05 Oktyabr 2022 02:29
573
SİYASƏT
A- A+

Azərbaycan geosiyasi mövqeyini daha da gücləndirir

 

Qaz ixracatının artması ölkəmizin Avropanın enerji bazarındakı rolunun daha da güclənməsi üçün real imkanlar yaradır

 

Hazırda enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Geosiyasi vəziyyətdəki dəyişikliklər fonunda enerji təminatı dünya ölkələrinin prioritet məsələlərindən birinə çevrilib. 
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir. Uzun illərdir Avropaya neft ixrac edən ölkəmiz artıq qaz ixrac etməklə də qədim qitə ölkələrinin etibarlı tərəfdaşına və beynəlxalq bazarda etibarlı qaz təchizatçısına çevrilib.
Prezident İlham Əliyev ötən həftə Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışında da qeyd edib ki, təxminən iki ildir  Azərbaycan qazı bazarlara çıxarılır və indi isə o, Bolqarıstana daxil olur. Dövlət başçısı bildirib ki, Avropanın enerji xəritəsini dəyişmiş "Cənub qaz dəhlizi" qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir: "Azərbaycan "Cənub qaz dəhlizi"ni başlayan tərəf olmaqdan qürur hissi duyur. "Cənub qaz dəhlizi" qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir".
Xatırladaq ki, Azərbaycan ötən il 19 milyard kubmetr qaz ixrac edib, onun 8,2 milyard kubmetri Avropaya nəql olunub. Bu il isə qaz ixracının 22 milyard kubmetrə qədər artacağı və onun 11,5 milyard kubmetrinin Avropaya çatdırılacağı proqnozlaşdırılır.

 

Avropada Azərbaycan qazına tələbat getdikcə artır

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qəzetimizə açıqlamasında deyib ki, yeni açılmış Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Bolqarıstan, Macarıstan, Slovakiya, Serbiya, Avstriya kimi ölkələrin də Azərbaycan qazını almaq imkanını artıracaq. Bu boru kəməri Avropa ölkələrinə əlavə investisiya qoymadan Azərbaycan qazını əldə etmək imkanı verir.
Tahir Mirkişili deyir ki, Avropada Azərbaycan qazına tələbat getdikcə artır. Azərbaycan bu il qaz ixracını 22,5 milyard kubmetrə çatdırmağı proqnozlaşdırır ki, onun da 11,5 milyard kubmetri Avropa ölkələrinə ixrac ediləcək. Bu göstərici Avropanın ümumi idxalında o qədər böyük görünməsə də, Şərqi Avropa dövlətləri üçün kifayət qədər böyükdür.
Komitə sədri xatırladıb ki, hazırda TANAP layihəsi üzrə ildə 16 milyard kubmetr, TAP layihəsi üzrə isə 10 milyard kubmetr qaz ixrac etmək mümkündür. Azərbaycan Avropa İttifaqı ilə bu həcmin növbəti 4 il ərzində iki dəfə artırılması barədə razılıq əldə edib. Razılaşmaya əsasən, qaz kəmərlərinin buraxılış gücü daha çox artırılacaq, nəticədə Aİ ölkələrinə Azərbaycan qazı daha çox ixrac olunacaq.
Azərbaycanın qaz ixrac etmək üçün kifayət qədər imkanları olduğunu deyən komitə sədri vurğulayır ki, hazırda yeni yataqların işlənməsi prosesi gedir: "Bu o deməkdir ki, Azərbaycan mövcud infrastrukturu inkişaf etdirməklə daha çox qaz ixrac edib, daha çox valyuta əldə edəcək. Bu ilin 8 ayı ərzində Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirin həcmi 340 faizədək, istehsal isə 9,7 faiz artıb. Qaz ixracından əldə olunan gəlirin artması Azərbaycanın gələcəkdə daha çox valyuta əldə edə bilmək imkanının olduğunu göstərir".

 

Azərbaycanın mavi qazının ixrac istiqamətləri genişlənir

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr mavi qaz nəql edib. 2022-ci ildə bu göstəricinin 29 faiz artırılaraq 11,5 milyard kubmetrə qədər yüksəldilməsi nəzərdə tutulub. Deputat qeyd edib ki, ümumiyyətlə, bu il Azərbaycanın qaz  ixracatı 22 milyard kubmetrdən çox olacaq.  Bu isə ondan xəbər verir ki, qaz hasilatında artım var. 
2021-ci ildə ölkəmizin qaz hasilatının 45,9 milyard kubmetr olduğunu deyən iqtisadçı bildirir ki, hasilatın 13 milyard kubmetri daxili istehlak üçün istifadə olunub. Onun sözlərinə görə, qaz ixracatının artması Azərbaycanın regionda, eləcə də qitə enerji bazarında mövqelərinin daha da güclənməsinə gətirib çıxarır: "Nəticə etibarilə Azərbaycan regionun enerji təhlükəsizliyinə daha çox töhfə verir. Digər tərəfdən qaz ixracatındakı artımlar ölkəyə daxil olan valyutanın həcminə birbaşa  təsir göstərən faktorlardandır".
Deputat deyib ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi Azərbaycanın mavi qazının ixrac istiqamətlərinin genişlənməsinə gətirib çıxaracaq. Azərbaycan 2022-ci ildə Bolqarıstana 440 milyon kubmetr qaz nəql etmək niyyətindədir. Bu rəqəm yaxın dövrlərdə 1,5 milyard kubmetrə qədər artırılacaq.  İnterkonnektorun ötürmə qabiliyyəti 3 milyard kubmetrdir və onun 5,5 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur. Bununla da yalnız Bolqarıstan deyil, Serbiya, Slovakiya, Şimali Makedoniya, Macarıstan, Rumıniya kimi ölkələr də Azərbaycanın mavi qazından faydalana biləcəklər. 
Vüqar Bayramov Azərbaycanın qaz ehtiyatlarının 2,6 trilyon kubmetr olduğunu xatırladaraq deyib ki, bu sektora daha çox investisiyanın cəlb olunması ixrac imkanlarının daha da genişlənməsi anlamına gəlir. 
O vurğulayıb ki, Azərbaycan regional enerji bazarında mövqeyini daha da möhkəmləndirir. Avropa İttifaqına daha çox mavi qazın nəql edilməsi, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video