14 Fevral 2016 02:02
889
Oxucu məktubları
A- A+

Ünvanlardan gələn səslər

 

Müasir dövrdə texnologiyanın sürətli inkişafı, uzaq məsafədən ünsiyyətin rahat və qısa zamanda mümkünlüyü ənənəvi kağızla məktub formasına  müraciət edənlərin sayını azaltsa da, ona olan tələbatı tamamilə aradan qaldıra bilməyib. Bu gün əksər qurumlarda və təşkilatlarda elektron müraciət forması yaradılmasına baxmayaraq, müxtəlif təbəqədən olan insanların, xüsusilə sadə vətəndaşların dövlət qurumları, ayrı-ayrı təşkilatlar, qəzet və jurnallarla əlaqə qurmasında, istək və arzularının ictimailəşdirilməsində məktublardan geniş istifadə olunur.

 

“Azərbaycan”a kimlər, nədən və haradan yazır

 

Belə məktublarda ölkəmizin qazandığı uğurları alqışlamaqla yanaşı, bəzən ciddi  tənqidlərə, irad və təkliflərə də rast gəlinir. Bunu “Azərbaycan” qəzetinin redaksiyasına ünvanlanan çoxsaylı oxucu məktublarından da görmək mümkündür. Öncə qeyd edək ki, bizə ölkənin hər yerindən yazırlar: paytaxtdan, əyalətlərdən, ən ucqar dağ kəndlərindən, qaçqın şəhərciklərindən, sərhəd bölgələrindən və s. Coğrafi məkanın genişliyi, informasiya bolluğu, paytaxtda və bölgələrdə görülən işlər, yaranan problemlər məktubların da rəngarəngliyinə və bolluğuna təsir edib. Demək olar ki, hər ay onlarla, bəzən yüzlərlə məktub alırıq. Kimi inkişafdan, abadlıqdan, gözəllikdən yazaraq minnətdarlıq etmək istəyir, kimi də ictimai qınağa çevrilən nüanslardan söz açır, irili-xırdalı problemlərdən, üzləşdiyi çətinliklərdən yazır. Aldığımız məktublarda qəhrəmanlarımızı vəsf edən, vətənin müdafiəsinə qalxan oxucu imzalarına da tez-tez rast gəlirik. Bəzən də düzü əyriyə qatıb od olmayan yerdən tüstü çıxaran və ya müraciət etdiyi ünvanı səhv salan vətəndaşlar da olur. Biz isə oxucuların istək və arzularını nəzərə alıb hər ay xeyli sayda oxucu məktubunu “Azərbaycan” qəzetində dərc edirik.

İndi isə son aylar redaksiyamıza daxil olan oxucu məktublarının bir neçəsi ilə tanış olaq:  Bərdə rayonu Alaçadırlı kəndindən əsgər atası Namiq Hüseynov hər iki övladının hərbi xidmətdə olduğunu və bununla qürur duyduğunu yazır: “İki oğul atasıyam. Bir neçə ay əvvəl övladlarımın ikisini də eyni gündə hərbi xidmətə yola salmışam. Bir ata kimi özümü xoşbəxt sayıram. Vətənini, xalqını sevən övladlar böyütdüyüm üçün qürur duyuram. Əsgər atası olmaq çox şərəflidir”.

Aldığımız məktublar arasında cəbhə bölgəsindən olanlar çoxluq təşkil edir. Belə məktublardan birini də Ağdam rayonunun Təzəkənd kəndindən Səfiqulu Hüseynov yazıb. O, burada yaşamağın çətin, riskli və həyat üçün təhlükəli olduğunu qeyd etsə də, torpaq məhəbbətinin, yurd sevgisinin hər şeydən üstün olduğunu deyir: “Kəndimiz düşmənlə təmas xəttinə ən yaxın məsafədə yerləşir. Buna baxmayaraq, doğma torpaqla ünsiyyətimizi davam etdirir, süfrəmizin çörəyi, ailəmizin dolanışığı üçün əkin-biçin işləri ilə məşğul oluruq”. Kəndlilər dövlətin qayğısını hər zaman hiss etdiklərini, düşmənlə üz-üzə, göz-gözə yaşamaqda onun gücünə, qüdrətinə güvəndiklərini yazırlar. Digər bir məktubda isə televiziya verilişlərində tamaşaçı istəyinin nəzərə alınmadığından bəhs olunur. Bərdə şəhər sakini Akif Əliyev özəl televiziya kanallarındakı veriliş və ya layihələrin onları qane etmədiyini yazır.

Müasir texnologiyaların ölkəmizdə geniş tətbiqi bu sahəyə aid yeni problemlərin yaranmasına rəvac verib. Bu barədə paytaxt sakini Bəhruz Qəhrəmanov bizə ünvanladığı məktubda geniş söhbət açır. O, internet və mobil telefon şəbəkələrində “at oynadan” SMS spamların - arzuolunmaz məktubların sayının dözülməz həddə çatdığını deyir: “Elə kəs olmaz ki, gün ərzində spam xarakterli ən azı 3-5 SMS almasın. İnsanların poçtlarına və telefonlarına  göndərilən bu qədər SMS kimə lazımdır axı? Məncə, bu,  insanı əsəbiləşdirməkdən, onun vaxtını almaqdan və cibinə  ziyan vurmaqdan başqa bir şey deyil”.

Bizə ünvanlanan məktublar arasında məcburi köçkünlərin yazdıqları da var. Zəngilan rayonunun Məlikli kəndindən olan məcburi köçkün İsa Musayev qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına görə dövlətə minnətdarlıq edir. O bu qəbildən olan insanlar üçün yeni yaşayış komplekslərinin yaradılması ilə yataqxanalardakı dözülməz həyata son qoyulduğunu deyir: “BDU-nun yataqxanalarında məskunlaşan yüzlərlə ailə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilən yeni şəhərcikdə məskunlaşıb. Bizim ailə də bu şəhərciyin sakinlərindəndir. Şəraitdən, yaradılan rahatlıqdan çox razıyıq”.

Ən son aldığımız məktublar arasında süni qiymət artımı və dövlətin gördüyü ciddi tədbirlər nəticəsində bunun qarşısının alınması, eyni zamanda ölkə başçısının sərəncamı ilə  müharibə əlillərinin, şəhid ailələrinin və digər imtiyazlı şəxslərə verilən təqaüdlərin, pensiyaların və əməkhaqlarının artırılması ilə bağlı müraciətlər çoxalıb. Əsasən bölgələrdən gələn belə məktublarda razılıq, minnətdarlıq  edən insanlar dolların kursunun qalxmasının və manatın ucuzlaşmasının dünyada gedən iqtisadi proseslərlə bağlı olduğunu qeyd edir və israrla bildirirlər ki, dövlətlə xalq əl-ələ verib  bu müvəqqəti çətinliyin öhdəsindən asanlıqla gələcək.

Onu da qeyd edək ki, bizə ünvanlanan məktublar arasında su, qaz, istilik, nəqliyyat və digər sosialyönlü məsələlərlə bağlı müraciətlər çoxluq təşkil edir. Bunların arasında təklif və iradlarla çıxış edənlər də var, narazı və ya razı qalanlar da. Paytaxtda avtomobillərin sayının gündən-günə artması yol-nəqliyyat infrastrukturu və ictimai nəqliyyat haqqında olan oxucu məktublarının sayında da özünü göstərir. Demək olar, elə ay olmaz ki, oxucular bu mövzuda bizə yazmasınlar. Təbii ki, üzləşdiyi problemlərdən yazanlarla yanaşı, yenilikləri alqışlayanlar də az deyil.  

      

Əcnəbi oxucuların da sayı sürətlə artır

 

Son illər xarici vətəndaşların, xüsusilə Azərbaycanı görən və haqqında eşidən əcnəbilərin redaksiyamıza yazdığı məktublara tez-tez rast gəlirik. “Eurovision” beynəlxalq musiqi yarışması və bundan üç il sonra Bakıda keçirilən I Avropa Oyunları, heç şübhə yoxdur ki, ölkəmizin dünyada daha geniş tanıdılmasına təsir göstərdi. O cümlədən, belə bir uğur dünya ictimaiyyətinin ölkəmizə marağını sürətlə artırdı və Azərbaycana olan turist axınına ciddi təsir etdi. Bu, əcnəbi oxucularımızın sayında da özünü göstərdi. Təbii ki, maraq olan yerdə dil bilməmək elə güclü problem deyil. Ən azından müasir kompüter-internet texnologiyalarının yaratdığı imkanlar sayəsində bu maneəni asanlıqla aradan qaldırmaq mümkündür. Həm də “Azərbaycan” qəzetinin rəsmi internet səhifəsinin məhdudiyyətsiz yayımlanması xarici oxucuların redaksiya ilə təmas qurmasını daha da asanlaşdırır. Qonaqlar Azərbaycanı görüb öz vətənlərinə qayıtdıqdan sonra ölkəmizin mədəniyyəti, mətbəxi, tarixi, musiqisi, görməli yerləri, insanlarının mehribanlığı və s. haqqında yazdılar, xoş xatirələrini bizə ünvanladılar. Hindistandan Karthik Ranjan, Almaniyadan Menfred Şering, İsveçdən Robert Namaronun və digər turistlərin məktublarını nümunə göstərmək olar. Onu da xatırladaq ki, qəzetimizin veb-redaktorunun verdiyi məlumata görə, hər ay 90-dan artıq ölkədən 10 minlərlə oxucu saytımızı izləyir.

Açığı, redaksiyaya daxil olan məktubların hamısını dərc etmək qeyri-mümkündür. Çap üçün münasib olmayan və ya konkret qurumlara aid müraciətlər aidiyyəti üzrə yönəldilir. Bəzən belə məqamlarda vətəndaşların problemini həll etmək üçün redaksiya adından müvafiq qurumlara məktubla müraciət olunur. Bununla redaksiya mümkün qədər oxucunun və ya şikayətçinin üzləşdiyi problemin həllinə çalışır və çox vaxt da buna nail olur.

Əsas odur ki, kimliyindən, nədən və necə yazmasından asılı olmayaraq, redaksiyaya ünvanlanan hər bir məktuba diqqətlə yanaşılır. Oxucunun tələb və təkliflərinə, arzu və istəklərinə, yenilikləri görmək cəhdlərinə və problemlərinin həllinə obyektiv münasibət sərgilənir. Əlbəttə, məsələyə peşəkar yanaşma oxucuların qəzetimizə inamını daha da artırır.

 

Elnur HADIYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video