15 May 2022 02:18
1149
Mədəniyyət
A- A+

Ailə tabloları

 

Hər birinin öz yaşam formulu, "qanunları", xoşbəxtlik sirləri olan kiçik cəmiyyət modelləri

 

..."Qızıl toy"larına cəmi üç il qalıb. 47 ildir ki, ailəlidirlər, övladlarından, nəvələrindən, nəticələrindən ibarət geniş, özlərinin dediyi kimi, xoşbəxt və köklü "ailə ağacları" var...

Əlimusa və Fatma İsmayılovlar ailələrinin belə uzunömürlü, təməlinin möhkəm olmasının əsl səbəbini qarşılıqlı sayğı və ən əsası, bir-birilərini anlamalarında görürlər.

Fatma nənə deyir ki, ailədə söz də olar, söhbət də... Amma gərək hər məsələni də böyüdüb problemə çevirməyəsən. Həyat yoldaşlarından biri od olanda, digəri mütləq su olmalıdır. Bir-birini başa düşməklə ailədə yaranmış bütün çətinlikləri aşmaq mümkündür: "Biz də öz böyüklərimizdən belə görmüşük..."

Əlimusa baba isə söyləyir ki, ailə qurulanda yaşlıların tövsiyələrini də  nəzərə almaq lazımdır: "Bizim dövrümüzdə böyüklər mütləq gənclərə məsləhət verər, ailədə qarşılıqlı hörmətin, çətinliklərə birgə sinə gərməyin, dözümlü olmağın, güzəştə getməyin əhəmiyyətini başa salardılar. Ailələrin uzunömürlü, möhkəm  olması da bu xüsusiyyətlərə görə mümkün olur".

Ağsaqqal onu da vurğulayır ki, Azərbaycan ailəsinin tarixən formalaşmış öz adət-ənənəsi var. Amma son zamanlar görürsən ki, bəzi gənclərimiz ailələrində milli dəyərlərimizə söykənməyən davranışlar nümayiş etdirirlər. Sevib ailə qursalar da, sözləri bir-birinin boğazından keçmir, bir-birilərinə səbir, dözüm, güzəştləri yoxdur, ilk qarşılarına çıxan çətinlikdə boşanmaya qərar verirlər... Bütün bunlar isə ailənin təməlini laxladan mənfi xüsusiyyətlərdir.

 

Vazkeçilməz institut

Demək olar ki, tarixən cəmiyyətin inkişaf etdiyi bütün mərhələlərdə ailə modeli var olub. Çağdaş zamanla birlikdə həyatımıza daxil olan müasir həyat tərzi və ailə üzvləri arasında yaranan yeni münasibətlər bir çox cəhətdən ailəyə təsir etsə də, bu institut vazgeçilməz bir formada yaşayır.

Azərbaycanda da ailə dəyərləri hər zaman üstün tutulub, tarixən formalaşaraq hazırkı günümüzə qədər ötürülüb və bu dəyərlər müasir həyatda da yüksək qiymətləndirilir.

Statistik göstəricilərə əsasən, hazırda Azərbaycanda 2 milyondan çox ailə  mövcuddur. Ölkəmiz 2008-ci ildən etibarən hər il mayın 15-də Beynəlxalq Ailə Gününü qeyd edir. Həmin gün BMT Baş Assambleyasının 1993-cü il qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən etibarən keçirilir. Ailə gününün təsisində məqsəd dünya miqyasında bütün insanların diqqətini ailələrə və onların problemlərinin həllinə yönəltməkdir.

Azərbaycanda dövlət tərəfindən ailələrin rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Ailə institutunun inkişafı istiqamətində fərman və sərəncamlar imzalanıb, proqramlar həyata keçirilir. Ailə dəyərlərinin qorunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədilə xeyli işlər görülür.

 

Çoxuşaqlı ailələr tarixə qovuşur?

Ümumi ailə məfhumu ilə yanaşı, ölkəmizdə var olan iki milyondan çox ailənin hər birinin də öz yaşam formulu, qanunları və xoşbəxtlik sirri hesab etdiyi amillər var.

Məsələn, Bakıda yaşayan Nəsir və Xədicə İmranovlar möhkəm ailə bağlarını, xoşbəxtliklərini həm də çoxuşaqlı ailə olmalarında görürlər.

Bir haşiyəyə çıxaq ki, Azərbaycan ailələri hər zaman çoxuşaqlı olmaları ilə seçilib. Ailələrdə ən azı dörd övlad böyüyüb, yeddi, səkkiz, hətta on, on iki uşağın olduğu ailələrin sayı da xeyli çox olub. Vaxtilə çoxuşaqlı analara "Qəhrəman ana" fəxri adı belə veriblər. Amma müasir zamanın diktəsi ilə bu tendensiya əksinə inkişaf edib və bu gün ölkəmizdə çoxuşaqlı ailələrin sayı xeyli azalıb.

