Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

17:46 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Forum keçirilir
Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Forum keçirilir
ANA SƏHİFƏ / Tədbirlər
02:03 10.03.2016

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib

 

Martın 10-da Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları Forumun rəsmi açılışında iştirak ediblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilir. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.

Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir.

Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail SERAGELDİN açaraq dedi:

-Burada bu möhtəşəm tədbirin açılışında iştirak etmək mənim üçün böyük şərəfdir. Bizim IV Qlobal Bakı Forumu üçün müstəsna proqramımız var. XX əsrin sonunda üstünlük təşkil edən ənənəvi iqtisadi baxışlar XXI əsrin əvvəlindən başlayaraq bir sıra təhdidlərə məruz qalıb. Qərbin siyasi və iqtisadi baxışlarının təkəbbürü sərhəd tanımırdı, bu da Sovet İttifaqının süqutundan sonra və Çinin yüksəlişinə artıq göz yummaq mümkün olmazdan əvvəl bəzilərini tarixin sonu gəlməsi barədə, digərlərini isə yeni birqütblü dünya barədə danışmağa sövq edirdi. Buna baxmayaraq, yeni əsrin onilliyi ərzində bu mənzərə əsaslı şəkildə dəyişdi. 2008-ci ildə Qərbin maliyyə bazarlarının çökməsi, bunun ardınca bir sıra üzv ölkələrin, əsasən də Yunanıstanın borcu ilə bağlı avrozonadakı böhran göstərdi ki, qlobal bazarların fəaliyyətində dərin nöqsanlar var. İnsanlar unutdular ki, bazar yaxşı xidmətçi, lakin pis sahibdir və o, qayğıkeş dövlətin müşayiəti altında olmalıdır.

Eyni zamanda, ekoloji vəziyyətin pisləşməsi ilə bağlı mürəkkəb çağırış bütün dünya ölkələri tərəfindən daha yaxşı başa düşülməyə başladı və 2015-ci ilin sonlarında dünya liderləri BMT-də yeni davamlı inkişaf məqsədlərini qəbul etdilər. İlin sonunda Parisdə iqlim dəyişikliyi ilə bağlı ümidverici razılaşma imzaladılar. Elm və texnologiya sahəsində İKT inqilabı tam gücü ilə davam edərək yeni imkan və yeni çağırışlara yol açdı, eyni zamanda, qlobal səviyyədə yeni bioloji elmlər də sürətli və iri addımlar atmağa başladı.

Siyasi cəhətdən əsasən 1990-cı illəri əhatə edən birqütblü perspektiv yeni, birgə çoxqütblü perspektivlə əvəzlənərək daha çox ölkə arasında məşvərətçi qüvvələri genişləndirmək və G7 və ya G8 formulunu artırmaqla G20-nin yaranmasının əsasını qoydu. Sonra qlobal terrorizmin vüsət alması bütün hökumətlər üçün yeni çağırış yaratdı. İlkin olaraq Nyu-Yorkda 11 sentyabr dəhşətləri ilə başlayan terrorizm beynəlxalq miqyasda öz simasını tapmağa başladı.

Terrorizmin daha konkret təzahürü “Ərəb baharı” inqilablarının iflası ilə başladı. Biz Yaxın Şərq və Şimali Afrikada iflasa uğramış dövlətlərin meydana gəlməsinin, vətəndaş müharibələrinin şahidi olduq. Suriya, İraq, Yəmən, Somali, Sudan, Liviya, Sinay və Afrika Səhrası kimi uzaq yerlərdə sözlə ifadə edilə bilməyən dəhşətlər törədildi. “Əl-Qaidə” və “İŞİD” terrorçuları islam uğrunda qəddar təşviqata başladıqlarına görə, həm əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdə, həm də Qərbin özündə və İslamın ikinci din olduğu Qərbi Avropa ölkələrində Qərb və müsəlman icmaları arasında artmaqda olan uçurum yaranır. Buna görə də məsələlər təkcə siyasi, iqtisadi, hərbi deyil, həm də mədəni, sosial, dini, kimliyimiz və əvvəlki əsrlərdən bizə miras qalmış bir çox paradiqmaların yenidən nəzərdən keçirilməsinə səhnə olan ümumi bəşəriyyətimiz üçün ciddi çətinlik törədir.

Beləliklə, buna görə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumu bizim çoxqütblü dünyaya doğru irəliləyib-irəliləməməyimiz və nə dərəcədə yaxşı irəliləməyimizlə bağlı məsələlərin araşdırılmasına həsr olunub. Çoxqütblü dünya əməkdaşlığın genişləndirilməsi üçün çoxlu imkanlar təklif edə, həlli çətin olan bütün problemlərə yeni baxış gətirə bilər. Biz İtaliya və başqa yerlərdə keçirilmiş görüşlər ilə IV Qlobal Bakı Forumuna hazırlaşarkən yadlaşmanın aradan qaldırılması, plüralizmin təbliği və icmalar arasında körpülərin qurulmasında dinlərarası dialoqun roluna nəzər saldıq. Bu gün biz dünya nizamına nəzər salacağıq. Bu gün bizdən xüsusi diqqət tələb edən bəzi əsas elementləri müəyyənləşdirməyə çalışacağıq. Bir çoxları razılaşar ki, Suriyadakı fəlakət müxtəlif miqyasda çağırışlara səbəb olur və qlobal səviyyədə reaksiya tələb edir. Bu səbəbdən də Suriyaya xüsusi sessiya həsr olunacaq. Sonda, biz onu da bilirik ki, dünya iqtisadiyyatı, açıq və bərabərhüquqlu cəmiyyətlərin hökumətləri, habelə gender əsaslı və insanlar üzərində qurulmuş qanunlar bizim diqqətimizi cəlb edəcək. Plüralizm və müxtəliflik, həmçinin insan haqlarına dərin hörmət bizim cəmiyyətlərimizin strukturuna əlavə olunmalıdır. Qadın hüquqları həm qadınların, həm də insan hüquqlarıdır.

Gələcəyin qadınlarını gücləndirərkən biz dünənin insanını yenidən hazırlamalıyıq. Hər şeydən əvvəl biz gənclərə qulaq asmaq üçün proqramımızda yer ayırmışıq. Çünki bizim qurulmasına yardım etməyə çalışdığımız dünya onlarındır. Sonda lazımi diqqət və dərin düşüncə tələb edən bir neçə əlavə problem var. Birincisi odur ki, Avropa və ABŞ-dakı kimi yaxşı təşkil olunmuş demokratiyalarda ictimaiyyət ölkələrindəki siyasi proseslərdən və gördükləri kimi fəaliyyət göstərən demokratiya maşınından ciddi şəkildə uzaqlaşır. Bir çox ölkələrdə ekstremist populist siyasətçilər qurulmuş sistemə qarşı çıxır.

İkincisi, İKT inqilabı gəncləri əlçatan edir, bu vəziyyət əvvəlkindən tamamilə fərqlənir. Ekstremizm və zorakılıq məqsədləri üçün gənclərin cəlb olunmasını təmin edən yeni vasitələrə göz yummaq olmaz.

Üçüncüsü, demokratik təhlükəsizliklə bağlı artmaqda olan problem mövcuddur. Biz terrorizmlə üzləşdikcə vətəndaşlarımızı qorumalıyıq, bu, bütün vətəndaşların başlıca insan hüququdur. Lakin, eyni zamanda, biz əmin olmaq istəyirik ki, bu, demokratiyanın təmin etdiyi insan haqları və azadlıqları bahasına başa gəlmir. Bu, həqiqətən də bizim iki gün ərzində nəzərdən keçirməli olduğumuz çox zəngin proqramdır.

