13 Mart 2016 12:03
1004
Oxucu məktubları
A- A+

Qanunsuz tikintini dayandıran tapılacaqmı

 

Bakının köhnə məhəllələrində, sovetin 5 və 9 mərtəbəli binalarının arasında qollu-budaqlı ağacları kəsərək, əhalinin öz əli, zəhməti ilə primitiv də olsa düzəltdiyi istirahət guşələrini sökərək, uşaqlar üçün nəzərdə tutulan meydançaları şumlayaraq yerində çoxmərtəbəli yaşayış, yaxud ofis binalarının tikilməsi təzə hal deyil. O cümlədən belə hallara qarşı həmin ərazidə yaşayan sakinlərin etiraz etmələrinə, bu barədə ən yüksək ünvanlara və səlahiyyətli məmurlara üz tutmalarına, bəzi hallarda isə obyekt sahibləri ilə mübarizəni təkbaşına aparmaq məcburiyyətində qalmalarına da öyrəncəliyik.

Amma bu o demək deyil ki, adını iş adamı qoyan, əslində isə əsl iş görüb qazanmaq əvəzinə qazan doldurmaq həvəsinə düşən birisi yüzlərlə, minlərlə vətəndaşın normal yaşamaq hüququnu pozmalı, hamı da bunu qəbul edib susmalıdır. Xeyr, belə deyil! Bu cür qanunsuzluqlara və ədalətsizliyə qarşı hər kəs mübarizə aparmalı, hətta həmin mübarizədə qələbəyə ümid az olsa da, geri çəkilməməlidir! “Azərbaycan” qəzetinin redaksiyasına daxil olmuş bu məktubun müəllifləri kimi... Ölkənin tanınmış elm adamlarının, fərdi təqaüdçülərin imzaladığı və çoxsaylı sənədlərin surətlərinin, eləcə də fotoların əlavə olunduğu həmin məktubda yazılır:

“Hörmətli redaksiya! Bizim 8-ci mikrorayonda yaşadığımız 20, 21, 22 və 26 saylı binaların ümumi həyətində, o cümlədən 177 saylı uşaq bağçasının yanında “Murad M.S.” MMC çoxmərtəbəli yaşayış binası tikməyə başlamışdır. Halbuki həmin ərazidə belə bir böyük obyektin inşası üçün yetərli torpaq sahəsi yoxdur. Ümumiyyətlə, 8-ci mikrorayon Bakıda əhalinin ən sıx yaşadığı ərazilərdən sayılır. Buranın infrastrukturu yeni tikililərsiz də bu sayda əhalinin normal yaşayışı üçün kifayət etmir. Belə olan halda köhnə binaların arasına əlavə 17 mərtəbəli yaşayış binasını pərçimləməyə kim icazə verib, bilmirik.

Məsələ burasındadır ki, həqiqətən, “Murad M.S.” MMC-yə həmin binanı inşa etməyə icazə verəni tapa bilmirik. Bununla bağlı üz tutduğumuz Bakı Şəhər İcra Hakimiyyətində bizə dedilər ki, tikintinin dayandırılması barədə BŞİH-nin müvafiq idarəsi tərəfindən 2016-cı il yanvarın 18-də göstəriş verilmişdir. Bundan əlavə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də sözügedən ərazidə hər hansı inşaat işlərinin aparılmasının qanuna zidd olması barədə qərarı var (hər iki sənədin surəti ərizəyə əlavə olunur).

Amma nə fayda?! Obyektdə tikinti işləri davam edir. Sanki hansısa səlahiyyət sahibi “dovşana qaç, tazıya tut” deyir. Ortada, daha doğrusu, qapılarda biz qalmışıq. Kimə, hara müraciət edirik, deyirlər orada bina tikilməsi qanunsuzdur. Elə isə bu qanunsuz tikintini aparan şirkətə niyə “dur” deyən yoxdur? Bir də görəcəklər ki, binanın yarısı qaldırılıb, mənzillərin də hamısı satılıb. Onda nə edəcəklər?

Hörmətli redaksiya, xahiş edirik, bizim bu cavabını tapmadığımız sualları siz əlaqədar qurumlara çatdırasınız. Bəlkə sizə cavab verdilər”.

8-ci mikrorayonun 20, 21, 22, 26 saylı binalarının sakinləri adından

 

Əbülfəz Hacıyev, professor

Möhtəməl Eyniyev, elmlər doktoru

Xəlil Səmidov, professor

Səməd Hüseynov, elmlər doktoru

Əziz Məmmədov, professor

Xanoğlan İbrahimov, təqaüddə olan polis polkovniki

Xanvəli Abdullayev, professor

Abdulla Əhmədov, professor

Tapdıq Həsənov, professor

Nəcəf Qəhrəmanov, professor

Ağa Sadıqov, elmlər namizədi, dosent

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video