28 May 2022 02:25
1306
SİYASƏT
A- A+

AĞDAMIN YENİ İNTİBAHI

 

Onun müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir

 

20 noyabr 2020-ci il...

28 may 2021-ci il...

Bu iki gün ağdamlılar üçün ən əziz və unudulmaz tarixlərdir!

Biri Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Ağdamın erməni işğalından azad olunduğu gündür!

Digəri Prezident İlham Əliyev tərəfindən yeni Ağdam şəhərinin təməlinin qoyulduğu gündür!

Hər iki tarixi Azərbaycan xalqının xilaskar oğlu, 44 günlük Vətən müharibəsinin qəhrəmanı və qalibi cənab İlham Əliyev yaradıb!

Cənab İlham Əliyev 10 noyabr 2020-ci il qələbəsinə imza atmaqla təkcə ağdamlıların deyil, bütün Azərbaycan xalqının, türk dünyasının ən qüdrətli şəxsiyyətlərindən, qəhrəman sərkərdələrindən biri olduğunu sübuta yetirdi!

Beş əsr ərzində ilk dəfə işğal edilmiş Azərbaycan torpaqlarını geri qaytardı!

İkiəsrlik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə möhtəşəm zəfərlə son qoydu!

Azərbaycan xalqını qalib xalqa, alnıaçıq, üzügülər xalqa çevirdi!

Dediyi sözü, verdiyi vədi şərəflə yerinə yetirdi!

Hərbi əməliyyatlar başa çatan kimi dərhal Qarabağın dirçəldilməsi, yenidən tikilib qurulması prosesinə start verdi!

Bir ildən çoxdur ki, Qarabağda, Şərqi Zəngəzurda gecə-gündüz iş dayanmır!

Bir tərəfdən ölüm təhlükəsi sayılan minalar təmizlənir, digər yandan zəruri infrastrukturun yaradılması, böyük qayıdışın sürətlə baş tutması üçün planlı qaydada quruculuq aparılır.

Cənab İlham Əliyev Qarabağı cənnətə çevirəcəyinə söz verib!

Sözü ilə əməli bir olan Prezidentimiz Mehriban xanım Əliyeva ilə əl-ələ verərək Qarabağın maddi və mənəvi intibahı üçün yorulmadan çalışırlar!

Azərbaycan xalqı inanır ki, bu istək tezliklə baş tutacaqdır!

Məcburi köçkünlər əmindirlər ki, lap qısa zamanda əzəli torpaqlarına, doğma yurd-yuvalarına qayıdacaqlar!

***

Faşist Nıjdeyə abidə ucaldan ermənilər babalarına layiq nəvə olduqlarını, faşistlərdən də çox vəhşilik etdiklərini Qarabağ müharibəsindəki əməlləri ilə hamıya göstərdilər.

İşğal edilən ərazilərdə bir dənə də salamat tikili, toxunulmamış ev qalmayıb.

Göz nə görürsə, işğal dövründə hamısını söküb dağıtmış, "dostları" ilə əlbir olaraq talamışlar.  

İndi dünyanın hər yerindən Qarabağa gələnlər yalnız yerləyeksan olunmuş yaşayış məntəqələri, dağıdılmış məscidlər, qəbiristanlıqlar, yollar, körpülər görürlər.

Həm də erməni vandallığının, erməni vəhşiliyinin və alçaqlığının canlı şahidinə çevrilirlər.

***

Ermənilər Ağdama qarşı xüsusi qəddarlıq və dağıdıcılıq törətmişlər.

Çünki Ağdam əvvəldən axıradək onlarla döyüşdü, respublikanın hər guşəsindən köməyə gələn igidlərlə birgə düşmənə sarsıdıcı zərbələr vurdu, necə deyərlər, öz qisaslarını qabaqcadan aldılar!

