20 Yanvar 2022 00:33
247
DÜNYA

77 nəfərin qatili azadlığa buraxılmasını istəyir

 

Norveçin Şiyen həbsxanasında başlamış məhkəmə iclasında ifrat sağçı ekstremist Anders Breyvikin vaxtından əvvəl azadlığa buraxılması barədə qərar verilə bilər. 11 il əvvəl Utoyya adasındakı düşərgədə 69 nəfəri öldürən və paytaxt Osloda törətdiyi partlayışla 8 nəfərin həyatına son qoyan terrorçu çəzasının təxminən yarısını çəkib.

Breyvikin həbsxanadan vaxtından əvvəl çıxmaq istəyini qatilin cəza çəkdiyi Şiyen həbsxanasında keçirilən səyyar iclasında Telemark Rayon Məhkəməsi nəzərdən keçirir.

 

“Ağ millətlərimizə qarşı soyqırımınızı dayandırın!”

 

Həbsxananın idman zalında qurulmuş məhkəmə zalına daxil olan Breyvik sağ əlini qaldırıb. O, əlində “Ağ millətlərimizə qarşı soyqırımınızı dayandırın!” yazısı olan  kağız parçası tutub. Sinəsində isə eyni yazı ilə daha kiçik bir kağız parçası olub. O, hakimə müraciət edərək özünü Norveç parlamentinə deputatlığa namizəd adlandırıb.

Proses maksimum dörd gün davam edəcək. Ötən il Norveçin baş prokurorluğu Breyviki vaxtından əvvəl azadlığa buraxmaqdan imtina edib. Prokurorluğun nümayəndəsi Qulda Karlsdottir son iclasdan əvvəl bildirib ki, qurum Breyviki hələ də təhlükəli hesab edir və onun azad edilməsi səhv addım olardı. “Əgər məhkəmənin qərarı mənfi olarsa, Breyvik bir ildən sonra yenidən vaxtından əvvəl azadlığa buraxılması  haqda xahiş edə bilər”- , deyə prokuror qeyd edib.

Breyvik müntəzəm olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə ərizə verir. Onun nəyə ümid bəslədiyi, əslində, tam aydın deyil. Çünki ekstremist həbsxanada daha da radikallaşdığını bildirir. Yəqin ki, Breyvik, bir qayda olaraq, bu cür prosesləri geniş işıqlandıran KİV vasitəsilə ultrasağçı ideyaları yaymaq üçün ardıcıl şəkildə məhkəmə iclaslarından istifadə edir.

2016-cı ildə Breyvik qeyri-humanist saxlanma şəraitindən şikayət etsə də, məhkəmə onun iddialarını əsassız hesab edib. 2017-ci ildə o, Avropa İnsan Hüquqları Məhkəməsinə analoji şikayət verib, lakin AİHM də Breyvikin saxlanma şəraitini kifayət qədər humanist hesab edib.

 

Fundamental hüquq

 

Breyvik apellyasiya şikayətlərindən birində özünü Nelson Mandela ilə müqayisə edib və silahlı mübarizədən siyasi mübarizəyə keçdiyini bildirib. Oslo Universitetinin Ekstremizmin öyrənilməsi mərkəzinin rəhbəri Tore Byerqonun fikrincə, Breyvik radikal və ekstremist olaraq qalır. “İndi o, özünü millətçi-sosialist adlandırır və bildirir ki, onun nöqteyi-nəzərindən münaqişənin silahlı mərhələsi keçib. Lakin bununla yanaşı, törətdiyi kütləvi qırğından heç cür uzaq durmur və bunu tamamilə düzgün addım hesab edir”, - deyə Byerqo qeyd edir.  2011-ci il iyulun 22-də Breyvik Oslonun mərkəzində partlayış törədib və nəticədə səkkiz nəfər həlak olub. Sonra gənclər düşərgəsinin yerləşdiyi Utoyya adasına yollanıb və orada atəş açıb. Adada 69 nəfər, əsasən, yeniyetmələr onun qurbanı olublar.

 Sonradan o deyirdi ki, “əl-Qaidə” kimi terror aktı törətməyi arzulayıb: “Norveçin keçmiş Baş naziri Harlem Bruntlandın ələ keçirilməsi və videokamera qarşısında başının kəsilməsi, bundan əvvəl isə onu diz çökdürüb mərhəmət üçün yalvarmağa məcbur edilməsi...”

77 nəfərin qətlə yetirilməsi Norveçdə İkinci Dünya müharibəsindən sonra ən qanlı cinayət olub. Breyvik hələ də hesab edir ki, onun hərəkəti ağ irqin multikulturalizmdən və miqrasiyadan qorunmasına yönəlmişdi. “Qanunun aliliyi zamanı hər bir digər halda olduğu kimi, məhkumun şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmək hüququ var və Breyvik bu hüquqdan istifadə edib”, - deyə ekstremistin vəkili Oysteyn Storrvik “Frans Press” Agentliyinə müsahibəsində bildirib.

Hakimiyyət orqanları Breyviki təhlükəli hesab etdiyi təqdirdə ona  təyin edilmiş 21 illik cəza müddəti uzadılacaq.

 

Göstərmək lazımdırmı?

 

Breyvikin qətlə yetirdiyi insanların ailələri onun ictimai çıxışlarını ağır qarşılayırlar. Canlı efirdə yayımlanacaq hazırkı dinləməyə başlamazdan əvvəl həlak olanların ailələrinə dəstək qrupu “terrorçuya və onun dediyinə mümkün qədər az diqqət yetirməyə” çağırıb.

Qrupun bəyanatında deyilir: “Bu iş barədə, xüsusilə də terrorçunun özü haqqında hər hansı bir xatırlatma həlak olanların ailələrinə, onların valideynlərinə və Norveçdə törədilmiş terror aktları nəticəsində zərər çəkmiş hər bir kəsə vurulan zərbədir”.

Həlak olanların ailələrinə dəstək qrupunun rəhbəri, Breyvik tərəfindən 18 yaşlı qızı öldürülən Lisbet Kristin Royneland mətbuatı tənqid edir. “Mənə elə gəlir ki, bu, absurddur - cəmi 10 ildən sonra azadlığa buraxılmasını xahiş etməklə, terrorçu bu qədər diqqət alır”, - deyə o bildirir. Norveçdə çoxları hesab edir ki, Breyvikin işləri üzrə keçirilən müntəzəm iclasların (onun azadlığa çıxmaq ehtimalının çox az olduğunu nəzərə alsaq) müsbət rolu da var.

Tore Byerqo bildirib ki, iclaslar və onların necə keçirilməsi, əslində, terrorçu Anders Breyvik üzərində hüququn aliliyinin qələbəsidir.

 

Rizvan HİLALOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video