18 Iyun 2016 01:06
825
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 227

 

№ 227                                    Bakı şəhəri, 14 iyun 2016-cı il

 

“Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il 14 iyun

tarixli 227 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə uyğun olaraq və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinə əsasən hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi mexanizmini tənzimləyir.

1.2. Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi yaşıllıqların vəziyyətinin öyrənilməsi ilə bağlı müntəzəm müşahidələr aparmaq, onların inkişafı üçün müvafiq tədbirlər görmək, xəstəlik və zərərvericilərin mənbələrini aşkara çıxarmaq, həmin yerlərdə profilaktik və fitosanitar tədbirləri aparmaq, bu halların yayılmasının qarşısını almaq və aradan qaldırmaq yolu ilə təmin edilir.

 

2. Yaşıllıqlara qulluq

 

2.1. Yaşıllıqlara qulluq torpaqda yumşaltma işləri aparılmaqla, alaq otları və kolların sahədən götürülməsi, suvarılması və mineral gübrə ilə yemləmə, habelə zərərvericilərə qarşı mübarizə tədbirlərindən ibarətdir. Bu tədbirlərin vaxtlı-vaxtında və aqrotexniki müddətlərdə aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və normal inkişaf etməsinə şərait yaradır.

2.2. Yaşıllıqlara qulluğun müddəti, üsulu və təkrar olunması bitmə şəraitində yetişdirilən ağac və kol cinslərinin bioloji xüsusiyyətindən, torpaq hazırlığı üsulundan, yaşıllıqların yaradılması metodundan və əkin materialının ölçüsündən asılı olaraq müəyyən edilir.

2.3. Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan tədbirlər fiziki və hüquqi şəxslər, bələdiyyələr, istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən yerinə yetirilir.

 

3. Yaşıllıqların xəstəlik və zərərvericilərdən mühafizəsi

 

3.1. Yaşıllıqların xəstəlik və zərərvericilərdən mühafizəsi üzrə profilaktik və fitosanitar tədbirləri fiziki və hüquqi şəxslər, bələdiyyələr, istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin elmi-praktiki dəstəyi ilə  həyata keçirirlər.

3.2. Yaşıllıqların karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir.

3.3. Yaşıllıqların xəstəlik və zərərvericilərdən mühafizəsi tədbirləri aşağıdakılardır:

3.3.1. ümumi, məqsədli, stasionar və marşrut müşahidələri;

3.3.2. xəstəlik və zərərvericilərin əmələ gəlməsinin ümumi, ilkin yoxlanışı və onun dəqiq müşahidəsinin aparılması;

3.3.3. xəstəlik və zərərvericilərlə müasir vasitələrlə mübarizə;

3.3.4. xəstəliklərə qarşı profilaktik tədbirlərin, zərərvericilərin və xəstəliklərin mənbələrinin ləğv edilməsi işlərinin təşkili.

3.4. Yaşıllıqların xəstəlik və zərərvericilərdən mühafizəsini təşkil etmək məqsədi ilə fiziki və hüquqi şəxslərin, bələdiyyələrin, istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarının vəzifələri aşağıdakılardır:

3.4.1. yaşıllıqlarda, əkinlərdə və tingliklərdə xəstəlik və zərərvericilərin kütləvi çoxalmasının və yayılmasının qarşısının alınması məqsədi ilə fitosanitar və digər tədbirləri həyata keçirmək;

3.4.2. zərərvericilərin və xəstəliklərinyayılmasının vaxtında aşkar olunması üçün dövri olaraq müşahidələr aparmaq;

3.4.3. aparılan müşahidələr nəticəsində aşkar olunmuş zərərvericilərin mənbələrinin ləğv edilməsini və ya məhdudlaşdırılmasını vaxtında təmin edən mübarizə tədbirlərini aparmaq;

3.4.4. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun zərərvericilərə və xəstəliklərə fitosanitar nəzarəti təşkil etmək və bilavasitə həyata keçirmək, zəruri hallarda zərərvericilərin müxtəlif mərhələlərdə həyat qabiliyyətini və xəstəlik mənbələrini müəyyən etmək üçün laboratoriya analizləri aparmaq;

3.4.5. yaşıllıqlarınfitosanitar vəziyyəti barədə  məlumat tərtib etmək, həmçinin xəstəliklərin və zərərvericilərin yayılması riskini proqnozlaşdırmaq;

3.4.6. yaşıllıqlardaxəstəliklərin və zərərvericilərin qarşısını almaq və geniş yayılmasına yol verməmək məqsədi ilə əkinlərin davamlılığınınartırılmasına yönəldilən fitosanitar və aqrotexniki tələblərin yerinə yetirilməsini təmin etmək;

3.4.7. xidmət etdikləri ərazidə zərərvericilərə qarşı mübarizə tədbirlərində müasir vasitələrdən istifadə etmək məqsədi ilə iş planı hazırlamaq, bu işə texniki rəhbərlik etmək, həmçinin pestisidlərin daşınmasında, xəstəliklərə və zərərvericilərə qarşı tətbiq edilməsində “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydalara riayət etmək.

3.5. Yaşıllıqlarınxəstəliklərdən və zərərvericilərdən mühafizəsi üzrə fitosanitar nəzarəti, onun aparılmasının məqsəd və üsulundan asılı olaraq, monitorinq yolu ilə həyata keçirilir və hərtərəfli nəzarətə bölünür.

3.6. Monitorinq yolu ilə həyata keçirilən nəzarət zamanı məlum ərazinin şəraiti üçün təhlükəli olan xəstəlik və zərərvericilərin mənbələri aşkar edilir, yaşıllıqlar üçün yaranmış təhlükə qiymətləndirilir və bu mənbələrin vəziyyətinə nəzarət edilir.

3.7. Nəzarətdə olan sahə, xəstəliklərin və zərərvericilərin adları, təyin olunan nəzarətin üsulu və müddəti göstərilir, həmçinin nəzarət üçün ayrılmış yaşıllığın təsviri verilir.

3.8. Monitorinq yolu ilə nəzarət zərərvericilərin mənbələrini aşkar etmək məqsədi ilə xüsusi seçilmiş yaşıllıq sahələrində və ya belə sahələrdə xüsusi marşrut yollarının kəsişməsində müayinə etmək yolu ilə həyata keçirilir.

3.9. Hərtərəfli nəzarətdə zərərvericilərin miqdarının dəyişməsi, bu dəyişmənin səbəbi müəyyən edilir,  alınan nəticələrə əsasən, onların kütləvi yayılmasının qısa və uzunmüddətli proqnozu işlənilir.

3.10. Hərtərəfli nəzarət zamanı hər növ ziyanverici üçün bir neçə sahə seçilir və ildə iki dəfə zərərvericilərin biologiyasına müvafiq yoxlama keçirilir.

3.11. Verilən proqnoza görə bu və ya digər növ zərərvericinin kütləvi artması gözlənilərsə, hərtərəfli nəzarət üçün ayrılmış sahələrə, zərərvericinin artması ehtimal edilən yaşıllıq massivləri də daxil edilir və orada mükəmməl müayinələr keçirilir.

3.12. Fəaliyyətdə olan təhlükəli zərərverici və xəstəlik mənbələrinin uçotunun aparılmasını, həmçinin görülən tədbirlərin və təbii amillərin təsiri nəticəsində ləğv edilmiş mənbələrin vaxtında uçotdan çıxarılması məqsədi ilə hər il payızda mənbələrin inventarlaşdırılması aparılır.

3.13. İnventarlaşdırılmanınaparılmasında, keçən dövrdə aşkar olunmuş xəstəliklərin və zərərvericilərin mənbələrinin miqdarı haqqında məlumatlardan, nəzarətin və müşahidələrin nəticələrindən istifadə edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video