05 Dekabr 2021 00:53
1211
SİYASƏT
A- A+

Ali Baş Komandanımıza, xalqımıza, ordumuza yaraşan Zəfər!

 

Rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində Qarabağımızı işğaldan azad etməklə həm də dünyaya XXI əsrin müharibəsindən necə qalib çıxmağın yollarını öyrətdi

 

Azərbaycan az qala 30 illik həsrətdən sonra, nəhayət, işğala son qoydu və Ermənistanı həm hərb meydanında, həm də siyasi arenada məğlub etdi. 44 günlük Vətən müharibəmizin hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi. Hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu: işğala, haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın.

Və  layiq olduğumuz Zəfər çalındı! Xüsusilə, 8 noyabr tarixli şanlı Şuşa qələbəmiz və sonrakı gün 72 kəndin işğaldan azad olunması ermənilərin belini qırdı. Onlar təslim olmağa və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan hərbi sahədəki qələbəsini siyasi müstəviyə daşıdı.

Hərbi uğurumuzu bərkidən əsas amillərdən biri də uzun illər ərzində davam etdirilən diplomatik mübarizəmizdir. Bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində dövlətimiz tərəfindən böyük işlər aparıldı. Həmin işin nəticəsini həm biz, həm də dünya gördü. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və haqq işimizi BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar dəstəklədi.

Münaqişənin hərbi yolla həll edilməsi qaçılmaz idi. Çünki ermənilər torpaqlarımızı sülhlə vermək istəmir, danışıqları imitasiya məqsədilə aparır və sadəcə torpaqlarımızda möhkəmlənmək üçün vaxt qazanmağa çalışırdı. Ermənistan tərəfinin xüsusilə son 2 il ərzində təxribatçı addımları, bəyanatları və hərəkətləri isə müharibədən başqa çıxış yolu qoymurdu.

Azərbaycan xalqı problemi özü həll etmək məcburiyyətində idi. Ordumuz cəbhədə, döyüş meydanında qələbə qazanmalı idi ki, tarixi ədalət bərpa olunsun, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin və məcburi köçkünlər illərdir ki, həsrətini çəkdikləri öz doğma yurdlarına qayıtsınlar. Və ordumuz bunu cəmi 44 günə etdi. Şanlı Qələbə qazandı. Bundan cəmi bir ay sonra isə 10 dekabr tarixində Zəfər paradımız keçirildi. Azərbaycan döyüş meydanında əldə etdiyi Zəfərə uyğun olaraq möhtəşəm təntənə ilə parad keçirdi və əldə etdiyi Qələbəni qeyd etdi.

Zəfər bayramı  isə xüsusi olaraq emosional bir şəkildə, coşqu ilə yaşandı. Çünki uzun illərdən bəri bu bayramın həsrətini çəkirdik. Hər birimiz paradda böyük qürur və fəxarət hissi ilə qalib Azərbaycan əsgərinin keçidini gördük, Ali Baş Komandanımızın nitqinə qulaq asdıq və möhtəşəm bir gün yaşadıq.

Zəfər paradımızla, ümumiyyətlə, qələbəmizlə erməni miflərinə də son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini  deyil, həm də illərdir kök salmış erməni mifini darmadağın edib. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan igidləri  qarşısında duruş gətirə bilmədi. Azərbaycanda isə heç bir dənə də fərari yox idi. Yaralı əsgər və zabitlərimiz hətta hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, qayıdaq döyüş meydanına.

Bu müharibə ilə Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı Ali Baş Komandanımız, Ordu və Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Bu qələbə bütövlükdə Azərbaycan xalqının yenidən dünyaya gəlişi, günəş kimi yenidən doğulması tarixidir.  Biz bu şanlı tarixə 44 günlük səbir, dəyanət, cəsarət və  qətiyyətlə nail  olduq. Əslində müharibəni elə ilk gündən qazandıq: şəhidlərimizin canı, qanı bahasına, xalqımızın iradəsi, xalq-ordu birliyi sayəsində. Biz onların hər birinə minnətdarıq. Onlara deyiləcək tək bir söz var: Vətən Sizi unutmayacaq...

Sevindirici haldır ki, azad olunmuş ərazilərdə quruculuq-bərpa işləri sürətlə davam edir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməli atılır. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə həmin ərazilərin tez bir zamanda çiçəklənib, dirçəlib, inkişaf edəcəyinə əminik. Torpaqlarımızın bərpası prosesində innovativ texnologiyaların tətbiqi sayəsində az bir zamanda vətəndaşlarımız öz doğma yurdlarına qayıdacaq, yaşayıb yaradacaqlar.

 

Malik  MUSTAFAYEV,

Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video