22 Iyun 2022 04:00
1857
CƏMİYYƏT
A- A+

Ağdamın ağ gələcəyi olacaq

 

Natiq CAVADOV: "Prezident İlham Əliyev yeni Ağdamın timsalında tarixlə müasirliyin çuğlaşdığı, dünya üçün örnək olan şəhərin əsasını qoyub"

 

Səhəri dirigözlü açmış və sübh ala-qaranlıqdan Vətənə aparan müqəddəs bir yola çıxmışdı...

Ta üfüqə kimi uzanan zümrüd çəmənliklərin arası ilə qıvrıla-qıvrıla gedən bu yolla irəlilədikcə xoşbəxt xəyallara dalmış, ruhən özünü doğma Ağdamda, Əliağalı kəndində hiss etmişdi...

Görmüşdü ki, yenə bahar çağıdır, Kolanı elinin yaşıl meşəli dağlarının qoynunda saldığı Əliağalını ortadan yarıb keçən Xaçın çayı xoş zümzümə ilə çağlayır...

Xaçının coşqun dalğalarından ilhamlanan sərin meh qanad açaraq yenicə açan gilas çiçəklərinin zərif ətrini burum-burum bütün bağ-bağçaya, kəndə yayır...

Küçələr insanlarla dolub-daşır, evlərdən şən səslər ucalır, yaşıl çöllərdən uşaqların şaqraq avazı yüksəlir...

 

Bu zalım ayrılığın cəmi bir neçə saatlıq ömrü qalmışdı

 

İllər idi ki, bu xoşbəxtliyi yaşayacağı anın arzuları ilə yaşayırdı. Ağdama qovuşmaq, heç olmasa ana yurda bircə dəfə də olsun ayaq basmaq, gözüdolusu o doğma yerlərə baxmaq, havası ilə nəfəs almaq üçün o qədər əl açıb Tanrıya dualar etmişdi ki...

Və budur, artıq duaları çin olmuşdu. Ağdamla, doğulub boya-başa çatdığı Əliağalı kəndi ilə arasına çəkilmiş 28 illik zaman səddi yıxılmış, indi bu zalım ayrılığın cəmi bir neçə saatlıq ömrü qalmışdı. Buna görə idi ki, onu Ağdama yaxınlaşdıran hər ötən anın həyəcanı birə min artır, ürəyi az qalırdı ki, sinəsindən çıxsın...

Axı o, Ağdamı özünün mənəvi qibləsi kimi qəbul edir, illərdir ki, ziyarətinə gedə bilmədiyi atasının Əliağalıdakı məzarını isə mənəvi Məkkəsi sayır, bu müqəddəs yerləri ziyarət etmək həsrəti ilə yaşayırdı. Hər zaman ürəyində bu istəyinə bir gün mütləq çatacağına dair böyük əminlik də var idi, amma bəzən heç kimə, hətta özünə belə etiraf etməyə qorxduğu ümidsizliyə qapıldığı zamanlar da olurdu: "Bəzən arzusunda olduğum o xoşbəxt günləri görməyin mənə qismət olmayacağı bədgümanlığına da düşürdüm. Buna görə də həmişə Allahdan özümə ömür payı yox, möhlət istəyirdim. Şükürlər olsun Ulu Yaradana ki, vətəndə qəribçilik çəkən yüzminlərlə soydaşımızın, o cümlədən də mənim bu müqəddəs dualarımız qəbul olundu və bizə doğma yurdlarımızın azadlığını görmək, ona qovuşmaq kimi bəxtəvərlik qismət oldu..."

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Kosmik Məsələlər üzrə Şuranın üzvü Natiq Cavadovdur "Qarabağ söhbətləri"nin qonağı...