İndi isə zati-aliləri, xanımlar və cənablar, böyük məmnuniyyət və şərəflə ev sahibimizə, Prezidentimiz İlham Əliyevə söz vermək istəyirəm.

 

X X X

 

Dövlətimizin başçısı rəsmi açılışda nitq söylədi.

 

Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi

 

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Əvvəlcə hamınıza Azərbaycana “Xoş gəlmisiniz” deyirəm, sizi yenidən görməyimə çox şadam. Eyni zamanda, şadam ki, Bakı Qlobal Forumu yaxşı ənənəyə çevrilir.

İlk öncə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Şurasına və həmsədrlər xanım Vayra Vike-Freyberqaya və cənab İsmail Serageldinə təşəkkürümü bildirmək istərdim ki, onların böyük töhfəsi sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa bir zamanda dünya miqyaslı beynəlxalq təsisata çevrilib.

Bu gün biz beynəlxalq gündəlikdə duran geniş məsələləri müzakirə edəcəyik. Əlbəttə, müzakirələrin mövzuları hamımız, bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir. Lakin əminəm ki, Forumda iştirak edən qonaqlar öz dəyərli fikir və ideyaları ilə dünyada sülh, təhlükəsizlik və proqnozlaşdırıla bilmə naminə bu işə töhfələrini verəcəklər. Hər bir beynəlxalq forum, onun səviyyəsi əsas etibarilə tədbir iştirakçılarının səviyyəsindən asılıdır. Burada, qonaqlarımız arasında 50-dən artıq hazırkı və sabiq dövlət və hökumət başçıları, görkəmli siyasətçilər, ictimai xadimlər və mütəxəssislər vardır. Bu isə bizim bu gün və sabah aparacağımız müzakirələrin səviyyəsini nümayiş etdirir.

Sonuncu dəfə ötən ilin yazında görüşümüzdən bu günədək dünyada vəziyyət dəyişmişdir. Hamımız bunun şahidiyik və təəssüf ki, dəyişikliklər müsbət məcrada olmamışdır. Dünya daha da sakit və təhlükəsiz olması əvəzinə, daha da təhlükəli olmuşdur. Bizim regionda da vəziyyət kəskin şəkildə dəyişmişdir. Mövcud münaqişələr həll edilməmiş qalır, bununla yanaşı, yeni münaqişələr, yeni qarşıdurma və təhlükə bölgələri yaranmışdır. Bu səbəbdən hesab edirəm ki, dövlət və hökumət başçıları, siyasətçilər olaraq biz gərginliyin azaldılması üçün rolumuzu oynamalıyıq. Çalışmalıyıq ki, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət üçün zəmin yaransın. Əks təqdirdə, gələcəkdə vəziyyət pisləşməkdə davam edəcək.

Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyət, qaçqın böhranı – bunlar son illərin reallıqlarıdır. Odur ki, IV Qlobal Bakı Forumunun əsas məqsədlərindən biri bu məsələlərin müzakirəsidir və xüsusilə də iştirakçıların səviyyəsi, onların beynəlxalq məsələlərə töhfələri, təcrübə və biliklərini nəzərə alsaq, bunların hamısı yaranmış vəziyyətdən çıxış yolunun tapılmasına yardım edə bilər.

Düşünürəm ki, hamımız vahid məqsəd - əməkdaşlıq, qarşılıqlı anlaşma, sabitlik və sülhün təşviqi ətrafında birləşmişik. Çünki biz bir-birimizlə bağlıyıq. Bəzən adama elə gələ bilər ki, televiziya vasitəsilə izlədiyimiz qorxulu hadisələr yad bir planetdə baş verir. Lakin reallıqda bu, qonşuluqda baş verir və qaçqın böhranı nümayiş etdirdi ki, biz bir-birimizlə əlaqəliyik. Hər bir əməl, addım və ya digər dövlətlərin daxili işlərinə müdaxilə mütləq həmin müdaxiləni edənlər üçün çətinliklər yaradacaqdır.

Hesab edirəm ki, bugünkü reallıqların ibrət dərsi məhz budur. Biz bir-birimizə ehtiram nümayiş etdirməli, seçimə, ərazi bütövlüyünə və gələcəklə bağlı planlara hörmətlə yanaşmalıyıq. Bunların hamısı təmasda olmaq üçün zəruridir. Çünki əsas məqsədimiz gərginliyin və mövcud təhlükələrin azaldılmasıdır.

Bu il Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Bu illərdə, xüsusilə müstəqilliyin ilk illərində biz vətəndaş müharibəsi, humanitar böhran, işğal, təcavüz, iqtisadi çətinliklər və deyərdim, iqtisadi iflasdan əziyyət çəkmişik. Azərbaycan terror hücumlarının hədəfinə çevrilmişdir. 1990-cı illərin əvvəlində erməni terror təşkilatları dəfələrlə mülki vətəndaşlara qarşı terror aktları törətmişlər. Bu gün təəssüf ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə həll olunmamış qalır.

Müstəqillik illərində ölkəmizin böyük uğurlara nail olaraq, müasir, sabit, proqnozlaşdırıla bilən, özünü təmin edən dövlətə çevrilməsinə baxmayaraq, bu münaqişə öz həllini tapmalıdır. Onun üçün həll olunmalıdır ki, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün evlərinə qayıtsın, zorakılığa son qoyulsun və regionumuzda sülh bərqərar olunsun. Belə olmadığı halda bütün ölkələr əziyyət çəkəcəkdir. Azərbaycanın tarixi və hüquqi ərazilərini işğal edən Ermənistan bundan bəhrələnə bilməmişdir. İqtisadi çətinliklər, təcridolunma, miqrasiya və yoxsulluq həmin təcavüzün və işğalın nəticəsidir.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi bir parçasıdır. Bütün beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, bizə qarşı etnik təmizləmə aparılmışdır. Ərazimizin 20 faizinin işğalı hələ də davam etməkdədir. Beynəlxalq təşkilatlar, xüsusilə də BMT və onun Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qətnamələr qəbul etmişdir. Təəssüf ki, bu qətnamələr həyata keçirilməmişdir.

Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mexanizmi məsələsi xüsusi mövzu kimi müzakirə edilməlidir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq iyirmi il keçir. Bu, siyasi iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının təzahürüdür.

Bu gün danışıqlar prosesi davam edir və burada hər hansı bir uğur yoxdur. Bunun başlıca səbəbi isə Ermənistanın sülh istəməməsidir. Onlar işğal edilmiş ərazilərin özlərinin qeyri-qanuni nəzarətində saxlanılmasını və status-kvonun dəyişməz olaraq qalmasını istəyirlər. Bu isə mümkünsüzdür – status-kvo dəyişməlidir. Danışıqlar prosesində həmsədrlik edən üç ölkə - Təhlükəsizlik Şurasının daimi üzvü olan üç dövlət dəfələrlə çıxış edərək status-kvonun qəbuledilməz və dəyişməli olduğunu bəyan etmişdir. Buna nail olmaq üçün Ermənistan işğal edilmiş əraziləri tərk etməli və işğala son qoymalıdır. XXI əsrdə hər bir nöqteyi-nəzərdən, istər siyasi, istər hüquqi, istərsə də humanitar baxımdan qonşu dövlətin ərazisinin işğalı və danışıqlar prosesinin əngəllənməsi tamamilə anormal haldır.