Əgər həmin dövrdə Azərbaycana Heydər Əliyev kimi dahi şəxsiyyət, İlham Əliyev kimi qüdrətli sərkərdə rəhbərlik etsəydi, düşmən nəinki Ağdamı, heç Azərbaycanın bir qarış torpağını belə ala bilməzdi!

Çox təəssüf ki, Birinci Qarabağ müharibəsi ərəfəsində və dövründə Azərbaycana Ə.Vəzirov kimi manqurt, A.Mütəllibov kimi qorxaq və qətiyyətsiz adamlar başçılıq edirdilər.    

Xalqı aldadaraq, şirin vədlər verərək milli-azadlıq hərəkatının dalğaları üzərində iqtidara gələn AXC-Müsavat cütlüyü isə təkcə təcrübəsizliyi və naşılığı ilə deyil, üstəlik şəxsi maraqlara xidmət etmələri, ciblərinin hayına qalaraq Vətən torpaqlarının işğalına şərait yaratmaları kimi xəyanətkar əməllərlə də yadda qaldılar!

Arxasız, köməksiz, ordusuz, silahsız və sursatsız qalan insanlar min bir əziyyətlə tikdikləri evlərini, doğma obalarını tərk edərək canlarını götürüb qaçmaq məcburiyyətində qaldılar.

Arxalı köpək qurd basar - demişlər.

Düşmən isə bütün acığını və heyifini daşdan, torpaqdan, evlərdən, obalardan, bağlardan, meşələrdən, çaylardan, yollardan - bir sözlə, gözünə nə göründüsə, ondan çıxdı!

***

"Dəmir yumruğ"u ilə düşmənin başını əzən, xain gözlərini ovub çıxaran Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün Qarabağı və Şərgi Zəngəzuru sürətlə, böyük sevgi və məhəbbətlə, əsl qurucu liderə xas olan məharətlə tikir, qurur!

Yüz minlərlə məcburi köçkünün ən müqəddəs arzusunu həyata keçirir!

Milyonlarla Azərbaycan vətəndaşının istəyini gerçəkləşdirir!

Cənab İlham Əliyev təkcə görkəmli dövlət xadimi, mahir siyasətçi və diplomat kimi tanınmır.

Dünya onun həm də qurucu rəhbər, yüksək zövq sahibi olan nəhəng inşaatçı olduğuna şahiddir.

Azərbaycana rəhbərliyi dövründə Bakını necə sürətlə və zövqlə tikdiyinə, abadlaşdırdığına, dünyanın ən gözəl şəhərlərindən birinə çevirdiyinə paytaxtımıza gələn hər bir əcnəbi qonaq, turist şahidlik edir, heyrət və razılığını ən xoş sözlərlə ifadə edir.

İndi isə növbə Qarabağındır!

İlham Əliyevin düşmən əsarətindən xilas etdiyi Qarabağ!..

Yeni, ikinci intibahını gözləyən Qarabağ!..

***

Qarabağın ilk intibahı Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə baş vermişdi!

Başda Ağdam olmaqla, bu qədim bölgədə Heydər Əliyevin nəhəng fəaliyyəti sayəsində iqtisadi, mədəni, quruculuq sahəsində böyük uğurlar qazanılmışdı.

Kənd təsərrüfatı sürətlə inkişaf etdirilmiş, sənaye müəssisələri tikilmişdi.

Hər rayonun coğrafi mövqeyinə və təbii imkanlarına uyğun olaraq təsərrüfat sahələri yaradılmış, pambıqçılıq, heyvandarlıq, üzümçülük, yemçilik, bağçılıq, baramaçılıq, arıçılıq və digər sahələr inkişaf etdirilmiş, yeni texnikanın tətbiqinə, əmək məhsuldarlığının yüksəldilməsinə, insanların gəlirlərinin, sosial rifahlarının yaxşılaşdırılmasına nail olunmuşdu.

