01 Iyun 2016 02:06
923
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 208

 

№ 208                                                Bakı şəhəri, 27 may 2016-cı il

 

“Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 27 may tarixli 208 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi

 

QAYDASI

 

1. Ümumi müddəa

 

1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsinə əsasən hazırlanmışdır və mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi qaydasını müəyyən edir.

 

2. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının

Dövlət Siyahısı

 

2.1. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısı (bundan sonra – Dövlət Siyahısı) Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət reyestri sisteminə daxildir.

2.2. Bu Qaydanın 2.4-cü bəndində göstərilən mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən, 2.5-ci bəndində göstərilən mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. 

2.3. Dövlət Siyahısına daşınar və daşınmaz mədəni sərvətlər daxil edilir.

2.4. Dövlət Siyahısına daxil edilən daşınmaz mədəni sərvətlər aşağıdakılardır:

2.4.1. milli mədəni irs üçün önəmli olan memarlıq, arxeoloji, mədəniyyət və tarixi, dini və dünyəvi abidələr, o cümlədən tarixi və bədii əhəmiyyəti olan  arxeoloji, təbii ərazilər və memarlıq kompleksləri;

2.4.2. daşınar mədəni sərvətlərin qorunması və ya nümayişini həyata keçirən bina və tikililər, muzeylər, kitabxanalar və arxivlər, müharibə şəraitində mədəni sərvətlərin mühafizəsini təmin edən sığınacaqlar;

2.4.3. mədəni sərvətlərin toplandığı yerlər.

2.5. Dövlət Siyahısına daxil edilən daşınar mədəni sərvətlər aşağıdakılardır:

2.5.1. qədim əlyazmaları, nadir çap əsərləri, arxivlər, o cümlədən fono, foto və kino arxivlər;

2.5.2. incəsənət abidələri.

 

3. Dövlət Siyahısının formalaşdırılması

 

3.1. Dövlət Siyahısı aşağıdakı qaydada formalaşdırılır:

3.1.1 bu Qaydanın 2.4-cü və 2.5-ci bəndlərində göstərilən mədəni sərvətlərin Dövlət Siyahısına daxil edilməsi ilə;

3.1.2. bu Qaydanın 2.4-cü və 2.5-ci bəndlərində göstərilən  mədəni sərvətlərlə bağlı Dövlət Siyahısındakı məlumatların dəyişdirilməsi ilə.

 

4. Dövlət Siyahısına daxil edilən mədəni sərvətlərin müəyyən edilməsi

 

4.1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi (bundan sonra – Nazirlik), habelə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (bundan sonra – İdarə) aşağıdakılara əsasən tarixi, arxeoloji, memarlıq, şəhərsalma, incəsənət, elmi və texniki, estetik, etnoloji və ya antropoloji əhəmiyyətli mədəni sərvətləri müəyyən edir:

4.1.1. məqsədyönlü layihələrin, dövlət proqramlarının, strategiyaların və tədbirlər planlarının icrası məqsədi ilə Nazirliyin, habelə İdarənin təşəbbüsü;

4.1.2. fiziki və ya hüquqi şəxslərin, habelə arxeoloji qazıntını aparmış şəxsin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən müraciəti.

4.1.3 dövlət və ya yerli özünüidarə orqanlarının müraciəti.

4.2. Bu Qaydanın 4.1-ci bəndinə əsasən mədəni sərvətlərin müəyyən edilməsi məqsədi ilə Nazirlik, habelə İdarə tərəfindən bu Qaydanın 12-ci hissəsinə uyğun olaraq ekspertiza həyata keçirilir. Bu Qaydanın 14-cü hissəsinə əsasən ekspertiza aktı tərtib edildikdən 10 (on) gün müddətində Qaydanın 4.3-cü bəndində göstərilən qərar qəbul edilir.

4.3. Bu Qaydanın 4.2-ci bəndinə  əsasən  Nazirlik,  habelə   İdarə mədəni sərvətin  müəyyən  olunması  barədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun  59-cu  maddəsinə uyğun olaraq qərar qəbul edir. Qəbul edilən qərar barədə maraqlı tərəfə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə uyğun olaraq məlumat verilməlidir. 

4.4. Bu Qaydanın 4.3-cü bəndində göstərilən qərar daşınmaz mədəni sərvətlərə münasibətdə Nazirlik, habelə İdarə tərəfindən mədəni sərvətlərin Dövlət Siyahısına daxil edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməsi üçün, daşınar mədəni sərvətlərə münasibətdə isə Nazirlik tərəfindən mədəni sərvətlərin Dövlət Siyahısına daxil edilməsi üçün əsasdır.

4.5. Dövlət Siyahısına daxil edilənə və ya Dövlət Siyahısına daxil edilməsindən imtina edilənədək bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq barəsində qərar qəbul edilmiş mədəni sərvətlər Nazirlik, habelə İdarə tərəfindən mühafizə edilməlidir.