Hesab edirəm ki, münaqişənin həlli üçün ilk olaraq Azərbaycan daha da qüdrətli olmalıdır və proses davam edir. İkincisi isə beynəlxalq ictimaiyyət, xüsusilə də bu münaqişə ilə məşğul olmaq mandatına sahib dövlətlər siyasi iradə nümayiş etdirməli və təcavüzkarı işğala son qoymağa məcbur etməlidirlər. Necə ki, biz bunu dünyanın bir çox yerlərində görürük - təcavüzkar dayandırılır, cəzalandırılır, sanksiyalara məruz qalır və işğala son qoyulur.

İşğal edilmiş ərazilərimizdə hər şey darmadağın edilmişdir. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərmişdir və hər iki halda onların hesabatları real vəziyyəti əks etdirmişdir. Bu, bizə də məlumdur. Bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız dağıdılmışdır. Bu gün biz tez-tez televiziya kanallarında Yaxın Şərqdə tarixi abidələrin məhv edilməsi ilə bağlı reportajlar izləyirik. İyirmi il bundan öncə eyni hadisələr Azərbaycanın işğal edilmiş ərazilərində baş vermişdir. Fərq ondan ibarətdir ki, o zaman beynəlxalq ictimaiyyət və media bu mövzuya o qədər də əhəmiyyət verməmiş, bəlkə də həmin məlumatlara çıxış əldə edə bilməmişdir. Ancaq mahiyyət dəyişmir – eyni məsələ və eyni yanaşma. Bu isə regionun sülh və təhlükəsizliyi baxımından çox qorxulu məsələdir. Çünki təcavüzkar cəzalandırılmadığı halda o, yeni bir ssenari planlaşdıracaq.

1990-cı illərin əvvəlində üzləşdiyimiz bu vəziyyətə və humanitar böhrana baxmayaraq, Azərbaycan uğurla inkişaf etmişdir. Yeri gəlmişkən deyim ki, həmin vaxt adambaşına düşən qaçqın sayına görə ən yüksək göstərici bizdə idi – 1 milyondan artıq insan doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O zaman bizim əhalimizin sayı təqribən 8 milyona bərabər idi. Yəni, biz humanitar böhranın öhdəsindən gəlməyi bacaran ölkəyik.

O vaxtkı Azərbaycan bugünkü Azərbaycandan fərqli idi. Yoxsul, müstəqilliyini yeni bərpa etmiş, iqtisadiyyatı bərbad vəziyyətdə və sənayesi dağılmış olan ölkənin gələcək ilə bağlı perspektivləri yox vəziyyətində idi. Əsas məqsədimiz dövlətimizi qurmaq, güclü iqtisadiyyat yaratmaq, ölkəni xarici sərmayələr üçün açmaq və dünyanın bazar iqtisadiyyatı sisteminin tərkib hissəsinə çevrilməkdən ibarət idi.

Biz buna nail ola bildik. Bu gün ölkə sabitdir və biz islahatları davam etdiririk. Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır. Bütün fundamental azadlıqlar təmin edilir – söz azadlığı, toplaşma azadlığı, dini azadlıq, media azadlığı. Bizdə azad internet mövcuddur. Son iyirmi ildir ki, senzura ləğv olunub və vətəndaşlarımızın 70 faizdən çoxu internet istifadəçisidir. Siyasi azadlıqlar iqtisadi islahatlarla dəstəklənir.

2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olmuşdur. Biz işsizlik və yoxsulluğu kəskin şəkildə azaldaraq 40 faizdən 5 faizə endirməyə müvəffəq olmuşuq. İqtisadiyyatımız daha da rəqabətqabiliyyətli olmuşdur və Davos İqtisadi Forumunun hesablamalarına əsasən rəqabət qabiliyyətinə görə Azərbaycan iqtisadiyyatı dünyada 40-cı yerdədir. Biz əsas infrastruktur layihələrini, o cümlədən insanlarımızın yaşayış standartlarını yaxşılaşdırmaq üçün sosial infrastruktur layihələrini icra etmişik və bununla da həm də sərmayələr üçün daha münbit şərait yarada bilmişik.

Adambaşına düşən birbaşa xarici sərmayəyə görə biz ən qabaqcıl mövqelərdəyik. Bu, ilk növbədə neft-qaz sahəsinə yatırılmış sərmayələr idi. Hazırda isə biz qeyri-neft sektoruna sərmayəçilər cəlb etməyə çalışırıq. Neft və qazdan asılılığımızın azaldılması islahatlarımızın tərkib hissəsi olmuşdur və bunun nəticəsində bu gün neft-qaz sahəsi bizim ümumi daxili məhsulun təqribən 30 faizini, büdcə gəlirlərimizin isə 50 faizini təşkil edir. Məqsədimiz neft və qazdan asılılığımızı tamamilə aradan qaldırmaqdır. Bu yaxınlarda dediyim kimi, Azərbaycan üçün postneft dövrü artıq başlamışdır. Ona görə yox ki, biz hasilatı azaltmışıq. Neftin qiyməti kəskin şəkildə - dörd dəfə aşağı düşmüşdür. Bu səbəbdən tamamilə yeni bir vəziyyət yaranır və dünyanın heç bir ölkəsi buna hazır deyildi. Heç kəs təsəvvür edə bilməzdi ki, bir ilin içində qiymət bu dərəcədə kəskin şəkildə aşağı düşsün. Bu səbəbdən biz bu vəziyyətin mənfi nəticələrinin aradan qaldırılması üçün fəal və səmərəli işləməli olduq. Hazırda bizim maliyyə vəziyyətimiz yenidən sabitdir, proqnozlaşdırıla biləndir və məlumat vermək istərdim ki, büdcəmizdə neftin barrelinin qiyməti 25 dollar səviyyəsində nəzərdə tutulmuşdur. Bu isə hər hansı bir iqtisadi çətinliyə qarşı bir növ zəmanət deməkdir. Bizim Neft Fondunda böyük vəsaitlərimiz var ki, bu, yaranmış vəziyyətdən minimum risklə çıxmağımıza imkan verir.

Eyni zamanda, bu vəziyyət bizi islahatlarla bağlı daha da səmərəli işləməyə məcbur edir və artıq islahatların böyük hissəsi tətbiq edilməkdədir. Bu islahatlar Beynəlxalq Valyuta Fondu tərəfindən də dəstəklənir – yəni, biz düzgün yoldayıq. Hazırda biz iqtisadiyyatımızın şaxələndirilməsi məsələsi ilə məşğul oluruq və iqtisadi inkişafın yeni sahələrini müəyyən edirik. Onlardan biri bizim illərdir ki, çalışdığımız, lakin beynəlxalq birlik üçün tamamilə yeni sahə olan nəqliyyat infrastrukturunun yaradılmasıdır. Biz Azərbaycana gələcəkdə bu regionda güclü mövqeyə malik olmağa imkan verəcək nəqliyyat infrastrukturu şəbəkəsi yaradırıq.

Bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bu səbəbdən nəqliyyat infrastrukturuna, o cümlədən dəmir yollarının, hava və dəniz limanlarının inşasına yatırılan sərmayələr sayəsində biz nəqliyyat infrastrukturlarının kəsişmə nöqtəsinə çevrilirik. Artıq Şərq-Qərb nəqliyyat dəhlizi fəaliyyətə başlamışdır və ümid edirəm ki, bu il biz Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yollarının birləşdirilməsini başa çatdıracağıq. Beləliklə, Avropa və Asiya yeni, ən qısa nəqliyyat marşrutu əldə edəcəkdir. Çindən Avropaya gedən ilk konteyner qatarı artıq Azərbaycan ərazisindən keçmişdir. Bu, müasir infrastruktura malik olan yeni İpək Yoludur və biz bu marşrutu daha da cəlbedici etmək üçün tərəfdaşlarımıza vahid tariflərin tətbiqini təklif etmişik.

Qonşularımız və tərəfdaşlarımızla birgə çalışdığımız daha bir layihə Şimal-Cənub nəqliyyat dəhlizidir ki, onun sayəsində yüklər Pakistandan Hindistana, daha sonra İrana, oradan Azərbaycan ərazisindən Rusiyaya və Şimali Avropaya nəql ediləcəkdir. Azərbaycan müasir infrastruktura sərmayə qoyur və ümid edirəm ki, tezliklə bu marşrutdan istifadə olunmağa başlanacaqdır. Yəni, bütün bu marşrutlar bizim ərazidən keçir. Təbii ki, bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və gələcəkdə bizə ölkəmizin inkişafına sərf ediləcək əlavə gəlirlər gətirəcəkdir.

Əlbəttə, iqtisadiyyatımız üçün enerji sektoru öz önəmini saxlayır və bu gün enerji təhlükəsizliyi baxımından onun əhəmiyyəti artmaqdadır. Ötən ayın sonu - fevralın 29-da biz Bakıda, həmin bu zalda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasını keçirmişik. Biz bu layihəni XXI əsrin layihəsi adlandırırıq. Bu, bir meqalayihədir və bu gün Avropada həyata keçirilən ən iri infrastruktur və enerji layihələrindən biridir. Onun təşəbbüskarı Azərbaycandır və Azərbaycan burada həm də təşkilatçı və sərmayəçi qismində aparıcı rol oynayır. Layihənin dəyəri 45 milyard dollara bərabərdir və bu işdə biz müxtəlif dövlət və şirkətlərdən ibarət güclü komanda yaratmışıq.

Həmin Məşvərət Şurasının yaradılmasında əsas məqsəd səylərimizin əlaqələndirilməsi və layihənin cədvəl üzrə icrasını təmin etməkdən ibarətdir. Bu layihə bir neçə mərhələdən ibarətdir. “Cənub” qaz dəhlizinin dörd elementi var. Azərbaycanın nəhəng qaz yatağından hasil olunan qaz öz aralarında birləşmiş 3500 kilometr uzunluğunda üç qaz boru kəməri vasitəsilə Bakını İtaliyanın limanları ilə birləşdirəcəkdir.

Əlbəttə, bu, nəhəng sərmayədir və bu layihənin əlaqaləndirməyə ehtiyacı vardır. Fevralın 29-da məhz bu zalda 11 dövlətin və Avropa Komissiyasının iştirakı ilə Bəyannamə imzalanmışdır ki, orada Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində mühüm və strateji rolu vurğulanmışdır. Biz həqiqətən də müxtəlif ölkələrdən ibarət komanda yaratmışıq və kəmərin marşrutu boyu yerləşən ölkələrin adlarını sadalamaq istərdim – Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya “Cənub Qaz Dəhlizi” layihəsinin üzvləridir. Daha iki dövlət – Xorvatiya və Monteneqro da Bəyannaməni imzalamışlar və əminəm ki, qarşıdan gələn illərdə onlar da heyətimizə qoşulacaqlar. Bəyannaməni imzalayanlar sırasında ABŞ və Böyük Britaniya hökumətlərinin yüksək səviyyəli nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti də olmuşdur. Yəni, bu 12 imza onu nümayiş etdirir ki, “Cənub” qaz dəhlizi artıq reallıqdır. 

Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabət layihəsidir. Zənnimcə, bütün enerji layihələri məhz bu şəkildə icra edilməlidir. Bizim əsas məqsədimiz bu layihəni başa çatdırmaqdır və onu kommersiya layihəsi kimi həyata keçirməkdir. Bəzən enerji təhlükəsizliyinə aid olan məsələlər həddindən artıq siyasiləşdirilir və biz bunun əleyhinəyik. Siyasət və enerji bir-birindən ayrı olmalı, enerji siyasi alət kimi istifadə edilməməlidir. Həmçinin onun bu şəkildə istifadə edilməsi, biznes fəaliyyətinə müdaxiləsi də çətinliklər yaradır.

Bu layihə sayəsində Azərbaycan bundan sonra onilliklər ərzində öz təbii sərvətlərini ixrac edəcək və bazarları şaxələndirəcək. Avropa üçün isə bu, ehtiyac duyacağı qazın yeni mənbəyi deməkdir və bununla avropalı istehlakçıların tələbatı təmin ediləcəkdir. Baxmayaraq ki, bu gün biz dünyada iqtisadi çətinliklərin şahidi oluruq, ancaq bu, müvəqqətidir və neftin qiyməti uzun müddət belə aşağı səviyyədə qalmayacaqdır. İqtisadi artım fəallığı yüksəldəcək və Avropanın təbii qaza olan tələbatı yalnız artacaqdır. Burada hər kəs üçün yer olacaqdır. Düşünürəm ki, lüzumsuz rəqabətin olmaması üçün istehsalçılar da səylərini əlaqələndirməlidir. Həm istehsalçıların, həm də istehlakçıların öz məqsədləri var.

“Cənub Qaz Dəhlizi” layihəsində biz istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni, burada uduzan tərəf yoxdur və bu səbəbdən o, olduqca uğurla inkişaf edir. Bu qədər iştirakçıların olduğu, qısa bir zamanda və neftin qiymətinin aşağı olduğu bir vaxtda milyardlar tələb edən belə bir nəhəng layihənin həyata keçirilməsi böyük çağırışdır. Enerji təhlükəsizliyi şübhəsiz ki, siyasi gündəlikdə əsas yer tutacaq. Hesab edirəm, “Cənub” qaz dəhlizi vasitəsilə göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasəti ayıranda uğur əldə oluna bilər.

Bu il Azərbaycanda “Multikulturalizm ili”dir. Müxtəlif etnik köklərə, dinlərə malik insanlar əsrlər boyu Azərbaycanda sülh, əmin-amanlıq şəraitində yaşamışlar və biz bununla fəxr edirik. Fərəhlənirik ki, müstəqillik illərində bu müsbət meyil daha da güclənmişdir. Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasətidir. Eyni zamanda, bu, cəmiyyətdə olan əhval-ruhiyyənin təcəssümüdür. Bu isə çox vacibdir ki, həmin sahədə dövlət siyasəti və ümumi ab-hava bir-birindən fərqlənmir.

2008-ci ildə biz “Bakı prosesi”nə start verdik və ilk dəfə İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına dəvət etdik. “Bakı prosesi” artıq bir reallıqdır. Biz Azərbaycanda multikulturalizm dəyərlərini təşviq edən çoxsaylı beynəlxalq tədbirlər keçirmişik. Dünya dini liderlərinin zirvə görüşü, bir neçə dəfə Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forum təşkil etmişik. Təqribən bir aydan sonra biz BMT-nin təşkilatçılığı ilə Azərbaycanda Sivilizasiyalar Alyansının 7-ci toplantısını keçirəcəyik.

Azərbaycanın bu sahədəki təcrübəsi aparıcı beynəlxalq təşkilatlar və beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. Bu, multikulturalizmin yaşadığını, onun gələcəyinin olmasını sübut edir, sadəcə siyasətçilər, ictimai rəyə təsir etmək iqtidarında olanlar, o cümlədən media nümayəndələri daha məsuliyyətli olmalıdırlar. Hesab edirəm ki, bu məsələdə medianın rolu daha müsbət olmalıdır. Təəssüf ki, bir çox hallarda biz xəbərlərdə qarşıdurma, qaçqın böhranı və bunlarla bağlı kadrlar görürük.

Bu yanaşma yalnız təcridolunmaya gətirir. Biz buna imkan verə bilmərik. Çünki qeyd etdiyim kimi, biz bir-birimizlə bağlıyıq və eyni planetdə yaşayırıq. Artıq şahid olduğumuz kimi, Avropa ilə Yaxın Şərq arasındakı məsafə o qədər də böyük deyil. Yəni, məsafə insanların sığınacaq tapmaq və öz ailələrini xilas etmək naminə oralara üz tutmağın qarşısını almır. Odur ki, multikulturalizmin müsbət nümunələri üzərində dayanmaqla, bu dəyərlərin təşviqi hamımıza yardımçı olar. Çünki gələcəkdə heç bir ölkə və millət təcrid olunmuş vəziyyətdə yaşaya bilməz. Biz bir-birimizə bağlıyıq. Dünya ölkələrinin mütləq əksəriyyətinin əhalisi çoxmillətli və çoxdinlidir. Biz bununla fəxr etməliyik.

Ötən ay biz müsəlman dünyasının ən müqəddəs məkanlarından olan İmamzadə Dini-Tarixi Kompleksinin yenidənqurma və bərpadan sonra açılışında iştirak etdik. Yeri gəlmişkən, bu kompleks Gəncədə, Nizami Gəncəvinin vətənində yerləşir. Azərbaycan xalqı bu abidəni VIII əsrdən bəri qoruyur. Ərazidə yeni məscid də inşa edilmişdir və mən Azərbaycanın müxtəlif bölgələrindən olan insanları ora dəvət etmişdim. Orada mənimlə yanaşı çıxış edənlərin arasında Azərbaycanın müxtəlif dini icmalarının rəhbərləri olmuşlar – Azərbaycan müsəlmanlarının, Azərbaycanın Rus Pravoslav kilsəsinin, yəhudi icmasının və Azərbaycanın Katolik kilsəsinin rəhbərləri. Onlar bu tədbirdə yalnız iştirak etməmiş, həm çıxış etmiş və həm də yeni inşa edilmiş məscidi ziyarət etmişlər. Bu işlər bizim ölkədə belə qurulub. Bu, bizim cəmiyyətimizə, xalqımıza və dünyaya olan mesajımızdır.

Bir neçə ay bundan öncə Azərbaycanın ən böyük məscidində sünni və şiə müsəlmanlar bir yerdə namaz qılmışlar və bunu vəhdət namazı adlandırmışlar. Bu da bir daha real vəziyyəti əks etdirir. Burada nə müsəlman icması daxilində, nə də, ümumiyyətlə, cəmiyyətimizdə fərq qoyulmur. Bu, Azərbaycan reallığıdır, bizim ən böyük sərvətlərimizdəndir və uğurlu inkişafımızın zəmanətidir. Çünki bu konsensus, bu birlik olmadan biz uğur əldə edə bilmərik. Biz daha da böyük nailiyyətlər əldə etməkdə, ölkəmizi müasirləşdirməkdə davam etmək istəyirik. Biz buna yalnız dostluq və multikulturalizm kimi birgə dəyərlərə əsaslanaraq nail ola bilərik.

Ötən il Azərbaycan ilk Avropa Oyunlarına, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etmişdir. Bakı İslam Mədəniyyəti Paytaxtı elan edilmişdir və gələn il biz İslam Həmrəylik Oyunlarını təşkil edəcəyik. Azərbaycan Avropa Şurasının və eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu, mədəniyyətlər, ənənələr, dinlər arasında körpüdür və bu, bizim məsuliyyətimizdir. Biz bu rolu ilk öncə öz ölkəmizin uğurlu gələcəyi və regionda sabit proqnozlaşdırıla bilən vəziyyətin yaradılması naminə oynayırıq.

Əminəm ki, proqramın vacib mövzuları üzrə müzakirələr regionumuzda və dünyada müsbət inkişafa böyük töhfə olacaqdır. Forumun işinə uğurlar diləyirəm. Təşəkkür edirəm.

 

X X X

 

Sonra Bolqarıstan Prezidenti Rosen PLEVNELİYEV çıxış edərək dedi: 

-Sülh və azadlıq indi sınağa çəkilir. Onlar bu gün bir–birinə qarşı qoyulub. Biz indi dünyada təhlükəsizliklə bağlı olan vəziyyətin İkinci Dünya müharibəsinin bitməsindən sonra necə inkişaf etməsini görürük.

Biz burada müxtəlif güclər, dövlətlər, regiondakı ayrı-ayrı ölkələr arasında münasibətlərin necə inkişaf etməsini görürük. Görürük ki, müxtəlif çətinliklər yaranıb, bu münasibətlər sınağa çəkilir. Biz, eyni zamanda, bu gün nəyin şahidiyik? Biz bu gün çox mürəkkəb siyasi bir vəziyyətin formalaşmasını görürük. Biz görürük ki, regionda müxtəlif güclər, ölkələr artıq davamlı şəkildə münaqişələrin həllinə nail ola bilmirlər. Dünyada bu sahədə müəyyən təhlükələr var və onlar hələ ki, qalır. Müxtəlif qurumlar məsələləri kompleks şəkildə həll edə bilmirlər. Bu gün Avropa görür ki, Suriyada, Əfqanıstanda, İraqda baş verənlər bizim həyatımıza necə təsir göstərir. Sərhədlərə təsir göstərilir. Berlin divarlarının dağıdılmasından sonra 40-dan çox ölkə öz sərhədlərində qonşuları ilə 60-dan çox divar tikməli olmuşdu. Dünya bu gün tarazlaşdırmadan uzaqdır, tarazlı şəkildə inkişaf etmir. Yeni yollar tapılmalıdır. Qlobal, regional güclər bunu başa düşür və öz ambisiyalarını masa üzərinə qoyublar ki, balansa nail ola bilsinlər. Münaqişələrin həllinə göstərilən cəhdlər bunun bariz nümunəsidir. Bu gün dünyada güclər dəyişib və dəyişməkdədir.

Təəssüflə qeyd etmək lazımdır ki, BMT-nin Təhlükəsizlik Şurası buna qarşı tədbirlər görə bilmir. Bu sahədə səmərəlilik aşağı səviyyədədir. İslahatlara ehtiyac var. Müasir siyasətin məqsədləri dəyişməlidir, diplomatiyaya daha çox yer verilməlidir, münaqişələrə isə yox. Müharibəyə asan şəkildə başlamaq olar. Müharibədə də udmaq çətin deyil. Amma sülhə nail olmaq çətindir.

Prezident Rosen Plevneliyev dünyadakı müasir çağırışlarla bağlı birgə kompleks tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq bildirdi:

-Bu gün miqrantlar daha yaxşı yaşayış səviyyəsinin təmin edilməsi üçün axtarışdadırlar. Öz sərhədlərinin təhlükəsizliyi naminə insan haqlarının pozulmasına yol verilməməlidir, insan haqları müdafiə olunmalıdır. “Frontex” Avropanın müdafiəsi üçün ön cəbhədə yerləşir. Mən Balkan ölkələrini sabitliyin və rifahın ön cəbhəsi hesab edirəm. Mən Balkan ölkələrini müxtəlif dinlərin, etnik azlıqların, millətlərin azad və tolerant yaşaması üçün ön cəbhə hesab edirəm. Bizim ölkəmizdə tarazlaşdırılmış xarici siyasətimiz var. Biz hamı ilə dost olmaq istəyirik. Ona görə ki, hamı dünyada mövcud olan problemlərin və münaqişələrin həllinə, sabit inkişafa öz töhfəsini verə bilər və verməlidir. Həmrəylik və əməkdaşlıq olduğu halda bu məsələləri həll edə biləcəyik.

Qarşımızda qlobal strateji istiqamətlər var. Biz bilirik ki, planetimizdə olan resurslardan necə istifadə edə bilərik. Milli maraqlarımızı qoruyaraq digər ölkələrlə sərhədlər yaratmamalı, tək danışıb, müzakirələr aparmamalıyıq, icra etməliyik, həll etməyə çalışmalıyıq, problemlərin dərinləşməsinə imkan verməməliyik. Biz nə etməliyik? Bir il bundan qabaq mən Bakıda olarkən çıxış edəndə profilaktik tədbirlərin görülməsi barədə danışdım. Münaqişələrin erkən mərhələlərdə müəyyən edilib qarşısının alınması, münaqişələrin davamlı şəkildə həlli, düzgün siyasi qərarların qəbul olunması haqqında danışdım. Avropa İttifaqına indi bu lazımdır - diplomatiyanın gücü, danışıqlar aparmaq. Silahlardan istifadə onu göstərir ki, artıq heç bir başqa arqument qalmayıb. Güc prinsipləri maraqlar deyil. Xüsusilə beynəlxalq hüquq prinsipləri, ərazi bütövlüyü, suverenlik və hər bir dövlətin ərazi bütövlüyünün təmin olunması, sərhədlərin bölünməməsi kimi prinsiplər olmalıdır. Bu prinsiplər ətrafında danışıqlar aparılmalıdır.

Hörmətli dostlar, 2016-cı il artan risklərin, qeyri-sabitliyin və qeyri-müəyyənliyin ili olacaq. Biz get-gedə qeyri-sabit dünya nizamına doğru gedirik. Biz mümkün dərəcədə yeni balansa nail olmalıyıq. Biz yeni tarixdə müqavimət qabiliyyəti daha güclü olan, diplomatiya və sülh prinsiplərinə əsaslanan dünyanın yaradılmasına doğru getməliyik. Biz yeni dünya nizamına, yeni cəmiyyətlərin yaradılmasına nail olmalıyıq. Bu əsr münaqişələr əsri deyil, diplomatiya, əməkdaşlıq əsri olmalıdır.

Böyük Nizami Gəncəvi deyib ki, siz yalnız biliklər vasitəsilə qapıların açılmasını təmin edə bilərsiniz. Düşünürük ki, biz öz liderlərimizi öz biliklərimizlə dəstəkləməliyik. Çox sağ olun.

 

X X X

 

Dördüncü Qlobal Bakı Forumunun mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran Albaniyanın Prezidenti Buyar NİŞANİ dedi: 

- Mən qonaqpərvərliyə, dost kimi qarşılandığıma görə təşəkkürümü bildirmək istəyirəm. Bu qonaqpərvərlik bizə cənab Prezident İlham Əliyev və bütövlükdə Azərbaycan xalqı tərəfindən göstərilib.

Mən bu dəvəti böyük məmnuniyyətlə qəbul etdim. Çünki IV Qlobal Bakı Forumu və onun mövzuları tamamilə vaxtında seçilən və müzakirəyə çıxarılan məsələlərdir. Bu müzakirələr həm regional, həm də qlobal inkişaf nöqteyi-nəzərindən çox vaxtında keçirilir. Mövzular barədə məlumat mənə çatdırılandan sonra ağlıma dərhal dünyada baş verən dəyişikliklər gəldi. Yəni, son 25 il ərzində - “dəmir pərdə” dağıldıqdan və “soyuq müharibə” başa çatdıqdan sonra baş verən dəyişiklikləri nəzərdə tuturam. Ancaq meydana gələn yeni çağırışlar da diqqətdən kənarda qalmamalıdır.

Son 25 ildə dünya çox böyük dəyişikliklərə məruz qalıb. Biz hamımız bu dəyişikliklərə uyğun olaraq dəyişmişik - azadlıq, kibertexnologiyaların inkişafı, təbii sərvətlərin istismar edilməsinin əlaqələndirilməsi, bazar iqtisadiyyatı, sərbəst bazar münasibətlərinin yaradılması, iqtisadi və mədəni mübadilələrin intensivləşdirilməsi və digər bir çox aspektlər. Əvvəllər bəşəriyyətə məlum olmayan şəkildə inkişafa nail olunmuşdur.

Prezident Buyar Nişani hazırkı çağırışların öhdəsindən gəlmək üçün qabaqlayıcı tədbirlərə və kompleks yanaşmaya üstünlük verilməsinin vacibliyini diqqətə çatdıraraq bildirdi:

- Belə təsəvvür yaranır ki, optimist olmağa heç bir əsas yoxdur. Amma erkən inkişaf dövrlərində olduğu kimi, insan cəmiyyəti və onun liderləri müdrikliklə hərəkət edərək, vaxtında tədbirlər görərək bu çağırışların öhdəsindən gələ bilərlər. Bu çağırışlara qarşı hərtərəfli, yerli, regional və qlobal səviyyədə kompleks tədbirlər görmək lazımdır. Ona görə də bizim mövqelərimiz və hərəkətlərimiz, eyni zamanda, regional və beynəlxalq təşkilatların fəaliyyəti mütləq bu şəraitə uyğunlaşdırılmalıdır ki, yeni çağırışların öhdəsindən gələrək inkişafa nail ola bilək.

Dünya dəyişib, meyillər də sanki çoxqütblü bir konfiqurasiyaya keçib. Amma sual ondan ibarətdir ki, artmaqda olan güclər nə dərəcədə müttəfiqlik yaratmaq və baş verən məsuliyyəti paylaşmaq iqtidarına malikdirlər? Bu sual müzakirə olunmalı və öz həllini tapmalıdır.

Bu gün aydın olan bir məsələ var ki, dünya dialoqa əvvəlkindən daha çox ehtiyac duyur. Dünyanın anlayış və əməkdaşlığa ehtiyacı var ki, mövcud olan çağırışların öhdəsindən gələrək, onları həll etmək mümkün olsun. Buna görə də mən belə bir tədbirin keçirilməsini çox yüksək qiymətləndirirəm. Çünki Azərbaycanın XII əsrdə yaşamış filosof-şairi Nizami Gəncəvinin fəlsəfəsi ruhunda belə bir tədbirin keçirilməsi vacibdir. Çünki hələ o vaxt böyük Nizami dialoq anlayışının nə qədər önəmli olduğunu bildirib. Qlobal səviyyədə dialoqun bu gün çox böyük əhəmiyyəti var. Belə bir dialoqu yaratmaq zəruridir ki, çağırışların öhdəsindən gələrək, təhlükəsiz gələcəyi təmin etmək mümkün olsun.

Çox sağ olun. Diqqətinizə görə minnətdaram və Forumun işinə uğurlar arzulayıram.

 

X X X

 

 Daha sonra Gürcüstan Prezidenti Giorgi MARQVELAŞVİLİ çıxış edərək dedi: 

-Zati-aliləri Prezident Əliyev.

Hörmətli prezidentlər.

Hörmətli qonaqlar.