Elə biz də xeyli soraqlaşandan sonra İmranovlar ailəsi ilə tanış ola bildik.

1994-cü ildə qurulan bu ailəyə Tanrı yeddi övlad bəxş edib, dörd oğlan, üç qız. Ailənin 24 yaşlı böyük oğlu ilə 20 yaşlı qızı hazırda Rusiyada tibb sahəsi üzrə təhsil alır. Digər beş uşağın hamısı məktəblidir, böyüyü 11-ci, ən kiçiyi isə 2-ci sinifdə oxuyur. Uşaqlar dərslə yanaşı, idmana, musiqi məktəbinə də gedirlər. Ana evdar qadın, ata isə sürücüdür.

Xədicə xanım deyir ki, özü 3 uşaqlı ailədə böyüdüyü üçün, hər zaman böyük ailəsi olmasını arzulayıb: "Uşaqları həddindən çox sevirəm. Həmişə arzulayırdım ki, çox övladım olsun, birinə dərs öyrədim, birinə yemək verim, digərini yatızdırım... İndi arzularımı yaşayıram, Allahdan necə istəmişəmsə, elə də olub..."

Ailənin xanımı bildirir ki, övladlarının heç birini bağçaya qoymayıb, elə evləri bir növ bağça kimi olub. Uşaqlar bir-biri ilə oynayıb, bir-birilərinə qayğı göstəriblər, nəzarət ediblər və beləcə böyüyüblər: "Çoxuşaqlı ailə olmağın müsbət cəhətləri çoxdur. Belə ailə hər zaman bir-birinə arxadır, dayaqdır. Sosial, maddi baxımdan müəyyən çətinliklər də olur, amma bir az səbirli olmaq lazımdır. Necə deyərlər, Allah övladlarımızın ruzisini yetirir".

Nəsir İmranov isə söhbət əsnasında xüsusilə qeyd etdi ki, bütün ailələrimizə, o cümlədən də çoxuşaqlı ailələrə dövlətin diqqət və qayğısı olmasa, əlbəttə ki, böyük ailə saxlamaq mümkün olmazdı.

 

Ana-ata borcu

Valideynlərin ən böyük arzusu digər beş övladlarının da təhsil alması, peşə sahibi olub əllərinin çörəyə çatması, xoşbəxt ailə qurmalarıdır.

Bu böyük ailənin qoşa dirəyi olan ana və ata deyir ki, uşaqlarını hərtərəfli böyütmək, onları yararlı insan kimi tərbiyələndirib, yaxşı özül qoymaq, həyatda möhkəm qədəmlərlə dayanmalarına kömək etmək üçün son nəfəslərinə qədər çalışacaqlar. Və bunu özlərinin müqəddəs borcu hesab edirlər.

Ötən ilin statistikasına əsasən, ölkəmizdə 5-dən çox uşağı olan ailələrin sayı 2500-ə yaxındır. Onların uşaqlarının sayı isə 10 mindən çoxdur. Belə ailələrə əlavə güzəştlər də tətbiq olunur.

Prezidentin ötən il imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncama əsasən, beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) müavinət 70 manatdır.

Qeyd edək ki, müavinət hər bir uşağın 18 yaşı tamam olanadək ödənilir.

 

Maddi çətinliklər, zaman qıtlığı

Müasir ailələrin əksəriyyətində bir, yaxud iki uşaq böyüyür. Özlərinin də bir övladı olan Amil və Aysel cütlüyü isə bu halı maddi çətinliklər və uşaqlara ayıracaq zaman yoxluğu ilə izah edirlər. Amil bildirir ki, hazırda onlar üçün yaşam şərtləri çətindir və hər şey üçün böyük maddi təminat tələb olunur. O cümlədən uşaqların təminatı, onların təhsil, sağlamlıq və sair tələb olunan xərclərini ödəmək asan olmur: "Düşünürəm ki, yalnız bir uşağa baxmaq üçün maddi imkanımız yetərlidir. Çalışırıq ki, övladımızı hərtərəfli təmin edək, təhsil verək. Bu baxımdan da hesab edirəm ki, artıq iki və ya daha çox övladımız olarsa, onların lazımi tələblərini qarşılaya bilməyəcəyik".

Aysel də həyat yoldaşı ilə eyni fikirdədir və əlavə olaraq qeyd edir ki, hər ikisi çalışdıqları üçün, hətta bir övladlarına da ayırmağa kifayət qədər vaxtları olmur. Uşaqları iki və ya bundan çox olarsa, sözügedən problem daha qabarıq özünü göstərər.

