09 Sentyabr 2022 00:23
1021
Mədəniyyət
A- A+

Avropanın mavi qaz kabusu

 

Son bir neçə ildə Qərblə Rusiya arasında siyasi münasibətlər gərginləşib. Belə ki, tərəflər heç cür anlaşa bilmirlər. 
Əvvəllər bu gərginlik diplomatik münasibətlərdə, bağlı qapılar arxasında baş verirdi. Rusiya Qərb tərəfindən beynəlxalq səhnədə ona ayrılmış rolla kifayətlənmək istəmirdi və bərabər status tələb edirdi. Qərb isə Rusiyadan onun üçün ayırdığı cizgidən çıxmamağı tələb edirdi. Bu münasibətlər Rusiya-Ukrayna müharibəsinə qədər qapalı şəkildə baş versə də, iki ölkə arasında başlanan savaşdan sonra açıq müstəviyə keçdi. 
Hazırkı vəziyyəti siyasətçilər, hərbi ekspertlər və politoloqlar iki formada dəyərləndirirlər. Əksəriyyəti dünyanın üçüncü savaşın astanasında olduğunu bildirsə də, bir çoxları bunun artıq başlandığı, sadəcə olaraq öz adı ilə səsləndirilmədiyi qənaətindədir. İki ölkə arasında 6 aydan çox davam edən müharibə həqiqətən dünyanı sarsıdıb və bir çox böhranlara səbəb olub. Mütəxəssislər bu xüsusda üç əsas faktora diqqət yetirirlər. Birincisi, enerji, ikincisi isə taxıl böhranıdır. Bunların hər ikisi dünyaya öz mənfi təsirini göstərir. Üçüncü böhran qaçqınlarla bağlıdır. Rusiya-Ukrayna müharibəsi üzündən 11 milyona yaxın insan Ukraynanı tərk edərək Avropaya sığınıb. Müharibə davam edərsə, əlavə 4-5 milyon insanın da Avropaya sığınacağı barədə proqnozlar verilir. 
Qərblə Rusiya arasında iqtisadi sahədə də münasibətlər gərginləşib. Xatırladaq ki, Avropanın qaz ehtiyacının 42 faizə qədəri Rusiya tərəfindən qarşılanırdı. İndi Rusiya "Şimal axını" boru kəməri vasitəsilə Qərbə qazın verilişini tam dayandırıb. Onu da vurğulayaq ki, Avropa ən çox qazı bu mənbədən əldə edirdi. Əvvəlcə Rusiya bunu texniki səbəblə əlaqələndirsə də, indi açıq şəkildə bəyan edir ki, Qərb Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan əl çəkməsə, Avropaya qaz verilməyəcək. 
Artıq Avropada həyəcan təbili çalınır. Qarşıdan gələn qışda daha ağır duruma düşməməkdən ötrü müəyyən tədbirlər görülür. Avropa Komissiyası tərəfindən  qaz anbarlarını 80 faizə qədər doldurmaq barədə qərar qəbul olunub. Bir çox ölkələr artıq bu həcmi keçib. Məsələn, Belçika, Çexiya, Danimarka, Fransa, Almaniya, İtaliya, Polşa, Portuqaliya və İspaniya anbarlara qeyd edilən həcmdə ehtiyat üçün qaz vura bilmişdir. Ancaq Avstriya, Bolqarıstan, Xorvatiya, Macarıstan və Latviya Avropa Komissiyasının qaz depolaşması barədə proqnozuna cəmi 55 faiz əməl edib. Bu fakt onu göstərir ki, qarşıdan gələn qış Avropada ciddi sosial-iqtisadi böhrana səbəb olacaq.
Çexiya və İtaliyada enerji daşıyıcılarının qiymət bahalığına  qarşı etirazların baş verməsi birliyin üzvü olan ölkələrin siyasətçilərini də qayğılandırır. Hollandiyada isə enerji daşıyıcılarının qiymətinin baha olması üzündən bir neçə müəssisə fəaliyyətini dayandırıb. Bu həm də insanların iş yerlərinin itirilməsi deməkdir. Belə halların sosial gərginliyə səbəb olması ehtimalı güclüdür. Uzun illər sosial rifah içində yaşayan insanlar çətin ki, birdən-birə həyat səviyyəsinin aşağı düşməsi  ilə razılaşsın. Bu üzdən sadə avropalılar siyasətçilərdən fərqli düşünürlər. Onlar Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsini istəyirlər. Avropa KİV-ində də bu qəbildən olan xəbərlərin sayı getdikcə çoxalır. Ekspertlər qeyd edirlər ki, qışda bu cür hallar daha kəskin xarakter alacaq.
İndi hamı bir suala cavab axtarmağa çalışır. Avropa Rusiya qazı olmadan özünü mavi yanacaqla nə vaxt tam təmin edə bilər? Ekspertlərin fikrinə görə, bunun üçün ən azı 3-4 il vaxt lazım olacaq. Avropa indidən bu problemini həll etmək üçün alternativ mənbələr axtarır. Hazırda Qətərdən, Əlcəzairdən və ABŞ-dan sıxılmış qaz tədarük edir, həcmini artırmaq üçün yollar axtarır. Çünki gəmi vasitəsilə gətirilən sıxılmış qaz Avropanın mavi yanacağa olan tələbatının cüzi bir hissəsini ödəyir. Qitənin qaz təminatı üçün kəmərlə iri həcmdə qazın nəql edilməsinə ehtiyac var. Hazırda Avropada ən real variantlardan biri kimi Azərbaycan qazından istifadəyə üstünlük verilir. Çünki ölkəmizin təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Bu kifayət qədər böyük həcmdir, Avropa üçün uzunmüddətli və etibarlı mənbədir. 
Prezident İlham Əliyev sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində bu ölkədə nəşr dilən "İl Sole 24 Ore"  qəzetinə verdiyi müsahibəsində Avropaya qaz ixracı barədə demişdir: "Bizim bu il ümumi ixracımız 22-23 milyard kubmetr təşkil edəcək. Ancaq hasilatı artırmaq üçün yataqlara böyük sərmayə qoyulmalı və texniki imkanlar genişləndirilməlidir. Söhbət təkcə TAP-dan getmir. Biz TANAP-ı genişləndirməliyik. Biz TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirməliyik. Bəli, bunun üçün bizə yeni kəmər tikmək lazım olmayacaq. Bizə yalnız kompressor stansiyalarının istifadəyə verilməsi lazım olacaq. Bu isə sərmayə gözləyir. Bir mühüm məqamı da qeyd etməliyəm ki, biz nə əvvəllər, nə də indi öz qarşımıza Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymamışıq. Bizim öz yerimiz var. Biz Avropanın üç ölkəsi ilə, yəni İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələr imzalamışıq. Avropanın digər ölkələrinin də tələbatı var və biz həmin tələbatı qiymətləndiririk. Sizin də qeyd etdiyiniz kimi, digər layihələr də var. Məsələn, Balkan dövlətlərinə qədər uzanan İon-Adriatik kəməri tezliklə istifadəyə veriləcək".

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video