Mən çox şadam ki, buradayam və bu çox önəmli Forumda iştirak edirəm. Mənim üçün buraya gəlmək həmişə xoşdur. Mənim üçün dost ölkə olan Azərbaycana, dost Bakı şəhərinə gəlmək çox xoşdur. Burada tərəfdaşlıq, əməkdaşlıq ruhu var. Burada böyük imkanlar var. Bu imkanları biz azərbaycanlı dostlarımız və həmkarlarımızla bölüşürük.

Mən inanıram ki, söhbət açacağımız dəyərlər böyük şairlərin, böyük Nizaminin ruhunda müzakirə olunmalıdır və bu ruhu biz öz ölkələrimizdə, dünyanın müxtəlif ölkələrində yaratmalıyıq, inkişaf etdirməliyik.

Prezident Giorgi Marqvelaşvili qlobal səviyyədə təhlükəsizliyin təmin edilməsində və terrorçuluğa qarşı mübarizədə ölkəsinin də fəal rol oynamağa çalışdığını vurğulayaraq bildirdi:

- Onu qeyd etmək istərdim ki, Gürcüstan qlobal təhlükəsizliyə və terrorçuluğa qarşı mübarizəyə gəldikdə öz rolunu oynayır. Biz ənənəvi şəkildə Əfqanıstanda missiyamızla fəal olmuşduq, Afrikada da fəal olmuşduq. Ona görə, biz düşünürük ki, tərəfdaşlıq, əməkdaşlıq ruhunun yaradılması bizi daha yaxşı gələcəyə doğru aparacaq. Təkcə bu deyil.

Prezident İlham Əliyev bizim birlikdə yerinə yetirdiyimiz böyük layihələr haqqında danışdı. Bu, nəqliyyat layihələridir. Biz bu layihələri Azərbaycan və Türkiyə ilə birlikdə inkişaf etdiririk. Bu, enerji layihələridir. Bu layihələr Xəzər dənizi ölkələrini, Türkmənistanı regionda daha fəal olmağa çağırır, bunu təmin edir. Eyni zamanda, Bolqarıstanla, bu ölkənin Prezidenti, mənim yaxın dostumla böyük layihələr həyata keçiririk. Biz düşünürük ki, bu təhlükəsizlik layihələri daha çox dostların qazanmasına gətirib çıxaracaq. Bakı-Tbilisi-Qars dəmir yolu TAP, TANAP layihələrinin yerinə yetirilməsinə imkan yaradacaq, dünyada bu sahədə tərəfdaşlığın, əməkdaşlığın bərqərar olmasına yol açacaq.

Mən inanıram ki, bizim ambisiyalarımız, istəklərimiz, yanaşmamız üstünlük təşkil edəcək. Mən düşünürəm ki, Gürcüstanın öz dostlarına, tərəfdaşlarına açdığı imkanlar tamamilə istifadə olunacaq. Gürcüstan dünya okeanına çıxışı olmayan 14 ölkəyə bu layihələrdən bəhrələnmək üçün imkan yaradır. Gürcüstan demək olar ki, bütün qonşuları və Avropa İttifaqı dövlətləri ilə azad ticarət münasibətlərinin yaradılmasına çalışır. Biz eyni layihələri Çindən olan dostlarımızla da həyata keçirməyə çalışırıq. Eyni azad ticarət münasibətlərini ABŞ ilə də yaratmağa çalışırıq. Bu, onu göstərir ki, Gürcüstan tərəfdaşlıq üçün açıqdır.

Bu Forumda regionda münaqişələrin həll olunması üçün yolların tapılması haqqında müzakirələr olacaq. Düşünürəm ki, bu Forumda yeni imkanların axtarışı, tapılması üçün yaxşı fikirlər söyləniləcək, xüsusilə də bizim region, Qafqaz regionu üçün. Ona görə ki, bu region Şərq ilə Qərb arasında tərəfdaşlığın önəmli komponentidir. Ona görə ki, biz artıq bu tərəfdaşlığın çox gözəl nümunələrini yarada bilmişik və bu nümunələrdən hər bir iştirakçı tərəf bəhrələnir.

Mən bir daha sizi burada salamlayıram və ümid edirəm ki, bu iki gün ərzində çox yaxşı müzakirələr aparılacaq.

Diqqətinizə görə çox sağ olun.

 

X X X

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid KEMERONUN Foruma ünvanladığı məktubu həmin ölkənin Azərbaycandakı səfiri İrfan Siddiq oxudu. Məktubda deyilir:

“Mən IV Qlobal Bakı Forumunun iştirakçılarını salamlayıram. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi bu Foruma uğurlar arzu edirəm. Mən düşünürəm ki, bu Forumun keçirilməsi ilə biz çox böyük müdriklik ətrafında olan fikirlərin söylənilməsi üçün geniş imkanlar açırıq. Cənab Prezident İlham Əliyevi bununla bağlı təbrik edirəm.

Birləşmiş Krallıq son illər ərzində Azərbaycan ilə çox geniş məsələlər ətrafında gözəl münasibətlər yarada bilib. Ölkələrimiz arasında çox gözəl enerji münasibətləri formalaşıb. Eyni zamanda, təhlükəsizlik sahəsində də münasibətlər formalaşıb. Biz düşünürük ki, bu əməkdaşlığı bütün sahələrdə davam etdirməliyik. Qlobal çətinliklərin aradan qaldırılması üçün qlobal tədbirlərin görülməsi vacibdir.

Dördüncü Qlobal Bakı Forumu çox gözəl bir təşəbbüsdür. Bu təşəbbüs nəticəsində beynəlxalq ictimaiyyət bir araya gəlib dünyada olan çağırışlara ən yaxşı şəkildə necə cavab vermək, hansı lazımi tədbirləri görmək üçün konsensusu - bu gözəl platformanı yaradır. Bu axtarışda hamınıza uğurlar arzu etmək istərdim.

Baş nazir Devid Kemeron”.

 

X X X

 

Sonra Kanadanın Baş naziri Castin TRYUDONUN Forum iştirakçılarına videomüraciəti nümayiş etdirildi. Videomüraciətdə deyilir: 

“Hamınızı salamlayıram. Bakı Forumunda sizi salamlamaq çox böyük məmnuniyyət hissidir. Mən həyata keçirilmiş bütün təşkilati işlərə görə sizə təşəkkür etmək istəyirəm. Mənim atam deyirdi ki, dialoq inandırma və anlayış, yəni, bütün bu işlərin təmin olunması üçün çox böyük əhəmiyyət kəsb edir. Dünyada mövcud olan təhdidlərin öhdəsindən gəlmək üçün məhz bu üç məsələni bir araya gətirmək lazımdır. Biz beynəlxalq əməkdaşlığı, əlbəttə, inkişaf etdirməliyik.

Bu tədbir çox böyük bir imkandır ki, millətlər, xalqlar arasında dialoq yaradılsın, beynəlxalq aləmdə etik qaydalar müəyyən edilsin. Bizi bir dünya kimi birləşdirən amillərdən, eyni zamanda, bizi ayırmaq üçün istifadə olunmasın. Mən ümid edirəm ki, biz ruhlandırıcı bir şəkildə inkişaf edə biləcəyik.

Çox sağ olun. Sizə ən xoş arzularımı çatdırıram”.

 

X X X

 

Daha sonra UNESCO-nun baş direktoru İrina BOKOVANIN Forum iştirakçılarına videomüraciəti nümayiş etdirildi. Videomüraciətdə deyilir: 

“Cənab Prezident İlham Əliyev.

Xanımlar və cənablar.

Mən hörmətli cənab Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm. Ona uzun müddətdir ki, millətlərarası dialoqu təşviq etmək işinə sadiq qaldığına görə təşəkkür etmək istəyirəm.

