№ 50 Bakı şəhəri, 16 fevral 2016-cı il
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 1239 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 576; 2008, № 6, maddələr 584, 586; 2010, № 6, maddə 566, № 11, maddə 1039; 2013, № 6, maddələr 741, 763) ilə təsdiq edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı hissə üzrə:
1.1. adı aşağıdakı redaksiyada verilsin:
“Cəmiyyətdə uçot, hesabat və nəzarət”;
1.2. aşağıdakı məzmunda 6.4-1-ci bənd əlavə edilsin:
“6.4-1. Cəmiyyətin İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (idarə, şöbə və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.”.
2. Aşağıdakı məzmunda 7.6.1-1-ci və 7.6.1-2-ci yarımbəndlər əlavə edilsin:
“7.6.1-1. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi üçün ümumi yığıncağa (Azərbaycan Respublikasının Nazirlər Kabinetinə) müraciət edir;
7.6.1-2. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;”.
3. 8.1.11-ci yarımbəndə “şəxslərlə” sözündən sonra “bu Nizamnamənin 7.6.1-1-ci və 7.6.1-2-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.
4. 12-ci hissənin mətnindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri