04 May 2016 06:05
792
Tədbirlər
A- A+

Prezident İlham Əliyev Nizami rayonundakı Mikayıl Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də paytaxt Bakının Nizami rayonundakı Mikayıl Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə tanış olub.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, paytaxtın Heydər Əliyev prospekti ilə Babək prospektini birləşdirən, Heydər Əliyev adına Bakı neft emalı zavodunun, Milli Gimnastika Arenasının, habelə əhalinin istifadəsində olan kütləvi tədbirlərin keçirildiyi çoxsaylı obyektlərin yerləşdiyi və nəqliyyatın intensiv hərəkət etdiyi Mikayıl Əliyev küçəsi uzun illərdir ki, təmir olunmamışdı. Küçədə yağış-kanalizasiya sularının axıdılması sisteminin olmaması küçədə müəyyən problemlər yaradırdı. Həm küçənin asfalt-beton örtüyü tez sıradan çıxır, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Mikayıl Əliyev küçəsinin də yenidən qurulmasına başlandı.

Bildirildi ki, görülən işlər çərçivəsində “Azəravtoyol” ASC tərəfindən küçədə yağış-kanalizasiya sularının axıdılması üçün 2 kilometrdən artıq yeni sistem qurulub. Küçə boyunca yağış suları üçün barmaqlıqlar qoyulub, kommunikasiya xətlərinin dəmir-beton yataqları hündürləşdirilib, baxış lyükləri yenilənib. Bununla da Mikayıl Əliyev küçəsində səth suları problemi köklü şəkildə aradan qaldırılıb. Uzunluğu 2800 metr, hərəkət hissəsi 4-6 zolaqlı olan yolun yenidən qurulması zamanı köhnə asfalt örtüyü təmizlənib, zəruri yerlərdə yol yatağı bərkidilib və küçəyə yeni asfalt-beton örtüyü döşənib. Yenidənqurma işləri çərçivəsində küçə boyu hər iki istiqamətdə yeni piyada səkiləri yaradılıb, işıqlandırma sistemi qurulub. Bununla da şəhərin mərkəzi ilə 450 min nəfərdən çox əhalinin yaşadığı 8-ci Kilometr, Əhmədli və Günəşli qəsəbələri arasında nəqliyyat əlaqəsi xeyli yaxşılaşıb.

Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə Rüstəm Rüstəmov küçəsi və Babək prospekti ilə kəsişmələrdəki bir səviyyəli dairə şəkilli yol qovşaqları da yenidən qurulub, zəruri yerlərdə yol nişanları quraşdırılıb, piyada zolaqları və göstərici xətlər çəkilib.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, paytaxtın Nizami rayonunun Çobanzadə küçəsi də əsaslı təmir olunub. Uzunluğu 2340 metr olan küçəyə yeni asfalt-beton örtük döşənib, avtobus dayanacaqları quraşdırılıb. Bundan əlavə, Naxçıvani küçəsinin də əsaslı təmiri başa çatıb. Uzunluğu 840 metr olan küçənin eni genişləndirilərək 9 metrə çatdırılıb. Yeni asfalt-beton örtüyü çəkilən küçədə bütün infrastruktur yüksək səviyyədə qurulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video