Alternative content

06:10 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
ANA SƏHİFƏ / Tədbirlər
09:06 17.06.2016

 

İyunun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi müqəddəs Qurani-Kərimdən ayənin oxunması ilə başladı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dövlət başçısının iftar mərasimində iştirakının artıq ənənə halı aldığını bildirdi və bu ənənənin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etdi. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini deyən Allahşükür Paşazadə bunun siyasi, iqtisadi və birgəyaşayış problemləri ilə üzləşən dünya üçün bir mesaj olduğunu diqqətə çatdırdı, son illərdə Bakıda keçirilən mədəniyyətlər və sivilizasiyalararası məsələlərə həsr edilən beynəlxalq tədbirlərin böyük əhəmiyyətə malik olduğunu bildirdi. Dövlətin milli-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərdiyini deyən bütün Qafqazın şeyxi bu il Prezident İlham Əliyevin qayğısı sayəsində Gəncədəki İmamzadə kompleksinin yenidən qurularaq istifadəyə verildiyini vurğuladı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunan növbəti amnistiya aktı nəticəsində minlərlə insanın öz ailəsinə qovuşduğunu diqqətə çatdırdı.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr Ata “Multikulturalizm ili”nə təsadüf edən mərasimin bu baxımdan xüsusi əhəmiyyətini vurğuladı. “Multikulturalizm Azərbaycan xalqının xarakteridir və bu amil dövlətin yürütdüyü siyasətdə özünü tam aydın göstərir”, - deyən Aleksandr Ata bildirdi ki, indi dünyada baş verən gərginliklər fonunda multikulturalizm bütün dünya xalqlarının həyat tərzinə çevrilməlidir.

“Bütün səmavi dinlər arasında müqəddəs kitablar məhz Ramazan ayında nazil olub”. Bu sözləri isə Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev dedi. O bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir, güclü dayaqları olan dövlət formalaşıb və bu cür mərasimlər xalqlarımız arasında olan bağların daha da möhkəmlənməsinə xidmət edir.

Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete Ramazan ayının müsəlmanların həyatında mühüm yer tutduğunu, ona görə də bu bayramın böyük bir ailəni xarakterizə etdiyini bildirdi. O, Papa Fransiskin hər il Ramazan ayı münasibətilə dünya, həmçinin Azərbaycan müsəlmanlarına ünvanladığı müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə təqdim etdi.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev dövlət-din münasibətlərinin tənzimlənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərini xatırladı, ulu öndərlə şeyxülislam Allahşükür Paşazadə arasındakı dostluğun dövlət-din münasibətlərinin formalaşmasında mühüm rol oynadığını vurğuladı. “Biz çalışırıq ki, Azərbaycan cəmiyyətində xalqımıza xas olan cəhətlər üstünlük təşkil etsin”, - deyən dövlət başçısı ölkəmizin müsəlman aləminin ayrılmaz hissəsi olduğunu və bütün İslam dünyasında böyük nüfuz qazandığını diqqətə çatdırdı.

“Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir”, - deyən Prezident İlham Əliyev Azərbaycanın bu prosesə öz töhfəsini verdiyini xatırlatdı. Bildirdi ki, bütün sahələrdə böyük inkişaf yolu keçən ölkəmiz dünyada baş verən gərginliklər fonunda öz yolu ilə uğurla gedir və öz timsalında göstərir ki, bütün dini konfessiyaların nümayəndələrinin bir yerdə yaşaması mümkündür.

Artıq bir neçə ildir Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, bu dəfə isə paytaxtımızın tamaşaçı auditoriyası yarım milyard olan “Formula-1” kimi nüfuzlu yarışa evsahibliyi etdiyini deyən dövlət başçısı bildirdi ki, bütün bunlar ölkəmizin daha yaxşı tanıdılmasına yönəlib və Azərbaycana gələn turistlər reallıqları öz gözləri ilə görürlər. “Bizim uğurlarımızın təməlində vətəndaşlarımızın birliyi durur”, - deyən Prezident İlham Əliyev ölkəmizin çoxmillətli olduğunu, onların Azərbaycanın inkişafında yaxından iştirak etdiklərini vurğuladı.

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı bu ümummilli məsələnin həllində dini konfessiyaların nümayəndələri də daxil olmaqla bütün vətəndaşlarımızın bir nöqtəyə vurduqlarını bildirdi. Prezident İlham Əliyev dedi ki, münaqişənin tez bir zamanda həll olunması ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb, vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil, aprel döyüşləri isə Ermənistan rəhbərliyinə yaxşı dərs oldu və Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək.

Nitqinin sonunda Prezident İlham Əliyev xalqımıza sülh, firavanlıq və xoşbəxtlik arzuladı.

Sonra iftar süfrəsi açıldı.

(Mərasimdən geniş reportaj qəzetin növbəti nömrəsində dərc olunacaq).

 

AZƏRTAC