Alternative content

19:07 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qələbə günü uzaqda deyil!
Qələbə günü uzaqda deyil!
ANA SƏHİFƏ / Oxucu məktubları
12:04 17.04.2016

 

Canlı-cansız  heç kim və heç nə bu dünyada əbədi deyil.   Yaranan bir gün məhv olacaq. Yerin əşrəfi insan da bu hökmə tabedir. Amma İlahidən gələn elə bəşəri fəzilətlər  var ki, o dəyərlərə tapınmaq insan həyatını ölümsüzləşdirir. 

Toyunda söz alıb, düşündüklərini qonaqlara ərz edən bəy az olar. Öz toyunda Vətən uğrunda şəhid, üçrəngli Azərbaycan bayrağına bürülü dəfn olunmağı fəxr bilən bəy heç gördünüz, haqqında eşitdinizmi?

Var belə şir ürəkli igidlərimiz! İstəsəniz internetdə, “YouTube” portalında “Şəhid gizir toyunda özünə bunu arzulamışdı” adlı videoya, o toy kadrlarına baxa bilərsiniz Bu bəy, bu ürək, mənəviyyat  sahibi  Azərbaycan xaqlının fəxri, xatirəsi və həyat tarixçəsi əbədiyyətə qədər yaşayacaq Pəncəli Nurməmməd oğlu Teymurovdur!

O, uşaqlıqdan hərbçi, zabit olmaq həvəsi ilə yaşayırdı. Böyüdükcə fikri, niyyəti  qətiləşdi.  Bu arzu ilə Azərbaycan Ordusuna üz tutdu.  17 il  sərasər hərbi xidmətdə oldu. O ana, şəhidlik zirvəsini fəth edənə qədər. Həyatdan, bu dünyadan umacağı, istədiyi  az idi.  İstədiklərinə əsasən nail olmuşdu. Amma Qarabağın tam azad olunduğu günü görə bilmədi. Bu yolda döyüşərək həlak oldu. Doğulub boya-başa çatdığı diyara Azərbaycan bayrağına bürünüb döndü. 

Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olan Pəncəli ilə son vida görüşünə bütün Astara əhalisi gəlsə də, əslində ruhən bütün Azərbaycan onun son mənzili başında idi.  Hər kəs Azərbaycan Ordusunun cəngavər əsgəri, 2015-ci ildə Prezident fərmanı ilə “İgidliyə görə”  medalı və bir sıra döyüş mükafatları ilə təltif olunmuş şəhidə son borcunu vermək istəyirdi...

Azərbaycan bayrağını bağrına basan şəhidin  atası övlad itkisi dərdini qəlbinə gömüb ali ideallara sığındı,  vüqarla   “Vətən sağ olsun!” dedi. Şəhidin anası Vahimə Ağayeva  fədakar Azərbaycan qadınının mətanətini bir daha göstərdi: “5 oğul böyütmüşəm. Pəncəli Vətən uğrunda şəhid oldu. Dörd doğma qardaşı sağdır. Amma bütün Azərbaycan əsgərləri onun qardaşıdır. Əminəm ki, oğullarımız şəhidlərimizin qanını yerdə qoymayacaqlar, qısasını alacaqlar. İtkimiz ağır olsa da, oğlumla fəxr edirəm!” - dedi. 

Bəli, ay ana, ey Vətən! Bu ata-analarla, oğullarla, bu mənəviyyatla və dəyərlərlə  biz mütləq işğal altında inləyən torpaqlarımızı azad edəcək, düşmənin cəzasını verəcəyik. O an, o qələbə günü uzaqda deyil!

 

Elxan HƏSRƏTLİ,

Bakı