“Bakı prosesi” 2008-ci ildə başlayıb. Keçən ilin may ayında III Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Bu Forumda birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bütün bu işlərə sadiq olduğunu bir daha nümayiş etdirdi. Mədəniyyətlərarası dialoq hazırda olduqca böyük əhəmiyyət kəsb edir. Çünki dünyada çox titrəyişlər, çox təhdidlər mövcuddur. Dəyişiklik üçün imkanlar var. Amma dialoq üçün ehtiyac heç zaman bu qədər yüksək səviyyədə olmayıb. Hazırda biz bəşəriyyətin malik olduğu ümumi dəyərləri həmişəkindən daha çox inkişaf etdirməliyik və bu məqsədə çatmaq üçün hərəkətə gəlməliyik. Biz bunu başlamaq üçün gəncləri seçməliyik. Biz onlara layiqli işləri görmələri üçün şərait yaratmalıyıq. Biz onların gələcəyinə təsir edən qərarları düzgün şəkildə qəbul etməliyik”.

 

X X X 

 

“Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun mühüm əhəmiyyətini vurğulayan Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-FREYBERQA Nizami Gəncəvinin ideyalarının hazırkı dövrdə də aktual xarakter daşıdığını bildirərək dedi:

- Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Hörmətli Azərbaycanın birinci xanımı Mehriban Əliyeva.

Hörmətli həmkarlarım.

Burada iştirak edən prezidentlər, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri dünyada baş verən prosesləri müzakirə edirlər. Nizami Gəncəvi Mərkəzi nisbətən yaxın vaxtlarda - beş il bundan əvvəl təsis edilmişdir. Artıq dördüncü Forum keçirilir. Bu mühüm Forumun ev sahibliyini həyata keçirmək üçün məhz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi seçilmişdir. Düşünürəm ki, anlayış, ənənələri başa düşmək çox vacib əhəmiyyət kəsb edir. Çünki onlar bizi ruhlandıran elementlər olaraq qalırlar. Həmin ideyalar ki, onlar bu gün bizim üçün bələdçi rolunu oynayırlar.

Hazırda müasir dünya, qlobal mühit dəyişir. Onun təsiri olduqca böyükdür və bu mühit bizdən tələb edir ki, mövcud problemlərin yeni, orijinal şəkildə həll yollarını tapaq, müdrikliklə, anlayışla hərəkət edək. İllərdən bəri əldə edilən təcrübəyə əsaslanaraq bu gün mövcud təhdidlərin və çağırışların öhdəsindən gələk.

Hazırda bu tədbirin keçirilməsi üçün Bakı kifayət qədər düzgün yer olaraq seçilmişdir. Bakı şəhərinin siluetinə nəzər salsaq görərik ki, orta əsrlərdən qalmış Qız qalası bu şəhərin müasirliyinin rəmzi olan “Alov qüllələri” ilə bir araya gələrək Azərbaycanın qədim və müasir bir ölkə olduğunu bildirir. Yəni, bunların bir araya gəlməsi ilə biz belə bir nəticəyə gələ bilərik ki, Nizami Gəncəvi tərəfindən müəyyən edilmiş və hazırda sivilizasiyaların mövcudluğu üçün lazım olan ideyalar bu gün də öz əhəmiyyətini qoruyur. Yəni, yaxşı, müdrik idarəetmənin mövcud olması çox böyük əhəmiyyət kəsb edir. Çünki əgər yaxşı idarəçilik pis liderlərlə müşahidə olunarsa, bu, xalqlara fayda gətirə bilməz. Ona görə də qadın və kişilərin düzgün ruhda inkişaf etdirilməsi çox vacibdir. Məsələn, Boko Haram dini özü bildiyi kimi şərh edir. Ona görə dini düzgün şəkildə şərh etmək lazımdır.

Nizaminin poemalarında biz dialoq ideyalarına hörmətin, dəyişikliyin, mübadilənin şahidi oluruq. Yəni, digərlərinə qulaq asmadan, böyüklərə qulaq asmadan hansı zərərlərlə üzləşmək mümkündür - bütün bunlara biz onun əsərlərində şahid oluruq.

Vayra Vike-Freyberqa Forumda aparılan müzakirələrin ümumi məqsədlərə böyük töhfələr verəcəyinə əminliyini ifadə edərək bildirdi:

- Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dostlarını salamlamaq istəyirəm. Eyni zamanda, ən yaxşı hisslərimi Qarşılıqlı Fəaliyyət Şurasına çatdırmaq istəyirəm. Srağagün və dünən Bakıda Şuranın 33-cü illik plenar iclası keçirilib. Onun həmsədrləri Kanadadan sabiq Baş nazir Jan Çretienə və mənim həmkarım Nigeriyanın sabiq Prezidenti Olusegun Obasanjoya salamlarımı çatdırmaq istəyirəm. Eyni zamanda, mən Madrid Klubunun nümayəndələrini salamlamaq istəyirəm. Regional səviyyədə onların əhəmiyyəti çox böyükdür. Çünki onlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq edərək Bakıda bu forumların birincisini keçirmək üçün əsas yaratmışlar. Bunun nəticəsində hazırda biz dördüncü Forumda iştirak edirik.

Xanımlar və cənablar, biz nəyə görə bir araya gəlmişik?! Mən sizə xatırlatmaq istərdim ki, biz burada ideyaların mübadiləsini həyata keçiririk. Siz bu ideyaları mütləq nəzərdə saxlamalısınız ki, xalqlarımıza xidmət edərək düşünək, onları əsaslandıraq. Yəni, hansısa məsələ baş verirsə, biz onları əsaslandıraq, mövhumata qapılaraq qiymətləndirməyək və təcavüzkarlığa yol verməyək. Sizin hər birinizin çox böyük təsir dairəniz vardır. Aranızda hazırda hakimiyyətdə olan şəxslər də vardır. Amma sabahın gənc liderləri də var ki, onlar da bu gün bizimlə buradadırlar. Onların gələcəyi qarşıdadır. O gələcəyi hazırlamaq üçün mən gəncləri həvəsləndirmək istərdim ki, onlar bizimlə fikir mübadiləsində iştirak etsinlər. Bizim ağsaqqallarla, daha böyük təcrübəyə malik olan şəxslərlə fikir mübadiləsi aparsınlar ki, həll yolları tapılmış olsun. Bu müzakirələrdə interaktiv şəkildə iştirak edin. Çünki sabahın dünyasını siz yaradacaqsınız, gələcək də məhz sizin uğurlarınızla bağlıdır.

Xanımlar və cənablar, ümid edirəm, siz bu toplantıda iştirakdan məmnunluq hissi duyursunuz ki, dünyanın təkmilləşməsinə töhfəmizi vermiş olaq. Bu təkmilləşməni həyata keçirmək üçün fərqli və müxtəlif fikirləri mütləq bir araya gətirmək lazımdır. Biz işimizi məhz müzakirələr şəklində qurmalıyıq. Dünyada əhəmiyyət kəsb edən əsas prinsipləri götürsək, həmin prinsiplər əsasında razılığa gələrək dünyanı daha yaxşı yaşayış yerinə çevirə bilərik. Amma yenə də hər zaman bir-birimizi həvəsləndirməliyik ki, təkmilləşməyə doğru daha da irəliyə getmiş olaq.

Çox sağ olun. Diqqətinizə görə, təşəkkür edirəm.

 

X X X

 

Sonra birgə foto çəkdirildi. 

 

 

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM