№ 55 Bakı şəhəri, 16 fevral 2016-cı il
“Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 1239 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 199) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci hissə üzrə:
1.1. adı aşağıdakı redaksiyada verilsin:
“Cəmiyyətdə uçot, hesabat və nəzarət”;
1.2. aşağıdakı məzmunda 5.5-1-ci bənd əlavə edilsin:
“5.5-1. Cəmiyyətin Müşahidə Şurasının, İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49.1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.”.
2. 6.4.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.4.9-cu yarımbənd əlavə edilsin:
“6.4.9. müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərarın qəbul edilməsi.”.
3. 8.3.4-cü yarımbəndə “adından” sözündən sonra “bu Nizamnamənin 8.3.9-cu və 8.3.10-cu yarımbəndlərinin tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.
4. 8.3.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.3.9-cu və 8.3.10-cu yarımbəndlər əlavə edilsin:
“8.3.9. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə müraciət edir;
8.3.10. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;”.
5. 12.1-ci bənddən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri