Lerikin uca dağlar qoynunda yerləşən Bradi kəndinin füsunkar gözəlliyi görənləri heyran edir. Buranın gözoxşayan yamacları, zəngin flora və faunası, suyu can dərmanı olan bulaqları var. Təbiət bulaq sarıdan əzəldən Bradidən səxavətini əsirgəməyib. Son illərə kimi burada 10-dan artıq bulaq çağlayırdı. Bu bolluğa baxmayaraq, təkcə “Mirzəlihoni”, “Zəkihoni” bulaqları yayın qızmar istisində belə bütün kəndi su ilə təmin edirdi.
Hazırda isə təbiətin bu əvəzsiz nemətindən sakinlər yetərincə istifadə edə bilmirlər. Bulaqların indiki halına baxanda deməyə söz tapmırsan. “Pullu kişilər” bulaqlara elə divan tutublar ki, dilə gətiriləsi deyil. Bulaqlar “özəlləşdirilib” - hərə bir tərəfə borularla çeşmələrin suyunu çəkib aparıb, əksər bulaqların ətrafı çəpərə alınıb.
Təəssüf ki, nə bulaqları zəbt edənlər insafa gəlir, nə də buna bir əncam çəkən var. Buna görə də bol çeşmələri ilə ad qoyan kənd sakinləri indi susuzluqdan əziyyət çəkirlər.
Zəfər ORUCOĞLU,
Lerik, Bradi kəndi