27 Noyabr 2021 01:28
1096
DÜNYA
A- A+

Almaniyada, nəhayət, “işıqfor” yandı

 

Koalisiya hökumətində türkəsilli nazir də olacaq

 

Almaniyada Bundestaq seçkilərində qalib gələn partiyalar yeni hökumətin formalaşdırılması barədə razılıq əldə ediblər. Yeni kabinet digərlərindən fərqlənəcək. Çünki onu əvvəllər bu tərkibdə federal səviyyədə koalisiyaya daxil olmayan siyasi qüvvələr yaradır.

 

Vəzifələr bölüşdürülüb

 

Almaniya mediası yeni hökuməti alyansdakı partiyaların ənənəvi rənglərinə əsasən “işıqfor” koalisiyası kimi təsvir edib. Bildirilir ki, bunlar sosial-demokratlar (SDP- “qırmızılar”), “İttifaq-90”-”Yaşıllar” və Azad Demokratik (ADP - “sarılar”) partiyalarıdır.

 Partiyalar arasında əldə olunmuş razılığa əsasən, dekabrın 8-dən gec olmayaraq SDP-nin sədri Olaf Şolts kansler seçiləcək. O, Angela Merkeli əvəz edəcək.

Məlumata görə, 177 səhifəlik sənəddə yeni koalisiya hökuməti yaxın illər ərzində tamamilə kömürdən imtina, 8-10 il ərzində elektromobillərə keçid, miqrantlara 5 ildən sonra vətəndaşlıq (eləcə də ikili vətəndaşlıq) vermək, mənzil böhranının həlli üçün 400 min yeni mənzilin inşası, minimum əməkhaqqının daha da artırılması, marixuananın satışının tənzimlənməsi və leqallaşdırılması, səsvermə hüququnun 16 yaşa endirilməsi və digər məsələlərdə razılığa gəlib.

Razılaşmaya əsasən, SDP federal-kansler vəzifəsini, kansler aparatının rəhbəri, daxili işlər, əmək, müdafiə, səhiyyə, tikinti, iqtisadi inkişaf və əməkdaşlıq nazirliklərini alır.

“Yaşıllar” vitse-kansler, xarici işlər, iqtisadiyyat və iqlim mühafizəsi (keçmiş İqtisadiyyat və energetika), ərzaq və kənd təsərrüfatı nazirləri, ailə məsələləri, pensiyaçılar, qadınlar və gənclər, ətraf mühitin mühafizəsi, nüvə təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi, ərzaq və kənd təsərrüfatı üzrə vəzifələri tutacaqlar.

Azad demokratlar maliyyə, ədliyyə, nəqliyyat və rəqəmsal texnologiya, təhsil və tədqiqat nazirliklərini idarə edəcəklər.

KİV-in məlumatına görə, “Yaşıllar” Partiyasının həmsədri Annalena Berbok Xarici İşlər Nazirliyinin rəhbəri, onun ortağı Robert Habek isə İqtisadiyyat Nazirliyinin  rəhbəri və vitse-kansler olacaq. Azad Demokratik Partiyasının  lideri Kristian Lindner Maliyyə Nazirliyinə rəhbərlik edəcək. Koalisiya razılaşması gələn həftənin sonunda qəti şəkildə təsdiqlənəcək.

 

Olaf Şolts: “Daha böyük tərəqqiyə nail olmağa hazırlaşırıq”

 

Olaf Şolts koalisiya ilə bağlı fikirlərini bölüşüb: “Bizi tərəqqiyə və siyasətlə yaxşı bir şeyə nail ola biləcəyimizə inam birləşdirir. Biz hamımız çalışırıq ki, ölkəmizi daha da yaxşı edək. İstəyirik ki, Almaniya irəliyə getsin və vahid olsun. Biz ətraf mühitin qorunması və iqlim dəyişikliyi, sənayenin yenidən qurulması, ölkənin modernləşdirilməsi və cəmiyyətin birləşməsinin möhkəmləndirilməsi ilə bağlı məsələləri həll etmək niyyətindəyik. Biz daha böyük tərəqqiyə nail olmağa hazırlaşırıq”.

Yeni hökumət proqramının əsas bəndlərindən biri iqlim dəyişikliyinə qarşı mübarizədir. 2030-cu ilə qədər ölkədə kömür energetikasından imtina etmək və bərpa olunan mənbələrin istifadəsini genişləndirmək planlaşdırılır. “Yaşıllar”ın həmsədri  Robert Habek deyib: “CO2 tullantıları üçün kvota qiymətinin 60 avrodan aşağı düşməməsi o deməkdir ki, kömürdən mərhələli imtina prosesi davam edəcək. İndi isə hesabladıq və gördük ki, razılığa gəldiyimiz koalisiya müqaviləmizlə biz qlobal istiləşməni 1,5 dərəcə çərçivəsində saxlamaqla bağlı qarşımızda duran məqsədin həyata keçirilməsi yolundayıq”.

Əsas məqsəd 2045-ci ilə qədər Almaniyanın iqlim neytrallığına nail olmaqdır. ADP-nin lideri Kristian Lindner qeyd edib ki, bağlanmış koalisiya sazişi biznes üçün də faydalıdır: “Biz qarşımıza ambisiyalı məqsəd qoymuşuq - karbon neytrallığına elə keçid etməliyik ki, ölkəmiz əvvəlki kimi çiçəklənsin. Biz iş yerləri saxlamaq və insanlara seçim vermək niyyətindəyik”.

 

Koalisiyada türk namizəd

 

“Yaşıllar” Partiyasının sabiq həmsədri türkəsilli Cem Özdəmir Almaniyanın koalisiya hökumətində yeni ərzaq və kənd təsərrüfatı naziri olacaq. Partiyanın mətbuat katibi Şteffi Lemke bu posta mümkün namizəd sayılsa da, rəhbərlik Özdəmiri bu vəzifəyə namizəd kimi irəli sürüb.

Əgər heç bir sürpriz baş verməsə, onda 16 il hökumətə rəhbərlik etmiş kansler Angela Merkel və onun kabinetinin nazirləri artıq Miladdan əvvəl öz vəzifələrinin icrasını dayandıracaqlar. Onun vaxtilə başçılıq etdiyi Xristian-Demokrat İttifaqı Partiyası isə “ana müxalifət” statusunu daşıyacaq.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video