Gəlirləri və bütövlükdə qazancları artan kənd əməkçiləri özlərinə ağ mişar daşlarından yeni evlər tikdirmiş, minik maşınları almış, məişət şəraitlərini xeyli yüksəltmişdilər.

Ulu Öndərin təşəbbüsü ilə rayon mərkəzləri də əsaslı şəkildə tikilərək abadlaşdırılmış, çoxsaylı yaşayış evləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəni-maarif ocaqları inşa edilmişdi.

Qarabağ camaatı ağ günlərə çıxmışdı...

Lakin xoşbəxt günlər çox da uzun çəkmədi:

* Ulu Öndər Heydər Əliyev Moskvaya yüksək vəzifəyə aparılaraq müvəqqəti olaraq Azərbaycandan ayrıldıqdan...

* Qorbaçov "yenidənqurma" adı ilə SSRİ miqyasında oyunbazlığa başladıqdan....

* Alət millət olan ermənilər üstümüzə qısqıdılaraq "Dağlıq Qarabağ problem" adlı məkrli oyunlara rəvac verildikdən...

* Azərbaycan başsız və sahibsiz qaldıqdan sonra hər şey dəyişdi!

Xoş günləri qara günlər əvəz etdi!

Sonda isə 27 il çəkən möhnət başladı:

* 27 il Qarabağa, doğma el-obaya həsrət qaldıq!

* 27 il çadır şəhərciklərində ehtiyac və dərd çəkdik!

* 27 il insanlar əmanət qəbirlərdə doğma qəbiristanlığa qayıdacaqları günü gözlədilər...

* 27 il məğlub, diligödək, gözükölgəli millət kimi gəzdik!

Az qala ümidimizi də itirmişdik!

***

Ulu Öndər yenidən ölkə rəhbərliyinə qayıdanda sanki üstümüzə gün doğdu.

İtmiş inamımız geri dönməyə başladı.

Görülən işlərə, Ulu Öndər Heydər Əliyevin yeritdiyi siyasətə baxıb özümüzə gəldik.

Yeni tikilən qəsəbələrə köçürüldük, güzəranımız xeyli yaxşılaşdırıldı.

Vətən həsrəti isə heç zaman bizi tərk etmədi...

İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən xalqın sevgi və məhəbbətini qazandı.

Ona inandıq, inandıq ki, bizi hökmən geriyə, doğma torpaqlarımıza qaytaracaqdır!

Dövləti gücləndirdi, Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi, Cənubi Qafqazın ən güclü dövlətinə, söz sahibinə çevirdi, qüdrətli ordu qurdu, onu ən müasir silahlarla silahlandırdı, xalqın milli birliyinə nail oldu.

Hər işi vaxtında, lazımi qaydada gördü.

Düşmənin ipə-sapa yatmadığına, sülhə gəlmək istəmədiyinə əmin olduqda isə "dəmir yumruğ"unu işə saldı!

44 gün ərzində Azərbaycan tarixinin ən möhtəşəm zəfərinə imza atdı, düşməni qarşısında diz çökdürərək kapitulyasiya aktını imzalatdırdı!

Beləliklə, bizi çoxdan gözlədiyimiz, həsrətini çəkdiyimiz böyük qələbəyə qovuşdurdu!

***

Prezident İlham Əliyev biz ağdamlılara bir il bundan əvvəl daha böyük sevinc yaşatdı: Ağdam ictimaiyyətinin nümayəndələri ilə, hamımızın gözü qarşısında yeni Ağdamın, Ağdam şəhərinin təməlini qoydu!

Həmin tədbir iştirakçılarına daha bir xoşbəxtlik də nəsib oldu: Ağdam şəhərinin bünövrəsinə hərə bir bel-lapatka beton məhlulu tökdü!

Beləliklə, rəmzi olaraq yeni Ağdamın təməlini qoyanlardan birinə çevrildilər!

Həm də bu hadisə çox mühüm tarixi gündə baş verdi: 28 mayda!

Respublika Günündə - Bu ildən Müstəqillik Günü kimi qeyd olunan möhtəşəm bir tarixdə!

Bu tarixi də Müzəffər Ali Baş Komandan İlham Əliyev özü müəyyən etmişdi.

Mərasimdəki çıxışı zamanı dedi: "Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, Müstəqillik Günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı yerinə yetirdi".

***

Düz bir il keçir həmin görüşdən!

İztirablı 27 ildən sonra baş tutan görüşdən!

Amma həmin görüş bütün ağdamlıların xatirəsində əbədi yaşayacaq, nəsillərdən-nəsillərə ötürüləcəkdir!

Çünki həmin görüşlə yeni Ağdamın intibahı başlayır!

Yeni Ağdamın bünövrəsi qoyulurdu!

Özü də 44 günlük Vətən müharibəsinin baş qəhrəmanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə!

Qoyulan hər bir bünövrəyə Prezident İlham Əliyev öz əli ilə beton qarışığı tökürdü!

Hər tikintinin təməlinə öz imazısını atırdı.

Bəli, Ağdamı, Şuşanı, külli Qarabağı erməni alçaqlarından azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağı öz əlləri ilə dirçəltməyə, cənnətə çevirməyə başlayıb!

Bu möhtəşəm quruculuğa isə Ağdamda start verdi.

***

Həmin unudulmaz görüşdə hər birimiz nəfəs dərmədən Prezidentimizə qulaq asır, dediyi hər sözü, söylədiyi hər fikri dərk etməyə, yaddaşımıza həkk etməyə çalışırdıq.

Sözlər isə yeni tarixi dövrün, Qarabağın dirçəliş dövrünün başlanmasından xəbər verirdi.

Yaddaşları təzələmək üçün cənab İlham Əliyevin Ağdamdakı çıxışından bəzi parçaları yenidən xatırlatmaq istəyirəm:

"Hesab edirəm ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş plan artıq təsdiqlənir".

Sonra Prezidentimiz görüşdən qabaq təməlini qoyduğu yeni obyektlər barədə fərəhlə məlumat verdi:

"Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu. Siz yaxşı bilirsiniz ki, bu məktəbin çox böyük tarixi var. 140 illik tarixi var. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda mənim göstərişimlə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. "İmarət" kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda "İşğal" muzeyi və "Zəfər" muzeyi konsepsiyası mənə təqdim edildi. Yer seçildi və həm "Zəfər", həm "İşğal" muzeyləri çox möhtəşəm olacaq. Digər obyektlər, digər tədbirlər, böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası "yaşıl enerji" zonası olacaq. Bütün şəhərlər "ağıllı şəhər" konsepsiyası əsasında qurulacaq".

***

Ağdamlılar zarafat etməyi sevir.

Zarafatlardan biri Ağdamda tramvayın işləməsi ilə bağlı idi.

Görüşə gecikənlər "tramvayla gəlirdim, ona görə yubanmışam" - deyirdilər!

Yeni Ağdamda isə zarafatsız, həqiqətən tramvay işləyəcəkdir!

Həm də ən müasiri, elektriklə işləyən, təkərsiz tramvaylar küçələrdə cövlan edəcəkdir!

Bəli, Prezidentimiz göstəriş veribdir ki, dünyanın harasında yaxşı, yeni nə varsa, hamısından Ağdamda da olmalıdır!

MƏSƏLƏN:

* Yeni Ağdamda ən gözəl layihələrlə tikilmiş yaraşıqlı ictimai və yaşayış binaları olacaqdır!

* Motorlu qayıqların üzəcəyi 2 kilometrlik su kanalları çəkiləcəkdir!

* İnsanların dincəlməsi, zövq alması üçün göl yaradılacaq, şəlalə axacaqdır!

* 79 kilometrlik velosiped yolu istifadəyə veriləcəkdir.