 

Sonsuzluq son deyil

Birmənalı olaraq Azərbaycan ailələri özlərini övladsız təsəvvür etmirlər. Hətta boşanmalar da bir çox halda övlad yoxluğu üzündən baş verir. Amma bu hal bütün ailələr üçün keçərli deyil. 15 ildir ki, Elnur və Hədiyyə (adlar şərtidir) ailəlidir, amma müəyyən tibbi səbəblərdən övladları olmayıb. Hədiyyə deyir ki, övlad sahibi olmaq üçün bütün tibbi çarələrə baş vurublar, amma nəticə sevindirici olmayıb: "İlk vaxtlar Elnur da, mən də buna görə çox pis olur, özümüzü dünyanın bədbəxti hesab edirdik. Amma zamanla bir-birimizə mənəvi, psixoloji cəhətdən dəstək, dayaq olduq və bu fikirləri beynimizdən uzaqlaşdırdıq. Bir-birimizi çox sevib ailə qurmuşuq. Buna görə də düşünürük ki, təməli möhkəm, xoşbəxt ailə olmaq sadəcə övlada bağlı deyil".

Cütlük onu da qeyd edir ki, bu problemdən də çıxış yolu var və onlar indi olmasa da, qarşıdakı illərdə ya qohumdan, ya da uyğun qurumlardan övladlığa uşaq götürməyi fikirləşirlər.

 

Qurulan ailələrin, dağılan tifaqların rəqəmlərdə əksi

2021-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 314 nikah və 17 191 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2020-ci ilə nisbətən 60 faiz artaraq onun səviyyəsi 5,6, boşanma səviyyəsi isə 13,3 faiz artaraq 1,7 təşkil edib.

Nikah səviyyəsi Bakı şəhərində, Şəki-Zaqatala, Dağlıq Şirvan, Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında, boşanma səviyyəsi isə Bakı şəhərində, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9606 nikah və 2505 boşanma halı qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5-dən 5,9-a qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

Ailələrin dağılması ən müxtəlif səbəblərdən baş verir. Nikahın pozulmasının qeydə alınması zamanı əsasən vətəndaşlar xasiyyətlərinin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluğa, narkomaniyaya aludəçilik, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələri səbəb kimi göstərirlər.

 

Sevginin gözü kordur, yoxsa...

"18 yaşımda qoşulub qaçmışam. İndi min dəfə qınadığım bu səhv addımımı isə görünür, o zaman sevgi gözümü kor etdiyi üçün atmışam... Ailə qurduğumuz ilk gündən içki düşkünü olan yoldaşımdan şiddət görməyə başladım. O, hansısa zərərli dərmanlar da qəbul edirdi və daim mənə qarşı qəzəbli olur, şübhəçi, qısqanc ittihamlarla suçlayırdı, döyürdü, təhqir edirdi. Ailəmin dağılmaması, övladımın atasız böyüməməsi üçün  bu vəziyyətə dözüb 5 il yaşadım.  Amma davamlı şiddətin, təhqirin yaşandığı bir ailədə böyümək uşağın da psixoloji sarsıntı keçirməsinə səbəb olurdu. Özüm döyülməyə də, təhqirə də, hər şeyə də dözərdim, lakin gözüm görə-görə övladımın da mənimlə bərabər əzab çəkməsinə heç cür razı ola bilməzdim. Buna görə də qəti qərarımı verdim və boşandım".

İndi 7 yaşlı oğul övladını tək böyüdən Vüsalə (ad şərtidir) deyir ki, təbii ki, həm maddi, həm də mənəvi cəhətdən çətin dönəm yaşayır: "Hansı səbəbdən olur-olsun, cəmiyyətimizdə boşanmış qadına qarşı yanlış təsəvvürlər var. Tabu şəklində belə bir səhv fikir də formalaşıb ki, qadın ailədə qarşılaşdığı bütün problemlərə, şiddətə, zorakılığa dözməli və boşanmanı ağlının ucundan belə keçirməməlidir. Təbii ki, mən də bu cür ictimai qınaqla, təpkilərlə qarşılaşdım. Amma ailəm bütün bu çətin günlərimdə məni tək qoymadı, yanımda oldu. İndi özüm işləyirəm, ailəmin də köməyi ilə övladıma baxıram..."

Vüsalə onu da vurğulayır ki, heç kəsə ailəsinin dağılmasını arzulamır, amma bəzən tale elə gətirir ki, son çarə elə ailənin dağılması olur...

