13 Iyun 2016 11:06
555
Tədbirlər
A- A+

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin ikinci dərəcəli yeni sərhəd gözətçi gəmisi ilə tanış olub

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla tanış olub.

Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı İlham Əliyev əvvəlcə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə baxdı, onların texniki göstəriciləri ilə tanış oldu.

Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamla təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakının Türkan qəsəbəsində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yeni bazası inşa edilib. Xidmətin Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, sərhədçi dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xidməti-döyüş fəaliyyətinin nəticələrinə bilavasitə müsbət təsir göstərib. Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə, ekstremal şəraitdə peşə vərdişlərinin yüksək səviyyədə olmasına xidmət edən müxtəlif mövzularda döyüş və taktiki təlimlərin keçirilməsi Dövlət Sərhəd Xidmətində artıq ənənə halı alıb.

Dövlətimizin başçısı ikinci dərəcəli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş sərhəd gözətçi gəmisinin uzunluğu 62 metrdir. Dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkün olan gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.

Sonra Azərbaycan Prezidenti sərhəd gözətçi gəmilərinin keçidinə baxdı.

Yeni istifadəyə verilən itisürətli qayıqlarda quraşdırılmış aşkaretmə qurğuları məhdud görmə şəraitində axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsinə, sərhəd növbətçilərinin çevikliyinin artırılmasına imkan yaradır. Müasir tipli radioelektron və naviqasiya cihazları, qəza xilasetmə və digər avadanlığın quraşdırıldığı sərhəd gözətçi gəmiləri və katerlərinə malik olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi hazırda Xəzər dənizində hər cür hava şəraitində dövlət sərhədinin mühafizəsini təmin etmək iqtidarındadır.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində indiyədək itisürətli və yüksək üzmə qabiliyyətli, müasir silahlar, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı ilə təchiz edilmiş bir ədəd ikinci və altı ədəd üçüncü dərəcəli sərhəd gözətçi gəmisi inşa olunaraq Dövlət Sərhəd Xidmətinin döyüş sıralarına daxil edilib. Bunun sayəsində Xəzər dənizində Azərbaycan sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində uğurlu nəticələr əldə edilib.

Dövlət Sərhəd Xidməti Xəzər dənizində beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya və qaçaqmalçılığa qarşı mübarizə aparılması, döyüş hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli layihələr reallaşdırır. Xidmət əməkdaşlarının mənzil və iş şəraitlərinin ən müasir səviyyədə qurulması, yeni inzibati və yaşayış binalarının inşası isə ümumilikdə Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə Ali Baş Komandanın göstərdiyi qayğının nəticəsidir. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin şəxsi heyəti Xəzər dənizində çətin şəraitdə dövlət sərhədinin mühafizəsi üzrə qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirir. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan sərhədçiləri Ali Baş Komandan İlham Əliyevin etimadını doğrultmaq üçün dənizdə dövlətimizin maraqlarını qorumağa və sərhədlərimizin toxunulmazlığını şərəflə təmin etməyə daim hazırdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video