Natiq Cavadov deyir ki, ötən il 28 May  Müstəqillik Günümüzdə Ağdama, elə Qarabağın bu qədim şəhərinin xilaskarı Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birgə ilk dəfə ayaq basmaq həyatında yaşadığı ən təsvirəgəlməz xoşbəxtlik hissi olub. Hər nə qədər mənfur düşmənin yerləyeksan etdiyi Ağdamı görməkdən mənəvi ağrı-acı hiss etsə də, yeni Ağdamın ilk təməl daşını öz əlləri ilə qoyan və bununla da bütün ağdamlılara Ağdamın ağ gələcəyi olacağının xoş müjdəsini verən qurucu lider İlham Əliyevin qətiyyətindən, əzmindən güc, qüvvət alıb. Daha ana yurdunun, ümumilikdə bütün vətən torpaqlarının qara günlərini arxada qoymasından, işıqlı sabahlara yol almasından ürəyində rahatlıq hissi yaranıb.

 

30 il idi ki, "ruhlar şəhəri" kimi anılan yaralı yurdum dirçəldilərək gülüstana çevrilir

 

Natiq müəllim hisslərini bizimlə böyük sevinclə bölüşür:

- Müstəqilliyimizi qürurla qeyd etdiyimiz həmin möhtəşəm gündə Ağdamda ağdamlı ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan təməlqoyma mərasimi illərdir ürəyimizdə ağır bir daş kimi asılıb qalan yaralara sanki məlhəm oldu. Həm də elə həmin gün cənab Prezident tərəfindən Ağdamın timsalında Qarabağın da ilk təməl daşı qoyuldu ki, bunun da çox böyük rəmzi mənası var idi. Eyni zamanda işğaldan azad edilən yurdlar arasında da ilk olaraq Ağdamın Baş planı təsdiqləndi.

Doğma şəhərimdə 140 illik tarixi olan 1 saylı məktəbin, eyni zamanda gələcəkdə burada iş yerlərinin yaradılması üçün ərazisi təqribən 200 hektara yaxın olan Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu. Ağdamlılar üçün mənəvi dəyəri çox böyük olan İmarət kompleksinin bərpası ilə əlaqədar işlərə start verildi. Ağdamda İşğal və Zəfər muzeyi konsepsiyası dövlət başçımıza təqdim edildi, şəhərin içində olacaq 125 hektarlıq böyük meşə sahəsinin bünövrəsi qoyuldu.

Ümumiyyətlə, ötən il Müstəqillik Günümüzdə cənab Prezident yeni Ağdamın timsalında tarixlə müasirliyin çuğlaşacağı, dünya üçün örnək olan şəhərin əsasını qoyaraq bizlərə böyük bayram ərməğanı etdi. Həm də möhtərəm Prezident Ağdamda həyata keçiriləcək bütün işlərlə bağlı orada olan Ağdam ziyalılarının, ictimaiyyət nümayəndələrinin hər birinin fikrini öyrəndi. Ən kiçik detalın, ayrıntının belə gözdən qaçırılmamasına, mükəmməl şəkildə olmasına çalışdı.

Dövlət başçımız tərəfindən Ağdamda qoyulan bütün möhkəm bünövrələr, özüllər isə bu qədim Qarabağ şəhərinin tarixi əzəmətinin tezliklə özünə qaytarılacağının, 30 il idi ki, "ruhlar şəhəri", "Qafqazın Xerosiması" kimi anılan yaralı yurdumuzun dirçəldilərək cənnətməkana çevriləcəyinin parlaq işarəsi oldu.

 

Ötən günə gün çatarmı?!.

 

- Bilirsiniz, əslində, bu tarixi anlarda yaşadığım hissləri sözlərlə izah etməyə çətinlik çəkirəm. Ümumiyyətlə, son bir il yarımda xəyallarımıza belə gəlməyəcək xoşbəxtliklər yaşadıq, ən əsası ruhumuzda olan natamamlıqdan xilas olduq. Vətənin hər guşəsi, hər daşı, qayası insan üçün doğmadır, amma doğulduğun torpaq bir ayrı əziz olur sənin üçün...

İllah da ki, nə sirri xudadırsa yaş üstünə yaş gəldikcə, doğulduğun torpağa daha çox meyillənirsən, harda olsan da, hara getsən də ürəyin məhz oranı istəyir...

8 mart 1955-ci ildə Ağdamın Kolanı elinin Əliağalı kəndində dünyaya göz açmışam. Kəndimiz çox mənzərəli, səfalı idi. Elə uşaqlığımız da kənddə təbiətlə iç-içə keçirdi, şən, qayğısız halda böyüyürdük. Kəndimizin qarşısındakı meşədə Çinarlı bulağı var idi. May bayramını uşaqlarla orda keçirirdik. Böyüklərin gözündən yayınıb buz kimi çayda çimir, bağlarımız armudla dolu olsa da, sovxozun bağına armud dərməyə gedirdik. Ana-atamıza təsərrüfat işlərində kömək edir, örüşə mal-heyvan aparırdıq...

Eh uşaqlıq...

8-ci sinfə qədər Əliağalı kənd orta məktəbində, 9-10-cu sinfi Bakıda 132 nömrəli məktəbdə oxumuşam. Bakıda oxuyanda yay tətilində kəndə gələndə atam bizi 3 ay Kəlbəcər, Laçın dağlarına aparırdı.

İndi bu xatirələr yadıma düşdükcə atalı günlərim üçün burnumun ucu göynəyir...

Atam Hacı Cavadov el-obasının təəssübünü çəkən nüfuzlu kişi idi. Qarabağ hadisələri başlayanda, bu, atama çox pis təsir etdi. O çox əsəbiləşirdi, heç cür özünə gələ bilmirdi. Özümüzə qonşu sandığımız ermənilərin birdən-birə xalqımıza qənim kəsilmələri onu dəhşətə gətirmişdi. 1989-cu ildə infarkt keçirdi, sonra insult oldu. 1991-ci ildə rəhmətə getdi. Atamı elə kənddə dəfn etdik...

 Amma atamın ilk "qara bayramı"nı etmək bizə qismət olmadı. O gün, 1992-ci ilin 14 martında kəndimiz ermənilər tərəfindən işğal olundu... İşğalçılar qəflətən hücum etdilər və biz kəndi tərk etməyə məcbur olduq. Amma heç ağlımıza da gətirməzdik ki, bir daha kəndimizə qayıda bilməyəcəyik...

 

Xalqımızın diriliş günü

 

- Dərd dərd gətirər deyərlər... Elə bil qara günlər bizi təqib edirdi. Qarabağda vəziyyət getdikcə gərginləşirdi və digər ərazilərimiz də işğal təhlükəsi ilə üz-üzə idi. 

O günlərlə bağlı ömür boyu yaddaşıma həkk olunan faciəvi hadisələrdən biri isə 1991-ci ildə Qarakənddə baş verən vertolyot qəzası oldu. O vaxt Ağdamda işləyirdim. Vertolyotu stadionda düşürtdük, daha sonra Tofiq İsmayılovgil vertolyota mindi, amma mən qaldım... Qəzanın baş verdiyini biləndə dünya başıma fırlandı. Özümə gələ bilmirdim, peşmançılıq hissi məni üzürdü. Elə hey düşünürdüm ki, gərək mən də minəydim, onlarla birlikdə şəhid olardım... Amma görünür, tale qismətimə şəhidlik zirvəsi yazmayıbmış...

27 sentyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyev Vətən torpaqlarımızın azad olunması üçün işğalçılara qarşı haqq savaşı açanda, sözün əsl mənasında, millət kimi diriliş yaşadıq. Nəhayət, yurd həsrətimizin bitəcəyindən, şəhidlərimizin qisasının alınacağından doğan mənəvi rahatlıq duyduq. Cəbrayılın işğaldan azad olunduğunu eşidəndə az qaldı sevincdən ürəyim partlaya. Təzyiqim birdən-birə 220-ə qalxdı, boğulurdum. Dərmanla birtəhər sakitləşdim. Eləcə də işğaldan bir-bir azad edilən rayonlarımızın - Füzulinin, Zəngilanın, Qubadlının, Şuşanın adlarını eşitdikcə sevincdən uşaq kimi ağlayırdım... Kəlbəcər və Laçının işğaldan qurtuluşu xəbərlərini eşidən  də hönkürmüşdüm...

Çox qəribədir ki, Ağdamın azadlıq xəbərini eşidəndə, qəlbimdə illərdir yığılıb qalan qəhər boğazımda necə düyünləndisə, ağlaya da bilmədim...

 Məni ağladan Prezident İlham Əliyevlə Mehriban xanımın Ağdam məscidinə daxil olma səhnəsi oldu...

Ölkənin birinci şəxsləri döşəməsi olmayan məscidə ayaqyalın girdilər, divarı öpdülər. Mehriban xanım başını divara qoyub qucaqladı. Bu, təkcə müqəddəs məkana yox, bütün Qarabağa olan yüksək münasibət idi...

Bu, insanlarımızın mənəvi dəyərlərinə verilən yüksək qiymət, ehtiram idi...

 

Heç bilmirəm bu dərdə ürəyim necə tab gətirəcək?!

 

- Ağdamı ermənilər başdan-başa viran qoyub, bir salamat tikili belə qoymayıblar. O vaxt bizim evin qarşısına "qrad" düşmüşdü, 2 metr dərinliyində, 10 metr radiusda çuxur açmışdı. Dağılmayan evləri yandırıb, talan ediblər, daşı daş üstündə qoymayıblar. Görün bunlar necə vəhşi, insanlıqdan uzaq varlıqlardır ki, hətta qəbiristanlıqlarımıza da qənim kəsiliblər, bütün məzarlıqlarımızı şumlayıblar.

Hər zaman içimdə bir qorxu var idi ki, birdən kəndə qayıdanda atamın məzarını tapa bilmərəm. Yerini bilsəm də, üstündə başdaşı olmasa, tapmaq çətin olacaqdı. Çünki bütün qəbirlər yan-yanaydı. Daim orda yaşayan qardaşıma arxayın idim ki, o, yeri santimetrinə kimi dəqiq bilər. Amma o qardaşım da rəhmətə gedib.

Ağdam şəhərində olsam da, hələ Əliağalıya gedə bilməmişəm. Orada olan qohumlarımız deyiblər ki, kənd qəbiristanlığı tamamilə dağıdılıb. Bizim qohum-əqrəbanın, o cümlədən də atamın qəbirləri tanınmaz hala düşüb.

Düz 30 il idi ki, mən bu qorxu ilə yaşayırdım ki, gedəndə o qəbirləri tapa bilməyəcəm. İndi qorxduğum başıma gəlib. Düzdür, hansısa səmtlə, yönlə məzarın yerini müəyyənləşdirə biləcəyik, amma dağıdılmış bir məzarlıq görəcəyik... Heç bilmirəm, bu dərdə ürəyim necə tab gətirəcək?!

 

Böyük qayıdışa möhtəşəm hazırlıq işləri görülür

 

- Onu da deyim ki, bütün bu dərdlərə, ağrılara rəğmən ürəyimiz toxtaqdır. Bilirik ki, "dəmir yumruğ"un qətiyyətli zərbəsi ilə mənfur düşməndən qisasımızı alan, erməni vəhşiliyinin qurbanına çevrilən günahsız insanlarımızın qanını yerdə qoymayan Müzəffər Ali Baş Komandan İlham Əliyev indi də yurdlarından didərgin düşən elimizin böyük qayıdışı üçün işğaldan azad edilən bütün bölgələrimizdə dünyada misli görülməmiş quruculuq-bərpa işləri həyata keçirir. Eyni zamanda cənab Prezident mükəmməl diplomatik bacarığı ilə bir güllə atılmadan, bir itki belə verilmədən xilas etdiyi Qarabağın mərkəzi sayılan Ağdamı başdan yaradır. İnnovativ çağdaş şəhər qurur, özü də Ağdamın qədim ruhunu saxlamaqla.

Artıq bu ilin fevralında cənab Prezident tərəfindən Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyulub.

Gələcəkdə bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin edilsin deyə, Ağdamda iki yarımstansiyanın - "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının açılışı olub.

Ağdamda yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması istiqamətində də mühüm işlər görülür. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Dövlət başçısının göstərişi ilə Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi icra olunur. Bu yol həm Füzuli və Ağdam şəhərlərini, həm də Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq.

Ağdamın gələcək qonaqları üçün şəhərdə müasir mehmanxananın təməli qoyulub, eyni zamanda təqribən il yarıma - iki ilə altı binadan ibarət yaşayış kompleksinin inşası nəzərdə tutulub. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının təməli qoyulub. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir, içməli suyun gətirilməsi planlaşdırılır.

Yanaşı olaraq, bütün işğaldan azad edilən torpaqlarımızda olduğu kimi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu qədim şəhərimizin də tarixi, dini və mədəni irsinin öz əzəli formasına qaytarılması üçün bərpa işləri həyata keçirir. O cümlədən də fond Ağdamın mənəvi ruhunun daşıyıcısı, döyüşdən sağ çıxan yeganə binası, şəhərimizin sağ qalan yeganə "qazi"si olan tarixi Cümə məscidini yüksək səviyyədə bərpa edir.

Bir sözlə, yeni Ağdam sevinclə doğma övladlarına qucaq açmağa hazırlaşır. Vətən torpaqlarımızın qətiyyətlə azad olunması, sonra isə dirçəldilməsi üçün görülən bütün müstəsna işlər isə vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən qayıdış strategiyasının Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük müvəffəqiyyət və əzmlə həyata keçirilməsinin möhtəşəm nəticəsidir.

 

Milli Qurtuluş Günümüzü Ağdamda qeyd etdik

 

- Gözlərimiz qarşısında gerçəkləşən bu möcüzələrə, bir andaca məğlub vətəndaşdan qalib vətəndaşa çevrilməyimizə, vətəndə qəribçilikdən qurtulmağımıza görə Azərbaycan tarixinin bu iki parlaq şəxsiyyətinə - Heydər Əlirza oğlu Əliyevə və İlham Heydər oğlu Əliyevə ömür boyu minnətdar olacağıq.

Bu baxımdan ağdamlı ziyalılar olaraq 15 İyun Milli Qurtuluş Günümüzü də doğma Ağdamda qeyd etməyimizin böyük rəmzi mənası var idi.

İlk öncə Ağdamda Bayraq meydanında olduq, sonra Şəhidlər xiyabanını ziyarət etdik və doğma torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərin əziz ruhunu yad etdik. Ağdamın tarixi abidələrindən olan İmarət kompleksinə də baş çəkdik. Ümumiyyətlə, səfər zamanı Ağdamda erməni vandalizmi nəticəsində dağıdılmış qəbiristanlıqları, tarixi binaları, mədəniyyət abidələrini ziyarət etdik. Ürək ağrısı ilə erməni vəhşiliyinin təzahürlərinə bir daha baxdıq və o anda hər birimizin beynində, qəlbində yalnız bir hiss var idi: qaniçən, barbar erməni vəhşilərinə qarşı nifrət.

Eyni zamanda erməni vandallarının talan etdiyi Ağdamda dövlətimizin həyata keçirdiyi yenidənqurma işlərini görüb, qurucu Azərbaycan xalqı ilə bir daha qürur, fəxr duyduq. Səfər zamanı Ağdam Cümə məscidində aparılan restavrasiya işləri, yenicə tikilən Ağdam şəhər 1 saylı məktəb və yaşayış binaları ilə tanış olduq. Qarabağ İqtisadi Rayonuna daxil olan ərazilərdə aparılan yenidənqurma və bərpa prosesləri, eləcə də gələcək planlar haqqında geniş məlumat aldıq.

 

Ağdamda canlanan həyatın nişanəsi

 

- Bir məsələni də qeyd edim ki, biz Ağdama gedəndə də, dönəndə də şəhərin yenicə çəkilməkdə olan yollarında tıxaca düşdük. Təsəvvür edin, ömrümdə ilk dəfə idi ki, bu cür yeni çəkiləcək kələ-kötür yolla getdiyimə, bu yolda tıxaca düşdüyümə görə sevinirdim. Bütün bunlar Ağdamda qaynayan, insanlarla aşıb-daşan bir həyatın göstəricisi idi. Elə həmin tıxac zamanı avtobusda öz-özümə düşünürdüm ki, İlahi, cəmi il yarım əvvələ qədər bircə həyat nişanəsi belə tapılmayan Ağdama indi insan axını var.

Cəmi il yarım əvvələ qədər, tankın, topun, mina partlayışlarının səsinin eşidildiyi bu yerdən, indi böyük iş maşınlarının, traktorların sədası yüksəlir.

Cəmi il yarım əvvələ qədər daşı daş üstündə qalmayan, torpağı da torba-torba daşınan, talan olan bu şəhərdə, indi, sözün əsl mənasında, hər gün daş üstünə daş qoyulur, meqalayihələr gerçəkləşdirilir.

Ağdam, kəndimiz işğal altında olanda hərdən anamgili götürüb Bərdəyə, Ağdamın sərhədinə tərəf gedirdim. Ordan kəndimizin havasını alırdıq. Dağlara baxırdıq. Bizim kəndimiz Şahbulaq dağının arxasında, Xaçınçayın üstündə idi. Xaçınçay Quzanlıdan da keçirdi. Əlimizi çayda yuyurduq, elə bilirdik ki, kəndimizdəyik. Bununla təskinlik tapmaq istəyirdik, toxtamağa çalışırdıq...

İndi isə qarşımızda, elə yenə də mənfur ermənilərin basdırdığı minalardan başqa, heç bir sədd, əngəl yoxdur. İllərdir həsrətini çəkdiyimiz doğma yurdumuza baş çəkə bilirik, suyunu içirik, havası ilə nəfəs alırıq...

Bəs möcüzə başqa necə ola bilər ki?!

Yeni Ağdamın qurulduğu bu məqamda biz ağdamlı ziyalıların, ümumiyyətlə, bütün ağdamlıların üzərinə də böyük məsuliyyət düşür. Hamımız əl-ələ verib, kimin hansı sahədə nəyə gücü çatırsa, yurdumuzu yenidən abadlaşdırmaq üçün çalışmalıyıq. Ağdamı əvvəlki kimi cənnətə çevirməliyik...

 

Ağdam, Əliağalı...

 

Budur yenə yaz ayları gəlib. Kolanı elinin dağların qoynunda saldığı Əliağalını ortadan ikiyə bölən Xaçın çayı da buzdan libasını çıxarıb xoş zümzümə ilə çağlayır. Ta uzaqlardan, başı qarlı dağlardan üzü kəndə əsən sərin meh sıx meşələrə, yaşıl çəmənlərə tumar çəkir, meyvə ağaclarından qopardığı ağappaq ləçəkləri bəyaz kəpənəklər kimi oradan-oraya uçurur... Küçələr insanlarla dolub-daşır, evlərdən şən səslər ucalır, yaşıl çöllərdən uşaqların şaqraq səsi yüksəlir...

Natiq Cavadov da Əliağalıda əvvəlki yerində atası Hacı kişiyə layiq tikdirdiyi evə yığışıb, nəvə-nəticələrini də cəm edib başına. Beləcə, bütün yazı, yayı çoxlu meyvə ağacları, al-əlvan çiçəklər əkdiyi bağda nəvə-nəticələri ilə birlikdə keçirəcək. Onlarla birlikdə çox-çox illər əvvəldə, uşaqlığında olduğu kimi, kəndin qənşərindəki meşəyə yollanacaq, payızdan qalma xəzəlin altından baş qaldıran qıpqırmızı ətirli meşə çiyələyindən dərib yeyəcək, Çinarlı bulağından doyunca su içəcəkdi. İllərdir ürəyində qövr edən, sızlayan, alışıb-yanan yaralarına bir məlhəm olacaq...

Sonra böyüklərin gözündən yayınıb buz kimi çayda çimən, quzuları da qabaqlarına qatıb dağların yamaclarına üz tutan nəvə-nəticələrinin, qonşu uşaqlarının hay-harayı gələcəkdi qulağına, istər-istəməz gülümsəyəcəkdi, dərindən rahat bir nəfəs alacaqdı...

Elə biləcəkdi ki, nə zaman ötüb keçib, nə də o, heç vaxt atalı-analı günlərindən, Ağdamından, Əliağalısından uzaq düşməyib... Həyat illər əvvəl necə idisə, elə o cür də davam edib...

Bəxtəvər, xoşbəxt, rəvan, axarında...

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video