21 Yanvar 2022 19:44
1084
SİYASƏT
A- A+

Adil Əliyev: Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin formalaşdırdığı milli xeyriyyəçilik ənənələrinin müasir daşıyıcısıdır

 

Azərbaycanın yerli neft milyonçuları arasında ən məşhuru, sadə xalqın həyatında böyük rol oynayan və böyük irsə malik olanı Hacı Zeynalabdin Tağıyev olub. Onu digərlərindən fərqləndirən əsas cəhət o idi ki, milli burjuaziyanın aparıcı nümayəndələrindən biri kimi Hacı Zeynalabdin Tağıyev daim ziyalılarımızla əhatələnib və onlarla yaxından təmasda olub. Onların arasında Rusiya təhsilli Həsən bəy Zərdabini, Əlimərdan bəy Topçubaşovu, Əli bəy Hüseynzadəni və Fransa təhsilli Əhməd bəy Ağaoğlunu qeyd etmək olar. Şübhəsiz ki, H.Z.Tağıyevin təhsil sahəsində xeyriyyəçilik fəaliyyətində onların müəyyən təsiri olub. H.Z.Tağıyevin Bakı şəhərinin mərkəzində ucaldılan abidəsinin açılışı zamanı Prezident İlham Əliyev onun təşəbbüsü və maliyyə vəsaiti ilə yaradılmış qızlar üçün dünyəvi məktəbi “gələcəyə yönəlmiş bir addım” kimi səciyyələndirib. O zaman müsəlman aləmində qızlar üçün dünyəvi təhsil verən bu nadir məktəbin açılması təşəbbüskarlıq və vəsaitdən əlavə böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Ruhanilər və mühafizəkar insanlar belə bir məktəbin yaradılmasına qarşı çıxırdılar. Bu addımı atması bir tərəfdən H.Z.Tağıyevin geniş dünyagörüşü ilə bağlıdırsa, digər tərəfdən onu əhatə edən ziyalıların təsiri də az rol oynamayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

O bildirib ki, bu baxımdan müsəlman qadınlarının təhsili və hüquqları məsələsini intellektual müstəvidə qabardan Əhməd bəy Ağaoğlunu xatırlamaq olar. Ə.Ağaoğlu 1897-ci ildə Tağıyevin dəvəti ilə Şuşadan Bakıya gələrək onun aldığı rus dilli “Kaspi” qəzetində məqalələr yazır və redaktorluq edirdi. O, qəzetdə müsəlman qadınların problemlərindən bəhs edən çoxsaylı məqalələr yazıb və bu səbəbdən təhdidlərə məruz qalıb. Çox nadir və tarixi bir fotoda Bakıda qizlar məktəbinin açılışında H.Z.Tağıyevlə yanaşı Ə.Ağaoğlunun da iştirak etdiyi görünür.

Adil Əliyev qeyd edib ki, H.Z.Tağıyevin təhsil və maarifçilik istiqamətində xeyriyyəçilik fəaliyyəti təkcə müsəlman qızları üçün məktəb açılması ilə yekunlaşmır. O, azərbaycanlıların Rusiyada və Avropada təhsil alması üçün vəsait sərf edərək xeyli iş görüb. H.Z.Tağıyevin bu uzaqgörən fəaliyyətinin məqsədi Azərbaycanda yüksək təhsilli milli ziyalılarımızın yetişdirilməsi idi. Onun bu məqsədə müvəffəq olduğunu göstərən parlaq nümunələrdən biri görkəmli ictimai-siyasi xadim və peşəkar həkim Əziz Əliyevdir. Prezident İlham Əliyev bildirdi ki, onun babası, kasıb ailədən olan Əziz Əliyev təhsil almaq üçün maddi imkan olmadığından H.Z.Tağıyevə məktub yazaraq kömək istəyir. H.Z.Tağıyevin göndərdiyi pulla Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasında təhsil alır. Prezident qeyd etdi ki, “bu hadisə onun gələcək taleyində həlledici rol oynamışdır”. Beləliklə, Hacı Zeynalabdın Tağıyev Əziz Əliyevin simasında Azərbaycanda yüksək təhsilli ziyalılar nəslinin yetişməsinə böyük töhfə verib. H.Z.Tağıyevin XIX əsrdə Azərbaycanda formalaşdırdığı geniş miqyaslı xeyriyyəçiliyi xalqın maariflənməsinə, onun gələcəyinə xidmət edib. Bu mənada, H.Z.Tağıyevin çağdaşı olan xan qızı Natəvanın Şuşada gördüyü xeyriyyəçilik fəaliyyəti də yada düşür.

“Məmnuniyyətlə qeyd edilməlidir ki, bu xeyriyyəçilik ənənəsi bu gün də Azərbaycanda davam edir. Azərbaycanda hazırki dövrdə xeyriyyəçilik ifadəsini işlətdikdə göz önündə ilk növbədə Heydər Əliyev Fondunun fəaliyyəti canlanır. Fondun ölkə daxilində və xaricdə uğur qazanmasında birinci vitse-prezident Mehriban Əliyevanın rolu danılmazdır. Bir sözlə, xeyriyyəçilik ənənəsi Azərbaycanda yaşayır, çiçəklənir və Heydər Əliyev Fondu bu ənənənin müasir dövrdə əsas daşıyıcısıdir. Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldığı yer də çox rəmzi məna daşıyır. Abidə Bakıda onun inşa etdirdiyi bir sıra tarixi memarlıq incilərimizə, o cümlədən ilk qızlar məktəbinin binasına yaxındır. Digər tərəfdən isə onun xeyriyyəçiliyinin rəmzlərindən olan qızlar məktəbi ilə müasir Azərbaycan xeyriyyəçiliyinin əsas mərkəzi olan Heydər Əliyev Fondunun arasında yerləşərək keçmişlə gələcəyimiz arasındakı bağlılığı əks etdirir”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video