Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 və 2014-cü il 26 dekabr tarixli 399 saylı qərarlarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 37-ci maddəsinə, 149-cu maddəsinin I və V hissələrinə uyğunluğunun yoxlanılmasına dair İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusu ilə əlaqədar konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, sorğuverən və cavabverən orqanların nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 və 2014-cü il 26 dekabr tarixli 399 saylı qərarları ilə hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə və onların aparatlarında xidmət etmiş hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi istisna edilmədiyindən həmin qərarlar Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsi ilə ziddiyyət təşkil etmir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.