 

Günahsızlar

Boşanmaya gətirib çıxaran səbəblərdən asılı olmayaraq, dağılan ailələrin birinci qurbanı uşaqlar olur. Dəhşətli travma, böyük psixoloji gərginlik yaşayırlar. Amma istisnalar da yox deyil...

Arzunun (ad şərtidir) da valideynləri o, 9 yaşında olarkən boşanıb. Arzu anası ilə qalıb. Bir neçə ildən sonra isə anası da, atası da başqa şəxslərlə ailə qurublar, Arzunun həm anabir, həm atabir bir neçə bacı-qardaşı olub: "Yadımdadır, anamla atam birgə yaşayanda hər gün ailəmizdə qanqaraçılıq, dava olurdu. Onlar heç cür bir-biri ilə yola getmirdilər. Nə atamın, nə də anamın üzünün güldüyünü görməmişdim. Qəribədir ki, onlar ayrılıb hərəsi başqa ailə qurandan sonra hər şey tamamilə dəyişdi. O kədərli, qaş-qabaqlı insanlar tamamilə dəyişdilər. Kənardan da açıq-aydın görünürdü ki, hazırkı həyatlarından razıdırlar. İndi mən növbəli şəkildə həm anamgildə, həm də atamgildə yaşayıram. Xeyli bacı-qardaşımın olduğu böyük bir ailəm var..."

 

Yetər ki, xoşbəxt olmaq istəyək

Mütəxəssislər apardıqları araşdırmalara əsasən belə qənaətə gəliblər ki, evliliyin ilk 5 ili ən kritik dövrdür. Çünki müxtəlif dünyagörüşlü, fərqli xarakterlərə malik insanların qısa zaman ərzində bir-birini olduğu kimi qəbul etməsi, uyğunlaşması asan olmur. Buna görə də bu günün ailəsinin gələcək xoşbəxtliyi ailə quracaq cütlüklərin sevgisindən, ailənin əsl mahiyyətinə vararaq bu yola qədəm qoymalarından asılıdır.

Yenicə nişanlanan Günay İsmayılova da xoşbəxt ailə sirrini qarşılıqlı anlaşmada gördüyünü bildirir: "Tərəflərin hər ikisinin şəxsi mənafeyini kənara qoyub, bir-biri üçün çalışdığı məqamda xoşbəxtlik yaranar. Düşünürəm ki, gənclər ailə məsuliyyətini dərk edərək, çətinliklərə birgə sinə gərə biləcəklərinə inanaraq ömür yollarını birləşdirməlidirlər. Eyni zamanda qarşılıqlı hörmət, ən əsası, sevgi, gələcəyə ümidlə baxmaq xoşbəxt ailə üçün vacib əsaslardır. Məncə, qurduğumuz ailənin necə formalaşması öz əlimizdədir, yetər ki, xoşbəxt olmaq istəyək".

Çağdaş dünyamızda nikah şəhadətnaməsinə imza atılmayan, buna lüzum görülməyən "ailə"lər də var. Belə "ailə"lərdə bir-birini sevən insanlar rəsmi nikaha girmədən birgə xoşbəxt ömür sürürlər. Düzdür, Azərbaycan mentaliteti və qanunlarına uyğun olmayan bu "ailə" modelinə daha çox əcnəbi ölkələrdə rast gəlirik, amma istənilən halda bu da insanların qarşılıqlı sevgi şəraitində yaşadığı sosial birlikdir.  

 

"Mən" və "sən"dən var olan "biz"

Ailə nədir? Xoşbəxt ailənin formulu necədir? 

Bu sualların cavabını bəzi ailələrimizin timsalında açıb göstərməyə çalışdıq. Kimisinin fikrincə, xoşbəxt ailə sevginin, səbrin, dözümün, zəhmətin üzərində qurulur. Kimisi övladda, kimisi qarşılıqlı hörmətdə görür ailənin möhkəm təməlini. Bəlkə də elə sadalananların hamısıdır ailəni var edən qüvvə...

O da var ki, ailə hansısa sözlərlə ifadə ediləcək bir məfhum da deyil. Ailə hisslər üzərində qurulan bir bağ olduğu üçün onu sözlə ifadə etmək, hansısa modelə uyğunlaşdırmaq, çərçivələrə sığışdırmaq mümkünsüzdür...

Ailə həyatda rastlanan ağrı-acının, sevincin, kədərin iç-içə yaşandığı bir dünyadır.

Ailə olmaq çətinliklərlə birgə mübarizə aparıb həyatda güclü qala bilməkdir.

Və əslində, ailə olmaq hər ana sonsuz xoşbəxtlik sığdırmaq, "mən" və "sən"dən "biz"i var etməkdir...

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video