09 Sentyabr 2022 00:51
978
SİYASƏT

“Ağıllı", modern, əzəmətli…

 

Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzura qayıdacaq vətəndaşları üçün ən yüksək həyat standartlarını tətbiq edir

 

Vətən müharibəsindəki qələbə Azərbaycanın müasir tarixində yeni dövrün başlanğıcı olmaqla yanaşı, ölkədə gedən inkişaf və quruculuq proseslərini də yeni mərhələyə yüksəltdi. Bu mərhələdə prioritet işğaldan azad olunmuş bütün ərazilərimizin bərpa edilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşünün təmin olunması və bunun üçün hər bir imkanın yaradılmasıdır.

 

Təkmil idarəçilik

 

2020-ci ilin noyabrından isə dünya Prezident İlham Əliyevin möhtəşəm quruculuq əzminə şahidlik edir. Qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinin miqyası olduqca əzəmətlidir. İşğaldan azad olunmuş ərazilərimizdə infrastrukturların bərpası ilə başlayan layihələr indi bir çox sahələri əhatə edir. Quruculuq işləri zamanı bu ərazilərin təbii ehtiyatlarından və iqtisadi resurslarından səmərəli istifadə edilməsi də diqqət mərkəzindədir.  Azad olunmuş torpaqlar tədricən  kənd təsərrüfatına da cəlb edilir və əkin-biçin işləri aparılır.
Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində fəaliyyət həm də idarəçilik baxımından təkmil formada həyata keçirilir.  Bu ilin iyul ayında Prezident İlham Əliyevin fərmanları ilə "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" və "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxslərinin yaradılması bunu təsdiqləyir. Qeyd edək ki, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bu iqtisadi rayona daxil olan işğaldan azad edilmiş ərazilərə (Şuşa rayonu istisna olmaqla) əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti isə Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, çoxmənzilli binaların idarə edilməsi, müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

 

İlham ƏLİYEV: "Öz gücümüzə arxalanırıq"

 

Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin bir istiqamətini yaşayış yerlərinin bərpası təşkil edir. Artıq bu sahədə bəzi layihələrin icrası başa çatıb. Buna misal kimi Zəngilan rayonunda Ağalı kəndinin bərpasını göstərmək olar.  Ağalı kəndinə əhalinin köçürülməsi Böyük qayıdışın ilk qədəmləridir. Yenidən qurulan kənddə artıq yeni həyat başlayıb.  Ağalı kəndində "ağıllı kənd" konsepsiyasının hər üç komponenti - "ağıllı dövlət idarəçiliyi", "ağıllı infrastruktur və xidmətlər", "ağıllı təsərrüfat və biznes mühiti" yaradılıb. 
Azad edilmiş digər rayonlarda da doğma yurdlarına qayıdacaq vətəndaşlar üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Ötən ildən başlayaraq şəhərlərin baş planları təsdiq edilir, yaşayış binalarının təməli qoyulur. İndiyə kimi Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Şuşa şəhərində birinci məhəllənin, Cəbrayıl və Füzuli şəhərlərində ilk çoxmənzilli yaşayış məhəllələrinin təməli qoyulub. Təsdiq olunan baş planlara əsasən, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın rahat həyat şəraiti təmin olunacaq. 
Bütün bunlar isə Azərbaycan dövlətinin öz maddi imkanları hesabına həyata keçirilir. Bu il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində Prezident İlham Əliyev bununla bağlı deyib:  "Bu, böyük bir prosesdir və onu da bildirməliyəm ki, biz bu işi dövlət büdcəsi hesabına edirik. Heç bir yerdən heç bir yardım almamışıq, heç bir kredit almamışıq, heç bir ianə, yaxud da ki, bir hədiyyə almamışıq, öz gücümüzə arxalanırıq, necə ki, həmişə belə yaşamışıq, gücümüz qədər nailiyyətlər də əldə etmişik".
Doğma torpaqlarından köçkün düşmüş soydaşlarımızın geri qayıtması üçün həyata keçirilən layihələr "ağıllı kənd", "ağıllı şəhər" konsepsiyalarına əsaslanır. Bu həm də ondan xəbər verir ki, Azərbaycan dövləti öz vətəndaşları üçün ən yüksək standartları tətbiq edir. O cümlədən Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" zonası yaradılır ki, bu da müasir qlobal çağırışların Azərbaycanda uğurla reallaşdığını göstərir.
Xatırladaq ki, 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurun bərpası məqsədilə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdı. 2022-ci ilin dövlət büdcəsində də bu həcmdə vəsait nəzərdə tutulmuşdu. Lakin bu ilin iyun ayında dövlət büdcəsinin gəlir və xərcləri artırılıb. Artan büdcə gəlirlərinin 470 milyon manatı işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldilib. Beləliklə, son iki ildə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasına ümumilikdə  5 milyard manata yaxın vəsait ayrılıb.
Sentyabrın  7-də Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsə ilkin olaraq 3 milyon manat, bu işlərin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında həyata keçirilməsi üçün isə "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb.
Bu vəsaitlərin ayrılması bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası işləri sürətlə gedir və dövlət tərəfindən lazım olan bütün tədbirlər həyata keçirilir. Azad olunmuş ən ucqar ərazilər belə indi tikinti meydanını xatırladır. Bütövlükdə işğaldan azad olunmuş bütün ərazilərimizdə doğma yurdlarına qayıdacaq insanlarımız üçün ən müasir həyat standartları yaradılır.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video