* Ağdamın öz dağüstü parkı, cürbəcür karuselləri olacaqdır!

Yeniliklərin hamısını sadalamaq istəmirəm, çünki ən qısa müddətdə onların çoxunu öz gözlərimizlə görəcəyik!

***

Ağdamın yenidən tikilib qurulmasında və insanların geriyə qayıtmasında ən böyük maneə ərazilərin minalardan təmizlənməsidir!

Bu sahədəki maneə isə ermənilərin öz alçaq xislətlərinə sadiq qalaraq minalanmış sahələrin xəritələrini verməkdən müxtəlif vasitələrlə boyun qaçırmaları və verdikləri xəritələrin dəqiq olmamasıdır.

Eybi yox!

Düşmənin başını "dəmir yumruğ"u ilə əzərək torpağı geri qaytaran, onu ölüm təhlükəsi sayılan minalardan da təmizlədəcəkdir və bu sahədə də sürətli, səmərəli iş gedir!

Artıq bir il ərzində xeyli iş də görülmüşdür.

***

Böyük qayıdış yoldan başlayır...

Yol təkcə insanların rahatlığı üçün deyil!

Yol görüləcək bütün işlərin - material daşınması, digər infrastrukturun yaradılması, bütün layihələrin gerçəkləşdirilməsi və quruculuq işlərinin sürətlə getməsində əsas vasitədir.

Ötən bir ildə dörd hərəkət zolaqlı, ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam avtomobil yolunda sürətli iş gedib.

Həmin yolun davamı olan və Ağcabədi ilə Füzulini birləşdirən yeni yol da sürətlə tikilir.

Yol infrastrukturunun çox mühüm hissələrindən biri olan Bərdə-Ağdam dəmir yolunda isə tikinti işlərinin 50 faizi görülüb.

190 hektarlıq Ağdam Sənaye Parkında bir sıra mühüm işlər görülüb. Buraya 50 milyon manatdan çox investisiya yatırılacaq və hələlik 9 şirkətlə müqavilə imzalanıb.

Görüləcək bir sıra zəruri işlərin isə layihələri hazırlanır. Bunların sırasında Ağdam şəhərini içməli su ilə təmin edəcək "ağıllı su" layihəsini, şəhərin tullantı və yağış sularının idarə edilməsi layihəsini, habelə Ağdamdan, Əsgərandan keçməklə Şuşaya çəkiləcək yeni yolun planlaşdırılmasını qeyd etmək olar.

Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidinin bərpası ilə bağlı işlərə başlanılması da hamını sevindirir.

***

Torpaq uğrunda ölən varsa, Vətəndir - deyilib!

Bunu həm Birinci Qarabağ, həm də Vətən müharibəsində igidliklə döyüşən, milliyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı sübut edib!

Bu gün bütün şəhidlərimizi ehtiramla yad edir, ruhlarına dualar oxuyuruq!

Bu gün bütün qaziləri, müharibə iştirakçılarını hörmətlə anırıq, minnətdarlığımızı bildiririk.

Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qəhrəmanlığı, üç cəbhədə - hərb, diplomatiya və informasiya müharibəsindəki qələbəsi ilə hədsiz qürur və iftixar hissi keçirir, fəxr edirik!

Məhz onların sayəsində biz bütün Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtdıq!

Həm də döyüşərək, təkcə erməniləri yox, bütün havadarlarını da məğlub edərək!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Otuz il bizə meydan oxuyan, bizim əsəbilərimizlə oynayan, xalqımızı təhqir edən, özündən uydurma qəhrəman düzəldən düşmən diz çökdü bizim Qarabağımızda, ağ bayraq qaldırdı, təslim oldu və kapitulyasiya aktına imza atdı. Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik və bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq".

Həm də Qarabağı, Şərqi Zəngəzuru dünyanın ən gözəl guşələrindən birinə çevirəcəyik!

Ağdam Azərbaycandır!

Qarabağ Azərbaycandır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video