onun həyata keçirdiyi siyasətin mühüm əhəmiyyəti var.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərində də yenidən quruluş prosesi başlandı. Milli-mənəvi dəyərlərinə sahib çıxmaqla yanaşı, ictimai-siyasi cəhətdən sekulyar bir cəmiyyət modelini nümayiş etdirən ölkəmizdə müstəqillikdən sonra dini dəyərlərin sürətli yayılması təəccüb doğurmadı. Ulu Öndər Heydər Əliyev respublikada yenidən hakimiyyətə qayıdanda ölkədə dinlə bağlı durum ürəkaçan səviyyədə deyildi, mürəkkəb və ziddiyyətli vəziyyət hökm sürürdü. Azərbaycanı belə bir çətin şəraitdən yalnız yüksək dövlətçilik təcrübəsi olan bir lider çıxara bilərdi. Heydər Əliyev  öz dərin biliyi, yüksək bacarığı, mətin iradəsi, böyük idarəçilik təcrübəsi, məqsədyönlü, uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətləri ilə bağlı vəziyyəti düzgün qiymətləndirib dönüş yarada bildi. Dini sahədəki gərginlik aradan götürüldü, radikal qruplaşmaların fəaliyyətinin qarşısı alındı və dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində önəmli tədbirlər həyata keçirildi. Ümummilli Liderin sayəsində ilk dəfə olaraq Azərbaycan xalqı öz dini və milli bayramlarını heç bir maneə olmadan sərbəst şəkildə qeyd etməyə başladı, zəvvarlar rahat şəkildə dini və mənəvi ehtiyaclarını ödəmək üçün müqəddəs torpaqlara getməyə başladılar. Ulu Öndərin 1994-cü ilin iyul ayında müqəddəs Məkkə və Mədinəyə ümrə ziyarəti də onun öz dininə və milli-mənəvi dəyərlərinə necə bağlı bir şəxsiyyət olduğunu göstərirdi. Ölkəmiz qısa zamanda bir çox müsəlman təşkilatlarının üzvü seçilərək beynəlxalq səviyyəli simpoziumların və konfransların keçirilməsinə evsahibliyi etdi. Bütün bunlarla yanaşı, ölkəmizdəki ibadət evlərinin tikintisi, təmiri və bərpası da dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə həyata keçirilməyə başladı. Əlbəttə ki, bütün bunlar Ulu Öndərin xalqa olan diqqətinin və milli mənəviyyata olan hörmətinin təzahürü idi.

Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan Ümummilli Lider Heydər Əliyev müstəqilliyin ilk illərində sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpasına və yenidən qurulmasına xüsusi önəm verdi. Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncama əsasən, dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə istifadəyə verildi. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, dövlət qayğısı, diqqəti yalnız islam dininə xas olan tarixi abidələrə, ibadət məkanlarına deyildi. Eyni zamanda Azərbaycanda mövcud olan qeyri-islam tarixi-mədəni abidələri, kilsələr də dövlət qayğısı nəticəsində təmir olunurdu. Ümummilli Lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə yaşayan, fəaliyyət göstərən digər dinlərin nümayəndələrinə də həssaslıqla, diqqət və qayğı ilə yanaşırdı. Sovet dövründən baxımsız vəziyyətdə qalan məscidlər, digər ibadət məkanları ilə yanaşı, kilsələr də təmir edilir, ölkəmizdə bizimlə bərabər şəkildə yaşayan, lakin fərqli dinlərə sitayiş edənlərin ixtiyarına verilirdi. Ölkəmizdəki müxtəlif dinlərə ibadət edən vətəndaşların inanclarına hörmətlə yanaşılması, onların vicdan və etiqad azadlığının təmin olunması üçün bütün qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. 1995-ci ildə qəbul edilən Konstitusiyamızda vicdan və dini etiqad azadlığını təmin edən, dövlət-din münasibətlərini tənzimləyən müddəalar daxil edildi. Dövlət quruculuğunun dünyəvi mahiyyət daşıması, dinin dövlətdən ayrı olması, bütün dinlərin qanun qarşısında bərabər sayılması, insan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd dinlərin yayılmasının və təbliğinin qanunla qadağan olunması bu sənəddə öz əksini tapdı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərində yeni bir mərhələ başlandı. Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı təmin olundu, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu.1992-ci ildə qəbul olunan, sonuncu dəfə 2022-ci ildə bir sıra dəyişikliklər edilən "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə dini mərkəzlərin, idarələrin, qurumların və tədris müəssisələrinin fəaliyyəti tənzimləndi. 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra ölkədə dövlət-din münasibətlərində yeni bir mərhələyə qədəm qoyuldu. Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi, dini icmaların qeydiyyata alınması, qeydiyyatının ləğvi, dini qurumların və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi səlahiyyəti Dövlət Komitəsinə həvalə olundu.

Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin başlamış olduğu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan mədəniyyətlər, dinlər, sivilizasiyalararası dialoqa dair nüfuzlu beynəlxalq tədbirlər keçirir, milli-mənəvi irsimizlə yanaşı, bəşəri dəyərlərə sahib çıxır, dini icmalara yardım və himayəsini əsirgəmir. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, yenidən tikilir. Müstəqillik dövründə 2 minə yaxın məscid, digər dinlərin məbədləri tikilib, pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri həyata keçirilib.

Günümüzdə Azərbaycan öz tolerantlığı, dini plüralizmi qoruyub saxlaması ilə islam həmrəyliyinə də öz layiqli töhfəsini verir. Bu gün hər kəsə məlumdur ki, Azərbaycanda  hər bir islam və digər dini icmalar qanunvericilik çərçivəsində sərbəst qeydiyyatdan keçmək və fəaliyyət göstərmək imkanına malikdir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır və bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu din siyasəti və onun tərkib hissəsi kimi tarixi dini abidələrin - məscid, kilsə, sinaqoqların bərpası, milli-mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrimizin təbliği və təşviqi, zəngin mədəni irsimizin beynəlxalq aləmdə tanıdılması Heydər Əliyev Fondu tərəfindən də uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qısa vaxtda məscidlərin, ziyarətgahların, xristian və yəhudi məbədlərinin tikintisi və bərpasında, Azərbaycan həqiqətlərinin, o cümlədən ölkəmizdəki dini və milli dözümlülük ənənələrinin beynəlxalq aləmdə tanıdılmasında böyük uğurlara imza atıb. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Təzə Pir, İçərişəhər Cümə və Həzrət Məhəmməd, Əjdərbəy məscidləri, dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi, Dəmirçi məscidi yenidən qurulub. Heydər Əliyev Fondu tərəfindən "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkənin müxtəlif yerlərində çoxsaylı məscid və ibadət evləri bərpa edilib. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki "Müqəddəs Məryəm Ana" kilsəsi, Kiş kilsəsi təmir edilib. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Daşkəsəndəki Cümə məscidində, Xəzər rayonu, Binə qəsəbəsindəki Möhsün Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və Heydər Cümə məscidində, Buzovna qəsəbəsindəki Cümə məscidində, Gəncə şəhərindəki Şah Abbas və Həzrət Zeynəb məscidlərində yenidənqurma və əsaslı təmir-bərpa işləri görülüb. Fondun xətti ilə bərpa olunan İmam Hüseyn məscidinin istifadəyə verilməsi də milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir.

Təsadüfi deyildir ki, 44 günlük Vətən müharibəsində tarixi zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilən zaman dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk olaraq bu ərazilərdə tarixi və dini abidələrin bərpasını qarşıya mühüm vəzifə kimi qoydu.  Şanlı qələbənin əldə edilməsi nəticəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş quruculuq işləri aparılmağa başlanıldı, o cümlədən erməni vandalizminə məruz qalmış tarixi-dini abidələrin bərpası və yaxud yenidən qurulması sahəsində mühüm addımlar atıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə Daşaltı və Hadrutda, Suqovuşan qəsəbəsində məscidlərin təməlinin qoyulması, Zəngilan "İmam Hüseyn", Ağdam "Cümə" və "Qiyaslı" məscidlərinin yenidən qurulması işlərinə start verilməsi, Şuşa Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidlərinin və Qazançı kilsəsinin bərpa edilməsi Azərbaycan dövlətinin milli-mənəvi, tolerant dəyərlərə verdiyi önəmin göstəricisidir. Prezident İlham Əliyevin Tərtər rayonunun Talış kəndinə səfəri zamanı orada ermənilərin dağıtdığı alban-udi və rus-pravoslav kilsələrində olması, hər iki ibadətgahda təmir və bərpa işlərinin aparılacağını bildirməsi, bütün dinlərə tolerant yanaşmanın növbəti təzahürüdür.

