Alternative content

16:51 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyevin adından IV Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib
Azərbaycan Prezidenti İlham Əliyevin adından IV Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib
ANA SƏHİFƏ / Tədbirlər
11:03 10.03.2016

Martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından IV Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.
Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və qızı Leyla Əliyevanın iştirak etdikləri ziyafətdə Bolqarıstanın, Albaniyanın, Makedoniyanın, Monteneqronun, Gürcüstanın prezidentləri, bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, dünya siyasətində əhəmiyyətli rol oynayan ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.
Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-FREYBERQA ziyafətdə çıxış edərək dedi:
- Cənab Prezident Əliyev!
Xanım Əliyeva!
Hörmətli prezidentlər!
Sabiq prezidentlər və baş nazirlər!
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əziz dostları!
Burada dünya liderlik alyansı - Madrid Klubunu dəstəkləyənlər və onun üzvləri, habelə Dünya İncəsənət və Elm Akademiyasının nümayəndələri əyləşiblər. Bütün bunlara görə dünyanın müxtəlif nöqtələrində hamımızın qarşılaşdığı və vəziyyətlə əlaqədar müxtəlif yollarla üzləşmək məcburiyyətində olduğumuz aktual məsələlər üzrə yüksək səviyyəli dialoqun keçirilməsinə ehtiyacı çox yaxşı anlayan zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarıq. Prezident Əliyev beynəlxalq dialoqa güclü dəstək verir. Biz ona bu dəstəyə, xüsusilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə verdiyi dəstəyə görə çox təşəkkür edirik. Onun dəstəyi, verdiyi önəm olmadan bu mərkəzi yaratmaq mümkün olmazdı.
Artıq Bakı Forumu dördüncü dəfə keçirilir və Prezidentin dəstəyi olmadan forum bu səviyyəyə çata bilməzdi. Məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, Prezident hamımızın yüksək dəyərləndirdiyi bu dəstəyi davam etdirməyə maraqlı olduğunu bildirib və hesab edirəm ki, hamımız buna görə onu ürəkdən alqışlamalıyıq. Əlavə etmək istərdim ki, xanım Əliyeva da incəsənətə, adət-ənənələrə yüksək önəm verir. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nail olmağa çalışdığı bütün işləri dəstəkləyir.
Vayra Vike-Freyberqa bu cür mötəbər tədbirin keçirilməsində əməyi olan və vətəndaş cəmiyyətini təmsil edən könüllülərin fəaliyyətini vurğuladı. “Hesab edirəm ki, onlar istənilən ölkəyə lazım olan sosial iştirakçılıq və fəallığa sadiqliyin nümunəsidir” - deyən Latviyanın sabiq Prezidenti Azərbaycanda çoxlu sayda belə gənclərin olduğunu diqqətə çatdırdı.
* * *
Ziyafətdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dedi:
- Hörmətli xanım Prezident!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Əvvəla, xanım Vayra Vike-Freyberqaya ölkəmizə, ölkəmizin nümayəndələrinə və Azərbaycanın inkişafına göstərdiyi dəstəyə və xoş sözlərinə görə minnətdarlığımı ifadə etmək istəyirəm. Biz bir-birimizi uzun illərdir ki, tanıyırıq. Prezident kimi Latviyaya səfərim zamanı bizim xanım Prezidentlə çox yaxşı müzakirələrimizi və onun Prezident kimi Azərbaycana səfərini xatırlayıram. Çox şadam ki, bu dostluq indi də davam edir. Bu dostluq nəinki təkcə bizim ikitərəfli münasibətləri gücləndirməyə, həm də bizə dördüncü dəfədir ki, Azərbaycanda çoxsaylı görkəmli qonaqları qəbul etməyə imkan verir. Bu dostluq bu gün istənilən ölkənin sərhədlərini aşır.