 

5. Mədəni sərvətlərin Dövlət Siyahısına daxil edilməsi

 

5.1. Bu Qaydanın 4.3-cü bəndinə əsasən daşınmaz mədəni sərvətin müəyyən olunması barədə qərar qəbul edildikdən sonra Nazirlik, habelə İdarə tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilir.

5.2. Bu Qaydanın 5.1-ci bəndində göstərilən müraciətə daşınmaz mədəni sərvətlərin Dövlət Siyahısına daxil edilməsi üçün bu Qaydanın 12-ci hissəsinə uyğun olaraq həyata keçirilmiş ekspertizanın nəticələri əlavə edilir. Buraya mədəni sərvətin adı, yaradılma tarixi, yeri, əhəmiyyət dərəcəsi, təsviri,  mülkiyyətçisi və ya istifadəçisi barədə məlumatlar və mədəni sərvətin fotoşəkli əlavə edilir.

5.3. Daşınmaz mədəni sərvətlərin Dövlət Siyahısına daxil edilməsi və ya daxil edilməsindən imtina edilməsi barədə qərar bu Qaydanın 5.1-ci və 5.2-ci bəndlərində göstərilən sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edildiyi gündən 30 (otuz) gün müddətinə qəbul edilməlidir.

5.4. Bu Qaydanın 4.3-cü bəndinə əsasən daşınar mədəni sərvətlərin müəyyən olunması barədə qərar qəbul edildikdən 3 (üç) gün müddətində onlar Nazirlik tərəfindən aparılan daşınar mədəni sərvətlərin Dövlət Siyahısına daxil edilir.

 

                                    6. Mədəni sərvətin pasportu

 

6.1. Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətə pasport verilir.

6.2. Daşınmaz  mədəni  sərvətə  verilmiş  pasport  mədəni  sərvətin   mülkiyyətçisi və ya istifadəçisi tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri  Dövlət  Komitəsinə  təqdim edilməlidir. Daşınar mədəni sərvətlərin qeydiyyatı   isə “Daşınar əmlakın rəsmi reyestrləri, onların  tərtib edilməsi  və  aparılması Qaydaları”nın  təsdiq edilməsi  barədə”  Azərbaycan  Respublikası               Prezidentinin   2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanına uyğun olaraq həyata keçirilir.

 

7. Dövlət Siyahısının aparılması

 

7.1. Dövlət Siyahısı kağız üzərində yazılı formada və elektron qaydada tərtib edilir.

7.2. Kağız üzərində yazılı formada və elektron qaydada tərtib olunmuş   dövlət siyahılarındakı məlumatlar arasında uyğunsuzluq olduqda, kağız üzərində yazılı formada tərtib edilmiş Dövlət Siyahısındakı məlumat əsas götürülür.

7.3. Dövlət Siyahısında olan daşınmaz və daşınar mədəni sərvətlərə inventar nömrəsi verilir. Verilən inventar nömrələri təkrarolunmazdır və mədəni sərvətlərin Dövlət Siyahısından çıxarılması və ya Dövlət Siyahısındakı məlumatların dəyişdirilməsi halında belə bir mədəni sərvətin inventar nömrəsi digər mədəni sərvətə verilə bilməz.  

7.4. Dövlət Siyahısı aşağıdakılardan ibarətdir:

7.4.1. mədəni sərvətin inventar nömrəsi;

7.4.2. mədəni sərvət barəsində monitorinq həyata keçirildiyi halda, onun nəticələri;

7.4.3. mədəni sərvətin Dövlət Siyahısına daxil edilməsi barədə qəbul edilmiş qərarın nömrəsi və tarixi;

7.4.4. bu Qaydanın 5.2-ci bəndində göstərilən məlumatlar.

7.5. Bu Qaydanın 7.4.3-cü və 7.4.4-cü yarımbəndlərində göstərilən məlumatlar Nazirlik tərəfindən rəsmi internet səhifəsində dərc edilməlidir və ictimaiyyət üçün açıq olmalıdır.

7.6. Dövlət Siyahısına daxil edilən məlumatların dəyişdirilməsi zərurəti Nazirlik, habelə İdarə tərəfindən mədəni sərvətlərin monitorinqinin nəticələrinə əsasən müəyyən olunur.

 

8. Mədəni sərvətlərin mühafizə siyahısı

 

8.1. Azərbaycan Respublikasının mədəni sərvətlərinin mühafizə siyahısı mədəniyyət sahəsində dövlət reyestri sisteminə daxildir.

8.2. Aşağıdakı mədəni sərvətlər mədəni sərvətlərin mühafizə siyahısına daxil edilir:

8.2.1. bu Qaydanın 2.4-cü və 2.5-ci bəndində göstərilən mədəni sərvətlər;

8.2.2. digər daşınar və daşınmaz mədəni sərvətlər (milli mədəni arxivlər, sualtı mədəni irs nümunələri, “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində göstərilən digər mədəni sərvətlər).

8.3. Daşınmaz mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir, daşınar mədəni sərvətlərin mühafizə siyahısı isə Nazirlik tərəfindən aparılır.

 

9. Dövlət Siyahısında olan mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi

 

9.1. Bu Qaydanın 5-ci hissəsinə uyğun olaraq Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlər mühafizə siyahısına daxil edilmiş hesab edilir.

9.2. Bu Qaydanın 9.1-ci bəndində göstərilən mədəni sərvətlər mühafizə siyahısına daxil olunduqdan sonra onlara xüsusi mühafizə dərəcəsi şamil edilir.

 

10. Digər mədəni sərvətlərin mühafizə siyahısı

 

10.1. Digər mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi fiziki və ya hüquqi şəxslərin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə uyğun olaraq müraciəti əsasında Nazirlik  tərəfindən həyata keçirilir.

10.2. Digər mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi dövlət və ya yerli özünüidarə orqanlarının müraciəti əsasında Nazirlik  tərəfindən həyata keçirilir.  

10.3. Nazirlik bu Qaydanın 10.1-ci və 10.2-ci bəndlərində göstərilən müraciətə əsasən bu Qaydanın 12-ci hissəsində göstərilən qaydada mədəni sərvətlərin ekspertizasını “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 41.7-ci maddəsinə uyğun həyata keçirir.

10.4. Nazirlik digər mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi barədə müraciətin daxil olduğu tarixdən 30 (otuz) gün müddətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə uyğun olaraq qərar qəbul edir. Qəbul edilən qərar barədə maraqlı tərəfə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə uyğun olaraq məlumat verilməlidir.   

10.5. Bu Qaydanın 10.3-cü bəndində göstərilən qərar qəbul edildikdən sonra, mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinin Nazirlik və İdarə ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən olunur.

 

11. Mədəni sərvətlərin mühafizə siyahısının aparılması

 

11.1. Mədəni sərvətlərin mühafizə siyahısı aşağıdakı məlumatlardan ibarətdir:

11.1.1. mədəni sərvətin mühafizə siyahısındakı nömrəsi;

11.1.2. mədəni sərvət barəsində monitorinq həyata keçirildiyi halda, onun nəticələri;

11.1.3. mədəni sərvətin mühafizə siyahısına daxil edilməsi üçün müraciət edən haqqında məlumatlar və təqdim olunan sənədlər;

11.1.4. mədəni sərvətin mühafizə siyahısına daxil edilməsi barədə qəbul edilən qərarın nömrəsi və tarixi;

11.1.5. mədəni sərvətin adını müəyyən edən məlumat;

11.1.6. mədəni sərvətin yaradılma tarixini müəyyən edən məlumat; 

11.1.7. mədəni sərvətin yerini müəyyən edən məlumat;

11.1.8. mədəni sərvətin əhəmiyyət dərəcəsi;

11.1.9. mədəni sərvətin təsviri.

11.2. Mühafizə siyahısına daxil edilən mədəni sərvətlərlə bağlı məlumatlar Nazirlik tərəfindən rəsmi internet səhifəsində dərc edilməlidir və ictimaiyyət üçün açıq olmalıdır.

 

12. Ekspertiza

 

12.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı hallarda mədəni sərvətlərlə əlaqədar ekspertiza həyata keçirilir:

12.1.1. mədəni sərvət Dövlət Siyahısına daxil edilərkən;

12.1.2. mədəni sərvət mühafizə siyahısına daxil edilərkən.

12.2. Mədəni sərvətlərin ekspertizası Nazirlik və ya İdarə tərəfindən həyata keçirilir.

 

13. Ekspertizanın obyektləri

 

13.1. Mədəni sərvətlərlə əlaqədar ekspertizanın obyektləri aşağıdakılardan ibarətdir:

13.1.1. bu Qaydanın 2.4-cü, 2.5-ci və 8.2-ci bəndlərində göstərilən mədəni sərvətlər;

13.1.2. mədəni sərvətin yerləşdiyi torpaq sahəsi;

13.1.3. mədəni sərvətin Dövlət Siyahısına və ya mühafizə siyahısına daxil edilməsiniəsaslandıran məlumat və sənədlər.

 

14. Mədəni sərvətlərlə əlaqədar ekspertizanın nəticələri

 

14.1. Mədəni sərvətlərlə əlaqədar ekspertizanın nəticələri akt formasında rəsmiləşdirilir.

14.2. Mədəni sərvətlərlə əlaqədar ekspertizanın nəticələri Nazirlik, habelə İdarə tərəfindən bu Qaydaya uyğun olaraq müvafiq qərarların qəbul edilməsi üçün əsas sayılır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video