İşğal dövründə vandalizmə məruz qalan mədəni-dini obyektlər sırasında islam dini abidələri - məscidlər, türbələr və digər inanc yerləri mütləq əksəriyyət təşkil edir. Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. İndiyə qədər minlərlə abidəyə yenidən "nəfəs" verən Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə də dini abidələrin bərpası üçün işləri davam etdirir. Fondun həyata keçirdiyi layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması işləri həyata keçirilir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış ibadət yerlərinin bərpası üzrə işlərin bir qismi artıq başa çatdırılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçəlir və Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidilir, dualar oxunur.

Qeyd olunmalı vacib məqamlardan biri də Prezident İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixli sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasıdır. Milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən dövlət başçımızın bu addımı, eyni zamanda Dövlət Komitəsinə olan yüksək etimadın göstəricisidir. Fondun əsas missiyası Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.

Eyni zamanda milli kadrların hazırlanması, savadlı mütəxəssislərin yetişdirilməsi və ilahiyyat elminin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması dövlətin din sahəsində atdığı mühüm addımlardandır. Prezident İlham Əliyevin İnstitutun yeni binasının açılışında iştirak etməsi din sahəsinə böyük diqqət və qayğının növbəti təzahürlərindən biridir. Bölgənin aparıcı ali dini təhsil müəssisələrindən biri olan Azərbaycan İlahiyyat İnstitutu milli kadrlar hazırlayır və bu istiqamətdə mühüm addımlar atır. İnstitut dini xarici dairələrin nəzarətində olmayan, dinə məhdud çərçivədə deyil, geniş prizmadan yanaşmağı bacaran, fəaliyyətində dünyəvilik, tolerantlıq və multikulturalizm kimi Azərbaycan gerçəkliklərini nəzərə alan, xalqımızın tarixi ənənələrinə söykənən, yüksək dini-mənəvi mühitin qorunub saxlanmasına və inkişaf etdirilməsinə xidmət edən, dini fəaliyyətin təşkili sahəsində yüksək dini və dünyəvi savada malik ixtisaslı kadrların hazırlanmasını təmin edən mötəbər bir elm ocağı olmağı qarşısına məqsəd qoyub.

Bir sözlə, bütün bu görülən işlər birbaşa onu göstərir ki, Azərbaycanda dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur. Keçmişə əsaslanan dövlət-din münasibəti modeli bugünkü reallıqları nəzərə alaraq məhz gələcəyə yönəlmiş modeldir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri özünün unikallığı ilə dünyada örnəkdir. Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi ilk növbədə dinlə bağlı siyasətin sağlam, düzgün istiqamətdə aparılmasıdır. Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısının nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri təkmilləşməkdə və möhkəmlənməkdədir. Hazırda Azərbaycan Respublikasında dini durum sabitdir, bu sahədə cərəyan edən proseslər və tendensiyalar nəzarətdədir. Dini-ideoloji təbliğat sahəsində maarifləndirmə işlərinin əhatə sferasının daha da artırılması, milli-mənəvi dəyərlərin təbliği və təşviqi istiqamətində işlərin davam etdirilməsi, ölkədəki mövcud dini konfessiyalararası münasibətlərin, multikultural və tolerant mühitin qorunub saxlanılması, eləcə də beynəlxalq əlaqələr sahəsində fəaliyyətin genişləndirilməsi prioritetlər sırasındadır. Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var.

Məhz görülmüş bu işlər və atılmış addımlar sayəsində Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus nümunəsi formalaşıb. Bu nümunə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət sayəsində daim təkmilləşdirilir və inkişaf etdirilir.

 

Amil CAVADOV,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video