Biz 1994-cü ildə Quba rayonunun Barlı kəndində ailə-fermer təsərrüfatı yaradıb 10 hektara qədər alma bağını icarəyə götürmüşük. O vaxtdan da meyvəçiliklə məşğuluq. Öz təcrübəmə əsasən deyə bilərəm ki, insan torpağa ürəkdən bağlı olanda çətinliklər onu qorxutmur. Birlikdə çalışanda isə çətinlikləri dəf etmək asanlaşır. Lakin bəzən problemlər də ortaya çıxır ki, onları həll etmək istehsalçıdan asılı deyil.
Hazırda ən böyük çətinliyimiz satış sarıdandır. Yığılan məhsulu satmaq üçün bazar axtarışı sahibkarı həm işindən ayırır, həm də məhsul vaxtında satılmayanda keyfiyyətini itirir. Düzdür, Bakı və Sumqayıtda keçirilən yarmarkalar bu işi bir qədər yüngülləşdirir. Amma işini, gücünü atıb satışla məşğul olanda bir də baxıb görürsən ki, bağ əldən gedir.
Digər problemimiz gübrə və digər kimyəvi maddələrlə bağlıdır. Onlar vaxtında torpağa verilməyəndə nəticə özünü bəhərdə göstərir. Həşəratlar, zərərvericilər payızda ağacları pis günə qoyur, çəkilən zəhməti yerə vurur.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısının çıxışı ürəyimizdən xəbər verdi. Prezident sahibkarlığı daha genişləndirmək, onlara daha yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün müvafiq tapşırıqlar verdi. Bildirdi ki, kənd təsərrüfatının müxtəlif sahələrində çalışanlar müəyyən çətinliklərlə üzləşirlər və onların problemlərini həll etmək lazımdır.
Biz də gərək bu qayğının müqabilində torpaqdan daha bərk yapışıb istehsalı artırmaqla bərabər keyfiyyətə də xüsusi fikir verək. Axı yüksək keyfiyyətli məhsulun alıcısı da çox olur.
Güləmməd MƏMMƏDOV,
Quba rayonu