18 Iyun 2016 01:06
1397
Oxucu məktubları
A- A+

Bəlləbur qalası

 

Bəlləbur qalası Lənkəran şəhərinin 7-8 kilometrliyində, Lənkərançayın sol sahilində, dəniz səviyyəsindən 1300-1400 metr hündürlükdə inşa edilib. Səkkizguşəli qalanın bünövrəsi çaydaşıdan, divarları bişmiş kərpicdən olub. Qalanın qapı yeri, kərpicdən hörülmüş quyu və divarların qalıqları indi də durur.

Qalanın tarixi haqqında rəvayətlərdən birində deyilir ki, eramızın IV əsrində Sasani şahı II Şapur (309-379) İrana tez-tez basqınlar edən romalılardan, xəzər və hun tayfalarından qorunmaq üçün çoxlu qala tikdirir. Bölgədəki İran canişini Hilal Babur şahın əmri ilə indiki Lüvəsər kəndinin  yaxınlığında əzəmətli bir qala inşa etdirir. Orada böyük qarnizon yerləşirmiş. Qala düşmən hücumlarının qarşısının alınmasında və bu yerdən keçən ticarət yollarının təhlükəsizliyinin təmin edilməsində  mühüm rol oynayıb.

Qalada ölümə məhkum edilmişlər xüsusi qapıdan keçirilirdi. Bu səbəbdən də həmin yer “Goranba”, yəni “qəbirlərə qapı” adlandırılmışdı. Ərəb istilası dövründə  qala ərəblərin əlinə keçmiş və orada xilafətin qarnizonu yerləşdirilmişdi. 

XIX əsrin axırında Bəlləbur qalasını tədqiq edən fransız arxeoloqu Jak de Morqan tapdığı tunc əşyaları və bəzək şeylərini Fransadakı Sen-Jermen muzeyinə satıb. XIX əsrin axırlarında və XX əsrin əvvəllərində Lənkəranın tarixinə, o cümlədən Bəlləbur qalasının öyrənilməsinə maraq artıb. Bu axtarışlar da qazanc məqsədi daşıyıb. 1910-cu ildə Bəlləbur qalasında böyük xəzinə tapılıb. Həmin vaxt qalanın bir çox yerləri dağıdılıb, daşlar üzərində və divarlarda olan işarə və  təsvirlərin çoxu məhv edilib.

1924-cü ildə isə Azərbaycan arxeoloqları Lənkəran ərazisində, o cümlədən Bəlləbur qalasında qazıntı işləri aparıb. Arxeoloji tədqiqatlar zamanı məlum olub ki, vaxtilə qalanın divarlarında çoxlu sayda yay, ox, nizə, qılınc, qalxan, tunc çıraq, döyüş baltası, mizraq, habelə gipsdən düzəldilmiş quş və gül, o  cümlədən, günəş, ulduz və od təsvirləri də olub.

Təəssüf ki, qalada xəzinə tapmaq məqsədilə törədilən dağıntılar bu təsvirlərin və sənət əsərlərinin çoxunun dağıdılması ilə nəticələnib. Bəlləbur qalasından tapılmış eksponatlar, tikinti materialları nümunələri, eləcə də qalanın ətrafında əldə edilmiş əşyalar Lənkərandakı diyarşünaslıq muzeyində saxlanılır.

Bəlləbur qalası qrafik təsvir və heykəltəraşlıq nümunələri ilə zəngin Lənkəran diyarının əzəmətini göstərən qədim tarixi abidədir. İndi rayona təşrif gətirən turistlər və respublikamızın ayrı-ayrı bölgələrindən gələn məktəblilər memarlıq abidəsi olan Bəlləbur qalası ilə də tanış olur, onun tarixi haqqında məlumat əldə edirlər. Lakin qalanın sirləri hələ tamam açılmayıb. Odur ki, bu gün də arxeoloqlarımızın, tarixçilərimizin, tədqiqatçı alimlərimizin yolunu gözləyir.

 

Azad ZÜLALOĞLU,

Lənkəran rayonu

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video