Bu zalda bir çox ölkələrin nümayəndələri, görkəmli şəxsiyyətlər, fəaliyyətdə olan və sabiq ölkə rəhbərləri, beynəlxalq münasibətlərdə vacib rol oynayan və oynamağa davam edən insanlar, regionumuzda sülhün, inkişafın, sabitliyin, demokratiyanın və təhlükəsizliyin necə təşviq olunmasından ibarət ümumi məqsəd naminə bir araya gələn insanlar var.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edildikdə, səmimi söyləsəm, mərkəzin çox qısa müddət ərzində dünyada aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilməsini təsəvvürə gətirmək çox çətin idi və bu, mübaliğə deyil. Xanım Freyberqanın rəhbərliyi, sadiqliyi, özünü işə həsr etməyi, istedadı sayəsində mərkəz indi qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli ilə məşğul olan dünyanın ən hörmətli beynəlxalq təşkilatlarından biridir. Mərkəzin Azərbaycanın dahi oğlunun, Nizami Gəncəvinin adını daşıması bizi fərəhləndirir. Hər bir azərbaycanlı onunla qürur hissi duyur. Biz tariximizdə belə şəxsiyyətə malik olmağımıza görə fərəhlənirik və onun fəlsəfəsi, şeirləri, fikirləri bütün tərəqqipərvər bəşəriyyəti birləşdirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nə qədər çox tanınarsa Nizaminin fikirləri bir o qədər dünyanın müxtəlif yerlərində olan insanları, gənc nəslin diqqətini cəlb edəcək. Xanım Prezidentin də qeyd etdiyi kimi, fəaliyyətimizin ən vacib nəticələrindən biri də gənc nəslin qarşılıqlı fəaliyyət, etnik və dini tolerantlıq, multikulturalizm, demokratiya, əməkdaşlığın yaxşı nümunəsinə əməl etməsi olacaq. Bu, bizim hamımızın dəstəklədiyi, qoruduğu fundamental dəyərlərdir və əlbəttə ki, Bakı Qlobal Forumu məsələləri ünvanlamaq üçün ən yaxşı məkanlardandır.
Gündəlik çox genişdir. Eşitdim ki, bu gün çox açıq, səmimi, bəzən isə, yumşaq şəkildə söyləsəm, qeyri-diplomatik fikir və mövqe mübadiləsi aparılıb və bu da normal haldır, bu, belə də olmalıdır. Biz fikirlərimizi paylaşmalıyıq, yalnız danışıqlar masasında qarşı-qarşıya durmalıyıq. Yalnız panel müzakirələri zamanı zərurət yarandıqda bir-birimizə qarşı olmalıyıq və sonra dünya daha da təhlükəsiz və müdafiə olunmuş olacaq. Hər bir ölkə digər ölkənin maraqlarına, ləyaqətinə, ənənələrinə, tarixinə, mədəniyyətinə və ərazi bütövlüyünə hörmət etməlidir. Yalnız bu halda dünyada müsbət inkişafı müşahidə edə biləcəyik. Bu gün əsasən təhdidlər barədə danışdıq. Əfsuslar olsun ki, təhdidlər artmaqdadır, yeni təhdidlər üzə çıxmaqdadır. Hesab edirəm ki, biz birgə səylərimizlə gərginliyin necə azaldılması, regionumuzun, dünyanın necə daha da təhlükəsiz olması yolları üzrə baxışlarımızı təklif etməyə davam edəcəyik. Əks halda, biz gözlənilməz nəticələrlə qarşılaşa bilərik. Bu gün müzakirə etdiyimiz miqrant böhranı bu günün ən böyük təhlükələrindən biridir və əlbəttə, insanlar bundan çox əziyyət çəkirlər. Miqrantların getdiyi ölkələrdə yaratdıqları narahatlıqlar, habelə sivilizasiyalar arasındakı yadlaşma, dinlər arasındakı qarşıdurma təhlükəsi böyüyə bilər və bunun qarşısının hansı formada alınması, bu prosesin hansı formada geriyə qaytarılması əsasən aktiv siyasətçilərdən, keçmiş siyasətçilərdən, qərar qəbul edənlərdən, mütəxəssislərdən, media nümayəndələrindən, habelə multikulturalizm, tolerantlıq, əməkdaşlıq və dostluq dəyərlərinin tanıdılmasından asılıdır. Məncə, bunlar bugünkü dünya üçün ən vacib mövzulardır.
Bir daha xanım Prezidentə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünya səviyyəsində beynəlxalq mərkəzə çevrilməsinə verdiyi töhfələrə görə təşəkkürümü bildirmək istəyirəm. Səhər öz çıxışımda dediyim kimi, hər toplantının, hər forumun əhəmiyyəti iştirakçıların tərkibinə əsaslanır. Məncə, dünyanın intellektual elitası bu gün burada, Azərbaycandadır və bu günlərdə bizimlə olduğunuz üçün sizə təşəkkür edirəm. Fürsətdən istifadə edərək, sizi gələn ilin aprel ayında V Qlobal Bakı Forumuna dəvət etmək istəyirəm. Sağ olun.
* * *
Bir daha qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq dördüncü dəfədir baş tutur və budəfəki forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilib. Forumda 6 ölkə dövlət başçısı ilə təmsil olunub. Ümumilikdə isə tədbirdə 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib.

AZƏRTAC


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM